Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-274/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – ASC) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 601913 saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır və həmin evdə su xəttinə quraşdırılmış su sayğacının sərfiyyatına uyğun ödənişlər edərək sudan istifadə edir. Cavabdeh ASC tərəfindən onun istifadəsində olmayan, mülkiyyət hüququ əsasında arvadı X3 məxsus olan və X1 istifadə etdiyi, təxminən 20 kv.m sahəsi olan çayxanaya görə 2052 manat cərimə onun adına olan sayğaca yazılmışdır. Aktın yazılması barədə ona məlumat verilməmiş, aktı imzalamamışdır. Bundan başqa, həmin çayxana təxminən saat 08:00-dan 17:00-a kimi işləyir. Çayxananın aylıq su sərfiyyatı da təxminən 3-5 manat təşkil edir. Belə olan halda, hətta qanunsuz olaraq sudan istifadə edilsə belə, itirilmiş su sərfiyyatı 2052 manat təşkil edə bilməz.
3. İşdə olan və məhkəmə iclasında elan edilmiş "Azərsu” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 601913 saylı aktda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən obyektin (çayxananın) sayğacdan kənar birləşmə vasitəsilə qanunsuz olaraq sudan i stifadə etdiyi aşkar edilmiş, həmin akt əsasında istehlakçı (abonent) İddiaçı adına 2052 manat borc əlavə edilmişdir.
4. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 oktyabr 2023-cü il tarixli, 2(055)-1016/2023 saylı qətnaməsi ilə (hakim M.Sadıqov) iddia təmin edilmiş, cavabdeh "Azərsu” ASC-nin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktı ləğv edilmiş və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borcun silinməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Cavabdeh ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətna məsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən işin məhkəmə və ərazi aidiyyəti qaydalarını pozmuşdur. Elektron xidmətlərin vergi ödəyiciləri barədə məlumat bazasında İddiaçı adına ********** nömrəsi ilə vergi uçotuna qeydə alındığı görünür. Beləliklə iddiaçı fiziki şəxs olmaqla, fərdi sahibkar statusuna malik şəxsdir və hazırkı mübahisə bilavasitə onun sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bundan başqa, MPM-in tələbinə əsasən iddia hüquqi şəxsin hüquqi ünvanı üzrə verilir. Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67-dir. Belə olan halda işə Bakı Kommersiya Məhkəməsində baxılmalı idi. Lakin işi icraatına qəbul edən məhkəmə işin hazırlıq mərhələsində işi nəzərdə keçirib qeyd ol unan əsaslar üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi.
7. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, qeyd edilən “Çayxana”-nın su sayğacı onun adınadır. Həmin sayğacın onun adına rəsmləşdirilməsindən xəbəri olmamışdır. Əgər xəbəri olsaydı sayğacın onun adına rəsmləşdirilməsinə imkan verməzdi. Çayxana müqavilə əsasında arvadının adınadır. Arvadı isə həmin çayxananı X2 icarəyə vermişdir.
8. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və göstərmişdir ki, hazırkı mülki iş aidiyyəti üzrə Saatlı Ray on Məhkəməsində düzgün baxılmışdır. İddiaçının VÖEN-ni olsa da bu “Çayxana” işlətməsi üçün deyil, dənli (çəltik istisna olmaqla) bitkilərin istehsalı üçün olmuşdur. Buna görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-274/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə (C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı vergi ödəyici olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
11. Həmçinin nəzərə alı nmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı iddiaçının icarəyə verilmiş çayxanadan gəlir götürməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Halbuki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
14. Cavabdeh iddiaçı ilə müqavilə bağlamamışdır. Bundan başqa, məhkəmə mübahisənin kommersiya məhkəməsinə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini nəzərə almamışdır. Mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı halda mübahisənin kommersiya mübahisəsi olması qənaətinə gəlinmişdir. Həmçinin istehlakçıların hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qərardadla bu maddənin də tələbi po zulmuşdur. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
15. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
16. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
17. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kassasiya instansiya m əhkəməsinin mövqeyi 18. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə ə sasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyrihökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması MPM-in 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
19. Baxılan iş üzrə iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, cavabdeh isə içməli suyun satışı üzrə təbii inhisar subyekti olan hüquqi şəxs - Cavabdeh ASC-dir. Tərəflər arasındakı mübahisə kommersiya fəaliyyəti göstərən qeyri-yaşayış sahəsində (çayxana) iddiaçının adına olan sayğacda sudan istifadədən irəli gəlir. Göründüyü kimi mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.
20. Şik ayətin dəlilləri əsassızdır. Belə ki, ünvanda yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış su sayğacının abonenti vergi ödəyicisi olan iddiaçı olduğu üçün hətta həmin obyektin yerləşdiyi torpaq sahəsinin başqa şəxsə məxsus olduğu və ya obyektin digər şəxsə icarəyə verildiyi təsdiq olunduğu halda belə, bu, hazırkı mübahisənin məhkəmə aidiyyətin dəyişməsinə səbəb olmur.
21. İddiaçının sahibkarlıq fəaliyyətinin istiqaməti ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, yuxarıda adı çəkilən Plenum Qərarının 28-ci maddəsi ilə məhkəmələrə izah edilmişdir ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəm əsinə aidiyyətini dəyişdirmir.
22. Bu baxımdan apellyasiya instansiya məhkəməsi işi baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-274/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.