Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-824/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı İbrahimxəlil oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, təbii qazdan qanunsuz istifadə edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı İbrahimxəlil oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “cərimənin ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ##.##.2023-cü il tarixli XS-**-*****/** nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Şəmkir RQİİ ilə Ağstafa rayonu Köçəsgər kəndində fərdi yaşayış evinin sahibi İddiaçı İbrahimxəlil oğlu arasında (*************** saylı abonent kodu) qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır.
2. Cavabdeh İstehsalat Birliyinin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2023-cü il tarixli ******* nömrəli akta əsasən, İddiaçı İbrahimxəlil oğlunun 296104700001600 abonent kodu ilə abonenti olduğu Ağstafa rayonu Köçəsgər kəndində quraşdırılmış sayğaca baxış keçirilərkən mənşəyi məlum olmayan sayğacın quraşdırılması və sayğacın üzərindəki xüsusi nömrəli plomba müdaxilə olunduğu müəyyən olunmuşdur.
3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ## #### 2023-cü il tarixli akta əsasən, İddiaçı İbrahimxəlil oğlunun 296104700001600 abonent kodu ilə abonenti olduğu Ağstafa rayonu Köçəsgər kəndində quraşdırılmış G 4 markalı, *********** saylı qaz sayğacı, dövlət yoxlamasına göndərilməsi üçün plombunu qırıb açmaqla ****** saylı qaz sayğacı ilə əvəz edilmişdir.
4. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, ## ###### 2023-cü il tarixli ******* nömrəli akta əsasən 38.592 m3 dəymiş ziyan hesablanmışdır.
5. Cavabdeh İstehsalat Birliyinin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ##### 2023-cü il tarixli ******* nömrəli akta əsasən, İddiaçı İbrahimxəlil oğlunun 296104700001600 abonent kodu ilə abonenti olduğu Ağstafa rayonu Köçəsgər kəndində quraşdırılmış sayğaca məxsus xüsusi nömrəli plomba müdaxilə olduğu üçün sayğac sökülərək daxilinə baxış keçirilərkən sayğacı hərəkətə gətirən qollar arasının yad maddə (yağ) ilə doldurulması, sayğacın keçən qazı qeydə almaması aşkar olunmuşdur.
6. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, ## ##### 2023-cü il tarixli ******* nömrəli akta əsasən 12.960 m3 dəymiş ziyan hesablanmışdır.
7. İddiaçı İbrahimxəlil oğlunun adına olan abonent saldosundan görünür ki, iddiaçı İddiaçı 2023-cü ildə sayğac göstəricisi üzrə sərfiyyata görə 4.592,55 manat borc yazılmış, 3.700 manat ödəniş edilmiş, 2024-cü ildə sərfiyyata görə 439,42 manat borc yazılmış, 1.221,0 manat ödəniş edilmiş, 2025-ci ildə sərfiyyata görə 146,35 manat borc yazılmış, 550,0 manat ödəniş edilmişdir. Yəni 5.178,32 manat sərfiyyata qarşı 5.471 manat (292,68 manat artıq) ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı İbrahimxəlil oğlu (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh İstehsalat Birliyinə (bundan sonra cavabdeh, yaxud İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 6.963,84 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Təbii qaz abunəçisi olmaqla, adına abonent saldosu vardır. Cavabdeh İstehsalat Birliyinin işçilərinin deməsinə görə o, guya qaz sayğacına müdaxilə etmiş, sayğacı dəyişmişdir. Lakin o, sayğaca heç bir müdaxilə etməmişdir. Ona bir neçə dəfə akta imza etdirmişlər ki, sayğac yoxlanılmağa göndərilir. Bir il ərzində 3 dəfə ona cərimə yazılmışdır. Cərimənin necə yazılmağından məlumatı yoxdur. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, İstehsalat Birliyinin əməkdaşları iddiaçının Ağstafa rayonu Köçəsgər kəndində yerləşən evində quraşdırılmış qaz sayğacına 2023-cü ilin yanvar ayında baxış keçirərək müəyyən olunmuşdur ki, qeyd edilən evdə quraşdırılmış sayğac mənşəyi məlum olmayan sayğacdır. Həmin sayğac bazada qeydiyyatda olmamış, abonent tərəfindən özbaşına quraşdırılmışdır. Həmin sayğacın üzərində 17.330 kub göstərici olmuşdur. Daha sonra İdarənin əməkdaşları tərəfindən həmin sayğac sökülmüş, iddiaçı evinin zirzəmisindən İdarə tərəfindən əvvəlcə quraşdırılmış sayğacı əməkdaşlara təqdim etmiş və həmin sayğac yenidən quraşdırılmışdır. Bu barədə akt da tərtib edilmiş, iddiaçı aktı imzalamışdır. Daha sonra 2023-cü ilin aprel ayında iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğaca müdaxilə halları aşkar edilmişdir. Həmin sayğac sökülərək laboratoriyaya göndərilmiş və yeni sayğac quraşdırılmışdır. Bu barədə akt da tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacı hərəkətə gətirən qolların arası yad maddə, yağla doldurulmuşdur. Sayğac keçən qazı qeyd edə bilmir. 12.960 kub sərfiyyat hesablanmış və ona uyğun olaraq 1.555 manat dəymiş ziyan hesablanmışdır. Daha sonra 2023-cü ilin iyul ayında sayğaca yenidən baxış keçirilmiş və yenə də sayğaca müdaxilə halları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın plastmas borusu deşilmişdir. Daha sonra həmin sayğac da sökülərək yenisi ilə əvəz edilmiş və bu barədə akt da tərtib edilmişdir. Qeyd edilən aktı iddiaçının oğlu X2 imzalamışdır. 2023-cü ilin yanvar ayında dəymiş ziyan hesablandıqdan sonra iddiaçı tərəfindən borcdan 1.000 manat ödəniş də edilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi.
11. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, hazırda X1 İstismar İdarəsi Kommersiya Şöbəsində böyük mühəndis vəzifəsində işləyir. Onların vəzifəsi xidməti ərazilərində neqativ halları yəni, kənar xətti, sayğaca müdaxilə hallarını aşkar etməkdən ibarətdir. 2023-cü ilin yanvar ayında iddiaçının evində quraşdırılmış qaz sayğacının nömrəsini yazıb xüsusi qurğu ilə yoxladıqda sayğacın kimə aid olması barədə sistemdə heç bir məlumat çıxmamışdır. Daha sonra iddiaçı gəlmiş, həmin qeyd olunan mənşəyi məlum olmayan sayğac sökülmüşdür. İdarə tərəfindən quraşdırılmış sayğac isə iddiaçının evində aşkar edilmişdir. Bundan sonra iddiaçının özünün iştirakı ilə evində aşkar edilən idarə tərəfindən əvvəlcə quraşdırılmış olan sayğac yenidən quraşdırılmış, mənşəyi məlum olmayan sayğac isə tərəflərindən götürülərək idarəyə təhvil verilmişdir. Bu barədə akt da tərtib etmişlər və iddiaçı da həmin aktı imzalamışdır.
12. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir.
13. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı İddiaçı yaşadığı ünvanın qaz xətti ilə təmin edilməsi, cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilatın iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçının isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı vaxtında ödəməyi öhdəsinə götürməsi, cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən sayğaca ## ###### 2023cü il tarixdə baxış keçirilməsi və bu zaman mənzildə sayğacın sökülərək yerinə mənşəyi məlum olmayan sayğac bağlanması, sayğacın nömrəsinin 5782085, göstəricisinin 17.330, sayğac üzərindəki xüsusi nömrəli plomba ******** №-li müdaxilə olması qeyd edilməsi və bu barədə ## ###### 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 4.631,04 manat borc hesablanması, qeyd edilən mənşəyi məlum olmayan sayğacın cavabdeh təşkilatın əməkdaşları tərəfindən sökülməsi və iddiaçının evinin zirzəmisində olan, əvvəllər cavabdeh təşkilat tərəfindən quraşdırılmış qaz sayğacının yenidən quraşdırılması, bu barədə tərtib olunmuş aktı iddiaçının da imza etməsi, daha sonra cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca ## ##### 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman sayğacı hərəkətə gətirən qolların arasının yad maddə ilə (yağla) doldurulması, qazın keçməsi, sayğacın keçən qazı qeyd etməməsi qeyd edilməsi və bu barədə ## ##### 2023-cü il tarixdə ******* №li akt tərtib edilərək 1.555,20 manat borc hesablanması, daha sonra isə cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca yenidən ## #### 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman da sayğacın xüsusi nömrəli plombuna müdaxilə olduğu üçün sayğac sökülərək daxilinə baxış olunarkən çıxış plastmas borusunun deşik olduğu aşkar olunması və bu barədə də ## #### 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 777,60 manat borc hesablanması, bundan başqa məhkəməyə təqdim olunan saldodan, şahid ifadələrindən iddiaçının qaz sayğacına müdaxilə etməsi hallarının mövcud olması məhkəmə iclasında sübut edildiyindən, iddiaçı ona yazılmış həmin cərimələrin əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 ildə təkrar-təkrar ona abonent kimi 3 dəfə cərimə yazılmaqla etmədiyi əmələ görə şərə böhtana salaraq əsassız olaraq 6.963,84 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. O, pozulmuş hüquqlarının müdafiəsini məhkəmə qaydasında tələb etməyinə baxmayaraq, bu dəfə də məhkəmə onun pozulmuş hüquqlarını bir daha pozmuş və heç bir əsas göstərmədən iddia tələbini rədd etmişdir. Cavabdeh tərəf qeyd etmişdir ki, onun işlətdiyi sayğac onların bazasında qeydiyyatda olmayan sayğac olmuşdur, onda sual yaranır ki, qaz nəzarətçisinin yazdığı sərfiyyat hansı sayğac əsasında hansı bildirişlə ödənilmişdir. Bu tamamilə cəfəngiyatdır, onların istismara yararsız olan sayğacından sonra quraşdırılan sayğac əsasında qazın sərfi davam etmiş və onun əsasında da pul ödənilmişdir. Üstəlik ayda 2 dəfə qaz sayğaclarında baxış keçirilir və bildiriş təqdim edilir. Onda elə çıxır ki, o, özündən sayğac tapıb ağlına gələni etmişdir. Onlar öz dediklərinə belə inanmırlar. Üstəlik yazdıqları cərimə isə heç bir hala əsaslanmır, ümumiyyətlə cavabdeh İstehsalat Birliyinin cərimə yazmaq səlahiyyəti belə yoxdur. Belə ki, cavabdeh İstehsalat Birliyi tərəfindən birtərəfli qaydada istehlakçı barəsində hansısa məsuliyyət tədbirinin və qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə pul sanksiyasının təqib edilməsi, həmçinin həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydalarında, tərəflər arasında bağlanılmış qazın alğı-satqı müqaviləsi”nin şərtlərində və digər normativ hüquqi aktların tələblərinə birbaşa ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcbur etmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Amma göründüyü kimi Ağstafa Rayon Məhkəməsi bu normaları bilə-bilə ona əsassız yazılmış cəriməni ləğv etməməklə onun pozulan hüquqlarını bərpa etmək əvəzinə həmin hüquq normalarını pozmuşdur. Yalnız dövlətin maliyyə və audit şöbələri tərəfindən cərimə yazılması mümkündür.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), İslam Həsənov və Rüfət Məcidov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilərək cavabdeh İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: 296104700001600) hesablanmış - ## ###### 2023-cü il tarixli ******* №-li akt üzrə 4.631,04 manat, ## ##### 2023-cü il tarixli ******* №-li akt üzrə 1.555,20 manat, ## #### 2023-cü il tarixli ******* №-li akt üzrə 777,60 manat, ümumilikdə 3 akt üzrə 6.963,84 manat borcun silinməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda (sayğaca müdaxilədə) istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz.
20. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh təşkilat tərəfindən ## ###### 2023cü il tarixdə, ## ##### 2023-cü il tarixdə və ## #### 2023-cü il tarixdə iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacına baxış keçirilərək sayğaca müdaxilə halı müəyyən edildiyindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinin tələbinə uyğun olaraq qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda bunu etməmiş, beləliklə də iddiaçının qazın talanmasında təqsirli olması sübuta yetirilməmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə iddiaçıya cavabdeh tərəfindən hesablanmış - ## ###### 2023-cü il tarixli ******* №-li akt üzrə 4.631,04 manat, ## ##### 2023-cü il tarixli ******* №-li akt üzrə 1.555,20 manat, ## #### 2023-cü il tarixli ******* №-li akt üzrə 777,60 manat, ümumilikdə 3 akt üzrə 6963,84 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.7, 4.8, 4.9, 3.1.10, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci, və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunverici istehlakçının təqsirinin müəyyən edilməsi məqsədi ilə müvafiq orqanlara müraciətlərin edilməsini nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi hazırkı iş üzrə isə istehlakçının təqsirini hansısa orqan tərəfindən sübut edilməsinə zərurət qalmamışdır. Belə ki, qətnamədən də göründüyü kimi iddiaçının etirafı və şahid ifadələri nəticəsində istehlakçının təqsiri işin mübahisəsiz halına çevrilmişdir.
25. Gəncə Apellyasiya Məhkəməsi iddia tələbini təmin edərkən yalnız bir hala istinad etmişdir, o da “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsi olmuşdur. Lakin apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyini həmçinin rayon məhkəməsində sübuta yetirilən və işin mübahisəsiz hallarına çevrilən halları təkzib edəcək araşdırma aparmamış və ümumiyyətlə birinci instansiya məhkəməsinin araşdırmasına münasibət bildirməmişdir. Halbuki, sözügedən işə birinci instansiya məhkəməsində baxılarkən istehlakçının təqsiri tam olaraq həm iddiaçının özünün etirafı həmdə şahid ifadələri ilə təsdiqini tapmışdır.
26. Tərtib edilmiş aktlar istehlakçı tərəfindən imzalanmış və məhkəmədə də bu imzaların ona məxsus olduğunu iddiaçı təsdiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
32. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
33. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
34. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
35. Maddə 6. Bənd 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
36. Maddə 11. Bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37. Maddə 13. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
38. Maddə 13 Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”.
39. Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alğı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı 40. müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.
41. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
42. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
43. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
44. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
45. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
46. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
47. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
48. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
49. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
50. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
51. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
52. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
53. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır
54. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
55. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
74. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
75. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
77. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.