Məhkəmə qərarları › İş №2(102)-1201/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1201/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1201/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələb, maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 2038/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2022-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında yerləşən 3 otaqdan ibarət özbaşına tikili olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) 2004cü il tarixindən İddiaçı (bundan sonra – iddiaçı) faktiki istifadəsində olmuş və iddiaçı həmin ünvanda rəsmi qeydiyyatdadır. 2. 2016-cı il tarixində iddiaçı özbaşına tikili olan evi qəbz yazaraq Cavabdeh (bundan sonra –cavabdeh) qeyri-rəsmi olaraq 11000 manata satdığını göstərmişdir. Həmin qəbz iddiaçı, cavabdeh və vasitəçi X3 tərəfindən imzalanmışdır. Qəbzi tərəflər mübahisələndirməmişlər.

3. Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2021-ci il tarixdən mübahisəli ünvanda qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ailə üzvlərinin mübahisəli evdən çıxarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda ona məxsus iki mənzil vardır. 2016-cı il tarixində o, özünə məxsus 3 otaqlı evin 1 otağını cavabdehə 11.000 manata satmışdır. Qeyd edilmiş ünvandakı mənzilin çıxarışı olmadığına görə alqı-satqı öz aralarındakı razılaşma əsasında olmuşdur. O, həmin mənzilin iki otağını isə bağlamışdır. Onun həmin torpaq sahə sində digər mənzili də olduğuna görə bir otağı satmağa razılaşmışdır. 2021-ci ilin sonunda ona məlum olmuşdur ki, cavabdeh satılmış bir otaqlı mənzilin divarını sökərək, iki otağı da öz evinə birləşdirmişdir. Cavabdeh onun iki otaqda yerləşən əşyalarını atmış, təmiri söküb yenidən özü etmişdir. O və atası bu barədə cavabdehlə aralarındakı problemi həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Buna görə də onun tərəfindən Daxili İşlər Nazirliyi 102 xidmətinə müraciət olunmuşdur. Cavabdeh Abşeron Rayon Polis İdarəsində verdiyi izahatda həqiqətən qeyd edilmiş ünvanda yaşadığını, bu evi 2016-cı il tarixində ondan 11.000 manata aldığını bildirmişdir. Lakin evi qeyd edərkən bir otaqlı deyil, üç otaqlı kimi yazmışdır.

6. Cavabdeh iddiaya etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı 2016 -cı ildə heç bir hüquqi əsası olmayan mübahisəli mənzilin yaşayışa yararsız vəziyyətdə olan 3 otağını 2016-cı ildə aralarında tərtib edilmiş qəbz əsasında 11.000 manata ona satmış, həmin ildə də tikilini tam təmir etdikdən sonra ailə üzvləri ilə köçüb həmin ünvana qeydiyyata düşməklə yaşayır. İddiaçının etiraz ərizəsinə əlavə etdiyi həmin qəbzdən də görünür ki, İddiaçı özünə məxsus olan evi 11.000 manata ona satmış və əvəzində ondan 11.000 manat pul aldığına dair qəbzi imzalamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən və iddiaya əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, mübahisənin predmeti olan mənzilin ona məxsus olduğunu, 2016-cı ildə həmin mənzilin 1 otağını ona satdığını təsdiq edən sübutları məhk əməyə təqdim etməmişdir. Odur ki, iddiaçının ona qarşı qaldırdığı tələb qanunsuz və əsassız hesab edilməlidir. Həmçinin, iddiaçının tikilinin onun tərəfindən zəbt edilərək sökülməsi nəticəsində iddiaçıya 7.000 manat dəyərində maddi ziyan vurulduğuna dair tələb MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinin tələblərinə zidd olaraq qaldırıldığından təmin edilməməlidir.

7. İşə əlavə edilmiş cavabdehin Abşeron rayon Polis İdarəsində yazdığı izahatında qeyd edilmişdir ki, “Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 120 A ünvanında yerləşən 40 kv.metr sahəsi olan 3 otaqlı evi 2016-cı ildə İddiaçı 11.000 manata almışdır. Hazırda İddiaçı və atası Tolik Vəlizadə onu məhkəməyə verəcəklərini bildirərək ondan əlavə pul tələb edirlər”.

8. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1956/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E. Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin mübahisəli yaşayış evinin iki otağından çıxarılması, iddia tələbinin digər hissələrdə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin bir otağının 11.000 manata satıldığını, digər otaqlarının cavabdeh tərəfindən zəbt edilməsini göstərmiş, cavabdeh isə 11.000 manata fərdi yaşayış evinin bütövlükdə üç otağını aldığını bildirmişdir. İddiaçı məhkəmədə satılan bir otağın digər iki otaqdan təcrid olunmuş formada, yəni satılan və satılmay an otaqlara ayrıca giriş-çıxış qapılarının olduğunu bildirmiş, cavabdeh isə mübahisəli fərdi yaşayış evinin bir giriş qapısının olması, bir otaqdan digər otağa giriş qapısının mövcud olduğu və iddiaçının iddia etdiyi otaqlarda iddiaçıya aid heç bir əşyanın mövcud olmadığını bildirmişdir.

11. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilərkən fərdi yaşayış evinin otaqların yerləşmə vəziyyəti barədə iddiaçının iddia ərizəsində və məhkəmədə göstərdikləri təsdiqini tapmış, cavabdehin göstərdikləri isə inkar olunmuşdur. Belə ki, yerli baxış zamanı həqiqətən də özbaşına tikili olan 3 otaqlı fərdi yaşayış evin əvvəllər bir otağının və digər iki otağının bir birindən təcrid olunmuş formada, hər ikisinin giriş-çıxış qapısının ayrıca olması, iki otağa giriş qapısının sökülməsi, yarıya kimi hörülməsi, hörgünün üzərinə pəncərə qoyulması, bir otaqdan digər iki otağa giriş-çıxışı təmin etmək üçün otaqlar arasında olan ara divarının qapı qoyulmadan oyulması açıq gözlə müşahidə olunmuş və iddiaçını iddia etdiyi otaqların birində iddiaçıya məxsus köhnə paltar şkafı müəyyən edilmişdir. İddiaçının izahatı yerli baxışla təsdiqini tapdığından, bunları inkar edən cavabdehin izahatından başqa digər sübut müəyyən edilmədiyindən, məhkəmə iddiaçının izahatının həqiqəti əks etdirdiyi nəticəsinə gəlmiş, cavabdehin göstərdikləri isə yerli baxışla inkar olunduğundan, məhkəmə cavabdehin izahatına tənqidi yanaşmışdır.

12. İşin faktiki hallarından görünür ki, mübahisəli ünvanda yerləşən iddiaçının qeydiyyatda olduğu özbaşına tikili olan fərdi yaşayış evinin iki ota ğının cavabdeh tərəfindən tutulması iddiaçının hüququnun pozulması ilə nəticələnir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinin iki otağına dair “qanuni gözləntiyə” malik hüququ vardır. Hazırki halda mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin iki otağını zəbt edərək cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir.

14. Məhkəmə iddia tələbinin cavabdehin ailə üzvlərinin mübahisəli mənzilin iki otağından çıxarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7000 manatın cavabdehdən onun xeyrinə tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin ailə üzvlərin adı və soyadı göstərilmədiyindən, yəni tələ b konkret və aydın olmadığından, bu hal qətnamənin icrasını mümkünsüz etdiyindən, dəymiş maddi zərərin ödənilməsi ilə bağlı isə sübutlar təqdim edilmədiyindən rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 560.3.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandı rılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının mübahisəli evə dair iddia qaldırmaq üçün hər hansı subyektiv hüququnun olub-olmaması məsələsini də aydınlaşdırmamışdır. Hazırda onun subyektiv hüququ yoxdur. İddiaçı ilk növbədə sübut etməlidir ki, mənzil ona məxsusdur. Ondan sonra Əliyarın, yaxud qeyrisinin həmin mənzildən çıxarılmasını tələb edə bilər. İddiaçının həmin mənzilə hər hansı hüququnu təsdiq edəcək heç bir sənəd mövcud deyil. Qətnamədə təsviri-əsaslandırıcı hissə yoxdur. Sadəcə olaraq yerli baxışla evin mövcudluğu təsdiqlənib. Bir neçə şahidləri var, onlar dindirilməlidir. İddiaçı gecəqondunu cavabdehə satıb. 7 ildən sonra isə iddia edir ki, evin sadəcə bir otağını satıb və cavabdeh digər iki otaqdan çıxarılmalıdır. Əgər iddiaçı ancaq bir otağı satırdısa, onda otaqların ko mmunal xətləri də ayrı olmalı idi. Lakin məhkəmə heç bir halı araşdırmayıb. Birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi məhkəmədən xahiş edilsə də, sədrlik edən şahidləri zaldan xaric edib. Cavabdeh 2016-cı ildə mübahisəli evi sənədsiz olduğundan ucuz almış, sonradan evin müəyyən hissələrində təmir işləri aparıb. İddiaçının iddia etdiyi mənzilin ünvanı tamamilə fərqlidir. Cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı mənzilin ünvanı isə ümumiyyətlə başqadır. Evin 4 tərəfi tikili olub və ev yararsız vəziyyətdə olub.

18. İşin apellyasiya baxışında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X1 izahat verərək bildirmişdir ki, cavabdehin əmisi arvadıdır, cavabdeh üçün ev 2016-cı ildə alınıb. O, cavabdeh üçün ev axtarmış, iddiaçının atası bügünkü mübahisəli evi göstərmişdir. Evə baxıblar, korpus mövcud idi, 3 otağa bölünmüşdü, amma pəncərə yox idi, yalnız iki ədəd 40x60 sm nəfəslik mövcud idi. Həmin evi 11000 manata razılaşıblar. Pulu verəndən sonra iddiaçı Əliyarın evi ondan almasına dair qəbz yazdı. Hətta qəbzdə 11 manat yazıb. Amma bunu onlara bildirəndə texniki səhv olduğunu və heç bir problem yaşamayacağını bildirdilər. İddiaçının atası özü bütün sayğacları cavabdehin anasının - Xəzəngül İbrahimovanın adına keçirdi. Bir neçə müddət sonra telefon xəttini də cavabdehin arvadının adına keçirdilər. Cavabdeh həyətdə sanitar qovşaq tikdi və orta divara birləşdirdilər. Sonra iddiaçı bir otaqlı evi satmaq istəyəndə, iddiaçının atası həmin bir otağa 18000 manat qiymət dedi. Baha olduğu üçün razılaşmadılar. 5-6 ay keçəndən sonra onları polis çağırdılar.Əliyarla bi rlikdə iddiaçının evinə gediblər. İddiaçının atası bildirdi ki, evi onlara ucuz satıb, nəvəsi ondan maşın istəyir, ona görə o biri evi satır. Razılığa gələ bilmədilər. Neçə ildən sonra evi ucuz satdığını, yalnız bir otağı satdığını bildirməsi yalandır.

19. Şahid qismində dindirilən X4 izahat verərək bildirmişdir ki, cavabdehin dayısıdır. Evin təmiriylə özü məşğul olub. Ev 2016-cı ildə, bərbad vəziyyətdə alınıb. Arakəsmələr penoplast idi. Penoplastın üstündən emulsiya örtüyü çəkilib. İki otaq var, 3-cü otaq koridordan penoplastlarla, tikintiyə yararsız digər materiallarla kəsilərək düzəldilib. 2 metr uzunluğunda yataq belə həmin otağa yerləşmir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2038/2022 nömrəli, 01 noyabr 202 2-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələbini əsaslandırmalı, buna dair sübut təqdim etməlidir

22. Mübahisəli fərdi yaşayış evinin 11.000 manata cavabdehə satılması iş materiallarında olan qəbz, polis orqanın da verilmiş izahatla, eləcə də şahid ifadələri ilə təsdiqini tapsa da, cavabdehə həmin fərdi yaşayış evinin 1 otağının 11.000 manata satılması təsdiqini tapmır.

23. İddiaçı fərdi yaşayış evin tam deyil, yalnız 1 otağını 11.000 manata satmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir. İşdə olan qəbzdə qeyd olunur ki, iddiaçı evini cavabdehə 11.000 manata satmışdır.

24. Mübahisəli fərdi yaşayış evinin yalnız 1 otağının satılması ilə bağlı hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iş materialları ilə fərdi yaşayış evinin yalnız 1 otağının satılması təsdiqini tapmamışdır.

25. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7.000 tutulması barədə iddiaç ının xahişinə qiymət verərək qeyd etmişdir ki, həmin hissə iddia tələbinin 1-ci hissəsindən doğan tələb olduğundan və həmin hissə təmin edilmədiyindən cavabdehdən 7.000 manat ziyanın tutulması tələbi də təmin edilə bilməz.

26. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edilməsinə əsas olan hal kimi məhkəmə iddiaçı tərəfindən iddianın tam sübuta yetirilməməsini göstərmişdir. Hansıki burada 1-ci İnstansiya məhk əməsi də yerli baxış təyin etmiş və iddia ərizəsində göstərilən hallar yerli baxış zamanı sübut edilmişdir. Bundan başqa cavabdehin həmin otaqlarda hələ də iddiaçıya məxsus olan əşyaları istifadə etdiyi öz təsdiqini tapmışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsində işə baxılarkən cavabdehin əmisi arvadı və dayısı şahid qismində dindirilmişdir. Bu şəxslər dindirilən zaman şahidlik etdikləri halları yox özlərinin tərəf olduğu əməliyyatı danışıblar. Bu hal məhkəmənin diqqətinə çatdırılmışdır ki, şahidlər maraqlı şəxs olduqları üçün onların dindirilməsinin heç bir nəticəsi olmamalıdır. Birinci instansiya məhkəməsində bildirilmişdir ki, 11.000 manata Xırdalan şəhərində 3 otaq ev və həyətyanı sahə alınması ağlabatan deyil. Apellyasiya baxışı zamanı məhkəmə bunu nəzərə almamışdır. Belə ki, tərəflərindən qiymətləndirilmə təyin edilməsi xahiş edilsə də təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

32. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

33. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tik inti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

36. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

37. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evini tam deyil, yalnız 1 otağını 11.000 manata satmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir. İşdə olan qəbzdə qeyd olunur ki, iddiaçı evini cavabdehə 11.000 manata satmışdır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassa siya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(105)- 2038/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar