Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-116/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Aparatına qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)132/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bələdiyyənin qərarı ilə Gədəbəy rayonu, Ataxal kənd sakini İbrahimov Məhəmməd Şükür oğluna kommersiya obyektinin tikintisi üçün Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində Gədəbəy-Saratovka yolunun sağ tərəfində 25 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. Gədəbəy Bələdiyyəsinin 30 mart 2001-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Bələdiyyənin qərarı ilə Cavabdeh1 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində 390 kv.m. torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Gədəbəy Rayon Notariat Kontoruna qarşı atası İbrahimov Məhəmməd Şükür oğlundan miras qalmış Gədəbəy-Saratovka yolunun sağ tərəfində 25 kv.m. torpaq sahəsi və üzərində yerləşən tikilinin miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzrində mülkiyyət hüququnun tanınması, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən miras əmlakın hörülmüş ayna-qapısının öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və Cavabdeh1 həmin əmlakdan çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Birinci instansiya məhkəməsindəki icraatda iddiaçı iddia tələblərinin həcminin azaltmış, mərhum atası İbrahimov Məhəmməd Şükür oğlundan miras qalmış 25 kv.m. torpaq sahəsində inşa edilmiş tikilinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını və cavabdehin əsil cavabdehlə əvəz edilməsi yəni, yalnız Cavabdeh2 Aparatının cavabdeh qismin də işə cəlb edilməsini xahiş etmişdir
5. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-29/2020 saylı mülki iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən İbrahimov Məhəmməd Şükür oğlundan miras qalmış Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, Gədəbəy-Saratovka yolunun sağ tərəfində yerləşən 25 kv.m. torpaq sahəsi və üzərində yerləşən tikilinin miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı İbrahimov Məhəmməd Şükür oğlu və X1 ailə münasibətlərindən xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. İbrahimov X9 Bələdiyyəsinin 10 iyul 2003-cü il tarixli qərarı ilə kommersiya obyektinin tikintisi üçün Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində Gədəbəy-Saratovka yolunun sağ tərəfində 25 kv.m. torpaq sahəsi almış və torpaq sahəsinin əldə edilməsi üçün 125 min manat ödəmişdir. İddiaçının valideynləri İbrahimov Məhəmməd Şükür oğlu 30 oktyabr 2013-cü il tarixdə, X7 isə 04 yanvar 2018-ci il tarixdə ölmüşlər.
7. Məhkəmə Avropa Məhkəməsinin presedent hüqununa istinad edərək hesab etmişdir ki, iddiaçının atası İbrahimov Məhəmməd Şükür oğlunun qanuni əsaslarla əldə etdiyi tikiliyə mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Yəni, qanuni əsaslarla əldə edilmiş həmin əmlak İbrahimov Məhəmməd Şükür oğlunun mülkiyyətində olmuş, onun və arvadı X3 ölümündən sonra miras aktivinə daxil olmuşdur. İddiaçı valideynlərinin ölümündən sonra həmin əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, yəni, əmlakı miras kimi qəbul etmişdir. Digər vərəsələr bu halı mübahisələndirməmiş və əmlakın iddiaçı tərəfindən qəbul edildiyini, valideynlərindən qalmış miras əmlakdan imtina etdiklərini bildirmişlər.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 1151.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Maraqlarına toxunan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi Cavabdeh1 məxsusdur. Lakin, məhkəmə qətnamə qəbul edərkən, Cavabdeh1 mülkiyyət hüquqlarını pozmuşdur.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(104)-132/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-29/2020 saylı mülki iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizan ın aparılması X4 həvalə edilmişdir. X2 21 may 2021-ci il tarixli 48 saylı rəyi məhkəməyə daxil olsa da, İddiaçı həmin rəyin qeyri-obyektiv olduğunu iddia edib və yenidən ekspertiza keçirilməsini xahiş etmişdir.
13. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-488/2021 saylı mülki iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olan 04 may 2022- ci il tarixli 10/575 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində Gədəbəy-Saratovka yolunun sağ tərəfində ayrılmış 390 kv.m. torpaq sahəsinin Gədəbəy Bələdiyyəsinin 30 mart 2001-ci il tarixli Qərarında qeyd olunan ölçülərdə yerində naturada mövcud olduğu, həmin torpaq sahəsinin hüdudları daxilində cavabdehin yaşadığı fərdi yaşayış evinin bir hissəsi, özünə məxsus iki mağaza tikilisinin və İddiaçı iddia etdiyi 25 kv.m.-lik torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Mərhum İbrahimov Məhəmməd Şükür oğluna kommersiya obyektinin tikintisi üçün Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində Gədəbəy-Saratovka yolunun sağ tərəfində ayrılmış 25 kv.m torpaq sahəsinə dair Gədəbəy Bələdiyyəsinin 10 iyul 2003-cü il t arixli 10 nömrəli Qərarında və 2003-cü il tarixli sxemində, 5x5 metr ölçüdə torpaq sahəsinin Səməd Vurğun küçəsində, Rayon Polis Şöbəsinin inzibati binasının şimal-şərq tərəfində yerləşən torpaq sahəsi ilə üzbəüz, mövcud fərdi yaşayış evindən nisbətən aralıda və yeməkxanaya yaxın məsafədə yerləşməsi nəzərdə tutulmuşdur. Lakin, ayrılmış torpaq sahəsinin hər hansı istinad nöqtələri, o cümlədən mövcud tikililərdən hansı məsafədə yerləşməsi sxemdə əks olunmadığından, torpaq sahəsinin naturada yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Mərhum İbrahimov Məhəmməd Şükür oğluna kommersiya obyektinin tikintisi üçün Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində Gədəbəy-Saratovka yolunun sağ tərəfində ayrılmış 25 kv.m. torpaq sahəsi ilə Cavabdeh1 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində Gə dəbəy-Saratovka yolunun sağ tərəfində ayrılmış 390 kv.m. torpaq sahəsinin sənəd üzrə üst-üstə düşübdüşməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı iddia etdiyi torpaq sahəsinin Gədəbəy Rayon Polis şöbəsinin inzibati binasının qarşısında Səməd Vurğun küçəsində Gədəbəy-Saratovka yolunun sağ tərəfində yerləşməsinə baxmayaraq, İbrahimov Məhəmməd Şükür oğluna fotoqraf binası tikmək üçün ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyaslı, 2003-cü il tarixli sxemində 5x5 metr ölçüdə torpaq sahəsinin Səməd Vurğun küçəsində, Rayon Polis şöbəsinin inzibati binasının şimal-şərq tərəfində yerləşən torpaq sahəsi ilə üzbəüz yerləşməsi göstərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Mülki Məcəllənin edilən 139 və 180-ci maddələrinin hazır ki mülki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının iddia etdiyi tikili və onun altında olan 25 kvadratmetr torpaq sahəsi mərhum İbrahimov Məhəmməd Şükür oğlundan miras qalmış əmlak kimi qiymətləndirilə bilməz.
16. İddiaçının iddia etdiyi tikilinin və onun altında olan 25 kvadratmetr torpaq sahəsinin mərhum İbrahimov Məhəmməd Şükür oğlundan miras qalmış əmlak kimi qiymətləndirilməsi qanunvericiliyin müvafiq normalarının tələblərinə əsasən yolverilməz olduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, irəli sürülən iddianı təmin etməkdə məhkəmə haqlı olmamışdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.2, 180.1, 180.2, 180.3, 1151ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyi ilə ekspert rəyi arasında obyektiv qərar çıxarılması zamanı diqqət yetirilməsi çox əhəmiyyətli olan ziddiyyətin olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi bu hala diqqət verməmiş, bu məqama hüquqi qiymət verməmiş, ekspert rəyi ilə mütəxəssis rəyi arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün prosessual addım atmamış, ekspert rəyini işdə olan digər sübutlardan üstün tutaraq öz qənaətində yalnız ona əsaslanmış, ekspert rəyinin əsaslandırılmasını aparmamış və kobud prosessual pozuntuya yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinə yer li baxışın keçirilməsi, eləcə də həmin torpaq sahəsinin sərhəd nöqtələrini və əhatə etdiyi ərazini dəqiqləşdirmək məqsədilə həmin torpaq sahəsinin ayrılması üzrə müvafiq qərar qəbul etmiş, eləcə də yerində ayrılmasını həyata keçirmiş, torpaq üzərində tikilinin layihə-cizgi sənədlərini təsdiq etmiş Cavabdeh2 Baş memarı X5, Cavabdeh2 Başçısının Gədəbəy şəhəri üzrə sabiq icra nümayəndəsi, hazırda Gədəbəy rayonu, Qızıltorpaq kənd icra nümayəndəsi –X8 və Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsinin sabiq sədri –X6 yerli baxışda iştirak etmələrinin təmin olunmasını və şahid qismində dindirilməsi barədə iddiaçı tərəfin vəsatətlərini də əsassız şəkildə rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
23. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alma dan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
27. Maddə 1151.1. Mirasa (miras ə mlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. H azırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
41. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
42. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəm ələr tərəfindən qiymətləndirilir.
43. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəylərinin qeyri-mötəbərliyi hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlillər əsassızdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
45. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kass asiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-132/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.