Məhkəmə qərarları › İş №2(1-8)-847/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-847/2026

26.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-847/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri * saylı Notariat Ofisi və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri * saylı Notariat Ofisi və cavabdeh1 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə vəfat etmiş X1 bacısıdır. X1 digər vərəsəsi yoxdur.

2. Bakı şəhəri * saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ## #### 2023-cü il tarixli vəsiyyətnaməyə əsasən, X1 ona məxsus bütün daşınar və daşınmaz əmlakını cavabdeh1 vəsiyyət etmişdir.

3. Iddiaçı həmin vəsiyyətnamənin vəsiyyət edənin iradə ifadəsinə uyğunluğunu mübahisələndirir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri * saylı Notariat Ofisi və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il ## #### tarixli 2V-*** reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X1 2000-ci illərin əvvəllərindən səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ağır yataq xəstəsi olmuş və 1ci qrup əlillik dərəcəsi almışdır. Bu müddət ərzində mərhum qardaşının, onun, oğlunun və 2019cu il # ###### tarixdə rəsmi nikah bağladığı həyat yoldaşı X2 himayəsində yaşamışdır. 2024cü il ## ###### tarixdə X1 vəfat etmişdir. Ölümündən sonra məlum olmuşdur ki, o, tanımadığı şəxs – cavabdeh1 adına vəsiyyətnamə tərtib etmişdir. Bu barədə 2024-cü il ## ###### tarixdə Bakı şəhəri * saylı Notariat Ofisinə sorğu göndərilmiş və 2024-cü il ## ###### tarixdə verilən cavabla həmin vəsiyyətnamənin mövcudluğu təsdiq edilmişdir. Müəyyən edilmişdir ki, adıçəkilən şəxs əvvəllər qardaşının ev heyvanlarına baxılması məqsədilə cəlb olunmuşdur. Mərhum qardaşının verdiyi vəsiyyətnamə, onun öz razılığı ilə verilməmişdir. Çünki 25 il yataq xəstəsi və 1-ci dərəcəli əlil olan, fiziki qüsurlu bir şəxsin naməlum şəraitdə və heç bir qohum, dost və yaxın yoldaşın iştirakı olmadan belə bir hüquqi akt verməsi hüquqi baxımdan qəbul edilən deyildir.

6. Cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, X1 mənzilin qanuni mülkiyyətçisi olmuş və əmlak üzərində sərəncam vermək hüququna malik olmuşdur, bu zaman yaxın qohumlarını məlumatlandırmaq öhdəliyi daşımamışdır. Mənzil 2023-cü il # #### tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmış, 2023-cü il ## #### tarixdə etibarnamə əsasında X3 tərəfindən İddiaçı satılmış və sonradan digər şəxslərə ötürülmüşdür. Məhkəmə instansiyaları həmin alqı-satqı müqavilələrini zahiri əqd kimi qiymətləndirərək etibarsız hesab etmiş, müvafiq çıxarışlar ləğv edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, mərhum İ dərəcəli əlil olsa da, bu hal onun fəaliyyət qabiliyyətini istisna etməmiş, o, öz hərəkətlərini dərk etmiş və məhkəmə iclaslarında iştirak edərək sərbəst izahat vermişdir. Tibbi rəy və ekspertiza nəticələrinə əsasən onun əqli qüsuru olmamışdır. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq, notariat hərəkətlərinin ofisdən kənarda aparılmasına icazə verən normalara əsasən, iki şahidin iştirakı ilə tərtib edilmişdir.

7. Cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinin vəkili iddia tələbinə etiraz edərək, bildirmişdir ki, X1 vəsiyyətnamə ilə bağlı * saylı Notariat Ofisinə müraciət etmiş, notarius vəsiyyətnaməni qanunvericiliyin tələblərinə uyğun tərtib etmişdir. Vəsiyyətnamədə olan imzalar onu göstərir ki, vəsiyyətnamə qanuni şəkildə tərtib edilmişdir, elektron portalda şəxs fəaliyyət qabiliyyətsiz şəxs kimi qeydiyyatdan keçməmişdir, həmin vaxt X1 əqli problemi olmadığına notariusun şübhəsi olmamışdır

8. Şahid şahid2 məhkəmə iclasında Mahir Mirzəyevi tanıdığını, Məfkurə xanımı isə tanımadığını bildirmişdir. Təxminən 18 il əvvəl baytarlıq klinikasında praktikant işləyərkən klinikanın baş həkimi Mahir Mirzəyevin dostu vasitəsilə onunla tanış olmuşdur. Viktoriya xanımla birlikdə çalışmışdır. Mahir Mirzəyev ona zəng edərək şahid olmasını xahiş etmiş, etibar edəcəyi başqa şəxsin olmadığını qeyd etmişdir. Həmçinin, etibar etdiyi şəxslərlə hazırda məhkəmə proseslərinin getdiyini bildirmişdir. O da razılıq vermişdir. Iyun ayında gecikəcəyini Mahir Mirzəyevə əvvəlcədən bildirmişdir. Həmin dövrdə X4 yaxınlığında kirayədə yaşamışdır. Hadisə zamanı bir kişi notarius və digər bir kişi şahid də iştirak etmişdir. Digər şahidin adı və soyadı yadında qalmamışdır; orta boylu, sarışın və rus mənşəli ad-soyadı olmuşdur. X7, notarius və iki şahid tərəfindən imzalanmışdır. Həmin vaxt fotoşəkillər də çəkilmişdir.

9. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim L.Ş.Şövkətli) .

10. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X1 vəsiyyətnamə tərtib edilən zaman fəaliyyət qabiliyyəti olmayan və ya öz hərəkətlərini dərk və idarə edə bilməyən şəxs olmamışdır. Onun əlilliyi fiziki xarakter daşıyıb, əqli qüsuru müəyyən edilməmiş, həmçinin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunmamışdır.

11. Məhkəmə xüsusilə vurğulamışdır ki, X1 vəsiyyətnaməni imzalayarkən tam fəaliyyət qabiliyyətli olmuş, iradəsini sərbəst ifadə etmişdir. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib və təsdiq edilmişdir. Şahid ifadələrindəki qeyri-dəqiqliklər vəsiyyətnamənin etibarsızlığı üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, X1 bütün əmlakını cavabdeh1 vəsiyyət etməsi onun həqiqi iradəsini əks etdirir və vəsiyyətnamənin etibarsız sayılması üçün əsas yoxdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 1152, 1166, 1167, 1168, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1225.1, 1225.2, 1225.3, 1230-cu, “Notariat haqqında” Qanunun 47-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat işi məhkəməyə təqdim edilməmiş, müraciət etmiş şəxsin kimliyi və dövlət rüsumunun kim tərəfindən ödənildiyi araşdırılmamışdır. Şahid ifadəsinə görə, vəsiyyətnamə tərtib edilərkən cavabdeh1 evdə olmamışdır. 2025-ci il ## ##### tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, iclas 23 dəqiqə davam etsə də, yalnız 10 dəqiqəsi protokollaşdırılmışdır. Qalan 13 dəqiqə ərzində işə aidiyyəti olmayan, lakin notariat kontorunun əməkdaşı olan şəxs sədrlik edənin razılığı ilə dindirilmiş və onun cavablarında vəsiyyətnamənin tərtibi ilə bağlı mühüm hallar açıqlanmışdır. Həmin iclasda * saylı Notariat Kontorunun nümayəndəsi X8 bildirmişdir ki, kontordan kənar xidmət zamanı vəsiyyətnaməni notarius deyil, əməkdaş tərtib edir, notarius isə sonradan təsdiq edir. Bu hallar vəsiyyətnamənin etibarlılığına şübhə yaradır. Sonrakı iclasda notariat orqanının nümayəndəsi qeyd olunanları təkzib etməyə çalışsa da, vəsiyyətnamənin hansı ünvanda tərtib edildiyini izah edə bilməmişdir. Şahid şahid2 isə ifadəsində vəsiyyətnamə verilən zaman evdə yalnız müəyyən şəxslərin olduğunu bildirmişdir, lakin sənəddəki fotoşəkildə əlavə şəxsin mövcudluğu görünür və bu barədə aydınlıq gətirilməmişdir. Həmçinin şahidin vaxtla bağlı ifadəsi sənədlərlə uyğun gəlmir. Qeyd olunan ziddiyyətlər və prosedur pozuntuları vəsiyyətnamənin təzyiq altında tərtib edildiyini ehtimal etməyə əsas verir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi hakim), V.N.Sadıqov və X.A.Mərdanova) 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək Bakı şəhəri, * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli 2V-*** reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab edilmişdir.

16. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli məsələ ilə bağlı işin halları ətraflı araşdırılmamışdır. Belə ki, ##.##.2023-cü il tarixli vəsiyyətnamənin notarius tərəfindən təsdiqlənməsi zamanı notariat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı * saylı Notariat Kontorunun işçisi (my.gov.azdan əldə edilən məlumata əsasən) X8 iştirak edərək ona verilən suallara cavab olaraq səsləndirdiyi fikirlər iş üçün əhəmiyyət kəsb edir. Belə ki, * saylı Notariat Kontorunun nümayəndəsi X8 cavab olaraq bildirmişdir ki, vəsiyyətnamə tərtib edilərkən işçinin hansı boşdursa o gedir. Yəni vəsiyyətnaməni kim tərtib edirsə çox vaxt o işçi gedir. Rəsmi şəkildə komputer, printer, çamadan aparılır, şəkillər çəkilir, sonra gəlirlər, peçat vurulur, təsdiq edilir. Kontordan kənar xidmət olduğu üçün notariusun getməyinə ehtiyac yoxdur, rəsmi işçi gedir, yəni, sənədi tərtib edən şəxs Işçi ordadırsa notariusun olmasına ehtiyac yoxdur. Notarius yalnız barmaq izi ilə təsdiq edir. Göründüyü kimi, ümumiyyətlə vəsiyyətnamələrin tərtibi zamanı notariusun işçiləri iştirak etməklə notariusun özü şəxsən olmur. Bu hazırki işə münasibətdə də bu formada olmuşdur.

17. Halbuki, qanunvericiliyin tələblərinə əsasən notariat hərəkətlərinin həyata keçirilməsi notariusun müstəsna səlahiyyətlərinə daxildir və yalnız onun şəxsi iştirakı ilə icra edilə bilər. Qanunun tələblərindən göründüyü kimi, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.

18. Eyni zamanda Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması Qaydaları Haqqında ## ######## 2000-ci il tarixli Təlimata əsasən notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər.

19. Kollegiya qeyd hesab ki, belə olan halda notariusun iştirakı olmadan aparılan hər hansı notariat hərəkətinin qanunvericiliyin tələblərinə əsasən aparılan kimi qəbul edilməsi qanuni hesab edilə bilməz. Mübahisə predmeti olan vəsiyyətnamə notariat ofisindən kənarda tərtib edilmişdir. Lakin həmin notariat hərəkəti həyata keçirilərkən bu prosesdə notarius iştirak etməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə də notariat hərəkətinin notariat ofisindən kənarda olması notariusun şəxsən iştirakını istisna etməməklə bu tələb imperativ xarakter daşıyır. Belə bir halın mövcudluğu isə qanunvericiliklə müəyyən edilmiş forma və icra qaydasında əməl olunmadan rəsmiləşdirmə hesab edilir. Bu da özlüyündə vəsiyyət edənin iradəsinin qanunla müəyyən edilən qaydada ifadə edilib-edilmədiyini şübhə altına almaqla edilən notariat hərəkətinin etibarlılığını aradan qaldırır. Belə halın mövcudluğu notariat hərəkətinin hüquqi qüvvəsini itirir və qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada təsdiq edilmiş əqdin etibarlı əqd qəbul edilməsini istisna edir. Bu hal isə mülki qanunvericiliyə əsasən də qanunun tələblərinin pozulması ilə bağlanan əqdin, hazırki halda vəsiyyətnamənin etibarsız hesab edilməsini özündə şərtləndirir. Bu baxımdan da kollegiya hesab edir ki, ##.##.2023-cü il tarixli 2V-*** reyestr nömrəli vəsiyyətnamə qanunvericiliyin tələbləri pozulmaqla tərtib və təsdiq edildiyindən etibarsız hesab edilməlidir.

20. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 1152-ci maddəsinə, “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması Qaydaları” Haqqında 2000-ci il ## ######## tarixli Təlimata istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras vəsiyyətnamə üzrə qanuni qaydada ötürülə bilər və vəsiyyətnamə notarius tərəfindən qanunun tələblərinə uyğun tərtib edilməlidir. X1 2023-cü il ## #### tarixdə tam fəaliyyət qabiliyyətli şəxs kimi öz əmlakını cavabdeh1 vəsiyyət etmişdir. Onun fiziki xəstəliklərə görə əlilliyi olsa da, əqli vəziyyətinin pozulmasına dair hər hansı sübut mövcud deyil. O, məhkəmə iclaslarında iştirak etmiş və öz iradəsini sərbəst ifadə etmişdir.

23. Kassator qeyd etmişdir ki, vəsiyyətnamənin tərtibi zamanı notariusun iştirakı şahid ifadələri və nümayəndə izahatları ilə təsdiq olunur. Buna baxmayaraq, məhkəmə prosessual statusu olmayan şəxsin izahatlarına istinad etmiş, mövcud sübutlara tam və obyektiv qiymət verməmişdir. Həmçinin, tərəflər arasında əvvəlki mübahisələrdən görünür ki, mərhumun bacısı ilə münasibətləri pozulmuş və o, əmlakının ona keçməsini istəməmişdir. Bu da vəsiyyətnamədə ifadə olunan iradə ilə uzlaşır. Qeyri-prosessual şəxsin izahatına əsaslanılması isə qətnamənin qanuniliyini şübhə altına alır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

24. Cavabdeh kassasiya şikayətini MM-nin 1133.1, 1152, 1180.1, 1180.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli * saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125 ci maddəsinin 7-ci hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 2019-cu il ## #### tarixli qərarına istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilərək şikayətin təmin edilməməsi, iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlaılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

31. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

32. Maddə 194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. Iltizam məhkəmə iclasının protokoluna əlavə edilir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri üzrə araşdırma apararaq hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməlidir.

38. Işdən görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdə vəfat etmiş mərhum qardaşı X1 notarial qaydada təsdiq edilmiş ## #### 2023-cü il tarixli vəsiyyətnaməsinin etibarsız əqd olduğunu, qardaşının iradə ifadəsinə uyğun olmadığını iddia etmiş, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iddianın əsaslı olduğu sübutlarla təsdiq edilməmişdir. Məhkəmə işdəki sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X1 fiziki qüsuruəlilliyi olsa da, tibbi sənədlərə əsasən əqli qüsuru müəyyən edilməmiş, məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunmamış, X7, notarius və iki şahid tərəfindən imzalanmış, həmin vaxt fotoşəkillər də çəkilmişdir.

39. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi mübahisələndirilən vəsiyyətnaməni iddia ərizəsində qeyd edilməmiş bir əsasla- təsdiq edilməsi zamanı “Notariat haqqında” qanunvericiliyin tələblərinin pozulması əsası ilə etibarsız hesab etmiş, iş üzrə gəldiyi nəticəni * saylı Notariat Kontorunun işçisinin birinci instansiyası məhkəməsində səsləndirdiyi, məhkəmə iclas protokollarında qeyd edilməmiş fikirlərinə istinad etməklə əsaslandırmışdır.

40. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, prosessual normalara əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, həm maddi, həm də prosessual normaların tələblərinə müvafiq qəbul edilərək əsaslandırılmalıdır.

41. Prosessual normaların tələblərinə əsasən qətnamə yalnız qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Sübutların növləri MPM-nin 76.2-ci maddəsinə sadalanaraq qeyd olunur ki, qanunla müəyyən olunmuş qaydada əldə edilmiş sübutlara yazılı və maddi sübutlar, ekspertlərin rəyləri, yerində müayinə, səs və video yazıları, şahidlər ifadələri, işdə iştirak edən şəxslərin izahatları aiddir.

42. Hazırkı halda birinci instansiya məhkəməsində işə baxılarkən ##.##.2025-ci il tarixli məhkəmə iclasına cavabdeh * saylı Notariat Ofisi tərəfindən mübahisələndirilən vəsiyyətnamənin əslini məhkəməyə təqdim etmək üçün göndərilmiş M.Seyidzadə adlı şəxsə işə baxan hakim və proses iştirakçıları tərəfindən işin halları ilə bağlı suallar verilməsi prosessual pozuntu olmuşdur. Belə ki, həmin şəxsə nümayəndə qismində onu təmsil etmək üçün notariat orqanı tərəfindən etibarnamə verilməmiş, şahid qismində dindirilməsi üçün isə tərəflərin məhkəməyə vəsatəti olmamış, məhkəmə həmin şəxsdən MPM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydada iltizam alınmamışdır. Məhz bu səbəbdən bu şəxsin bildirdiyi fikirlər sonradan məhkəmə iclas protokolunda qeyd edilməmişdir.

43. Apellyasiya məhkəməsi bu pozuntunu davam etdirərək məhkəmə tərəfindən hansı statusla dindirildiyi məlum olmayan şəxsin prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qiymətləndirilməsi mümkün olmayan fikirlərinə istinad edərək qətnamə qəbul etmiş, bu fikirlərin işdəki digər sübutlarla təsdiq edilib-edilmədiyi MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməmiş, bununla da ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur.

44. MPM-nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

45. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırkı halda məhkəmənin yol verdiyi prosessual pozuntu düzgün olmayan qətnamə qəbul edilməsinə əsas olduğundan kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar