Məhkəmə qərarları › İş №2(102)-1186/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1186/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1186/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarsı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)6682/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı sahibliyindədir.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən, həmin tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Həmin akta əsasən, 7886,76 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********10000 №-li abonent koduna hesablanmış 7886,76 man at məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hər ay mütəmadi olaraq istifadə etdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir borcu qalmamışdır. Cavabdeh Birliyinin əməkdaşları tərəfindən 24 noyabr 2022-ci il tarixində ******* saylı akt tərtib edilərək, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş, 7886,76 manat məbləğində zərər hesablanmış və həmin məbləğ istehlakçının **********10000 saylı abonent koduna borc kimi qeyd edilmişdir. İddiaçıya məxsus mənzildə 05 mart 2021-ci ildən etibarən G-4 tipli Zenner Smart markalı qaz sayğacı quraşdırılmış və həmin tarixdən etibarən iddiaçı təbii qazdan həmin sayğac vasitəsilə istifadə etmişdir.

5. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-trasoloji ekspertizasının 23 may 2023-cü il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmişdir. Təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(011)1930/2023 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 7886,76 manat məbləğində borcun silinməsi, cavabdehdən 98,87 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 65 manatın cavabdeh tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edil mişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii X1nın pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii X1nın pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli ******* №-li aktda “əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmiş, lakin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli ad dımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tədbirlər tam görülməmişdir. Həmçinin 23 may 2023-cü il tarixli ekspert rəyinə əsasən təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qanunsuz kənar xəttin qoşulma halı sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 614.3, 1096.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.0, 18.0.1, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 13.8, 13.8-1, 13.9-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” 4.2. 4.6,4.7, 4.8,4.9-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar” 5.1-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6682/2023 nömrəli qətn aməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Adbıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(011)1930/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə öz mövqeyinə dair qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “X1”nın normalarına əsasən iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan iste hlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən müvafiq örtüklə örtülməlidir. Təbii X1nın pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

12. Cavabdeh bununla bağlı apellyasiya şikayətində birinci instansiya məhkəməsinə sübut kimi fotoşəkillər təqdim etdiklərini bildirsələr də, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamışdır.

13. Apellyasiya kollegiyası qeyd etmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii X1nın pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli ******* №-li aktda “əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmiş, lakin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tədbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur.

14. Digər tərəfdən apellyasiya məhkəməsi qeyd etmişdir ki, “X1”nın 6.5-ci bənd inə əsasən əgər iddiaçı tərəfindən 24 noyabr 2022-ci ildə sayğacdan kənar qazdan istifadə halı olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir.

15. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qe yd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edib ki, iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci, Mülki Məcəllənin 614.3, 1096.1, 1096.2ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 18.0.1, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 13.8, 13.8-1, 13.9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5- ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6682/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 157.5-ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndi, Mülki Prosessual Məc əllənin 77, 88-ci maddələri pozulmuşdur.

19. Belə ki, iddiaçı tərəfindən cavabdehə zərər vurulmuş, bu zərər cavabdehin tərtib etdiyi aktla təsdiq olunsa da, məhkəmə əsassız iddianı təmin etmişdir. Məhkəmə iddiaçının Cavabdeh İB-nin mülkiyyətindəki təbii qazı qeyri-qanuni əldə etməsini, vicdansız sahib olmasını araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışdır. Həmçinin məhkəmə iddiaçıya borcun hesablandığı müddətdə, iddiaçının qaz sayğacı üzrə nə qədər ödəniş etməsini araşdırmamış, məhkəməyə təqdim edilmiş aktları və şəkilləri nəzərə almamışdır.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Res publikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Cava bdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təq siri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin q ərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatla rı ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.

29. Kassasiya şikayətinin dəlilləri cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktın əsaslı olmasına yönəldilmişdir. Lakin, qeyd olunan akt iddiaçı tərəfindən cavabdehə ziyanın vurulmasının sübutu kimi qiymətləndirilə bilməz.

30. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir.

31. Hazırki işdə isə cavabdeh təşkilat tərəfindən birtərəfli qaydada müvafiq akt tərtib edilməklə, zərər hesablanmış, həmin zərərin istehlakçının təqsirindən yaranmasına dair müvafiq orqanın və ya məhkəmənin qərarı alınmamışdır.

32. Həmçinin, cavabdeh aktın əsaslı olmasına dair sübutları (fotoşəkilləri) təqdim etdiyini göstərsə də, apellyasiya məhkəməsinin qeyd et diyi kimi, belə sübutlar iş materiallarında mövcud deyildir.

33. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6682/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar