Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-933/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmanov Müşviq İdris oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kompensasiya verilməklə xxxx tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmanov Müşviq İdris oğluna qarşı “xxxx tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Müşviq İmanov (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli “yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” haqqında sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəyə verilməsi qərara alınmışdır.
2. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-82 ünvanında İmanov Müşviq İdris oğlunun istifadəsində olan 130,78 kv.m. özbaşına tikili mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
3. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud ASC) cavabdeh İmanov Müşviq İdris oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə 51.500 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-82 ünvanda ona məxsus, sahəsi 130,78 kv. metr olan özbaşına tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər xxxx tikililərdir. Bəzi vətəndaşlar, eləcə də cavabdeh tərəfindən xxxx olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər. Həmin tikililər xxxx olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və xxxx (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırkı iddia üzrə cavabdehlə dəfələrlə tərəflərindən danışıqlar aparılmış və onlara həmin özbaşına (xxxx) tikilinin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərti ilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı iddiaçı tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina etmiş, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikilinin real qiyməti və sahəsi barədə tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan “xxxx” MMC-nin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** №-li rəyə əsasən cavabdeh Müşviq İmanov tərəfindən M-82 ünvanında inşa olunmuş, sahəsi 130,78 kv. metr olan tikililər xxxx (özbaşına) tikililərdir, tikinti qaydalarına uyğun inşa olunmamışdır. Həmin tikilinin ümumi dəyəri – 51.500 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş xxxx tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmiş, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi, bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən iddiaçıya həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də xxxx (özbaşına) tikili olması qeyd edilmişdir. İddiaçının öhdəliyi olmasa belə, humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan xxxx (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, xxxx tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin xxxx tikilisi maraqlı şəxs olaraq ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneə yaradır. Bu isə ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.
5. İddiaçı ASC-nin nümayəndəsi nümayəndə3 ## ##### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Müşviq İmanova 69.000 manat ödəməyə razı olduğunu və həmin tikilinin 69.000 manat ödənilməklə boşaldılaraq sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının dönə-dönə vurğuladığı “xxxx” (özbaşına) tikilmiş ünvanda o, və ailə üzvləri pasport qeydiyyatındadırlar. Həmin evdən istifadə hüququ mövcuddur. Onlar hüquqi dövlətdə yaşayır. Qeydiyyat dövlət orqanı tərəfdən aparılır. “Azərsu”, “Azərişıq”, “Azəriqaz” kimi dövlət qurumları tərəfindən iddiaçının “xxxx” adlandırdığı evə sayğac quraşdırılmışdır. İddiaçı ASC-nin adından göründüyü kimi o, dövlət orqanı deyildir. Sadəcə biznes maraqları olan bir şirkətdir. Sadəcə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamını rəhbər tutaraq cavabdehin Konstitusiya ilə tənzimlənən hüquqlarını kobud surətdə pozmaq ilə məşğuldur. Heç bir ekspert rəyi olmadan, evə baxış keçirilmədən sadəcə iddiaçının öz mənafeyinə uyğun onun evini 51.500 manat məbləğində dəyərləndirmişdir. O, əmindir ki, iddiaçı bu ədalətsiz kompensasiyanı ona ödədikdən sonra, həmin yerdə inşa etdiyi binadakı mənzili qat-qat baha satacaqdır. Burada məqsəd heç də göründüyü kimi dövlət maraqlarının keşiyində dayanmaq, guya onun “qəzalı” vəziyyətdə olan evini yenisi ilə əvəzləmək deyildir. Buna iddiaçının səlahiyyəti belə yoxdur. İddiaçı sadəcə öz biznes maraqlarının keşiyində dayanır. Onun əziyyəti ilə uzun illər tikib qurduğu, övladlarının anadan olub böyüdüyü evi dəyərindən qat-qat aşağı məbləğə ondan almaq istəyir. Halbuki buna iddiaçının heç bir hüquqi əsası yoxdur. Onun sözügedən evdə istifadə hüququ olduğundan və həmin evi tikib, təmir edib yaşadığından, ona yalnız ədalətli qaydada kompensasiya ödənilməklə həmin evi sökmək olar. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
7. Məhkəmə qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin ##.##.2025-ci il tarixli, YDQM № ***-***/**** nömrəli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-82 ünvanında Müşviq İmanovun istifadəsində olan tikilinin bazar dəyəri 69.000 manat təşkil edir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilərək, iddiaçı ASC tərəfindən cavabdehə 69.000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-82 ünvanda cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, şəhərin görkəminə xələl gətirən özbaşına tikililərin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real mənzillər tələb etməsi və razılıq əldə edilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan suiistifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Sökülməsi tələb edilən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-82 ünvanında Müşviq İmanovun istifadəsində olan 130,78 kv.m. tikili vardır. İddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına mane yaradır. İddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır.
11. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdehə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən xxxx və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.
12. Məhkəmənin qənaətinə görə, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
13. Cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
14. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.4-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 88, 119 və 216-220ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat.
16. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınmasını ehtiva etməklə insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşımadığından, birbaşa Cəmiyyətin əsassız və yaxud qanunla və normativ aktlarla tənzimlənən məbləğlərdən daha çox varlanmasına xidmət etdiyindən, tərəflərin çatmalı olduqları hüquqi mənafeləri təmin etmir və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Bu da öz növbəsində “Fortis-Bayıl” Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarı ilə ziddiyyət təşkil edir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: - hüquq mənasında sahibliyin müdafiəsi; - fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Bilindiyi kimi, hər hansı bir ərazidə söküntü aparmamışdan öncə, tikinti şirkəti tərəfindən bu zaman qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüquqları maksimal dərəcədə qorunmalıdır. Mövcud təcrübə göstərir ki, sökülən binaların yerləşdiyi ərazidən asılı olaraq, əmlakın hər kvadrat metrinə görə ölçülən meyar fərqlənir. Belə ki, şəhərin mərkəzində sökülən bina ilə mərkəzdən kənar sökülən bina üçün ödəniləcək kompensasiya arasında kifayət qədər fərq olur. Təbiidir ki, mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ərazi, yəni əmlakın ümumi kvadratmetri əsas götürülərək müəyyən edilmiş məbləğə vurularaq hesablanır. Lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli, *** №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə də, həm əmlakın çıxarışında göstərilən ümumi kvadratmetr, həm də həmin ərazinin 20% miqdarı hesablanaraq qiyməti tam şəkildə ödənilir və yaxud tikiləcək binadan həmin kvadratmetr civarında və yaxud ondan bir az çox ərazi ilə tikinti müəssisəsi sakini təmin edir. Vurğulanmalıdır ki, cavabdeh məhkəmə iclasında verdiyi ifadəsi ilə bildirir ki, onun istədiyi mənzilin dəyərindən artıq kompensasiya məbləği deyil, digər sakinlərlə imzalanmış analoji müqavilələrə uyğun olaraq həmin şərtlərlə mənzillə təmin edilməsi ilə bağlı müqavilənin imzalanmasıdır. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin ##.##.2025-ci il tarixli YDQM № ***-***/**** nömrəli hesabatında müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-82 ünvanında Müşviq İmanovun istifadəsində olan tikilinin bazar dəyəri 69.000 manat təşkil edir. İşə baxan məhkəməyə də məlumdur ki, şəhərin mərkəzində olan mənzilə ödəniləcək 69.000 manat məbləğ vətəndaşın yenidən həmin əsaslarla oxşar ərazidən mənzil əldə etməsini istisna edir. Vətəndaş həmin məbləğlə Yasamal rayonunu tərk etməklə, şəhərdən xeyli kənar ərazidə aşağı şəraitli mənzildə məskunlaşmalı olacaq. Məhkəmə qətnaməni əsaslandırarkən qeyd edir ki, “İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra halhazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir.” Halbuki iddiaçı tərəfindən ona hazırkı evin qarşılığında 27 kv.m. az olan yeni tikiləcək ev təklif edilmiş, sonradan gözlənilmədən 69.000 manat ödənilməklə tikilinin boşaldılaraq sökülməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılsa da, iddiaçı tərəf mübahisənin məhkəmədən kənar həlli üçün cəhd etməmişdir.
32. Məhkəmə qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli, **-***/** nömrəli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) M-82 ünvanında yerləşən fərdi yaşayış evi kimi ##.##.2025-ci il tarixinə bazar dəyəri 186.000 manat təşkil edir.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə3 izahatında qeyd etmişdir ki, rəhbərliyin göstərişinə əsasən mübahisənin uzanmaması üçün ASC sonuncu qiymətləndirmə hesabatına uyğun olaraq cavabdeh Müşviq İmanova qarşı iddia tələbi üzrə 186.000 manat kompensasiya ödənilməklə cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsinə razıdır. 186.000 manata Bakı şəhərinin istənilən yerində mənzil almaq mümkündür. Cavabdehə evin verilməsi mümkün deyil. Təklif edilən məbləğ kifayət qədər böyük məbləğdir, həmin məbləğdən artıq ödəniş nəzərdə tutulmamışdır.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 izahatında qeyd etmişdir ki, qiymətləndirmə hesabatında nəzər saldıqda müəyyən edilir ki, cavabdehin faktiki sahibliyində olan ev Yasamal rayonu ərazisində xarici dairəvi yolda yerləşir, lakin müqayisə olunan obyektlər Xocasən qəsəbəsi və Sulutəpə qəsəbəsinin yuxarısında yeni salınan qəsəbədə yerləşir. Evin qiyməti 186.000 manatdan daha çoxdur. Cavabdeh qiymətləndirmə hesabatında olan məbləğlə razı deyil, ev tələb edir. Əgər yeni tikiləcək olan binada cavabdehin mənzillə təmin olunma imkanı varsa, təklif edilən məbləğlə hansı əsasla razılaşması sual doğurur. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin minimum qiyməti 240.000 manatdan başlayır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməsi, söküləcək mənzilin əvəzinə iddiaçı tərəfindən cavabdehə 186.000 manat məbləğində kompensasiya ödənilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlak özbaşına tikili olmasına baxmayaraq, şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır. Mübahisə predmeti olan əmlakın özbaşına tikili olmasına baxmayaraq qiymətləndirilərkən onun fərdi yaşayış evi kimi bazar dəyəri müəyyən olunmalıdır. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli, **-***/** nömrəli hesabatından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) M-82 ünvanında yerləşən fərdi yaşayış evi kimi ##.##.2025-ci il tarixinə bazar dəyəri 186.000 manat təşkil edir.
