Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-816/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı MMC və Cavabdeh arasında 2024-cü il ## ###### tarixdə bağlanmış B-***- AAE-** nömrəli avtomobilin alqı-satqı müqaviləsinə əsasən MMC, 2023-cü il buraxılışlı “Changan Uni T” markalı avtomobili dəyəri tam ödənilənədək texniki saz vəziyyətdə Cavabdeh istifadəsinə verməyi, ödəniş tam başa çatdıqdan sonra isə mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 77.387 manat məbləğində müəyyən edilmişdir.
3. Müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndinə əsasən alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.
4. Həmin maddənin “b” bəndinə əsasən tərəflər təsdiq edir ki, hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman satıcı yalnız avtomobil, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləği bu müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə həmin məbləğin ödənilməsini tələb edəcəkdir.
5. Həmin maddənin “d” bəndinə əsasən müqaviləyə xitam verildiyi təqdirdə yuxarıda göstərilənlərdən başqa alıcıya hər hansı vəsait qaytarılmır.
6. 2024-cü il ## ###### tarixli təhvil-təslim aktına əsasən avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təqdim edilmişdir.
7. İddiaçı MMC və X1 arasında 2025-ci il ## ###### tarixdə bağlanmış B-029-AAE ** nömrəli daxili lizinq müqaviləsi ilə “Changan Uni T” markalı, buraxılış ili 2023-cü il olan tünd boz metallik rəngli avtomobil MMC tərəfindən X1 istifadəsinə, lizinq ödənişləri tam həyata keçirildikdən sonra isə mülkiyyətinə verilməsi şərtləşdirilmişdir. Lizinq ödənişlərinin ümumi məbləği 40.191 manat müəyyən edilmişdir.
8. 2024-cü ilin yanvar ayı üçün qiymət təklifinə əsasən “Changan Uni-T” markalı avtomobilin dəyəri nağd alqı-satqı üzrə 47.900 manat, 12 ay üçün 54.510 manat, 24 ay üçün 59.801 manat, 36 ay üçün 65.304 manat, 48 ay üçün 70.851 manat, 60 ay üçün isə 77.387 manat müəyyən edilmişdir.
9. 2025-ci il # ###### və 2025-ci il # ###### tarixli aktlara əsasən avtomobilə çəkilmiş xidmət xərcləri müvafiq olaraq 431,02 və 762,17 manat təşkil etmişdir. 10.
11. İddiaçı MMC tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən müqavilə üzrə Cavabdeh 2.202 manat məbləğində əsas, 612 manat məbləğində dəbbə borcu mövcuddur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 14.313 manat, avtomobilə dəymiş zərərə görə 1.193,19 manat, ümumilikdə 15.506,19 manat, müqavilənin ləğv edildiyi 2024-cü il ## ###### tarixindən 2025-ci il # ### tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanması yolu ilə 206,04 manat və 138 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh annuitet ödənişlərini müqavilədə nəzərdə tutulmuş müddətlərdə yerinə yetirməmiş, ödənişləri ardıcıl olaraq gecikdirmiş və nəticədə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, son olaraq ##.##.2024-cü il tarixli məktubla yazılı qaydada ödənişlərin edilməsi tələb olunmuş və əks halda müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Lakin ödənişlər həyata keçirilmədiyindən müqavilə iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə əvvəlcədən məlumat verilmişdir. Müqavilənin müvafiq bəndlərinə əsasən, alıcı öhdəliklərini, o cümlədən müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirmədikdə satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun məhkəmə qaydasında tələb olunması hüququna malikdir. Eyni zamanda, alıcı nəqliyyat vasitəsinin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməli, ödənişlərin gecikdirildiyi hər gün üçün isə aylıq ödəniş məbləğinin 1 faizi həcmində dəbbə pulu ödəməlidir.
