Məhkəmə qərarları › İş №2(1-8)-661/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-661/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-661/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, əhəmiyyətsiz əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) və Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında avtomobil alğı-satqısına dair ##.##.2022-ci il tarixli B-***AAE-** saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən “Changan UNI-K” markalı, buraxılış ili 2022 olan (VIN: LS4ASE2A8NA707139, rəngi tünd göy) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmiş, avtomobilin dəyəri tam ödənildikdən sonra onun alıcının mülkiyyətinə verilməsi şərtləşdirilmişdir.

2. Cavabdeh müqavilə üzrə ilkin ödəniş də daxil olmaqla, cəmi 18.210 manat ödəniş etmiş, sonradan həyata keçirməli olduğu aylıq ödənişlərini icra etməmiş, nəticədə müqavilə predmetini (avtomobili) ##.##.2023-cü il tarixində iddiaçıya təhvil vermişdir.

3. Iddiaçı tərəfindən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə ##.##.2022-ci il tarixli B***-AAE-** saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə ##.##.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, ##.##.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə ##.##.2022 ci il tarixli B-***-AAE-** saylı müqaviləyə birtərəfli qaydada xitam verildiyi cavabdehə bildirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli B ***-AAE-** saylı müqavilə üzrə iddiaçıya dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı müqaviləyə xitam vermək məcburiyyətində qalmış və bunun nəticəsində ziyana düşmüşdür. Buna görə də iddiaçıya avtomobil qaytarıldığı günədək, yəni 2023-cü ilin oktyabr ayınadək cavabdeh tərəfindən 7904 manat ödənilməyən borcun, 4850 manat cərimə borcunun və avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsinə görə 15559,5 manat ödənilməlidir.

6. Cavabdeh məhkəmə iclasındakı izahatında bildirmişdir ki, avtomobil üçün 6710 manat ilkin ödəniş etmişdir. 5 il ərzində hər ay 1617 manat ödəniş etməli idi. Ümumilikdə ilkin ödəniş çıxılmaqla, 11000 manatdan çox ödəniş etmişdir. Iddiaçı tərəflə şifahi razılaşmaya əsasən bəzən 2-3 aydan bir ödənişləri həyata keçirmişdir. Daha sonra maddi vəziyyəti ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. Iddiaçı tərəf avtomobili təhvil verməyi tələb etmiş, o isə avtomobili təhvil vermişdir. Avtomobili şəxsi istifadə üçün almışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim - Kərim Xudayev) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün ilk olaraq tərəflər arasında etibarlı alğı-satqı müqaviləsinin bağlanması halı müəyyən edilməlidir. Tərəflər arasında imzalanmış alğı-satqı müqaviləsinin predmetini avtonəqliyyat vasitəsi təşkil edir.

9. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin ## ##### 2007-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə, Mülki Məcəllənin 650, 144.1 və 329.1-ci maddələrinə istinadla hesab etmişdir ki, tərəflər arasında imzalanmış alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə Mülki Məcəllənin əqdlərin forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız əqddir.

10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alğı-satqı müqavilələrinin digər formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamədə nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alğı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir.

11. Lakin tərəflər arasında imzalanmış müqavilə qeyd olunan Qərarın tələblərinə uyğun olaraq da dövlət yol polisində rəsmiləşdirilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında etibarlı alğı-satqı müqaviləsi bağlanılmamışdır. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 600.4-cü və 600.5-ci maddəsinə əsasən həmin müqaviləyə əsaslanmaqla pul tələb etməsi əsassızdır.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız əqd kimi qiymətləndirilsə də, iddianın predmeti həmin əqdin etibarsız hesab edilməsi və ya etibarsız əqd üzrə alınanların geri qaytarılması ilə bağlı olmadığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil.

14. Məhkəmə hesab etmişdir ki, müqavilə etibarlı olduğu halda belə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin cavabdehdən tələb edilməsi əsassızdır. Belə ki, tərəflər arasındakı avtomobil alğı-satqısına dair bağlanmış ##.##.2022-ci il tarixli B-***-AAE-** saylı müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilmiş, alğı-satqı müqaviləsi üzrə alıcıya verilmiş avtomobil ondan geri alınmışdır. Bundan sonra iddiaçının artıq xitam verilmiş müqavilə üzrə alıcı tərəfindən ödənilməli olan məbləğləri, əsas məbləğə hesablanmış faizləri və avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə bağlı məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnızca avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə, onu tələb edə bilər.

15. Iş materiallarında olan arayışdan da göründüyü kimi cavabdeh nəqliyyat vasitəsinin onun sahibliyində və istifadəsində olduğu 11 ay müddətində cəmi 18.720 (ilkin ödəniş də daxil edilməklə) manat məbləğində iddiaçıya pul ödəmişdir. Buradan da görünür ki, cavabdeh iddiaçının avtomobilinin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq hesab etdiyi 15.559,50 manatdan daha çox pul ödəmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 600.4-cü maddəsindən də göründüyü kimi əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni, satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması, eyni zamanda, müqavilə üzrə əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğin, 4850 manat cərimə borcunun (dəbbə pulu), tələb edilməsi düzgün hesab edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4 və 600.5ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2007-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, tərəflər “Changan UNI-K” markalı avtomobilin alğı-satqısına dair müqavilə bağlamış, avtomobil cavabdehin istifadəsinə verilmiş və cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər həyata keçirilmişdir. Bu hallar cavabdehin əqdi əmələ gətirən iradəsinin mövcud olduğunu və tərəflər arasında müqavilə münasibətlərinin faktiki yarandığını təsdiq edir. Buna görə də müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmamışdır. Hətta əqd etibarsız sayılsa belə, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tərəflər aldıqlarını qarşılıqlı qaydada qaytarmalı idilər. Tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə lizinq müqaviləsinin elementlərini əks etdirmiş, avtomobil üzərində mülkiyyət hüququ ödənişlər tam başa çatana qədər iddiaçıda qalmışdır. Cavabdehin ödəniş öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçı müqavilədən birtərəfli qaydada imtina edərək avtomobili geri almışdır ki, bu da müqavilənin şərtlərinə uyğun olmuşdur. Buna baxmayaraq, məhkəmə Mülki Məcəllənin 21-ci və 399.3-cü maddələrinin tələblərini nəzərə almadan yalnız MM-in 600.4-cü maddəsinə istinad etmiş və nəticədə iddiaçının müqaviləyə xitam verilən tarixədək yaranmış öhdəliklərin icrasını tələb etmək hüququnu əsassız olaraq məhdudlaşdırmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər: F.Babayev – sədrlik edən və məruzəçi, C.Musayeva və F.Abdıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən - cavabdehdən müqavilə öhdəliyi üzrə 7904 manat əsas, 500 manat cərimə borcu olmaqla, cəmi 8404 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirməmiş, bu səbəblə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alğı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. Mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alğı-satqı müqavilələrinin digər formada (dövlət yol polisi orqanında) bağlanması da nəzərdə tutulmuşdur.

21. Işin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə notarial qaydada təsdiqlənməmiş, nə də dövlət yol polisi orqanında bağlanmamışdır. Bu isə o deməkdir ki, əslində həmin müqavilə etibarlı alğı-satqı müqaviləsi deyildir. Bununla yanaşı, hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf ##.##.2022-ci il tarixli müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilmiş, onun tərəfindən ##.##.2022-ci il tarixdə 6710 manat məbləğində ilkin ödəniş və müxtəlif tarixlərdə digər ödənişlər həyata keçirilmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

22. Tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alğı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.

23. Işin hallarından göründüyü kimi məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Buna görə də cavabdeh müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.

24. Apellyasiya baxışı zamanı cavabdehin qeyd edilən müqavilə üzrə ##.##.2023-cü il tarixinə olan əsas borcu və ona hesablanmış cərimə borcunun, eləcə də əldən çıxmış fayda məbləğinin (cavabdehin etdiyi bütün ödənişlər nəzərə alınmaqla) nə qədər olmasının araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, nəticədə Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş ##.##.2024-cü il tarixli */****/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin iddiaçıya ##.##.2023-cü tarixə olan ödənilməmiş əsas borcu (19404-11500) 7904 manat və həmin müqavilənin şərtlərinə əsasən ödənilməli olan cərimə borcu 3039,96 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədə əldən çıxmış fayda ilə bağlı hər hansı qeyd olmadığından bu hissədə araşdırma aparılmamışdır.

25. Kollegiya qeyd etmişdir ki, məhkəmə iclası zamanı iddiaçı tərəf də iddia ərizəsində qeyd olunan 7904 manat pul məbləğinin müqaviləyə xitam verilən anadək hesablanmış əsas borc olduğunu bildirmişdir.

26. Ekspert rəyi ilə cavabdehin müqavilə üzrə müvafiq tarixə olan cərimə borcunun 3039, 96 manat olduğu müəyyən edilsə də, kollegiya işin halları baxımından cavabdehdən 500 manat cərimənin tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

27. Iddianın amortizasiya xərci ilə bağlı hissəsinə münasibətdə kollegiya bildirmişdir ki, Mülki Məcəllənin normalarına görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Göründüyü kimi lizinq müqaviləsinə xitam verilməsi ilə əlaqədar lizinq alan obyekti lizinq verənə geri qaytardıqda onun istifadədən dolayı normal köhnəlməsi nəzərə alınmalıdır, başqa sözlə lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir. Bu baxımdan, hazırda iddiaçı avtomobilin istismarı ilə əlaqədar cavabdehdən amortizasiya xərci qismində 15559,50 manat məbləğ tələb etsə də, avtomobilin istifadədə olduğu müddət ərzində normadan çox köhnəlməyə məruz qaldığını əsaslandıracaq hər hansı tutarlı dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia əsassız hesab edilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 21.1, 21.2, 181.1, 181.2, 181.4, 337.5, 351.1, 351.2, 351.3, 351.4, 351.5, 385, 386.1, 390.1, 390.2, 394, 399.4, 406.1, 421.1, 421.2, 423.1, 425, 442, 448.1, 467, 567, 600.1, 650, 747.1, 748-1.12.4, 748-10.2, 748-1.8, 748-1.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2, 1.6, 4.3 və 4.3-1-ci bəndlərinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı (hakimlər: E.Vəliyeva – məruzəçi, Ə.Xıdırov və E.Şamayev) ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər iki məhkəmə instansiyası haqlı olaraq bu əqdin forma şərtinə əməl edilmədiyinə görə etibarsız olduğu qənaətinə gəlmişdir. Lakin avtomobilin nisyə alğı-satqısı haqda müqaviləni etibarsız hesab edən apellyasiya məhkəməsi əqdin etibarsızlığından çıxış edərək verilən tələblərə qiymət verməmiş, əksinə Mülki Məcəllənin 351.2, 351.3 və 351.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər bu əhəmiyyətsiz əqdi təsdiq etdiklərindən və qismən icra etdiklərindən faktiki olaraq onlar arasında avtomobilə dair müqavilədə qeyd edilən münasibətlər yaranmışdır və bu baxımdan onlar, əgər iddiaçının iddia tələbinin əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

31. Lakin apellyasiya məhkəməsi bu dəfə də mübahisəni tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yox, lizinq münasibətlərini tənzimləyən Mülki Məcəllənin normalarına əsasən həll etmiş və nəticədə ziddiyyətli mövqe sərgiləmişdir.

32. Işin hallarının ümumi xüsusatlarından görünür ki, tərəflərin hüquqi niyyəti, iradə ifadəsi mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə alğı-satqısı müqaviləsini bağlamaq olmuşdur.

33. Kassasiya kollegiyası hesab etmişdir ki, avtomobilin nisyə alğı-satqısı haqda müqavilənin etibarsızlığına istinad edilirsə, apellyasiya məhkəməsi etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həllinin mümkün olub-olmamasını araşdırmalı, bu əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda isə mübahisəyə tərəflər arasında bağlanmış nisyə alğı-atqı müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı idi.

34. Mülki Məcəllənin 600.4-cü maddəsindən də göründüyü kimi əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni, satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Qeyd edilənlərin təhlili onu deməyə əsas verir ki, satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması ilə yanaşı, həm də müqavilə üzrə əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğin, 4850 manat cərimə borcun (dəbbə pulu) tələb edilməsi düzgün hesab edilə bilməz.

35. Avtomobilin istifadəsi nəticəsində dəyərinin azalmasına görə maddi zərərin tutulması hissəsini də məhkəmə lizinq münasibətləri çərçivəsindən yanaşma nəticəsində təmin etmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə də apellyasiya məhkəməsinin mövqeyi səhv olmuşdur.

36. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.2, 181.1, 181.2, 181.4, 337.5, 385, 386.1, 394, 600.1, 600.4, 606.1, 650, 747.1, 748-1.12.4, 748-10.2, 748-1.8, 748-2.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2, 1.6, 4.3, 4.3-1-ci bəndlərinə, eləcə də MPM-in 14.2, 77.1, 88, 217.1 və 217.3cü maddələrinə istinadla əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi (hakimlər: N.Cəfərov – sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov) ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alğı-satqı müqaviləsi etibarsızdır. Müqavilənin etibarsız olduğunu birinci instansiya məhkəməsi düzgün müəyyən edib və qətnamədə lazımi qaydada əsaslandırıb. Bundan başqa, Ali Məhkəmə də müqavilənin etibarsız olduğunu təsdiq edib. Belə ki, bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, birinci instansiya kimi apellyasiya instansiyası da müqavilənin etibarsız olduğunu müəyyən edib. Ali Məhkəmə işi yeni apellyasiya baxışına qaytararkən öz qərarının 81-ci bəndində qeyd edib: “Hər iki məhkəmə instansiyası haqlı olaraq bu əqdin forma şərtinə əməl edilmədiyinə görə etibarsız olduğu qənaətinə gəlmişdir”.

39. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə iddiaçı həmin müqaviləyə əsaslanaraq cavabdehdən pul tələb edə bilməz. Belə ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Iddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı müqaviləyə əsaslanaraq pul tələb edir, yəni iddiaçı hesab edir ki, onun cavabdehdən pul tələb etmək hüququ bir subyektiv hüquq kimi alğı-satqı müqaviləsinin doğurduğu hüquqi nəticədir. Lakin müqavilə etibarsız olduğuna görə məhkəmə iddiaçının istinad etdiyi əsasla pul tuta bilməz.

40. Məhkəmə iddianın əsasını dəyişərək başqa əsasla pul tuta bilməz. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə tələbi təmin edərkən onun əsasından kənara çıxa bilməz. MPM-in 149.2.3-cü maddəsindən görünür ki, tələbin əsası iddia ərizəsinin məzmununa daxildir. MPM-in 53-cü maddəsindən görünür ki, iddianın əsasını dəyişmək iddiaçının hüququdur. Əks təqdirdə, məhkəmənin bu hərəkəti həm mülki prosesin dispozitivlik prinsipini, həm də cavabdehin müdafiə hüququnu pozacaq. Belə ki, iddia ərizəsində cavabdehdən hansı əsasla pul tələb olunursa, cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra həmin əsasa uyğun olaraq öz müdafiəsini təşkil edir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

41. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Mülki Məcəllənin 21 və 600.4-cü maddələri üzrə - iddiaçı Ali Məhkəmənin iş üzrə qəbul etdiyi əvvəlki qərarının 93 və 94-cü bəndlərinə istinadla qeyd etmişdir ki, apellyasiya məhkəməsi müqaviləni etibarsız hesab etdiyi halda belə, yalnız bu nəticə ilə kifayətlənməməli, etibarsızlığın doğurduğu hüquqi nəticələri müəyyən etməli və tərəflər arasında yaranmış faktiki münasibətlərə hüquqi qiymət verməli idi. Bu, tərəflər arasında hüquqi münasibətlərin yalnız müqavilənin formal etibarlılığı ilə deyil, həm də faktiki icra və nəticələr baxımından qiymətləndirilməli olduğunu təsdiq edir. Bununla yanaşı, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində avtomobilin ilkin bazar dəyərinin azalması mübahisəsizdir və bu hal iddiaçı üçün real zərərin yaranmasına səbəb olmuşdur. Avtomobilin istifadəsi nəticəsində onun dəyərdən düşməsi, iddiaçının əmlak vəziyyətinin pisləşməsinə səbəb olmuş real zərər kimi qiymətləndirilməli və bu hal məhkəmə tərəfindən nəzərə alınmalı idi. Lakin apellyasiya məhkəməsi mübahisəli qətnaməsində yalnız əqdin etibarsız olması faktını qeyd etməklə kifayətlənmiş, həmin etibarsızlığın hüquqi nəticələrini müəyyən etməmiş, cavabdehin nəqliyyat vasitəsindən istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərə, habelə avtomobilin dəyərdən düşməsi faktına, ümumiyyətlə, münasibət bildirməmişdir.

43. Xüsusilə, iddia tələbinin “avtomobilin dəyərdən düşməsi ilə bağlı iddiaçıya dəymiş real zərər kimi 15559,50 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi üzrə hər hansı hüquqi dəyərləndirmənin aparılmaması məhkəmənin sübutları hərtərəfli və tam araşdırmaq öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan iddiaçı hesab etmişdir ki, apellyasiya məhkəməsi əqdin etibarsızlığı qənaətinə gəldiyi halda belə, Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyini, Mülki Məcəllənin 600.4-cü maddəsinin tələblərini və real zərərin ödənilməsi prinsipini nəzərə almalı, iddia tələbinin heç olmasa “avtomobilin istifadəsi nəticəsində dəyərinin azalmasına görə maddi zərərin tutulması” hissəsində təmin edilməsi barədə nəticəyə gəlməli idi. Bunun edilməməsi məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi ilə yanaşı, ədalətli məhkəmə araşdırması prinsipinə də ziddir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021ci il tarixli Qərarı üzrə - qeyd edilən hal ilə bağlı əqdin hətta forma tələbinə riayət edilmədiyi ehtimal hesab edilsə də belə, adı çəkilən Qərara əsasən tərəflər açıq şəkildə iradələrini bildirərək müqavilə bağlamışlar və müqavilə bağlanan zaman öhdəlikləri aralarında razılaşdırmışlar. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

45. Mülki Məcəllənin 6, 329, 335.1 və 348-ci maddələri üzrə - nəqliyyat vasitələrinin alğısatqısı zamanı müqavilə azadlığı prinsipi birbaşa tətbiq olunur. Yəni tərəflərin müqavilə azadlığına əsasən sadə formada aralarında müqavilə bağlamaqları sahibkarlığın inkişafı üçün birbaşa əsasdır. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddədən göründüyü kimi qanunverici burada “və ya” bağlayıcısından istifadə etməklə müqavilə azadlığı prinsipinin mahiyyətini vurğulamış və müqavilənin formasının tərəflərin sərbəst və qarşılıqlı razılığı əsasında müəyyən edilə biləcəyini ifadə etmişdir. Hazırkı mübahisə üzrə tərəflər müqavilənin sadə yazılı formada bağlanmasına qarşılıqlı razılıq vermiş, bundan başqa, öz faktiki davranışları ilə həmin müqavilənin hüquqi qüvvədə olmasını birmənalı şəkildə təsdiq etmişlər.

