Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-645/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Novruz oğluna qarşı iş üzrə QƏRARİ iş № *(1-8)-645/2026 (Açar sözlər: delikt, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, ev 42, ** saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – “iddiaçı”) məxsusdur.
2. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov keçəsi, ev 42-da yerləşən qeyri-yaşayış sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 140 E) tam mülkiyyət hüququ üzrə Cavabdeh (bundan sonra – “cavabdeh”) məxsusdur.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi uzun müddətdir ki istismar olunur. Hal-hazırda binanın zirzəmi mərtəbəsində heç bir qazıntı və ya tikinti işləri aparılmır.
4. Hazırda iddiaçı cavabdehin onun mənzilinin pəncərəsi altında quraşdırdığı metal konstruksiyalı damın mənzildən normal istifadəsinə maneə törətdiyini əsas gətirərək həmin tikilinin sökülməsini tələb edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanının altında cavabdehin inşa etdiyi qurğunun onun hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mənzilinin altında yerləşən zirzəmi sahəsini satın alaraq müxtəlif məqsədlərlə istifadə edir. 2023-cü ilin yay aylarında iddiaçının müvəqqəti olaraq başqa ünvanda olmasından istifadə edən cavabdeh heç bir rəsmi icazə almadan iddiaçının mənzilinə aid beton plitənin üzərində metal dayaq profili bərkidərək 3x4 ölçüdə dam konstruksiyası quraşdırmışdır. Həmin dam iddiaçının mənzilinin pəncərəsinin bilavasitə altında yerləşir. Bundan başqa döşəmənin üstündə onun mənzili, altında isə cavabdehin qeyri-yaşayış sahəsidir. Mübahisəli divarda ondan başqa isifadəçi yoxdur. Həmin damın üzərində zir-zibil, toz-torpaq yığılır, qonşular tərəfindən atılan məişət tullantıları pis qoxu yaradır və yay aylarında pəncərəni açmaq mümkünsüz olur. Quraşdırılan damın altında mərkəzi istilik sisteminin xətləri keçir, onun üçün quraşdırılan dam maneə yaradır.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən pəncərənin qarşısında olan dam örtüyü tikilərkən və həmçinin yüngül konstruksiyalı dam örtüyü qoyularkən heç bir qanun pozuntusu olmadığı ekspert tərəfindən müəyyənləşdirilmişdir. Digər əsas isə ondan ibarətdir ki, iddiaçının, ümumiyyətlə, bu iddianı qaldırmağa heç subyektiv hüququ yoxdur. Bina müvafiq icra hakimiyyətinin balansında olduğundan və tikinti normalarına, həmçinin FHN baxdığından həmin dam örtüyünün sökülməsini yalnız müvafiq icra hakimiyyəti tələb edə bilər. Iddiaçı mülkiyyətçi olaraq ona məxsus mənzilin daxilinə hər hansı maneə törədildiyi halda subyektiv hüquq əldə edə bilər. Təqdim edilən FHN-nin (iddiaçı özü müraciət edib və cavab alıb) məktubundan da göründüyü kimi tikilidə hər hansı qanun pozuntusu mövcud deyildir.
8. Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş Texniki Pasport sənədində öz əksini tapan giriş-çıxış qapısının qarşısında tikinti işləri aparılaraq əlavə pilləkən inşa edildiyi və yüngül konstruksiyalardan uzunluğu 3,25 m, eni 2,9 m olan dam örtüyü quraşdırıldığı müəyyən edilmişdir.
9. Nəsimi Rayon Məhkəməsinin # ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim - Ə.Heydərova).
10. Məhkəmə qeyd etmişdir ki, sonuncu iclas zamanı cavabdeh pəncərənin qarşısında olan dam örtüyü quraşdırılarkən heç bir qanun pozuntusu olmadığı ekspert tərəfindən müəyyənləşdirildiyini bildirsə də, ekspert rəyinin tədqiqat hissəsinə diqqət yetirildiyi zaman müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin pilləkən qəfəsi və dam örtüyü Texniki Pasporta uyğun olmamış, giriş-çıxış qapısı Texniki Pasport sənədində öz əksini tapsa da, tikinti işləri aparılaraq əlavə, yəni artıq Texniki Pasporta uyğun olmayaraq pilləkən inşa edilmiş və yüngül konstruksiyalardan dam örtüyü quraşdırılmışdır.
11. Beləliklə, texniki pasportun məlumatlarında qeyri-yaşayış sahəsinə aid dam öz əksini tapmamış, həmçinin qeyri-yaşayış sahəsində yerləşən damın inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir.
12. Məhkəmə, vurğulamışdır ki, ## #### 2024-cü il tarixdə mənzilə yerli baxış keçirilmiş, həmin icazəsiz tikilinin (damın) üzərində yağış (çirkab) sularının, zir-zibilin yığılması müəyyən edilmiş, bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
13. Məhkəmə hesab etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
14. Belə ki, ekspert rəyinin digər sübutlarla birgə qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, qeyd olunan damın mövcud olması iddiaçının mənafeyinə, onun əmlakına xələl gətirir və qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Buna görə də iddia tələbi təmin olunmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 88, 103.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə bildirmişdir ki, tikili ekspert tərəfindən qanunsuz kimi qeyd edildiyindən sökülməlidir. Ekspert sadəcə olaraq qeyd etmişdir ki, texniki pasportda həmin sökülməsi tələb olunan yüngül konstruksiyalı tikili yoxdur. Bu o demək deyil ki, həmin tikili qanunsuzdur. Ümumiyyətlə, yüngül konstruksiyalı tikilinin texniki pasporta salınması mümkünsüzdür. Çünki əsaslı tikili olmadığından onu sənədə daxil etmək olmaz.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli rəyinə əsasən iddiaçının mülkiyyətində olan mənzilin bir ədəd yaşayış otağı tikilisinin divarın yuxarı hissəsində olan qüsurun, mənzilin divarla tavanın birləşməsinin yuxarı sağ künc hissəsində mövcud olduğunu, cavabdehin sahibliyində olan qeyri-yaşayış sahəsinin giriş pilləkəninin üzərində quraşdırılmış metal konstruksiyanın (çətir elementli) iddiaçının mülkiyyətində olan mənzilin pəncərəsindən 0,4 metr aşağıda yerləşdiyini nəzərə alaraq həmin metal konstruksiyanın (çətir elementli) iddiaçının mülkiyyətində olan mənzilin daxilində divarın yuxarı hissələrinə vurulmuş divar kağızında olan qaralmalara səbəb olmadığı müəyyən edilmişdir. Ekspert öz rəyində həmçinin qeyd etmişdir ki, baxış keçirilən zaman eksperiment aparılaraq iddiaçıya məxsus mənzilin bir ədəd yaşayış otağı tikilisinin pəncərəsinin alt hissəsində olan metal konstruksiyaların üzərində müəyyən həcmdə su tökülmüş, tökülmüş suların metal konstruksiyanın üzərinə vurulmuş dalğavari metal təbəqələrin üzərindən küçə istiqamətində axması müşahidə olunmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir (hakimlər: S.Bəhrəmzadə – sədrlik edən və məruzəçi, V.Sadıqov və X.Mərdanova).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda iddiaçı metal konstruksiyanın (çətir elementli) onun maraqlarına toxunduğu halda sökülməsini tələb edə bilər və bu baxımdan həmin tikintinin sökülməsindən söhbət gedə bilər. Hazırkı iş üzrə iddiaçının bildirməsinə görə sözügedən metal konstruksiya (çətir elementli) orada olduğundan daimi su olmaqla rütubət yaradır, zibillər yığılır, ümumilikdə onun evinin həmin hissəsinə zərər vurur.
21. Kollegiya bildirmişdir ki, bununla bağlı apellyasiya icraatı zamanı keçirilmiş yerli baxışda mənzilin cavabdehin dam örtüyünün inşa edildiyi tərəfində olan divarının üst hissəsində divar kağızlarında zədələrin və qopmaların olduğu aşkar edilmişdir. Buna görə də iş üzrə ekspertiza təyin edilməklə evində olan qüsurların məhz bu metal konstruksiyanın (çətir elementli) olmasından əmələ gəlib-gəlməməsi soruşulmuşdur.
22. Məhkəmə kollegiyası iş materiallarına istinadla qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdehin sahibliyində olan qeyri-yaşayış sahəsinin giriş pilləkəninin üzərində quraşdırılmış metal konstruksiyanın mövcud olması iddiaçının mülkiyyətində olan mənzilin bir ədəd yaşayış otağı tikilisinin divarın yuxarı hissəsində olan qüsurun əmələ gəlməsinə səbəb olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mənzilinə dəyən ziyanın səbəbinin cavabdehin qeyri-yaşayış sahəsinin giriş pilləkəninin üzərində quraşdırılmış metal konstruksiya səbəbindən olmadığı öz təsdiqini tapmışdır.
23. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıya dəyən ziyana görə onun qarşısında mülki məsuliyyət daşımır və bu da iddiaçı tərəfindən cavabdehin inşa etdiyi qurğunun sonuncu tərəfindən sökülməsini cavabdehdən tələb etməkdə haqlı olmadığını göstərir və bu baxımdan da iddia təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1115, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri üzrə - iş materiallarına əlavə edilmiş foto şəkillərdən də görmək olar ki, iddiaçıya məxsus mənzilin divarları nəmdən kif atmış, divar kağızları qaralmışdır. Mənzildə olan bu fəsadlar həmin qurğunun mənzilin çöl divarına quraşdırıldığından sonra əmələ gəlmişdir. Belə ki, payız-qış aylarında yağan yağış həmin qurğunun üzərinə yağdığından mənzilin çöl divarı da yaş olduğu üçün həmin nəm mənzilin içinə keçir və nəticədə mənzilin iç divarı şəkildə göstərilən kimi kif atır, divar kağızları islanaraq qaralır və qopur. Nəticədə iddiaçıya məxsus mənzilə ziyan dəyir. Istər ekspertiza zamanı, istərsə də hakimlər tərəfindən mənzilə baxış keçirilən zaman yay fəsli olduğundan bu nöqsanlar və mənzilə dəyən ziyan divarlar quru olduğu üçün görünməyə bilər. Lakin əlavə edilən foto şəkillər özündə faktı əks etdirir.
27. MPM-in 77.1, 97.1, 217 və 218-ci maddələri üzrə - iş üzrə keçirilmiş ekspertizalar qarşısında sualların düzgün qoyulmaması və ekspert rəyi işin hallarına uyğun gəlmədiyi üçün sübut olaraq istifadə olunmamalı idi. Işin halları ilə ekspertiza rəyi arasında uyğunsuzluq olduğu halda məhkəmə həmin rəyi nəzərə almaya da bilər. Iddiaçının sübutu mənzilin daxilini özündə əks etdirən foto-şəkillərdir. Əgər kimsə həmin şəkillərə şübhə ilə yanaşırsa, evin bugünkü vəziyyətini öz gözləri ilə görə bilər.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
37. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.