14. Cavabdehin vəkili və nümayəndəsi vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 17.262 manat ödəniş edilmiş, nəqliyyat vasitəsinin ilkin dəyəri isə 47.900 manat olmuşdur. Cavabdeh nəqliyyat vasitəsini iddiaçıya geri qaytardığından, qanunvericiliyə əsasən həmin andan tərəflərin qarşılıqlı öhdəliklərinə xitam verilmiş hesab olunmalıdır. Bundan əlavə, iddiaçının nəqliyyat vasitəsi geri qaytarıldıqdan iki ay sonra müqavilənin ləğvi ilə bağlı bildiriş göndərməsi hüquqi əsasdan məhrumdur. Qeyd edilmişdir ki, iddiaçı nəqliyyat vasitəsini fevral ayında 40.000 manata satmış və bu halda hər hansı zərərin mövcudluğundan söhbət gedə bilməz. Eyni zamanda nəqliyyat vasitəsi iddiaçı tərəfindən qəbul edildikdən təxminən 5 ay sonra müayinədən keçirilmişdir. Əgər avtomobildə hər hansı qüsur və ya çatışmazlıq mövcud olsaydı, bu hal qəbul zamanı müəyyən edilərək müvafiq akt tərtib edilməli idi. Həmçinin, nəqliyyat vasitəsinin satış məqsədilə vəziyyətinin yaxşılaşdırılması, təmizlənməsi və ya xarici görünüşünün yaxşılaşdırılması üçün çəkilən xərclər zərər kimi qiymətləndirilə bilməz.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ü.A.Xəlil) 2025-ci il ## #### tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı avtomobilin sonradan daha aşağı qiymətə satılmasına istinad edərək dəyərdən düşmə fərqinin və guya cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.
17. Məhkəmə qeyd etmişdir ki, mülki məsuliyyətin yaranması üçün hüquqa zidd əməl, zərərin mövcudluğu və həmin əməl ilə zərər arasında səbəbli əlaqə birlikdə mövcud olmalıdır. Bu şərtlərdən hər hansı biri olmadıqda məsuliyyət istisna edilir.
18. Məhkəmə hesab etmişdir ki, müqavilənin 3.2.5-ci bəndi avtomobil qaytarıldıqdan sonra dəyərdən düşməyə görə zərərin ödənilməsini tələb etmək hüququ verən razılaşma kimi qiymətləndirilə bilməz. Həmin bənd qeyri-müəyyən olmaqla, standart şərt kimi iddiaçının əleyhinə təfsir edilməli və etimad, vicdanlılıq prinsiplərinə zidd olduğu üçün etibarsız sayılmalıdır.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobilin nağd satış qiyməti 47.900 manat, hissəli ödənişlə isə 77.387 manat olmuş, cavabdeh ümumilikdə 17.267 manat ödəniş etmişdir. Avtomobil sonradan 40.191 manata satılmış və bu hallar nəzərə alındıqda iddiaçının ziyana məruz qalması sübut olunmamışdır.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, avtomobilin istismarı nəticəsində bazar dəyərinin azalması təbii köhnəlmə ilə bağlıdır və bu hal cavabdehin qanunsuz hərəkətinin nəticəsi olmadığından zərər kimi qiymətləndirilə bilməz.
21. Bundan əlavə, iddiaçının 1.193,19 manat məbləğində zərər iddiası sübuta yetirilməmişdir. Belə ki, nəqliyyat vasitəsinin geri qaytarılması zamanı təhvil-təslim aktı tərtib edilməmiş, təqdim olunan sənədlər isə birtərəfli qaydada hazırlanmışdır və sübut kimi qəbul edilə bilməz.
