Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-852/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh İsmayılov Eldar Hafis oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Eldar Hafis oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 5/6 hissədə İddiaçı, 1/6 hissədə İsmayılov Eldar Hafis oğluna məxsusdur.
2. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə İsmayılov Eldar Hafis oğlunun İddiaçı və cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı fərdi yaşayış evinə dair İsmayılov Eldar Hafis oğlunun 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq İsmayılov Eldar Hafis oğlunun mülkiyyətinə verilməsi qət edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə İddiaçı Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin qoyulması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsində yerləşən ** saylı evin 5/6 hissəsinin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı İsmayılov Eldar Hafis oğlunun mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0,0057 ha hissəsi istisna olmaqla, yəni 0,02852 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər İsmayılov Eldar Hafis oğluna (bundan sonra- cavabdeh) və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ev onun, cavabdehin və üçüncü şəxs cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 3 yaşayış, yəni “A”, “B” və “V” tikilisindən ibarətdir. Reyestrdən Çıxarışa əsasən həmin evin 1/6 hissəsi bərabər paylarla İsmayılov Eldar Hafis oğluna və üçüncü şəxs cavabdeh2, 4/6 hissəsi isə ona məxsusdur. Ümumilikdə bütün 3 tikilidən ibarət olan həmin həyət onun atasına məxsus olmuşdur. 1960-cı illərdə evin müəyyən hissəsi cavabdehin anası İsmayılova Lyudmila Vasilyevnaya satılmışdır. Cavabdehin anası İsmayılova Lyudmila Vasilyevna sağlığında evin “B” tikilisinin yanında, yəni ümumi mülkiyyətdə olan torpaq sahəsində onların razılığı olmadan qanunsuz başqa ev inşa etmişlər. Hazırda həmin evi başqa şəxsə satmaq istəyirlər.
6. Sonradan iddiaçı, iddia tələbinin həcmini artıraraq, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı evdə və onun altında yerləşən torpaq sahəsində paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması, cavabdehə məxsus 1/6 hissənin, cavabdeh2 məxsus 1/6 hissənin, ona məxsus 4/6 hissənin naturada ayrılması və cavabdeh tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Həmçinin, cavabdehdə ilk iddiaçıya qarşı “qanunsuz tikilinin sökülməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsində yerləşən ** saylı evin “A” literli tikilisinin ətrafında inşa edilmiş bütün qanunsuz tikililərin ilk iddiaçının vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi əsassızdır, ərizədə qeyd edilənlər həqiqəti əks etdirmir, ərizəçi bu kimi məlumatlarla məhkəməni aldatmağa çalışır. İlk tələb üzrə iddiaçı paylı mülkiyyətdə olan əmlakın real bölgüsünün aparılmasını və onun tərəfindən inşa edilmiş tikilinin sökülməsini istəyir. O, öz iddia ərizəsində və ona əlavəsində qeyd edib ki, mübahisəli yaşayış evi üç tikilidən ibarətdir. Həmin ev onun atasına məxsus olub və 1960-cı illərdə evin müəyyən hissəsi onun anasına satılmışdır. İddiaçının anası evin “B” tikilisinin yanında qanunsuz başqa ev inşa etmişdir. Ümumi mülkiyyətdə olan evə dair real bölgü aparılmamışdır, bu səbəbdən mülkiyyətçilərin heç biri öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir və paylarının mülkiyyət hüquqlarına uyğun mütənasib şəkildə real ayrılmasına zərurət yaranmışdır. İlk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı evin 1/6 hissəsi onun, 4/6 hissəsi iddiaçının, 1/6 hissəsi isə digər payçının mülkiyyətindədir. Onun payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin vaxt əmlak üç tikilidən ibarət olmuş və anasına ümumi əmlakdan 1/9 hissə keçmişdir. Sonradan ona naməlum vaxtda və şəraitdə əmlakın “B” tikilisi 3/9 hissə kimi ümumi paylı mülkiyyətdən ayrılıb paylı mülkiyyətçilərdən birinin ayrıca mülkiyyətinə keçmişdir. Hazırda mübahisəli paylı mülkiyyət “A” və “V” tikilisindən və 6 hissədən ibarətdir. Onun payı hazırda əmlakın 1/6 hissəsini təşkil edir. Anası bu əmlakdan payı alıb yaşamağa başladığı vaxtdan onlar onun indiki istifadəsindəki iddiaçının qanunsuz adlandırdığı tikilidə yaşamışlar. Onların yaşadığı tikililər ora köçərkən mövcud olub və hələ 1961-ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapıb. Bu da həmin tikililərin onlar tərəfindən inşa edilmədiyini sübut edir. Anasının bu məsələlərdən anlayışının olmamasından məharətlə yararlanan iddiaçının atası, anasının sahibliyinə, istifadəsinə əmlakdakı payının əvəzinə qanunsuz tikili vermişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı fərdi yaşayış evinə dair onun 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Sözügedən qətnamədən görünür ki, onun mübahisəli ümumi paylı mülkiyyətdə olan payı naturada ayrılmış və “V” literli tikili onun ayrıca mülkiyyətinə verilmişdir. Lakin, ilk iddiaçı həmin qətnamə və ondan verdiyi apellyasiya şikayəti barədə öz ərizəsində bir kəlmə də yazmamışdır. AR MPM-nin 153.2 və 153.2.4-cü maddələrinə əsasən hakim, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddənin normasına görə ilk iddiaçının ona qarşı paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması hissəsində iddia yolverilməzdir və təmin oluna bilməz. Həmin tikili nə onun, nə də onun mərhum anası tərəfindən inşa edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin tikili onlar oranı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edərkən mövcud idi və onun anasına əldə etdiyi əmlak kimi məhz həmin tikili təqdim edilmişdir. İlk iddiaçının məhkəmədən sökülməsini istədiyi tikililər 1961-ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapmışdır. Həmin tikililərin onların inşa etdirdiklərinə dair ifadəsi tamamilə əsassızdır.
10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən ümumi sahəsi 188,7 kv.m olan fərdi yaşayış evinin ## ###### 2021-ci il tarixli Texniki Pasportunda qeyd olunan ümumi sahəsi 177,9 kv.m olan “A” literli fərdi yaşayış evi və “T” literli köməkçi tikili iddiaçının faktiki istifadəsindədir, Texniki Pasportunda qeyd olunan ümumi sahəsi 10,8 kv.m olan “V” literli yaşayış evi, “IV” literli köməkçi tikili isə cavabdehin faktiki istifadəsindədir. Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 188,7 kv.m olan fərdi yaşayış evinin ## ###### 2021-ci il tarixli Texniki Pasportunda qeyd olunmayan ümumi sahəsi 197,4 kv.m olan yaşayış və yardımçı tikililər inşa edilmişdir. Həmin tikililərdən ümumi sahəsi 64,7 kv.m yaşayış tikililəri (“V” tikilisinə bitişik inşa edilmiş əlavə tikililər) cavabdehin istifadəsindədir, 120,7 kv.m yaşayış tikililəri (“A” literli evə bitişik ikinci mərtəbədə 62,7 kv.m, birinci mərtəbədə 23,1 kv.m, həyətyanı sahədə 34,7 kv.m tikililər), 12 kv.m talvar tikilisi isə iddiaçının istifadəsindədir. Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 188,7 kv.m olan fərdi yaşayış evinin iki ayrı hissədən “A” və “V” tikililərindən ibarət olmasını və həmin tikililərin 5/6 və 1/6 paya uyğun olmadığını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq əmlaka tənasübsüz zərər vurmadan naturada təcrid şəkildə ayrılması texniki cəhətdən mümkün deyil.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ######## 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk və qarşılıqlı iddia ərizələri rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar qanunsuz olduğunu iddia etdikləri tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlarının mövcudluğu baxımından haqlı olmamışlar, çünkü tikili onların hüquqlarını pozmursa, onlar AR Mülki Məcəlləsinin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməzlər.
13. Nəzərə alınmalıdır ki, AR MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
14. Bu mənada hər kəs, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. İş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, eləcə də iş üzrə keçirilmiş yerli baxış zamanı tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir.
15. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçıların mənafelərinə toxunub-toxunmamasıdır. Hər iki iddia üzrə tərəflər subyektiv hüquqa malik olmadığından iddia tələbləri rədd olunmalıdır.
16. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.5, 157.4, 157.8, 165.1, 180cı, habelə MPM-nin 4.1, 14.2, 77.1, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçının qeyd etdiyi “A” literli tikilisinin ətrafında tərəflərindən hər hansı qanunsuz tikili inşa edilməmişdir. O ki, qaldı ilk iddia tələbində qeyd etdiyi “V” literli tikilidə inşa edilmiş tikiliyə, mübahisəli həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsi ilə qarşılıqlı iddiaçının anasına satılarkən ona yalnış tikili satılmış, “V” literli tikilinin ətrafı isə onların mülkiyyətlərində olan torpaq sahəsi olmuşdur. Lakin buna baxmayaraq cavabdeh və onun anası İsmayılova Lyudmila Vasilyevna sağlığında evin “V” tikilisinin yanında, yəni bizim mülkiyyətimizdə olan torpaq sahəsində bizim razılığımız olmadan qanunsuz başqa ev inşa etmişlər. Hazırda həmin evi başqa şəxsə satmaq istəyirlər. Göstərilənlərə əsasən hazırkı iş üzrə onun cavabdehə qarşı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə dair ilkin iddianın təmin edilməsinə, cavabdehin ona qarşı qanunsuz tikilinin sökülməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.
19. Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda 5/6 hissəsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və ona aid olduğu Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş 0.02852 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi sualına cavab olaraq bildirilir ki, paylı mülkiyyətdə ərazinin ümümi sahəsi 445.6 kv.m olmuşdur. İddiaçının istifadəsində olan ərazinin ümumi sahəsi 342.3 kv.m, cavabdehin istifadəsində olan ərazinin ümümi sahəsi isə 103.3 kv.m təşkil etmişdir. Daşınmaz əmlak “A” və “V” tikililərindən ibarət olmaqla paylı mülkiyyətdə olmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarına əsasən “A” literli tikili və 285.2 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, iddiaçı faktiki olaraq 342.3 kv.m torpaq sahəsindən istifadə edir. Bundan təqribən 113.9 kv.m torpaq sahəsi 1980-ci il tarixdə tərtib edilmiş texniki pasportda qırmızı xətlə göstərilmişdir (torpaq sahəsi əlavə sahə olmuşdur). İddiaçıya aid hissədə təqribən 175.0 kv.m əlavə tikili aşkar edilmişdir. Qırmızı xətlə göstərilən torpaq sahəsi ## ###### 2021-ci il tarixdə yeni Texniki Pasport tərtib edilərkən qara xətlə göstərilib və sahəsi 445.6 kv.m olmaqla ərazinin ümumi torpaq sahəsinə daxil edilmişdir. Qeyd olunan 342.3 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən dekabr 1961-ci il tarixli Texniki Pasportda göstərilən “B” (B) tikilisinin yerləşdiyi torpaq sahəsinin bir hissəsində yeni bina inşa edilmişdir. Cavabdehin mülkiyyətində olan həmin ünvandakı “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0.0057 ha hissəsi istisna olmaqla, cavabdehə aid edilən özbaşına tikililərin iddiaçının hüququnun (mülkiyyət) tanındığı 0.02852 ha torpaq sahəsinə (hissəsinə) düşüb-düşmədiyinin müəyyən edilməsi, əgər düşürsə hansı hissəsinə düşdüyü cizgi-planda əks olunmaqla dəqiq müəyyən edilməsi barədə qeyd olunur ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə cavabdehə 1/6 hissədəki pay, yalnız “V” tikilisi ayrılaraq sahəsi 33.8 kv.m olmaqla cavabdehin mülkiyyətinə verilmişdir. Texniki pasporta əsasən həmin “V” literli tikilisinin ümumi sahəsi 10.8 kv.m təşkil edir. Bakı İnzibati Məhkəmənin qərarına əsasən “V” literli tikilinin yerləşdiyi və giriş-çıxış üçün nəzərdə tutulan torpaq sahəsi 57.0 kv.m olmaqla cavabdehin mülkiyyətinə verilmişdir. Faktiki olaraq cavabdehin istifadəsində qonşulardan təcrid olunmuş və ayrıca giriş-çıxışı olan 103.3 kv.m torpaq sahəsi mövcuddur. Həmin ərazidə cavabdeh tərəfindən bəzi hissələrdə iddiaçıya məxsus “A” literli tikiliyə bitişdirilərək təqribən 70.0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililər inşa edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən, məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ######## 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən, ilkin iddia tələbinin cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ünvanda yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən bəzi hissələrdə iddiaçıya məxsus “A” literli tikiliyə bitişdirilərək və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən müxtəlif təyinatlı əlavə tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilk iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi mübahisəli tikililərin özbaşına tikili olmasına, həmçinin cavabdehə məxsus tikilinin iddiaçıya mane olmamasına istinad etmişdir.
22. Hazırkı işə apellyasiya qaydasında baxılarkən, iddiaçının inzibati məhkəmədə müvafiq iddia qaldırılması ilə hazırkı iş üzrə icraat dayandırılmış və Bakı İnzibati Məhkəmənin qərarına əsasən “A” literli tikili və 285.2 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinin hazırda mülkiyyətçisidir.
23. Məhkəmə kollegtyiyası qeyd etmişdir ki, mütəxəssis rəyi ilə cavabdeh tərəfindən bəzi hissələrdə iddiaçıya məxsus “A” literli tikiliyə bitişdirilərək təqribən 70.0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililərin inşa edildiyi müəyyən edildiyindən, ilk iddia tələbi həmin hissədə təmin edilərək, cavabdehə məxsus iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin tikililər cavabdehin hesabına sökülməlidir.
24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.4-cü, habelə MPM-nin 2.1, 14.2, 77.1, 88, 119.1, 372, 385.1, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsasızdır və cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddiaçıya məxsus “A” literli tikiliyə bitişik vəziyyətdə inşa edilmiş tikililər 1969-cu ildən əvvəl mövcuddur, onlar faktiki olaraq Bakı İnzibati Məhkəməsinin qərarı ilə cavabdehin mülkiyyətinə verilmiş “V” literli tikilinin yerləşdiyi və giriş-çıxış üçün nəzərdə tutulan 57.0 kv.m torpaq sahəsində yerləşir və həmin tikililərin mövcudluğu iddiaçının hər hansı hüquqularını pozmur. İddiaçı birinci instansiya məhkəməsinə “qanunsuz tikililərin sökülməsi” barədə iddia tələbi ilə müraciət edərkən cavabdehlə paylı mülkiyyətçi olduğu səbəbi ilə həmin iddia ilə çıxış etməyə subyektiv hüququ olmuş, lakin sonradan tərəflərin istifadəsində olan torpaqların ölçüləri və sərhədləri müəyyən edildiyindən o, həmin hüququnu itirmişdir. Cavabdeh faktiki olaraq qonşulardan təcrid olunmuş və ayrıca giriş-çıxışı olan torpaq sahəsində 1969-cu ildən istifadəsində olan “A” literli tikiliyə bitişik müxtəlif təyinatlı tikililərin mövcudluğu iddiaçının hər hansı hüququnu pozmur. Həmin tikililər məhkəmə qərarı ilə cavabdehin istifadəsinə verilmiş 0.0057 ha torpaq sahəsində yerləşməklə, iddiaçıya məxsus “A” literli tikiliyə bitişik olması ilə ona hər hansı ziyan vurmur. Bu barədə iddiaçının şikayəti də yoxdur. Odur ki, ilk iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi cavabdehə məxsus tikilinin iddiaçıya mane olmamasına istinad etməkdə tamamilə haqlı olmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə düşən cavabdehin istifadəsində olan hər hansı tikili mövcud deyil. Belə ki, mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi bütünlüklə özünün istifadəsindədir və cavabdehin istifadəsində olan müxtəlif təyinatlı əlavə tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyati yoxdur. Həmçinin mütəxəssis cavabdehə aid özbaşına tikililərin iddiaçının hüququnun (mülkiyyət) tanındığı 0.02852 ha torpaq sahəsinə (hissəsinə) düşüb-düşmədiyinin müəyyən edilməsi, əgər düşürsə hansı hissəsinə düşdüyünün cizgi-planda əks olunmaqla dəqiq müəyyən edilməsi barədə sualını cavabsız qoymuşdur. Çünki cavabdehə aid edilən özbaşına tikililər onun istifadəsində olmaqla qonşulardan təcrid olunmuş və ayrıca giriş-çıxışı olan 103.3 kv.m torpaq sahəsində yerləşir. Əgər həmin tikililər iddiaçıya aid torpaq sahəsinə düşsəydi mütəxəssis mütləq bu suala cavab vermiş olardı və hansı hissəsinə düşdüyünü cizgi-planda göstərərdi.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İlk iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər qonşudurlar və Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi ** saylı ev 5/6 hissədə iddiaçının, 1/6 hissədə cavabdehin paylı mülkiyyətindədir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehin həmin evdə olan 1/6 payı naturada ayrılıb və sahəsi 33,8 kv.metr olan “V” literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilib. Həmçinin həmin evin iddiaçının mülkiyyətində olan 5/6 payın yerləşdiyi və istifadəsində olan 0.03422 ha həyətyanı torpaq sahəsindən, digər payçı- cavabdehin mülkiyyətində olan “V” literli tikilinin yerləşdiyi və girişçıxış 43.üçün istifadə olunan 0,0057 ha torpaq sahəsi istisna olmaqla, 0,02852 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilib.
44. İşə əlavə edilmiş ekspert, mütəxəssis rəylərindən isə görünür ki, sözügedən evin ümumi sahəsi 188,7 kv.metrdir, ## ###### 2021-ci il tarixli Texniki Pasporta əsasən, ümumi sahəsi 177,9 kv.m olan “A” literli fərdi yaşayış evi, “T” literli köməkçi tikili iddiaçının; ümumi sahəsi 10,8 kv.m olan “V” literli yaşayış evi, “IV” literli köməkçi tikili cavabdehin faktiki istifadəsindədir. Həmin ünvanda Texniki Pasportda qeyd olunmayan ümumi sahəsi 197,4 kv.m olan yaşayış və yardımçı tikililər inşa edilib, həmin tikililərdən 120,7 kv.m yaşayış tikililəri (“A” literli evə bitişik 2-ci mərtəbədə 62,7 kv.m, 1-mərtəbədə 23,1 kv.m, həyətyanı sahədə 34,7 kv.m tikililər), 12 kv.m talvar tikilisi iddiaçının; ümumi sahəsi 64,7 kv.m yaşayış tikililəri (“V” tikilisinə bitişik inşa edilmiş əlavə tikililər) cavabdehin istifadəsindədir. Həmçinin ümumi sahəsi 188,7 kv.m olan ** saylı ev iki ayrı hissədən, yəni “A” və “V” literli tikililərdən ibarətdir, həmin tikililərin 5/6 və 1/6 paya uyğun evə tənasübsüz zərər vurmadan naturada təcrid şəkildə ayrılması texniki cəhətdən mümkün deyil. Eyni zamanda, paylı mülkiyyətdə olan evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 445.6 kv.m-dir, bunun da 342.3 kv.m hissəsi iddiaçının, 103.3 kv.metr hissəsi isə cavabdehin faktiki istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mülkiyyətinə 285.2 kv.m torpaq sahəsi verilsə də, o faktiki olaraq 342.3 kv.m torpaq sahəsindən istifadə edir. İddiaçıya aid hissədə təqribən 175.0 kv.m əlavə tikili inşa edilib. 1961-ci ildə tərtib edilmiş Texniki Pasportda göstərilən “B” literli tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsində yeni ev inşa edilib. Cavabdehə aid “V” literli tikilinin yerləşdiyi və giriş-çıxış üçün istifadədə olan 0.0057 ha torpaq sahəsi istisna olmaqla, cavabdehə aid edilən özbaşına tikililərin iddiaçının hüququnun (mülkiyyət) tanındığı 0.02852 ha torpaq sahəsinə (hissəsinə) düşüb-düşməməsi ilə bağlı müəyyən edilib ki, cavabdehin faktiki istifadəsində qonşulardan təcrid olunmuş və ayrıca giriş-çıxışı olan 103.3 kv.m torpaq sahəsi mövcuddur və həmin ərazidə cavabdeh tərəfindən bəzi hissələrdə iddiaçıya məxsus “A” literli tikiliyə bitişik təqribən 70.0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililər inşa edilib.
45. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələblərini rədd edərkən, cavabdeh tərəfindən inşa olunduğu iddia edilən mübahisəli tikililərin özbaşına tikinti olmaqla, həmin tikililərin iddiaçıya mane olmamasına, habelə özbaşına tikililər iddiaçının hüququnu pozmadığı üçün onun AR Mülki Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan maraqlı şəxs sayılmamasına istinad edib.
46. Apellyasiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə evin “A” literli tikilisinin və 285.2 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə, cavabdehin bəzi hissələrdə qanunsuz olaraq iddiaçıya məxsus “A” literli tikiliyə bitişik təqribən 70.0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililər inşa etməsinə istinad edərək, ilk iddianı qeyd olunan hissədə təmin edib.
47. Kassasiya məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alıb apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təcrübədə bir şəxsin mülkiyyətində olan torpaq sahəsində başqasının tikili inşa etməsi kimi vəziyyətlərə rast gəlinir. Belə vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: torpaq sahələrinin dövlət reyestrində qeydə alınmış sərhədləri ilə yerində istifadə olunan sərhədlərin üst-üstə düşməməsi (sürüşmələr olması) və ya reyestr məmurunun döngə nöqtələrini yerində səhv nişanlayıb yanlış sahəni mülkiyyətçiyə göstərməsi ilə əlaqədar sərhədin bilmədən pozularaq binanın tamamının və ya bir hissəsinin qonşunun sahəsində inşa edilməsi; alıcının torpaq sahəsinin qeyri-notarial alqı-satqısına güvənərək ərazidə tikinti aparması, yaxud mülkiyyətçinin verdiyi razılıq əsasında başqa şəxsin torpaq sahəsində öz hesabına bina tikməsi və s.
48. Bu kateqoriyadan olan işlərdən görünür ki, tikilinin (və ya onun bir hissəsinin) üzərində inşa edildiyi torpaq sahəsinin mülkiyyətçiləri sonradan həmin tikilinin sökülməsi və ərazinin boşaldılaraq təhvil verilməsi və.s barədə iddialar qaldırırlar.
49. Belə iddiaların qanuni və ədalətli həlli üçün torpaq mülkiyyətçisi ilə inşaat aparmış şəxs arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır.
50. Kassasiya məhkəməsi ilk növbədə qeyd edir ki, sözügedən münasibətlər daşınmaz əşya üzərində mülkiyyət hüququnun əhatə dairəsi ilə bağlı bir məsələdir və torpaq sahəsində inşa edilmiş tikili mülkiyyətin maddi əhatəsi daxilində qiymətləndirilməlidir.
51. Tikili dedikdə, ərazinin altında və ya üstündə davamlı qalması məqsədilə inşa edilən, texniki vasitələrlə torpağa bərkidilən hər cür inşaat – bina, qurğu, körpü, su arxları, anbar, dəmiryolu relsləri və s. nəzərdə tutulur.
52. Aydın məsələdir ki, mülkiyyətçi torpaq sahəsində özünün materialları (vəsaiti) hesabına bina inşa etdikdə ixtilaf yaranmır. Mübahisəli vəziyyət(lər) bir qayda olaraq, mülkiyyətçinin torpaq sahəsində başqasına aid materiallarla tikinti aparıldıqda meydana çıxır.
53. Elmi ədəbiyyatda “əsassız tikinti” adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir: 1)şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 2)şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 3)şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması.
54. Əsassız tikintini çıxıntılı binadan və özbaşına tikilidən fərqləndirmək lazımdır. Belə ki, çıxıntılı binada torpaq mülkiyyətçisinin öz ərazisində inşa etdiyi binanın və ya qurğunun bir hissəsi qonşunun torpaq sahəsinə keçir. Bu halda tikili eyni anda iki qonşu sahə üzərində yerləşir, başqa əraziyə keçmiş çıxıntı tərkib hissəsi olduğu bina ilə qırılmaz fiziki bağlantıda olur. Əsassız tikintidə isə binanın tamamı qonşunun və ya başqa şəxsin ərazisində inşa edilir.
55. Nəzərə alınmalıdır ki, bir tikintinin özbaşına tikili sayılmasının meyarları Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilib. Belə ki, həmin normanın mənasına görə özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikili hesab olunur.
56. Odur ki, bir şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi inzibati prosedurlara uyğun şəkildə inşa etdiyi, lakin hələ reyestrdən qeydiyyatdan keçirmədiyi tikinti özbaşına tikili sayıla bilməz. Mübahisə olduqda bir tikilinin özbaşına tikili sayılması üçün müvafiq icra hakimiyyəti orqanı və ya maraqlı tərəf AR Mülki Məcəlləsinin məhz 180-cı maddəsində əks olunan şərtləri iddia və sübut etməlidir. Həmin şərtlər isə onu ehtiva edir ki, bu institut daha çox inşaatla bağlı torpaq mülkiyyətçisi ilə inzibati orqanlar arasındakı hüquq münasibətləri baxımından aktualdır. Əsassız tikinti isə torpaq sahəsinin mülkiyyətçisi ilə inşaatı öz hesabına aparmış şəxs arasında yaranan mülki hüquq münasibətləri ilə bağlıdır. Məsələn, tikinti üçün ayrılan torpaq sahəsində lazımi icazələr almaqla tikinti norma və qaydalarına uyğun aparılan inşaatda müqavilə münasibəti olmadan başqası öz materialı ilə bina tikə bilər. Bu zaman həmin bina özbaşına tikili sayılmayacağı halda, əsassız tikinti hesab ediləcəkdir.
57. Həmçinin, sözügedən normanın dispozisiya şərtlərinə görə, maraqlı tərəfin müraciəti üzrə özbaşına tikinti məhkəmə qərarı əsasında o, halda sökülə bilər ki, həmin tikintinin saxlanılması şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozsun və ya şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaratsın.
58. Hazırda işdə, ilk iddiaçı ona məxsus “A” literli tikilinin ətrafında cavabdeh tərəfindən inşa edilmiş tikililərin özbaşına tikili olduğu üçün, həmin tikililərin cavabdehin vəsaiti hesabına sökülməsini iddia edir.
59. Cavabdeh isə evdəki payı anasının 1969-cu ildə alqı-satqı müqaviləsinə əsasən ilk iddiaçının atasından satın aldığını, həmin vaxt evin üç tikilidən ibarət olduğunu, anasının mülkiyyətinə ümumi əmlakdan 1/9 hissə keçdiyini, hazırda evin “A” və “V” literli tikililərdən və altı hissədən ibarət olduğunu, evdəki payının 1/6 hissə təşkil etdiyini, tikililərin ora köçərkən mövcud olduğunu, həmin tikililərin 1961-ci ildə tərtib edilmiş texniki pasportda öz əksini tapdığını, 1/6 payın məhkəmə qətnaməsinə əsasən naturada ayrılaraq, sahəsi 33,8 kv.m olan “V” literli tikilinin mülkiyyətinə verildiyini, həmin tikililərin əvvəldən mövcud olmaqla nə onun, nə də mərhum anası tərəfindən inşa edilmədiyini göstərib iddiaya etiraz edir.
60. Eyni zamanda, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh özünə məxsus material ilə iddiaçının mülkiyyətində olan tikiliyə bitişik ərazidə təqribən 70.0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililər inşa edib. Bu hal bir şəxsin özünə məxsus materiallarla başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması vəziyyətinə uyğun gəlir. Odur ki, mövcud vəziyyətdə tərəflərin birbirinə
61. qarşı hansı tələb hüquqlarına malik olması nəzərdən keçirilməlidir.
62. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyimizdə bu halı düzünə tənzimləyən norma yoxdur. Doğrudur, daşınar əşyalarla bağlı oxşar vəziyyət AR Mülki Məcəlləsinin 188-ci (emal) maddəsində nizama salınsa da, daşınmaz əşyalara dair mülkiyyət hüququnun məhdudlaşdırılması əsaslarında (VIII fəsildə) məhz bu hal barəsində xüsusi tənzimləmə mövcud deyil. Yalnız AR Mülki Məcəlləsinin 172.3-cü maddəsində qeyd olunmuşdur ki, “Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir”.
63. Göründüyü kimi, qeyd olunan normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulub.
64. Normanın mənasından aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
65. Bu qayda binanın və ya qurğunun tamamının qonşu mülkiyyətçinin torpaq sahəsində inşa edildiyi hallara aid olduğu kimi, qonşu olmayan başqa bir şəxsin torpaq sahəsində qərəzsiz şəkildə (o cümlədən, torpaq mülkiyyətçisinin şifahi razılığı ilə) öz vəsaiti hesabına aparılmış inşaata da aid edilə bilər.
66. Məhkəmə təcrübəsində özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (Mülki Məcəllənin 560.1-560.2, 560.3.4-ci maddələri), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır.
67. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır. Bununla yanaşı, əksinə bir vəziyyətin meydana çıxması da istisna edilmir. Yəni, göstərilən şərtlər daxilində başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür.
68. Hazırkı işdə mübahisəli hüquq münasibəti də məhz bu xarakterli iddia ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh özünə məxsus material ilə onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində əlavə tikililər inşa edib.
69. Belə ki, işdən, mütəxəssis və ekspert rəylərindən görünür ki, tərəflərin qanuni istifadəsində olan yaşayış və yardımçı sahələrdən əlavə, mübahisəli ərazidə Texniki Pasportda qeyd olunmayan ümumi sahəsi 197,4 kv.m olan yaşayış və yardımçı tikililər inşa edilib və həmin tikililərdən 120,7 kv.m yaşayış tikililəri (“A” literli evə bitişik 2-ci mərtəbədə 62,7 kv.m, 1mərtəbədə 23,1 kv.m, həyətyanı sahədə 34,7 kv.m tikililər), 12 kv.m talvar tikilisi iddiaçının; ümumi sahəsi 64,7 kv.m yaşayış tikililəri (“V” tikilisinə bitişik inşa edilmiş əlavə tikililər) isə cavabdehin istifadəsindədir.
70. Həmçinin həmin ünvanda torpaq sahəsinin faktiki ölçüsü 445.6 kv.m-dir, bunun da 342.3 kv.metri iddiaçının, 103.3 kv.metri isə cavabdehin faktiki istifadəsindədir. Cavabdehin faktiki istifadəsində olan 103.3 kv.metr torpaq sahəsi qonşulardan təcrid olunmaqla, ayrıca girişçıxışa malikdir və həmin ünvanda cavabdeh tərəfindən bəzi hissələrdə iddiaçıya məxsus “A” literli tikiliyə bitişik təqribən 70.0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililər inşa edilib.