22. Eyni zamanda, iddiaçı tərəf təklif etdiyi kompensasiya məbləğində dəyişiklik etmiş, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə3 ərizə ilə müraciət edərək ASC-nin cavabdeh Müşviq İmanova qarşı iddia tələbi üzrə 186.000 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.
23. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli, **-***/** nömrəli rəyinə nəzər saldıqda müəyyən olunur ki, Xocasən qəsəbəsində yerləşən həyət evi ilə müqayisə aparılsa da, həmin həyət evi 3,3 sot torpaq sahəsində inşa olunmuş 250 kv.m. 2 mərtəbəli, 9 otaqlı əla təmirli, bələdiyyə sənədi olan yaşayış evi olmuş və onun dəyəri 170.000 manat müəyyən edilmişdir. Hazırda mübahisə predmeti olan 130,78 kv.m. özbaşına tikilinin isə sahəsinin müqayisə olunan evdən daha kiçik olmasına baxmayaraq tikili daha artıq məbləğə, yəni 186.000 manata qiymətləndirilmişdir. Göründüyü kimi, mütəxəssis rəy hazırlayarkən analoqlar müəyyən etmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) qiymətləndirilən mənzilin bazar dəyəri müəyyən edilmişdir. Rəy mötəbər sübut kimi qiymətləndirilə bilər. İddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) kifayət qədər ədalətli və ağlabatandır.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 180.1, 180.2, 180.4, 560.1, 560.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.
25. Qətnamədən cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, mövcud təcrübə göstərir ki, sökülən binaların yerləşdiyi ərazidən asılı olaraq, əmlakın hər kvadrat metrinə görə ölçülən meyar fərqlənir. Belə ki, şəhərin mərkəzində sökülən bina ilə mərkəzdən kənar sökülən bina üçün ödəniləcək kompensasiya arasında kifayət qədər fərq olur. Təbiidir ki, mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ərazi, yəni əmlakın ümumi kvadratmetri əsas götürülərək müəyyən edilmiş məbləğə vurularaq hesablanır.
27. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
28. Evin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. İddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın xüsusi mülkiyyət hüquqi əsasında ona məxsus olan söküləcək əmlakını onun istəyinə uyğun kompensasiya etməlidir.
29. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
30. Cavabdeh 30 ildir ki, faktiki sahibliyində olan mənzildən daimi, fasiləsiz və maneəsiz olaraq istifadə edir. Qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının binalar inşa etməsi dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir. Ona görə də evinin sökülməsi müqabilində cavabdehə ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. İddiaçı cavabdehi uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın xüsusi mülkiyyət hüquqi əsasında ona məxsus olan söküləcək əmlakını onun istəyinə uyğun kompensasiya etməlidir.
31. “Ədalətli balans” prinsipinə gəldikdə, iddiaçı mülki iş üzrə cavabdehin onunla eyni əsaslarla faktiki sahiblik edən qonşuların mənzillərinin sökülməsi müqabilində onlara mənzil verilməsi ilə bağlı razılığa gəlmiş, qarşılıqlı razılığa əsasən müqavilə imzalanmışdır. Belə olan halda, cavabdehə qarşı ayrı-seçkilik və qərəz anlaşılan deyildir. Apellyasiya qaydasında işə baxan məhkəmə iddiaçı ilə digər sakinlər arasında imzalanmış müqavilələri tələb etsə də, müqavilələrin təqdim olunması üçün müddət verməmiş, yenidən ekspertiza aparılmasına zərurət olub-olmaması barədə müşavirəyə getmiş, müşavirədən qayıdaraq tərəflərə çıxış imkanı vermədən tələsik qətnamənin nəticə hissəsini elan etmişdir. Halbuki həmin iclasda cavabdehin sahiblik etdiyi mənzilə dair təqdim edilmiş rəydə uyğunsuzluq məhkəmənin diqqətinə çatdırılmış, Yasamal rayonu ərazisində yerləşən mənzilin dəyərinin Xocahəsən və Sulutəpə qəsəbəsində yerləşən mənzillərlə eynilik təşkil etməsinin reallığı əks etdirmədiyi vurğulanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
40. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
43. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq оlunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
53. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
63. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
64. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.