22. Eyni zamanda, 15.506,19 manat əsas məbləğ və gecikməyə görə 206,04 manat faiz tələbi də əsaslı hesab edilməmişdir. Çünki müqavilə ləğv edilənədək cavabdeh öhdəliklərini yerinə yetirmiş, digər tələblər isə sübuta yetirilməmişdir. Buna görə də faiz tələbi də təmin olunmamışdır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1, 21.2, 386.1, 390.1, 404.1, 404.2, 417.1, 419.2, 420, 600.1, 600.4, 600.5, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı avtomobili satmağı, cavabdeh isə onun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin öhdəlikləri pozması nəticəsində müqavilənin birtərəfli qaydada ləğvi iddiaçı üçün zərər yaratmış, o, müqavilə bağlanarkən əldə etməyi gözlədiyi gəlirdən məhrum olmuşdur. Nəticədə avtomobilin yenidən satışına çəkilən xərclər və dəyərdən düşməsi səbəbindən daha aşağı qiymətə satılması cavabdehin pozuntusu ilə əlaqələndirilmişdir. Buna görə də iddiaçı iki müqavilə arasındakı fərqin cavabdehdən tutulmasını tələb etmək hüququna malik olduğunu bildirmişdir. Eyni zamanda vurğulanmışdır ki, müqavilənin 3.2.6-cı bəndi satıcıya avtomobili geri alaraq üçüncü şəxsə satmaq və satış məbləği borcu qarşılamadıqda qalıq məbləği alıcıdan tələb etmək hüququ verir. Birinci instansiya məhkəməsinin həmin şərti etibarsız sayması MM-in müvafiq normalarına uyğun hesab edilməmişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, avtomobilin təmiri və bərpasına 1.193,19 manat xərc çəkilmişdir və cavabdeh baxışda iştirak etmək üçün dəvət olunsa da iştirak etməmiş, sonradan göndərilmiş aktlara etiraz bildirməmişdir. Bu səbəbdən zərərin birtərəfli qaydada qiymətləndirilməsi əsaslı hesab edilməlidir. Şikayətdə məhkəmə təcrübəsinə istinad edilərək göstərilmişdir ki, oxşar hallarda müqavilə şərtlərinə uyğun olaraq avtomobilin daha aşağı qiymətə satılması nəticəsində yaranan fərq zərər kimi cavabdehdən tutulmalıdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması xahiş edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi hakim), İ.S.Şirinov və N.Ş.Cəfərov) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2024-ci il tarixdə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə-alqı satqısına dair müqavilə bağlanmış, lakin bu müqavilə Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır.
28. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (MM maddə 329). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (MM maddələr 331 və 334).
29. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM maddə 324.5). Işdən bəlli olur ki, tərəflərin hüquqi niyyəti, iradə ifadəsi mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə alqı-satqısı müqaviləsini bağlamaq olmuşdur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən nisyə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Işin mübahisəsiz halıdır ki, cavabdeh mübahisəli avtomobili artıq iddiaçıya qaytarmış və müqaviləyə xitam verilmişdir.
30. Məhkəmə tərkibi hesab edib ki, birinci instansiya məhkəməsi ilk növbədə avtomobilin nisyə alqı-satqısı haqda müqavilənin etibarsızlığını təsbit etməli, etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həlli mümkün olub-olmamasını araşdırmalı, bu əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda isə mübahisəyə tərəflər arasında bağlanmış nisyə alqı-atqı müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı idi. Ancaq işdən bəlli olur ki, birinci instansiya məhkəməsi bu hallar üzrə xüsusi hüquqi dəyərləndirmə aparmasa da yekun olaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Sözügedən avtomobilin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır.
31. Belə ki, apellyasiya baxışı zamanı da işin halları və cavabdehin nümayəndəsi və vəkilinin məlumatı ilə bir daha təsdiq olundu ki, sözügedən avtomobil ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilib, ##.##.2024-cü ildə isə sonuncu ödənişlə birlikdə iddiaçıya qaytarılıb. Yəni, avtomobil 8 ay, 17 gün ərzində cavabdehin istifadəsində olub, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə 17262 manat ödənilib. Bu halları iddiaçı tərəf də mübahisələndirmədi. Iddiaçının özünün məlumatına əsasən “Changan Uni-T” markalı avtomobillərin 2024-cü ilin yanvar ayı üçün qiymət təklifi nağd alqı-satqı üzrə 47900 manat, 12 ay ərzində 54510 manat, 24 ay ərzində 59801 manat, 36 ay ərzində 65304 manat, 48 ay ərzində 70851 manat, 60 ay ərzində 77387 manat təşkil edib.
32. Iddiaçının ##.##.2025-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən qeyd olunan avtomobili üçüncü şəxsə 40191 manata satması da işin mübahisəsiz halıdır. Demək ki, Mülki Məcəllənin 21.2 və 645.2-ci maddəsinin tələbləri baxımından da hazırkı tələbi irəli sürsə də iddiaçının nə real, nə də əldən çıxmış fayda şəklində zərərə məruz qaldığı təsdiq olunmur. Ən azından buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Əksinə qeyd olunan avtomobilin 2024-cü ilin yanvar ayı üçün nağd alqı-satqı üzrə qiyməti 47900 manat olmuş, 8 ay, 17 gün ərzində cavabdehin istifadəsində olub, buna görə 17262 manat ödənilib, bundan sonra isə ##.##.2025-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən üçüncü şəxsə 40191 manata satılıb. Göründüyü kimi, avtomobil hissə-hissə ödənilmək şərti ilə olsa da, dəyərindən on min manatdan artıq qiymətə satılıb. Bu cür vəziyyətdə isə iddiaçının hansısa formada zərərə məruz qalması istisna olunur.
