Məhkəmə qərarları › İş №2(1-8)-775/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-775/2026

13.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-775/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh iddiaçının vəfat etmiş qardaşının arvadı, X1 isə iddiaçının anasıdır;

3. 2011-ci ildə, X.Ə.Lənkəran şəhəri Mir-Mustafaxan küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136.6 kv.m ümumi, 52.5 kv.m yaşayış və 84.1 kv.m köməkçi sahədən ibarət ** nömrəli yaşayış evinin ümumi istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68.6 kv.m ümumi,36.6 kv.m yaşayış sahəsi və 34 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli 2 otaqlı yaşayış evini iddiaçıya və qalan istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68 kv.m ümumi, 17.9 kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı yaşayış evini cavabdehə bağışlamışdır;

4. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 68 kv.m ümumi, 17,9 kv.m yaşayış sahəsi, 50,1 kv.m olan olan 1 mərtəbəli, 1 otaq hissəsi Cavabdeh, 68,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 34 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 2 otaqlı hissəsi isə İddiaçı 2011-ci ildən mülkiyyətindədir;

5. Lənkəran Şəhər Icra Hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2016-cı il tarixli məktubda qeyd olunmuşdur ki, “... mütəxəssislər tərəfindən təkrarən Sizə və Cavabdeh məxsus yaşayış evinə vizual baxış keçirildi. Ərizənizdə qeyd etdiyiniz kimi Cavabdeh tərəfindən birgə yaşayış qaydalarının pozulduğu və ayrı-ayrı illərdə icazəsiz ümumi istifadədə olan sahədə qeyri-qanuni yaşayış və qeyriyaşayış sahəsinin genişləndirildiyi faktı edildi...”.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı məhkəməyə müraciət edərək, ünvan 1-də Cavabdeh tərəfindən tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin və mağazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, anası X2 Aygün Şamməd qızına 2011-ci ildə 68 kv.m ümumi, 17.9 kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan birmərtəbəli birotaqlı yaşayış evi bağışlamışdır. Lakin Cavabdeh ata-babanın həyətində icazəsiz yaşayış və qeyriyaşayış sahələri, o cümlədən mağaza tikmiş, onun giriş qapısının 6 metrini zəbt edərək 1 metr məsafə saxlamışdır. Bununla bağlı o, dəfələrlə Cavabdeh iradını bildirsə də, nəticəsi olmamışdır. Lənkəran Rayon Icra Hakimiyyəti tərəfindən onun şikayəti əsasında evə baxış keçirilmiş və Cavabdeh tərəfindən qanunsuz tikililər tikilməsi təsdiqini tapmışdır.

8. Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim:R.Məmmədov).

9. Məhkəmə müəyyən etmişdir ki, X1 evin bir hissəsini iddiaçıya, digər hissəsini isə cavabdehə bağışlamış, bundan sonra isə yaşayış sahəsinə müvafiq köməkçi tikililər inşa edilmişdir. Iddiaçı bir dam altında cavabdehlə və onun mülkiyyətində olan bağışlanma müqaviləsi əsasında bölünmüş fərdi yaşayış evinə cavabdeh tərəfindən inşa edilən tikililərin onun hüquqların və qanuni mənafelərinə toxunduğunu və buna görə də sökülməsini tələb etmişdir. Həmin fərdi yaşayış evi bir dam altında olsa da bağışlanma müqaviləsi əsasında naturada ayrılıqda həm iddiaçının, həm də cavabdehin mülkiyyətində olduğundan mübahisəyə qonşuluq hüququnu tənzimləyən mülki hüquq normalarının tətbiq zəruridir. 10.O da müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh əmlak ona 2011-ci il tarixdə bağışlanmamışdan əvvəl hələ əmlakı bağışlayan X sağlığında yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə tikililər inşa etmiş, X və iddiaçı İddiaçı buna heç bir etiraz etməmişdir. Belə olan halda iddiaçı İddiaçı bağışlanan əmlakı qəbul edərkən sökülməsini tələb etdiyi tikililərin mövcudluğu vəziyyətində qəbul etmişdir. Digər tərəfdən həmin inşa edilmiş tikililərin iddiaçının hansı hüquqlarının pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 11.Məhkəmə cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olunması baxımından iddia tələbinə qiymət verərək hesab etmişdir ki, həmin hal iddiaçı İddiaçı iddiasının təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. 12.Məhkəmə onu da əlavə etmişdir ki, həmin Məcəllənin 95.3-cü maddəsinin tələbi baxımından tikinti obyektinin sökülməsini məhkəmə qaydasında tələb etmək hüququ Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və hazırkı iş üzrə iddiaçı o halda tikintinin sökülməsini tələb edə bilər ki, o bununla əlaqədar subyektiv hüquqa malik olsun. Hazırkı halda isə iddiaçı iddia tələbi ilə əlaqədar subyektiv hüquqa malik olması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. 13.Məhkəmə mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 170.1, 170.2, 172.2-ci maddələrinə də istinad etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tikililərin ananın sağlığında tikildiyi, bağışlama edilərkən mövcud olduğu qənaətinə gəlsə də, nəzərə almamışdır ki, tikililər həmin vaxt mövcud olmuş olsa idi, 2011-ci ildə verilmiş çıxarışda da öz əksini tapardı. Məhkəmə qanunsuz tikililərin mövcud olması ilə bağlı yerli icra hakimiyyəti orqanının məktubuna düzgün hüquqi qiymət verməmişdir. Ekspert məhkəmədən sözügedən torpaq sahəsinə dair baza məlumatlarının və koordinatlarını istəsə də, məhkəmə tərəfindən təmin olunmamışdır.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: P.Əhmədov - sədrlik edən və məruzəçi, T.Heydərov və İ.Əsədov).

17. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

19. Iddiaçı kassasiya şikayətini apellyasiya şikayətinə uyğun məzmunda əsaslandıraraq əlavə etmişdir ki, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş, o cümlədən ekspertizaların işinə bilərəkdən maneə yaratmış, ekpertlərə qapını açmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

24. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh mübahisəli əmlak ona 2011-ci il tarixdə bağışlanmamışdan əvvəl hələ əmlakı bağışlayan X.Qasımovanın sağlığında yaşadığı fərdi yaşayış evinə əlavə tikililər inşa etmiş, X.və iddiaçı buna heç bir etiraz etməmişdir. Belə olan halda iddiaçı bağışlanan əmlakı qəbul edərkən sökülməsini tələb etdiyi tikililərin mövcudluğu vəziyyətində qəbul etmişdir. Eyni zamanda, həmin inşa edilmiş tikililərin iddiaçının hansı hüquqlarının pozulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

35. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar