Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1210/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “miras qalmış əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi, özbaşına tikiliyə istifadə hüququnun tanınması və köçürülmə, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2612/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbayca n Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X5 və İddiaçı 11 yanvar 2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 17 noyabr 2007-ci il təvəllüdlü Aysu adlı övladları anadan olmuş, 10 dekabr 2008-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdeh X1 başqa nikahdan olan övladıdır. X5 12 avqust 2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti başçısının X7 Dairəsi üzrə İcra Nümayəndəliyinin 25 noyabr 2020-ci il tarixli məktubuna əsasən Qobu qəsəbəsi, Qarayev küçəsi, 16 saylı ünvanda yerləşən ev mərhum Cavabdeh adına olmuşdur. Evdə mərhumun oğlu X6 öz ailəsi ilə birgə yaşayır. Əlavə tikilmiş yardımçı 2 otaqda mərhum X1 oğlu Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Evin he ç bir hüquqi sənədi yoxdur. Abşeron rayonu Qobu bələdiyyəsinin 14 mart 2017-ci il tarixli arayışının surətinə əsasən X3 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. X1 mülkiyyətində **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını və **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu olmuş, etibarnamə ilə bir neçə şəxsin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması və iddianın dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, X1 miras qoyduğu **-BC*** dövlət qeydiyyat nişanlı “Kamaz 5 410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobili, Abşeron rayonu, Qobu qəsəbəsində X1 adına qeydiyyatda olan 24 sot torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlakı onun qanun üzrə vərəsələri X4, İddiaçı və Cavabdeh arasında bərabər paylar ilə bölünməsi və miras qalmış əmlakın 2/3 hissə olmaqla X2 və İddiaçı, 1/3 hissə olmaqla Cavabdeh verilməsi, İddiaçı və onun qızı azyaşlı X2 Cavabdeh sahibliyində və istifadəsinə olan mərhum X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X5 ilə rəsmi nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək uzun müddət həmin evdə yaşamış, azyaşlı qızı X4 həmin evdə dünyaya gəlmişdir. X1 ölümündən sonra birinci növbə vərəsələr sırasına Cavabdeh, İddiaçı və X4 daxildir. 17 noyabr 2016-cı il tarixdə Cavabdeh notariat kontoruna müraciət etsə də, ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mərhum tərəfindən heç bir vəsiyyətnamə qoyulmasa da, mülkiyyətində olan əmlaklar cavabdeh tərəfindən qanunazidd şəkildə mənimsənilmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı əmlaka sahiblik edə bilməmiş və ondan istifadə edə bilməmişdir. İddiaçı və qızı kirayədə yaşayırlar. Mübahisələndirilən evi X1 atası tikdirərək mərhuma vermişdir. Həmin evə iddiaçının və onun qızının istifadə hüququnun tanınması zəruridir. Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-287/2021 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini miras əmlakın kütləsinə X3 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinə dair hüquqların, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşınının və **ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun daxil olmasını müəyyən etmiş və Mülki Məcəllənin 1151.1, 1163, 1164, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçı və mərhum X5 arasında rəsmi nikahları ləğv edildiyindən MM-in 1163-cü maddəsinə əsasən iddiaçı keçmiş ərinin vərəsəsi ola bilməz. Ona görə də, onun miras əmlakla bağlı iddia tələbi təmin edilə bilməz. İddiaçın ın qanuni nümayəndə olan qızı X2 münasibətdə məhkəmə qeyd etmişdir ki, uşaq həmişə anasının himayəsində yaşamış və tərəflər arasında nikahın ləğvinə dair məhkəmə qətnaməsi ilə də, həmin uşaq ananın himayəsində saxlanmışdır. İddiaçı miras qoyanın ölümündən sonra MM-in 1246-cı maddəsində nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün Notariat kontoruna müraciət etməmiş, habelə mirası faktiki qəbul etməmişlər. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qızı Aysuya münasibətdə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlaka aid hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, belə bir miras əmlak yoxdur, həmin ev özbaşına tikilidir, onun bir hissəsində cavabdeh ailəsi ilə, digər hissəsində isə cavabdehin əmisi ailəsi ilə birlikdə yaşayırlar. İddia tələbinin miras əmlak kimi həmin tikiliyə aid hissəsi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin İddiaçı və onun qızı azyaşlı X2 Cavabdeh sahibliyində və istifadəsinə olan mərhum X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınması və onların həmin evə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki mübahisəli tikili özbaşına tikili olmaqla cavabdehin babası tərəfindən tikilmişdir. İddiaçı mərhum X5 ilə 2007-ci ilin yanvarında ailə qurandan sonra orada cəmi bir neçə ay yaşamış, qızı Aysuya hamilə olduğu vaxt oranı tərk edib getmiş və həmin vaxtdan sonra bir daha həmin tikiliyə qayıtmamışdır. İddiaçının qızı Aysu həmişə anasının himayəsində yaşamış, azyaşlıdır. Mübahisəli özbaşına tikili də iddiaçının və onun azyaşlı qızının yaşamaq hüquqları mövcud deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-287/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2612/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)287/2021 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmiş və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2612/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının azyaşlı uşağı Aysu heç bir əsas olmadan atasına olan vərəsəlik hüququndan, miras əmlakından məhrum edilmiş, bununla da MM-in 1159.1.1, 1243-cü maddələri pozulmuşdur. İddiaçı 04 aprel 2017-ci il tarixdə ərizə ilə Abşeron rayon 1 saylı notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı ərizə ilə müraciət etmiş, bununla da o, habelə azyaşlı qızı mirası qəbul etmişlər. Məhkəmə iddiaçının və azyaşlı qızının mirası vaxtında qəbul etməməsi qənaətinə gəlməklə, işin hallarını düzgün müəyyən etməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırda apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyəti ndən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2 -ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı b ərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağı rıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifa dələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı ilə mərhum X5 arasında nikah 10 dekabr 2008-ci ilə pozulduğundan Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən o, keçmiş ərinin vərəsəsi hesab oluna bilməz. İddiaçının azyaşlı qızı isə qanunvericiliyə əsasən mərhum atasının birinci növbəli vərəsəsi olsa da, işin faktiki hallarını araşdıran məhkəmələr təqdim olunan sübutları qiymətləndirərək əsaslı olaraq hesab etmişlər ki, onun tərəfindən (qanuni nümayəndəsi olan iddiaçının vasitəsi ilə) miras MM-in 1246-cı maddəsinə müəyyən olunmuş müddətdə qəbul edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın açıldığını bilməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin müəyyən edilən müddət ərzində iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Bununla bağlı olaraq məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı isə miras əmlakı mirasqoyanların ölümündən sonra MM-in 1246-cı maddəsi ilə müəyyən olunan müddət ərzində qəbul etdiyinə dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Kassasiya şikayətinin məzmunundan da müəyy ən olunur ki, iddiaçı notariat orqanına yalnız 04 aprel 2017-ci ildə, yəni MM-in 1246-cı maddəsi ilə müəyyən olunmuş müddət ötürülməklə müraciət edilmişdir. Nəhayət mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə də əsaslı olmuşdur. Belə ki, məhkəmələrin müəyyən etdiyi hal ondan ibarət olmuşdur ki, göstərilən ev özbaşına tikili olaraq mərhum X1 atası tərəfindən inşa olunmuş, iddiaçı isə həmin evə 2007-ci ildə gəlin gəlsə də, qısa müddət ərzində orada yaşamış, nikahı pozulduqdan sonra isə ümumiyyətlə həmin tikiliyə köçməyə cəhd etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki hallar ı tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2612/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1210/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1210/2022
05.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver