Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-917/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli AN-İ №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa şəhəri, Y.Məmmədov küçəsində 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən 204.30 kv.m ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evindən cavabdehin çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi olan iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. Ağstafa Rayon Məhkəməsinin (hakim N.M.Abbasov) 2024-cü il ## ####### tarixli e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh və iddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli AN-İ №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa şəhəri, Y.Məmmədov küçəsində 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən 204.30 kv.m ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evindən cavabdehin çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - R.A.Məcidov (sədrlik edən və məruzəçi hakim), Ş.Q.Rzaquliyev və S.Ə.Əzizov) 2025-ci il ## ######## tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh 2026-cı il # ###### tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə mücariət etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə poçt vasitəsilə təqdim edilməmişdir. 2026-cı il ## ###### tarixdə Ağstafa rayon Icra və Probasya şöbəsinə dəvət olunduğu zaman apellyasiya məhkəməsinin qətnaməsini elektron sistem vasitəsilə əldə edə biləcəyi bildirilmişdir. Həmin tarixdə o, “Elektron məhkəmə” informasiya sistemindən qətnaməni əldə etmiş, onunla tanış olmuş və qətnamədən narazı qaldığı üçün kassasiya şikayəti vermişdir. Cavabdeh bildirmişdir ki, Xəzər dənizində yerləşən Neft Daşlarında işlədiyindən ayın böyük hissəsini dənizdə keçirir və elektron məlumat əldə etmək imkanı məhduddur. Bu səbəbdən qətnaməni yalnız 2026-cı il ## ###### tarixdə əldə etmişdir ki, bu hal EMIS məlumatları ilə də təsdiq olunur. Kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət onun təqsiri olmadan ötürülmüş və qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən hesab etmişdir ki, kassasiya şikayəti vermə müddətinin başlanğıcı 2026-cı il ## ###### tarixdən hesablanmalıdır.
7. Iddiaçı məhkəməyə etiraz ərizəsi təqdim edərək, cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsini və kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmiş, müddət isə üzrsüz səbəbdən buraxılmışdır. Belə ki, cavabdehin elektron kabineti mövcud olmuş, o, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini elektron qaydada təqdim etmişdir. Həmçinin, apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh müəyyən olunmuş müddətdə şikayət verməmişdir. Qətnamənin elektron kabinetə yerləşdirildiyi andan prosessual müddətin hesablanmasına başlanılır və cavabdehin sənədi gec əldə etməsi üzrlü səbəb hesab edilə bilməz. Müddətin ötürülməsinin üzrlü sayılması üçün mötəbər sübutlar təqdim olunmamışdır və nümayəndənin (vəkilin) irəli sürdüyü dəlillər hüquqi əsas təşkil etmir. Qeyd olunmuşdur ki, prosessual müddətlər məhkəmə icraatında mühüm əhəmiyyət daşıyır və hüquq və azadlıqların təmininə xidmət edir. Cavabdehin qətnamədən təxminən 5 ay sonra şikayət verməsi icranın qarşısını almağa, müddəti əsassız uzatmağa və öhdəliklərdən yayınmağa yönəlmişdir.
9. Apellyasiya instansiya məhkəməsinin 2026-cı il ## ###### tarixli qərardadı ilə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsindən imtina edilməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç üsulunu müəyyən edir: poçt vasitəsilə çatdırılma, şəxsən təqdim edilmə və “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə yerləşdirilmə. Bu üsullar arasında üstünlük nəzərdə tutulmamışdır.
11. Iş materiallarına əsasən, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025ci il tarixdə saat 10:59-da cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 135.5 və 135.6-cı maddələrinə uyğun olaraq həmin tarixdə qətnamə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Elektron kabineti olan şəxslərə məhkəmə sənədləri poçtla göndərilmir.
12. Kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsində nəzərdə tutulmuş müddət pozularaq, qətnamənin rəsmi təqdim edilməsindən 3 ay 26 gün sonra, ##.##.2026-cı il tarixdə verilmişdir. Cavabdeh müddətin bərpasını xahiş etsə də, bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Ərizədə göstərilən hallar obyektiv xarakter daşımır və prosessual müddətin vaxtında istifadə edilməsinin mümkünsüzlüyünü əsaslandırmır.
13. Ərizəçi müddətin ötürülməsini dənizdə işləməsi ilə əsaslandırmışdır. Lakin bu halı təsdiq edən sübutlar təqdim olunmamışdır. Hətta bu arqument qəbul edilsə belə, onun ayın yalnız 20 gününü dənizdə keçirməsi nəzərə alınaraq, qalan müddətdə şikayət vermək və ya vəkil vasitəsilə bunu həyata keçirmək imkanı olmuşdur. Beləliklə, cavabdeh üzərinə düşən prosessual hərəkətləri yerinə yetirməmiş, müddətin ötürülməsi onun iradəsindən asılı olmuş və üzrlü səbəblərlə bağlı olmamışdır. Qətnamə barədə vaxtında məlumatlı olmasına baxmayaraq, qanuni müddətdə kassasiya şikayəti verilməməsi şəxsin öz davranışının nəticəsidir. Bu hal prosessual hüquqlardan sui-istifadə və səhlənkarlıq kimi qiymətləndirilə bilər.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini üzrlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsi və qətnamədən verilmiş kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti cavabdeh tərəfindən 2026-cı il # ###### tarixdə təqdim olunmuş prossesual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
21. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
22. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər
29. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ...
32. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
34. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 2008-ci il # ### tarixli Qərarı
35. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
“X4 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 2007-ci il ## ###### tarixli Qərarı
36. Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpa olunması ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Baxılan kassasiya şikayəti ilə bağlı hüquqi məsələlərə giriş olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
41. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
42. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və bir ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
43. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə saat 10:59-da cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti isə qətnamənin rəsmi təqdim edilməsindən 3 ay 26 gün sonra, ##.##.2026-cı il tarixdə verilmişdir.
44. Göründüyü kimi cavabdeh kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın 2006-cı il ## ###### tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
47. Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il ## ###### tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
48. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133-cü maddəsinə istinad etməklə cavabdehin prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
50. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual müddətlərlə bağlı işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.