46. Mülki hüquqda “konkludent hərəkətlər” (acta conducta) prinsipi geniş şəkildə tətbiq olunur və bu prinsipə əsasən tərəflərin əqddən irəli gələn öhdəliklərini faktiki olaraq icra etməkləri, əqdin mövcudluğunu və hüquqi qüvvəsinin təsdiqi kimi qiymətləndirilir. Belə vəziyyətdə forma pozuntusuna istinad etməklə müqavilənin etibarsız hesab edilməsi hüquqi məntiqə və mülki dövriyyənin sabitliyi prinsiplərinə ziddir. Təsadüfi deyildir ki, Mülki Məcəlləyə ##.##.2005-ci il tarixdə edilmiş dəyişikliklərlə 335.1 (Əqdin notarial formasına riayət edilməməsinin nəticələri) və 348-ci (Məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı) maddələr sözügedən Məcəllədən çıxarılmışdır. Qeyd olunan müddəaların Mülki Məcəllədən çıxarılması onu təsdiq edir ki, ##.##.2005-ci il tarixindən etibarən əqdin notarial formasına əməl edilməməsi onun etibarsızlığına səbəb olmur və bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, notarial forma artıq universal etibarsızlıq şərti kimi tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, nəqliyyat vasitələrinin alğı-satqısı, o cümlədən hissə-hissə ödəniş (nisyə) ilə satışı üzrə müqavilələr sadə yazılı formada bağlandıqda forma pozuntusu əsasında etibarsız sayıla bilməz.

47. MPM-in 13, 88, 387.1 və 390-cı maddələri üzrə - hazırda məhkəmənin qeyd olunan mövqeyində cavabdehin hazırkı iş üzrə məruz qaldığı zərər, cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində müqaviləyə xitam verildiyi nəzərə alınmamış, eyni zamanda avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə nəqliyyat vasitəsinin dəyərdən düşməsini və bu səbəbdən iddiaçının zərərə məruz qaldığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin olunması məqsədilə məhkəmənin qeyd olunan qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

50. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

51. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

52. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

53. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

62. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

64. Məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işə daha əvvəl baxmış kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 600.4-cü maddəsindən də göründüyü kimi əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni, satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Qeyd edilənlərin təhlili onu deməyə əsas verir ki, satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması ilə yanaşı, həm də, müqavilə üzrə əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğin, 4850 manat cərimə borcun (dəbbə pulu) tələb edilməsi düzgün hesab edilə bilməz (§30-35).

65. Göründüyü kimi işə daha əvvəl baxmış kassasiya kollegiyası tərəfindən hazırkı kassasiya şikayətinin dəlillərində irəli sürülən hüquqi dəlillərə münasibət bildirilmiş və işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi də bu mövqeyə uyğun qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Həmçinin o da qeyd olunmalıdır ki, birinci apellyasiya baxışında iddiaçının avtomobilin bazar dəyərinin azalması ilə bağlı tələbi təmin edilməmiş, eləcə də əqd etibarsız hesab edilmiş və iddiaçı da həmin qətnamədən kassasiya şikayəti verməmişdir. Lakin işə daha əvvəl baxan kassasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozulması əsasında qətnaməni cavabdehin kassasiya şikayəti əsasında ləğv etmiş və yeni baxışa qaytarmışdır. Belə olan halda, iddiaçının əvvəlki məhkəmə aktı ilə təmin olunmamış tələblərini qanunla müəyyən edilmiş qaydada mübahisələndirməməsinə baxmayaraq, hazırkı icraatda həmin məsələlər üzrə yenidən dəlillər irəli sürməsi və faktiki olaraq əvvəlki prosessual davranışı ilə ziddiyyət təşkil edən mövqe tutması onun prosessual hüquqlardan sui-istifadə etdiyini göstərir.

67. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

69. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar