Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-805/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qanun vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə qarşı (üçüncü şəxslər maraqlı şəxs1, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 may 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı və maraqlı şəxs1 qardaşdırlar. Iddiaçı xarici vətəndaşdır və 1989-cu ildən Azərbaycanda yaşamır.
2. Iddiaçının anası X5 ##.##.2010-cu il tarixdə, X1 isə ##.##.2017-ci il tarixdə ölmüşdür.
3. X1 və X5 ümumi birgə mülkiyyətində Qəbələ rayonu Nic kəndində 1.23 ha həyətyanı torpaq sahəsi (6 nəfərlə birgə) olmuşdur.
4. 1.23 ha həyətyanı torpaq sahəsinin üzərindəki 68 kv.m sahəsi olan fərdi yaşayış evi ölümündən sonra ##.##.2023-cü il tarixdə X1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
5. ##.##.2023-cü il tarixli, 2V-501 və 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında maraqlı şəxs1 valideynləri X1 və X5 yeganə vərəsəsi olaraq tanınmış və 1.23 ha həyətyanı torpaq sahəsinin valideynlərinin mülkiyyətində olan hissəsi və üzərindəki 68 kv.m sahəsi olan fərdi yaşayış evi maraqlı şəxs1 miras əmlak olaraq keçmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, maraqlı şəxslər maraqlı şəxs1 və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı Oğuz rayon Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənərək X1 və X5 vərəsəsi maraqlı şəxs1 adına miras əmlakdan tam hissədə pay almasına dair verilmiş ##.##.2023-cü il tarixli, 2V-501 və 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyən edici aktların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir.
7. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Oğuz Rayon Notariat Ofisi vərəsəlik işi açaraq ##.##.2017-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş mərhum atası X1 və 5 nəfər ailə üzvülərinin birgə mülkiyyətində olan 1.23 ha. həyətyanı torpaq sahəsindən və 0.68 kvm. fərdi yaşayış evindən , mərhumun payına düşən tam hissəyə dair qardaşı maraqlı şəxs1 ##.##.2023–cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamə qanunsuz və əsassız verildiyinə görə məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, həmin şəhadətnamənin verilməsi zamanı aşağıda sadaladığı qanun pozuntularına yol verilmişdir: 1.Notariat vərəsələrin dairəsini müəyyən etməmişdir. Vərəsələr sayı yeddi nəfərdən ibarət olduğu halda, digər vərəsələrin hüquqları nəzərə alınmadan vərəsənin birinin adına mirasın tam hissəsinə dair ona pay hüququ verilmişdir. 2. Vərəsələrdən hansının mirası qəbul edib– etmədiyi müəyyən edilməmişdir. Vərəsələrə bildiriş verilməmiş, onların miras əmlaka dair iddialarının olub-olmaması müəyyən edilməmişdir. Razılıq ərizələri alınmamışdır. Mübahisə olduğu halda (mübahisə əvvəldən mövcud olmuşdur) imtina verilərək mübahisənin məhkəmədə həll edilməsi təklif edilməmişdir. 2023-cü ildə Robert ilə Rudik arasında həmin miras və digər məsələlər üzərində bəlli mübahisə baş vermiş, tərəflərin mübahisəsinə Qəbələ Polis idarəsində baxılmış və rədd qərarı qəbul edilmişdir. Iş materiallarına əlavə etdiyi “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan və DƏDKRPHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ## ### 2024-cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən miras torpaq sahəsinin üzərində iddiaçı-vərəsə İddiaçı adına fərdi yaşayış evinə tərtib edilmiş 1989cu il tarixli texniki pasport vardır, lakin həmin yaşayış evinə qeydiyyat vəsiqəsi ( çıxarış) alınmamışdır. Qeyd olunmalıdır ki, İddiaçı həmin evi miras qoyanların sağlığında onların razılığı ilə inşa etmiş, daha sonra valideynləri vəfat etmiş, evin altındakı torpaq sahəsi miras qalmışdır. Həmin evdə hər il bir neçə ay Robert öz ailəsi ilə birlikdə yaşayır, valideynlərinin vəfatı zamanı uzun müddət həmin özünə məxsus evdə yaşamış, habelə evin altında olan miras torpaq sahəsini faktiki qəbul etmişdir. Bu halların heçbiri notariat tərəfindən araşdırılmamışdır.
8. maraqlı şəxs1 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, vərəsəlik işi açılandan sonra qanuna əsasən vərəsələrin iş yeri və yaşayış yerlərinə müvafiq məlumatlar verilmişdir. Iddiaçı 35 ildən artıq müddətdə mirasın yerləşdiyi Nic qəsəbəsini tərk etmiş, Rusiya vətəndaşı olmaqla orada yaşamışdır. Miras əmlak qoyanlarla, yəni ata-anası ilə heç maraqlanmamışdır. Onların bütün qayğılarını o, öz ailəsi ilə birlikdə çəkmişdir. Iddiaçı isə arabir Qəbələyə gələrək öz tanışları ilə vaxt keçirmişdir. Notarius bütün sənədləri düzgün tərtib etmiş, qanuna əməl etmişdir. O özü miras əmlakını faktiki olaraq qəbul etməklə daşınmaz əmlakıntorpaq sahəsi və evin dağılmasının qarşısını almış və onu qoruyub mühafizə təmir işlərini həyata keçirmişdir. 2023-cü ildə iddiaçı Nic qəsəbəsinə gələndə zor gücünə mirası ələ keçirmək və satmaq istəmiş, polis şöbəsində araşdırma əsasında rədd qərarı qəbul edilmişdir. Iddiaçının fikri yenə də əmlakı satmaqdır. Iddiaçının adına olan texniki pasport və arayış da şübhəlidir. Həmçinin əlavə olaraq bildirir ki, 1,28 ha torpaq sahəsinin 0,018419 ha hissəsində 1975-ci ildə inşa olunmuş, bir mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinə adına ##.##.2024-cü ildə verilmiş 406013097767-10301, inventar nömrəsi 406-66/782 olan texniki pasport qanuni texniki pasportdur, yəni Robertin adına qeyd olunan texniki pasport mövcud olsaydı, onun adına ikinci texniki pasport verilməzdi. Torpaq sahəsini və evi miras açıldığı gündən qəbul etmiş, bu günədək də sahibliyini həyata keçirməklə mühafizə edib qoruyur və təkbaşına təmir işlərini həyata keçirir. 1,23 ha torpaq sahəsində yerləşən həyətdə iki ev var, birində-Robertin evində o özü, atası, ailəsi yaşayıb, indi də özü ailəsi ilə yaşayır, digər evdə isə oğlu yaşayır. Onlar 4 qardaş, 3 bacıdırlar. Robert hərdən bir gəlib bir otaqda qalır, gedir. Robert evi alsa onun yaşamağa yeri olmayacaq. Eyni zamanda iddiaçının yaşadıqları evdə heç bir əşyası olmamış, Azərbaycana gəldiyi zaman onların əşyalarından istifadə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının belə bir tələblə müraciət etmək hüququ onun mərhum atası X1 və X5mış miras əmlakın qəbul edilməsi faktından, yəni onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə o, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz.
11. Mülki iş materialları ilə miras qoyan X1 ##.##.2017-ci ildə, X5 isə ##.##.2010-cu ildə ölməsi sübuta yetirilir. Yəni onların ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.
12. Iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirmişdir ki, X5 ##.##.2010-cu ildə öldüyü zaman sağ olan əri və övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X1 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun ##.##.2017-ci ildə öldüyü vaxt sağ olan övladları olması müəyyən edilir.
13. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X3 ##.##.2017-ci ildə və X5 ##.##.2010-cu ildə ölümü ilə onların övladlarından biri olan maraqlı şəxs1 vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir.
14. Məhkəmə hesab etmişdir ki, hazırki iddia ərizəsi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ###### tarixli Qərarı qəbul edildikdən sonra məhkəmənin icraatına daxil olmuş, iş üzrə vərəsəlik münasibətləri də yuxarıda qeyd edilən Qərarın qəbul edilməsindən əvvəl yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qeyd edilən qərarın hüquqi qüvvəsi hazırki işə şamil edilmir.
15. Iddiaçı X3 Apkar oğlu və X5 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə iddiaçı və onun nümayəndəsinin onun hər il Azərbaycan Respublikasına gəlməklə evə baş çəkməsi, orada 1 ay qalması, fərdi yaşayış evində olan əşyalardan istifadə etməsi və s. bu kimi hərəkətləri ilə miras əmlakı qəbul etmiş hesab edilməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır. Belə ki, iddiaçı qeyd edilən fərdi yaşayış evində daimi yaşamamış, orada, eləcə də torpaq sahəsində təsərrüfat aparmamışdır. O, yalnız müəyyən vaxtlarda qısa müddətə qonaq kimi gəlmişdir. Iddiaçı və onun nümayəndəsinin izahatlarından müəyyən olunur ki, iddiaçının hətta ən uzun qaldığı müddət cəmi 1 ay təşkil edir. Bütün bunlar isə öz-özlüyündə iddiaçının mirası qəbul etdiyini deməyə əsas vermir. Eyni zamanda məhkəmə iddiaçının miras-əmlak üzərində olan fərdi yaşayış evi ilə əlaqədar bildirmişdir ki, həmin yaşayış evi hazırkı mübahisəsinin predmeti deyildir və iddiaçı aidiyyəti orqana müraciət edərək həmin yaşayış evinin qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
16. Məhkəmə belə hesab etmişdir ki, İddiaçı valideynlərindən qalmış mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onun tələbi əsaslı sayıla bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv olunmasını tələb etməsi tələbini irəli sürməsi üçün ilk olaraq onun həqiqi vərəsə statusu əldə etməli və ya mirası qəbul etməlidir. Çünki şəxs yalnız bundan sonra miras əmlaka mülkiyyət hüquq əldə etməklə, həmin əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ əldə edir.
17. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər də iddiaçı tərəfindən ötürülmüşdür.
18. Hazırkı iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyənedici aktların ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş maraqlı şəxs1 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. Lakin maraqlı şəxs1 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). Iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.) Baxılan iş üzrə məhkəmə tərəfindən iddiaçıya əsl cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçı həmin təkliflə razılaşmadığından işə mahiyyəti üzrə baxılmağa davam edilmişdir.
19. Məhkəmə onu da qeyd etmişdir ki, maraqlı şəxs1 iş üzrə maraqlı şəxs kimi cəlb edilsə də mülki-prosessual qanunvericilikdə iddiaya cavab verməli olan proses iştirakçısı kimi məhz cavabdeh göstərilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1133, 1159, 1151.1, 1257, 1243.1, 1243.2, 1246,1255, 1246, 1272-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94 və 99-cu bəndlərinə, Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ###### tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4 cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Iddiaçı apellyasiya şikayəti verərək, Oğuz rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini tamamilə ləğv edərək, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iddiaçı 1989-cu ildə, yəni miras qoyanların sağlığında onların övladı olmaqla yetkinlik yaşında olan ailə üzvü idi. Ailənin birgə iradəsi əsasında, ailənin həmin vaxt qanuni istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edərək adına daşınmaz əmlakın inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib olunmuşdur. Həmin texniki pasportda evin altındakı torpaq sahəsi də göstərilmişdir. Valideynlərinin sağlığında və onlar öləndən sonra da evdən və altındakı torpaq sahəsindən istifadə etmiş və özünün sahibliyində saxlamışdır. Beləliklə mirası qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Fərmanına əsasən həmin evə və altındakı torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, torpaq islahatı ilə ailə üzvlərinin adına verilmiş torpaq sahəsində o cümlədən miras torpaq sahəsində K.Robertin birgə mülkiyyət hüququ vardır. Hazırkı iddia tələbi üzrə qərar qəbul edilərkən bu hal mütləq nəzərə alınmalıdır. Mirasın qəbulluğu ilə bağlı mühüm əhəmiyyət kəsb edən hallar sübut edilmiş olsa da, hakim tərəfindən düzgün qiymət verilməmişdir. Bu barədə ərizənin mətnində ətraflı göstərilmişdir.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Taleh Musayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman Isayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən müəyyən olunur ki, iddiaçı İddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir. Baxılan iddia tələbi ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Məhkəmə müəyyən etmişdir ki, X5 ##.##.2010-cu il tarixdə, X1 isə ##.##.2017-ci il tarixdə vəfat etdikdən sonra mərhumlardan miras qalmış əmlakı qanun üzrə vərəsə maraqlı şəxs1 idarə etmiş, daha sonra Oğuz rayon Notariat Ofisinə vərəsə tanınaraq vərəsəlik şəhadətnamələrinin verilməsi üçün müraciət etmiş və notariat orqanı tərəfindən Tamara Kamanyan və Ruben Kamanovdan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras qoyanın digər birinci növbə vərəsələri, eyni zamanda İddiaçı tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, hətta Tamara Kamanyan və Ruben Kamanovdan miras qalmış 1.23 ha torpaq sahəsində tikilmiş və İddiaçı adına texniki pasport verilmiş fərdi yaşayış evində mərhumlar oğlu, yəni hazırkı iş üzrə maraqlı şəxs maraqlı şəxs1 və ailəsi ilə birlikdə yaşamışlar. İddiaçı özü məhkəmə kollegiyasının suallarını cavablandırarkən həmin evə dair hər hansı kommunal xidmətlər ödəmədiyini, həmin evin kommunal xidmətlərin kim tərəfindən ödənilməsi barədə məlumatı olmadığını, atası rəhmətə gedəndə yas mərasimində iştirak etdiyini və Rusiyaya qayıtdığını, bir daha bir il sonra atasının il mərasimində iştirak etmək üçün Azərbaycana gəldiyini bildirmişdir.
26. Kollegiya hesab etmişdir ki, Oğuz rayon notariat kontoru tərəfindən verilmiş ##.##.2023-cü il tarixli 2V-501 və *V-*** nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin hazırkı iddiaçı İddiaçı tərəfindən subyektiv baxımından mübahisələndirilməsi istisna olunur.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı İddiaçı atasının və anasının ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd etmişdir ki, əgər İddiaçı atasının və anasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. Işdə iştirak edən şəxslərin izahatları və digər sübutlarla müəyyən olunur ki, İddiaçı 35 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayır. O, atası və anası vəfat edərkən qısa müddətdə onların yas mərasimində iştirak etmiş, sonra isə yaşadığı Rusiya Federasiyasına getmişdir. Atasının və anasının ölümündən sonrakı 6 ay müddətində mirasın qəbulu ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının 1989-cu ildə, yəni miras qoyanların sağlığında onların övladı olmaqla yetkinlik yaşında olan ailə üzvü olması, ailənin birgə iradəsi əsasında, ailənin həmin vaxt qanuni istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edərək adına daşınmaz əmlakın inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib olunması, valideynlərinin sağlığında və onlar öləndən sonra da evdən və altındakı torpaq sahəsindən istifadə etməsi və özünün sahibliyində saxlaması, Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Fərmanına əsasən həmin evə və altındakı torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin yaşayış evi hazırkı mübahisəsinin predmeti deyildir və iddiaçı aidiyyəti orqana müraciət edərək həmin yaşayış evinin qeydiyyata alınmasını tələb edə bilər. Hazırkı iddia tələbinin mahiyyəti araşdırılarkən isə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı miras açılarkən Rusiya Federasiyasında yaşadığından, onun tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamış, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
29. Iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olması müəyyən edilmədiyi halda miras əmlaka dair maraqlı şəxs1 adına ## ###### 2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
32. Iddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Şikayətdə AR Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən göstərilmişdir ki, vərəsə mirasa sahiblik etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsində iddiaçı K.Robert bildirmişdir ki, valideynləri öldükdən sonra özü razılıq verərək miras torpaq sahəsində inşa etdiyi evin bir otağını qardaşı Rudikin müvəqqəti istifadəsinə vermişdir. Halhazırda da K.Rudik həmin evdə yaşayır. maraqlı şəxs1 onun qardaşı olduğuna görə ondan kirayə haqqı almamışdır. Bu halı K.Rudikin özü də təsdiqləmişdir. Odur ki, miras torpaq sahəsində yerləşən evi onun əvəzsiz istifadəsinə verməsi faktı özünün (K.Robertin) evə və altında olan miras torpaq sahəsinə sahiblik etməsi deməkdir. Valideynləri öldükdə yas mərasimlərində iştirak etmiş, lakin Azərbaycanda qalma müəyyən olunmuş müddət ilə bağlı olduğundan, müddət bitdikdə getməyə məcbur olmuşdur. Evin altında olan miras torpaq sahəsinə, həmin torpaq sahəsinin üstündə inşa etdiyi ev ilə birlikdə sahiblik etməsini şəksizşübhəsiz qardaşına və digər yaxın qohumlarına göstərmişdir. Beləliklə miras əmlaka etinadsız yanaşmamış, əksinə onu qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Maraqlı şəxs maraqlı şəxs1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, Oğuz rayon Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən – onun yəni - maraqlı şəxs1 Rubenaviçin adına miras əmlakdan tam hissədə pay almağına dair verilmiş ##.##.2023-cü il tarixli 2V - 501 və 2V - *** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn hüquq müəyyənedici aktların ləğv edilməsi üçün heç bir əsas yoxdur. Iddia ərizəsində və apellyasiya şikayətində göstərilən faktlara həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində baxılaraq düzgün hüquqi qiymət verilmişdir. Odur ki, maraqlı şəxs kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
42. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
44. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə faktiki hallar, təqdim edilmiş sübutlar və tərəflərin izahatlarını iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun araşdıraraq qiymətləndirmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının valideynlərindən miras qalmış əmlakları faktiki qəbul etməsi sübutlarla təsdiq edilmədiyindən onun digər vərəsəyə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməyə subyektiv hüququ yoxdur. Bundan əlavə iddiaçının vərəsəlik mübahisəsi qardaşı maraqlı şəxs1lə olmasına baxmayaraq iddia əsl olmayan cavabdehə- Oğuz rayon Notariat ofisinə qarşı qaldırılaraq digər vərəsəyə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr mübahisələndirilmişdir.
51. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduz indeksli qərarında da qeyd edildiyi kimi, notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir. Vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır.
52. Kollegiya hesab edir ki, iddianın əsl cavabdehə qarşı qaldırılmaması onun təmin edilməməsi üçün müstəqil əsas olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
53. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.