33. Bundan başqa, ##.##.2025 və ##.##.2025-ci il tarixli aktlara əsasən müqavilə predmeti olan avtomobilin təmirinə və bərpasına çəkilmiş xərclərin 1193,19 manat təşkil etməsi də bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki “təmir və bərpa işlərinin” məhz cavabdehin risk dairəsinə daxil olan hallardan irəli gəldiyi təsdiq olunmur. Çünki bu aktlar avtomobil iddiaçıya təhvil verildikdən 4 aya yaxın və 4 ay sonra tərtib edilib. Həqiqətən də belə bir təmir və bərpa avtomobiln cavabdehin istifadəsində olması ilə bağlı yaranmışdırsa bu dərhal, yəni avtomobil iddiaçıya təhvil verilərkən edilə bilərdi, ancaq edilməyib, demək ki, cavabdehlə bağlı olması da təsdiq olunmur.
34. Apellyasiya məhkəməsi öz mövqeyini MM-nin 21.1, 21.2, 37.5, 351.1, 390.1, 417.1, 420.1.5, 420.2, 600.1, 600.4, 600.5, 601.1, 606.1, 645.2, 650, 1096.1, 1097.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
35. Iddiaçı (vəkil vəkil2) qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni əsassız olaraq etibarsız hesab etmiş və onun tətbiqini istisna etmişdir. Halbuki, həmin müqavilə tərəflərin sərbəst və qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla, mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə uyğundur. Nəqliyyat vasitələrinin alqı-satqısı sahəsində müqavilə azadlığı prinsipi tərəflərə hüquqi münasibətlərini çevik şəkildə tənzimləmək imkanı verir və mülki dövriyyənin səmərəli təşkilinə xidmət edir. Sadə yazılı formada müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və əlavə inzibati maneələrin aradan qaldırılmasına yönəlmişdir.
37. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən nəqliyyat vasitələrinin dövlət qeydiyyatına dair normativ tələblər pozulmamışdır. Qüvvədə olan qaydalara əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatı müvafiq icra orqanı tərəfindən həyata keçirilir və mülkiyyət hüququnun alıcıya keçməsi müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin tam icrasından sonra baş verir. Mövcud normativ hüquqi aktlara əsasən nəqliyyat vasitəsinin qeydiyyatı üçün sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi kifayət hesab edilir və notarial təsdiq tələbi nəzərdə tutulmur. Bu yanaşma uzun müddətdir formalaşmış inzibati təcrübəyə də uyğundur. Belə olan halda, müqavilənin yalnız notarial qaydada bağlanmadığı əsas gətirilərək etibarsız sayılması qanunvericiliyin tələblərinə və mövcud hüquqi praktikaya uyğun deyildir.
38. Nəticə etibarilə, apellyasiya məhkəməsinin müqaviləni etibarsız hesab etməsi müqavilə azadlığı prinsipinə və hüquqi sabitliyə zidd olmaqla əsassızdır və həmin qərar kassasiya qaydasında ləğv edilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının kassasiya şikayəti prosessual tələblərə uyğun tərtib edilməmiş, vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılmış, sonradan təqdim edilən şikayət isə qanunla müəyyən olunmuş müddət keçdikdən sonra və müddətin bərpası barədə ərizəsiz verilmişdir. Bu səbəbdən, ##.##.2026-cı il tarixli kassasiya şikayəti qeyrimümkün hesab edilərək geri qaytarılmalı, həmçinin məhkəmənin iddiaçıya yönəlik izahları tərəflərin bərabərliyi prinsipinə zidd qiymətləndirilməlidir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
45. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
46. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
47. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
48. Maddə 420.1.5. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır.
49. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
50. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
51. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
52. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
53. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
54. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
55. Maddə 645.2.Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.
56. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
57. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
58. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.