71. Əvvəla, apellyasiya məhkəməsi cavabdehin faktiki istifadəsində olan 103.3 kv.m torpaq sahəsinin qonşulardan təcrid olunmaqla, ayrıca giriş-çıxışa malik olmasını, təqribən 70,0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililərin məhz cavabdehin faktiki istifadəsində olan 103,3 kv.m torpaq sahəsində inşa edilməsini, habelə bütün əlavə tikililərin deyil, məhz bəzi hissələrdə tikililərin iddiaçıya məxsus “A” literli tikiliyə bitişik inşa edilməsini nəzərə almayıb və həmin bəzi hissələrdə iddiaçıya məxsus “A” literli tikiliyə bitişik inşa edilmiş əlavə tikililərin hüquqi vəziyyətini, təyinatını, sahəsini, nə vaxt inşa edilməsini aydınlaşdırmayıb.
72. Digər tərəfdən, cavabdeh qarşılıqlı iddia ərizəsində, kassasiya şikayətində iddiaçının mübahisələndirdiyi tikililərin ora köçərkən mövcud olduğunu, həmin tikililərin 1961-ci ildə tərtib edilmiş texniki pasportda öz əksini tapdığını, 1/6 payın məhkəmə qətnaməsinə əsasən naturada ayrılaraq, sahəsi 33,8 kv.m olan “V” literli tikilinin mülkiyyətinə verildiyini, həmin tikililərin əvvəldən mövcud olmaqla nə onun, nə də mərhum anası tərəfindən inşa edilmədiyini göstərib.
73. Apellyasiya məhkəməsi, ümumiyyətlə cavabdehin bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb, iddiaçıya məxsus “A” literli tikiliyə bitişik təqribən 70,0 kv.m qədər müxtəlif təyinatlı əlavə tikililərin əvvəldən mövcud olub-olmadığını, həmin tikililərin hansısa hissəsinin məhkəmə qətnaməsinə əsasən naturada ayrılaraq cavabdehin mülkiyyətinə verilmiş sahəsi 33,8 kv.m olan “V” literli tikilinin sahəsinə düşüb-düşmədiyini, həmin tikilinin tərkibinə daxil olubolmadığını aydınlaşdırmayıb.
74. Bundan başqa, iddiaçının mülkiyyətində olan evin 5/6 hissəsinin yerləşdiyi 0.03422 ha torpaq sahəsindən, cavabdehin mülkiyyətində olan “V” tikilisinin yerləşdiyi və giriş-çıxış üçün istifadə etdiyi 0,0057 ha torpaq sahəsi çıxılmaqla, Bakı İnzibati Məhkəmənin ## ###### 2022ci il tarixli qərarı ilə onun mülkiyyətinə məhz 0,02852 ha torpaq sahəsi verilib, iddiaçı isə faktiki olaraq 342.3 kv.metr torpaq sahəsindən istifadə edir.
75. Apellyasiya məhkəməsi təqribən sahəsi 70,0 kv.m olan əlavə tikilinin iddiaçının faktiki və ya sənəd üzrə istifadəsində olan hansı torpaq sahəsinə düşdüyünü, bəzi hissələrdə “A” literli tikiliyə bitişik inşa edilmiş həmin əlavə tikililərin bilavasitə iddiaçının hüququnu, qanunla qorunan mənafeyini pozub-pozmadığını, onun həyatı və sağlamlığı üçün təhlükə yaradıbyaratmadığını aydınlaşdırmayıb. Məhkəmə kollegiyası bütün qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi ilk iddianın qanuni əsasını düzgün müəyyən etməməklə yuxarıda sadalanan normaların tələblərini pozub və iddiaçının sökülməsini tələb etdiyi tikilinin nə vaxt inşa edildiyini, həmin tikililərin saxlanılmasının iddiaçının qanunla qorunan marağına toxunubtoxunmadığını
76. aydınlaşdırmayıb. Çünkü sözügdən tikili iddiaçının hüququnu pozmursa, o AR Mülki Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan maraqlı şəxs sayıla bilməz.
77. Digər tərəfdən, iddiaçının sökülməsini tələb etdiyi əlavə tikililərin əvvəlcədən mövcud olduğu sübuta yetirilərsə və həmin tikililərin saxlanılması həqiqətən iddiaçının marağını pozarsa, onda o, cavabdehə qarşı müvafiq kompensasiya ödənilməklə sözügedən tikilinin sökülməsini tələb edə bilər.
78. Yuxarıda qeyd olunanlara əsasən kassasiya məhkəməsi hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, qeyd olunan hüquq normaları və hüquqi mövqelər əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh İsmayılov Eldar Hafis oğlunun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.