Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1234/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Heydər Əliyev adına X7”nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7152/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır;
2. Mübahisə həmin torpaq sahəsində Cavabdeh1 inşa etdiyi, iddiaçı “Heydər Əliyev adına X7”na məxsus daxili nafta xəttinin mühafizə zonasına düşən özbaşına tikililərin sökülməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Heydər Əli yev adına X7”-na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə Cavabdeh1 tərəfindən aparılan tikilinin özbaşına tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X6 (NEZ) ünvanlanmış məktuba əsasən, xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına NEZ-ə məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə Cavabdeh1 tərəfindən köhnədən hasara alınmış həyətyanı sahədə 7X10 metr ölçülərdə 18 mişar daşı hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması Cavabdeh1 rəsmi qaydada bildirilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olar aq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir n eçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
5. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
6. Cavabdeh1 izahatında iddiaçı tərəfin işin bəzi hallarını təhrif etdiyini, torpaq sahəsinin xüsusi mülkiyyəti hü ququ əsasında Cavabdeh2 məxsus olmasını və hazırda belə bir iddianın qaldırılmasında iddiaçının subyektiv hüququnun olmamasını bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, o, öz mülkiyyətində olan torpaq sahəsinin üzərində tikinti işlərini görmüş, bu tikinti işlərinə icazənin alınması ilə bağlı məlumatlandırma icraatı qaydasında notarial qaydada yazılmış ərizə ilə icra hakimiyyətinə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, 1999-cu il tarixli sərəncam əsasında torpaq sahəsi Cavabdeh2 verilmiş, 2000-ci ildə yaşayış evi tikilmiş, 2011-ci ildə isə həmin yerdə neft kəmərləri salınmışdır. Göründüyü kimi cavabdeh ev tikərkən və hasar çəkilərkən iddiaçı orada olmamışdır. Həmçinin bildirmişdir ki, cavabdeh 6 sot torpaq sahəsini hasara alarkən və ev tikərkən iddiası olmamış, məhz bünövrəsi 4 daş ola n hasarın üstünə 5 daş qoyulan zaman tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İzahatına əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 10/4398 saylı ekspert rəyinə əsasən, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin daxilində mövcud olan tikililər ilə Heydər Əliyev adına X7na məxsus Dş 250 mm-lik nafta xətti arasındakı məsafələr müəyyən edilmişdir. İddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr təşkil edir və iddia olunan torpaq sahə sində inşa olunan tikililər Heydər Əliyev adına X7na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)110/2023 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməyərək öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ərazidə 0,0511 ha torpaq sahəsi Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqə ləri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir. Çünki, Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia tələbi əsassızdır. Belə ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində tikiləcək tikin tilərə “qanuni gözləntisi” var.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə hesab etmişdir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur və həmin tikilinin sökülməsi cavabdehlərin fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozulmasına şərait yaradır. İddiaçı tərəfindən hazırki iddianın qaldırılmasının əsas məqsədi boru kəmərləri və neft məhsulları anbarlarında hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün təhlükə törətməsinin qarşısını almaqdır. Buna görə də bu münasibətlərə iddia müddəti tətbiq edilə bilməz.
11. Birinci in stansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152, 180.1, 180.2 və 240.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2004-cü il və xx.xx.2015-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbini n təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmiş, tikinti aparılan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olması əsas götürülərək, mühafizə zonasında tikilməsinə baxmayaraq aparılan tikinti işlərinin qanuni olması qənaətinə gəlinmişdir. Halbuki, mövcud Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyinin icazəsinin tələb olunmas ı mütləqdir. Cavabdeh tərəfindən tikinti işlərinin həyata keçirilməsi üçün Qaydalarda nəzərdə tutulan razılığın alınmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh2 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 331 nömrəli, xx.xx.1999-cu il Sərəncamı ilə ayrılmış torpaq sahəsi fərdi ev tikintisi üçün nəzərdə tutulmuş olsa da, məhkəmə tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə əsasən, iddia olunan torpaq sahəsində inşa olunan tikililər Heydər Əliyev adına X7na məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, ekspertizanın rəyində tikintinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi göst ərilmiş, bu hal həmin tikilinin özbaşına tikili hesab edilməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi ekspert rəyinə bir sübut kimi ümumiyyətlə qiymət verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 2(103)-7152/2023 nömrəli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)-110/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və çıxarışd a həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olaraq qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alınmışdır və bu zaman mülkiyyət isə dövlət tərəfindən müdafiə olunmuşdur. Buna görə də iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir.
16. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152.1, 157.8, 180.1, 180.2, 180.3, 180.4, 240.1 və 240.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2 və 77. 1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən X5 əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olmasına əhəmiyyət verilməmişdir. Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəfindən əhəmiyyət verilməyərək və tikinti aparılan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olması əsas götürülərək, mühafizə zonasında tikilməsinə baxmayaraq aparılan tikinti işlərinin qanuni olması qənaətinə gəlinmişdir. Halbuki, mövcud Qaydalarda da birbaşa olaraq göstərilmişdir ki, mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın (SOCAR-ın və yaxud X5) rəyinin və Energetika Nazirliyinin, həmçinin X1 Dövlət Agentliyinin icazəsinin tələb olunması mütləqdir. Cavabdeh tərəfindən isə tikinti işlərinin həyata keçirilməsi üçün Qaydalarda nəzərdə tutulan razılığın alınmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.
19. İddiaçı kassasiya şikayətinin digər dəlilini onunla əsaslandırmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi X6 məxsus nəql olunan boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılması üçün dövlət orqanlarından lazımi icazənin alınıb-alınmamasını, eləcə də tikintinin şəhərsalma norma və qaydalarına uyğun həyata keçirilib-keçirilməməsini araşdırmamışdır. Məhkəmələr Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba aparılan qanunsuz tikinti işlərinə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən razılığın verilməsi kimi hüquqi qiymət vermişlər. Məhkəmələr müvafiq icra hakimiyyəti orqanını məlumatlandırdığı qənaətinə gəlsələr də, cavabdeh tərəfindən yazılmış həmin ərizənin Xətai RİH-nə daxil olub-olmamasını, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4.-cü maddəsində göstərilən ərizəyə əlavə edilməli olan sənədlərin RİH-nə təqdim edilib-edilməməsini aydınlaşdırmamışlar. Halbuki, məhkəmələr göstərilən halların araşdırılması üçün X ətai RİH-nə müvafiq sorğu ünvanlanmaqla yanaşı, Xətai RİH-nin nümayəndəsi məhkəməyə dəvət olunaraq onun izahatı almalı və aparılan tikinti işlərinin həyata keçirilməsinə Xətai Rayon İcra Hakimiyyətinin münasibəti öyrənilməli idi.
20. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29.6-cı, Mülki Məcəllənin 6.3, 180.1, 180.4, 220.6, 221 və 240.1-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.3, 80.4 və 80.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Nazirlər Kabinetinin xx.xx.2024cü il tarixli 167 nömrəli Qərarına və Mülki Prossesual Məcəllənin 14.2, 88, 103.1, 217.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
23. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 X3:
24. Maddə 6, hissə.
1. Hər k əs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
26. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 180.1 Tikinti məqsədləri üçün a yrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
30. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qu ra və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 3
5. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. İddiaçı “Heydər Əliyev adına X7” ona məxsus daxili nafta xəttinin mühafizə zonasına düşən, Cavabdeh2 mülkiyyətində yerləşən özbaşına tikililərin sökülməsini tələb edir.
40. Cavabdeh tərəf isə iddiaya etiraz edərək bildirir ki, tikililər mülkiyyət hüququnun dövlət reyestrdə qeydə alındığı torpaq sahəsində inşa edilmişdir.
41. Məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Tikililərin həmin reyestrdə qeydə alınmasına dair sənədlər təqdim olunmamışdır.
42. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, həmin sahədə inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddia təmin edilə bilməz. Qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia əsassızdır. Belə ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində tikiləcək tikintilərə “qanuni gözləntisi” var (§ 9).
43. Apellyasiya instans iyası məhkəməsi bu mövqe razılaşmışdır (§ 15).
44. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
45. Əvvəla, mübahisəli tikililərin üzərində yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində və bu səbəblə onun həmin tikililərə “qanuni gözləntisi”nin olması həmin predmetlərə əşya hüquqlarından irəli gələn münasibətlər baxımından əhəmiyyət kəsb edir. Başqa sözlə, bu tikililərin torpaq mülkiyyətçisinə məxsus olması ilə bağlı yarana biləcək mübahisədə tikililərin əsas daşınmaz olan torpaq sahəsinə bağlılığı və vahid mülkiyyət prinsipinin tətbiqi müzakirə edilə bilər (§ 25).
46. Baxılan işdəki mübahisə isə özbaşına tikili statusunda olan predmetlərin başqa şəxsin mənafelərini pozmasından irəli gələn tələblə bağlıdır.
47. Diqqət edilməlidir ki, mövcud qanunvericilikdə vahid daşınmaz əşya (vahid mülkiyyət) və əşyanın tərkib hissəsinin mülkiyyətçisi ilə bağlı tənzimləmələrdə özbaşına tikililər istisna edilmişdir.
48. Belə ki, Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən, özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (§ 26).
49. Eyni yanaşma, həmin Məcəllənin 240.1-ci maddəsində əks olunmuşdur. Normaya əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (§ 30).
50. Göründü yü kimi, özbaşına tikili ilə bağlı münasibətləri tənzimləyən normalar həm də mülki qanunvericilikdə nəzərdə tutulmuşdur.
51. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (§ 28).
52. Həmin Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sö külə bilər (§ 29).
53. Normalardan aydın olur ki, lazımi icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikili özbaşına tikinti sayılır və belə tikili ilə qanuni maraqlarına müdaxilə olunan hər bir maraqlı şəxs onun sökülməsi barədə məhkəmədə iddia qaldıra bilər.
54. Hətta tam əşya hüququ sahibi olan mülkiyyətçinin öz əmlakından istifadə etməklə başqa şəxs(lər)ə zərər verməmək öhdəliyi vardır. Mülkiyyətin sosial funksiyasından irəli gələn bu qaydalar qanunvericiliyimizdə açıqca göstərilmişdir.
55. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə görə, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur (§ 22).
56. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən e dilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§ 27).
57. Belə olan halda, başqasının mənafeyinə toxunan özbaşına tikililərin sökülməsi barədə tələblər yuxarıda qeyd edilən normalar əsasında həll edilməlidir.
58. Baxılan işdə iddianı rədd edən məhkəmələr mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına istinad etməklə kifayətlənmiş, mübahisənin maraqları pozulan tərəfin öz başına tikilinin sökülməsi tələbi ilə bağlı olduğunu nəzərə almamış, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-cı maddəsinin dispozisiya şərtləri çərçivəsində hüquqi dəyərləndirmə aparmamışlar.
59. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 10/4398 saylı rəyi ilə müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsində 23 kv.m və 24 kv.m hissələrində mövcud köməkçi tikililər (23 kv.m və 24 kv.m) ilə nafta xətti arasındakı məsafə 11 metr və 27 metr, fərdi yaşayış evi (143 kv.m) ilə nafta xətti arasındakı məsafə 19 metr olmaqla, iddiaçı zavoda məxsus Dş 250 mm-lik daxili nafta xəttinin mühafizə zonasında inşa edildiyindən, həmin tikililərin tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir (§ 7).
60. Belə olan halda, iddianın söykəndiyi faktiki halların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
61. Məhkəmə tərkibi onu da qeyd edir ki, mübahisə predmetlərinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Zəruri olduqda bu məsələlər ekspertiza təyin edilməklə xüsusi biliyə malik olan ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilə bilər.
62. Baxılan işdə apelyasiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alınmamış, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
64. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüq uq normalarını yoxlamadan iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.
65. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 23-24).
66. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
67. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazı mi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7152/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.