Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-798/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 1 ünvanında yerləşən, 1 otaqlı, sahəsi 36,7 kv.m olan mənzil 1992-ci ildə order əsasında, oğlu Cavabdeh da daxil olmaqla 5 nəfər ailə üzvü ilə birlikdə İddiaçı verilmiş, ##.##.2024-cü il tarixdə isə onun tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyət hüququ ilə adına dövlət qeydiyyatına alınmışdır.
2. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin 2024-cü il ## ##### tarixli arayışına əsasən, Cavabdeh qeyd olunan ünvanda qeydiyyatdadır.
3. 2024-cü il ## #### tarixli arayışa əsasən, göstərilən ünvanda yerləşən 1 otaqlı mənzillərin aylıq kirayə haqqı təmir vəziyyətindən asılı olaraq 150–200 manat, bazar dəyəri isə 30.000–45.000 manat arasında dəyişir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Cavabdeh, X2 və X1 cavabdehlər İddiaçı və * saylı Sumqayıt Regional “ASAN XIDMƏT” mərkəzində Notariat ofisinə qarşı Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi, ev 10/45, * saylı mənzilə (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, Ilyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) özəlləşdirilməsinə razılıq ərizələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 7 200 manat məbləğində kompensasiya verilməklə Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi, ev 10/45, * saylı mənzilə (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, Ilyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 (yeni ünvan: Sumqayıt şəhəri, Ilyas Əfəndiyev küçəsi, giriş 17, M1, m4) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzil 1992-ci il ## #####.tarixdə order əsasında iddiaçıya verilmiş, mülkiyyət hüququ isə 2024-cü il # ##### tarixdə dövlət qeydiyyatına alınmışdır. Mənzilin ümumi sahəsi 36,70 kv.m təşkil edir. Mənzildə iddiaçı və cavabdeh Cavabdeh qeydiyyatdadır. Cavabdeh iddiaçının oğludur. Tərəflər arasında yaranmış mübahisələr səbəbindən onların birgə yaşayışı mümkün deyil. Hazırda cavabdeh mənzildə yaşayır və iddiaçı öz mənzilindən istifadə edə bilmir. Bu səbəbdən iddiaçı cavabdehin mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı hesab edir ki, 7200 manat məbləğində kompensasiya cavabdehin istifadə hüququna xitam verilməsi üçün ədalətli olmaqla, müvafiq hüquqi mövqelərə uyğundur.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun valideynləri rəsmi olaraq ayrılmışlar. Anası ilə birlikdə sözügedən mənzildə yaşayır. Mənzil onun atasının mülküdür. Onun atasına məxsus olan evdən payı var. Bu gün o, atasının verdiyi kompensasiya ilə gedib heç bir yerdən ev ala bilmir. Onun həmin evdən başqa yaşamağa evi yoxdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim G.F.Tağızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 7200 manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi, ev 10/45, * saylı (Yeni Qaydalarla AZ 5002, Sumqayıt şəhəri, Ilyas Əfəndiyev küçəsi, Giriş 17, M1, m4) mənzildən çıxarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 2 (yeni ünvan: Sumqayıt şəhəri, Ilyas Əfəndiyev küçəsi, giriş 17, M1 m14) ünvanında yerləşən daşınmaz əmlak 2024-cü il # ##### tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tərəflər arasında notarial qaydada təsdiqlənmiş razılaşma olmadıqda, mülkiyyətçinin məhkəmə qaydasında tələbi və bazar dəyərinə uyğun kompensasiya ödənilməsi ilə mümkündür. Mülkiyyətçinin ailə üzvləri (əri, arvadı, valideynləri və uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malikdirlər və bu hüquq ailə münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən, belə hüququn xitamı kompensasiya verilməsi yolu ilə mümkündür və bu mülkiyyətçinin qanuni hüququdur.
10. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə həmin mənzildən istifadə hüququna malik ailə üzvüdür. Iddiaçı cavabdehə 7200 manat məbləğində kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini tələb etmişdir. Təklif olunan kompensasiya məbləği mövcud bazar şəraitinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində göstərilən “əvəzləşdirilmə” prinsipinə uyğundur. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 17, 34-cü, MM-nin 27.2, 152.1, 157.4, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 2008-ci il ## ### tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarının tətbiqində ciddi pozuntulara yol verilmiş, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. Belə ki, mübahisəli mənzil 1992-ci il ## ##### tarixli, **/** nömrəli order əsasında ailə üzvlərinin sayı nəzərə alınmaqla iddiaçı İddiaçı verilmişdir. Orderə əlavə edilmiş siyahıya əsasən həmin mənzilə dair istifadə hüququ yalnız iddiaçıya deyil, siyahıda göstərilən digər ailə üzvlərinə də şamil olunur. Bu halda, iddiaçı cavabdehi onun iradəsinə zidd olaraq kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququndan məhrum edə bilməz, lakin birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
14. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı kompensasiya olaraq hazırkı məzənnəyə uyğun olmayan məbləğ təklif etmişdir. Iddiaçı şüurlu şəkildə, düşünərək belə aşağı qiymət təklif etmişdir. 7 200 manat məbləğində kompensasiya ilə hazırkı dövrdə Sumqayıt şəhərində normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməyi mümkün deyil. Bu məbləğlə qəti şəkildə razılaşmır. Iddiaçının başqa yaşayış yeri var, onun isə heç bir yaşayış yeri yoxdur. Cavabdeh tərəfin qeyd etdiyi digər mənzildə onun əşyaları var. Özü isə mübahisəli mənzildə yaşayır. Əşyalarının olduğu mənzilin bu işə aidiyyəti yoxdur. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.A. Mahmudov (sədrlik edən və məruzəçi hakim), L.E.Rəhimli və A.H.Hüseynzadə) 2025-ci il ## ###### tarixli *(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh isə onun oğlu olmaqla həmin mənzildən istifadə hüququna malikdir. Tərəflər arasında birgə yaşayışın mümkün olmaması səbəbindən iddiaçı cavabdehə 7200 manat kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini tələb etmişdir. Cavabdeh iddiaya etiraz edərək mənzildə pay hüququnun olduğunu bildirmişdir, lakin iş üzrə müəyyən edilmişdir ki, cavabdehin əqdin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin qanuni hüququdur və kompensasiya məbləği istifadəçiyə müəyyən müddət ərzində başqa yerdə oxşar yaşayış şəraiti təmin etməyə kifayət etməlidir. Iddiaçı tərəfindən təklif olunmuş 7200 manat məbləğində kompensasiya bu tələblərə uyğundur və tərəflərin mənafelərini balanslaşdırır. Cavabdehin digər dəlilləri əsaslı hesab edilməmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş və maddi-prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
19. Apellyasiya məhkəməsi öz mövqeyini MM-nin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il ## #### tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv olunması və həmin işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsi tələblərini pozaraq iş üzrə mühüm halları tam araşdırmamış, onun ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququna, mənzilin ailədaxili razılaşma əsasında atanın adına özəlləşdirilməsinə, gələcək pay hüquqlarının qorunmasına dair razılığın mövcudluğuna, eləcə də mənzil üzrə qeydiyyat və order məsələlərinə düzgün hüquqi qiymət verməmişdir. Kassator bildirir ki, mənzil dövlət mənzil fonduna aid olduğu dövrdə onun həmin yaşayış sahəsinə bərabər hüquqları olmuş, sonradan özəlləşdirmə zamanı bu hüquqların saxlanılması barədə ailə üzvləri arasında razılaşma əldə edilmişdir. Lakin məhkəmələr sübutları tam və obyektiv qiymətləndirməyərək maddi hüquq normalarının pozulmasına səbəb olan səhv nəticəyə gəlmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir.
22. Kassator bildirmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsi tələblərini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə verilmiş hüquqi şərhi düzgün tətbiq etməmişdir. Məhkəmələr ailə münasibətlərinə xitam verildikdən sonra yaşayış sahəsindən istifadə hüququ ilə bağlı # ####### 2009-cu ilədək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonrakı münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməli olduğunu nəzərə almamış, nəticədə işin hallarını tam və düzgün araşdırmadan səhv hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassator işin yenidən araşdırılmasını xahiş etmişdir.
23. Kassator qeyd etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88 və 217.3-cü maddələrinin tələblərini pozaraq işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, apellyasiya baxışının hədlərindən kənara çıxmış və mühüm sübutlara düzgün hüquqi qiymət verməmişdir. Xüsusilə, mübahisəli mənzillərlə bağlı order, qeydiyyat və özəlləşdirmə məsələləri araşdırılmamış, həmçinin mənzilin bazar dəyəri bilərəkdən aşağı müəyyən edilərək ona real bazar qiymətinə uyğun olmayan məbləğdə — 7200 manat kompensasiya təyin edilmişdir. Kassator bildirir ki, məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, nəticədə onun yaşayış sahəsinə olan hüquqlarının qanunsuz şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur.
24. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, MM-in 228-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
35. Kassasiya şikayətində məhkəmə tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyi qeyd edilmişdir. Kollegiya bu dəlillə razılaşmayaraq hesab edir ki, tərəflər arasında hazırda cavabdehin mənzilə istifadə hüququnun olduğuna dair mübahisə olduğu müəyyən edilməmişdir. Iddiaçının tələbi istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə olmuşdur. Əmlaka istifadə hüququ olan şəxsin bu hüququna kompensasiya verilməklə xitam verilməsi ilə bağlı norma nə ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsində, nə də hazırda qüvvədə olan Mənzil Məcəlləsində nəzərdə tutulmadığından bu münasibətlər istifadə hüququnun hansı dövrdə yaranmasından asılı olmayaraq Mülki Məcəllə ilə tənzimlənir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
36. Kassasiya şikayətinin mənzil dövlət mənzil fonduna aid olduğu dövrdə cavabdehin həmin yaşayış sahəsinə bərabər hüquqları olduğuna dair dəlili ilə bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin mənzilin özəlləşdirilməsinə razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmədiyindən cavabdehin pay hüququ olduğuna dair dəlilləri əsassızdır. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
37. Apellyasiya məhkəməsi tərəfindən şikayətdə qeyd edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilməmişdir.
38. Kassasiya şikayətinin sübutların, o cümlədən təklif edilən kompensasiya məbləğinin apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmədiyinə dair dəlilləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya baxışının predmeti olmadığı üçün həmin dəlillərə baxılmır.
39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.