Məhkəmə qərarları › İş №2(102)-1252/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1252/2021

06.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı MMC Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1516/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı MMC-nin vəkili Vəkil2, Cavabdeh: Cavabdeh və vəkili X1, Üçüncü şəxs: “X3” ASC-nin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-5381/202 0 saylı qətnaməsindən İddiaçı MMC və üçüncü şəxs “X3” ASC ayrıayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Səbail rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamı ilə cavabdeh istifadəsində olan Nərimanov rayonu, Qarabag küçəsi 9 saylı evin ümumi sahəsi 90 kv.metr olan 2 saylı mənzilini sökmək üçün iddiaçıya təhvil verməyi, sonuncu isə həmin ərazidə tikiləcək hündürmərtəbəli yaşayış binasının küncündə, pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsi tərəfə baxan və binanın 7; 8; 9 və ya 10-cu mərtəbələrində yerləşən ümumi sahəsi 125 kv.metr olan təmirli mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürüb. İddiaçı sözügedən müqavilənin bağlanması zamanı cavabdeh tərəfindən aldadılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, iddiaçı sözügedən sərəncama istinad edərək, mənzilin cavabdehin mülkiyyətində olduğunu bilməməsini, həmin mənzilin ipoteka hüququ ilə yüklü olmasından xəbərsiz olmasını və xəbəri olsaydı, həmin müqaviləni bağlamayacağını bildirsə də, həmin Sərəncamda mənzilin cavabdehin mülkiyyətində olduğu qeyd edilib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339.1, 339.2, 339.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı MMC və üçüncü şəxs “X3 “ ASC eyni məzmunlu apelyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.babayev sədrlik edən, məruzəçi, X. A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339.2, 339.3cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı MMC və üçüncü şəxs “X3” ASC eyni məzmunlu kasasiya şikayətləri verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı MMC kasasiya şikayətində işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması, üçüncü şəxs “X3” ASC kasasiya şikayətində isə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Hər iki kasasiya şikayətləri belə əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsində kasasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları M əhkəmə iclasında İddiaçı MMC-nin vəkili Vəkil2 öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və vəkili Toğrul Babayev məhkəmə iclasında kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs “X3” ASC vəkili Vəkil1 məhkəmə iclasında öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfində n etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə d igər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı MMC və üçüncü şəxs “X3” ASC eyni məzmunlu kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv arışdırmayıb. Belə ki, işdən görünür ki, Nəriman ov rayonu, Qarabağ küçəsi, 9 saylı evin 2-ci mənzili cavabdehin mülkiyyətində olub. Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamı ilə sözügedən mənzilin yaşayış və köməkçi sahələri dəqiqləşdirilərək mənzilin 3 otaqlı, ümumi sahəsinin 90,0 kv.metr, yaşayış sahəsinin 62,3 kv.metr, köməkçi sahəsinin isə 27,7 kv.metr olması müəyyən edilib. Bundan sonra, 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən üçüncü şəxs tərəfindən “xxxx” MMC 18 ay müddətinə 270.000 ABŞ dolları məbləğində kredit xətti açılıb və 27 yanvar 2011-ci il tarixli əlavə razılaşmaya əsasən kredit xəttinin miqdarı aptırılaraq 380.000 ABŞ dolları müəyyən edilib. 24 dekabr 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi və əlavə razılaşma üzrə öhdəliklərin icrasının tə min edilməsi üsulu kimi cavabdehin mülkiyyətində olan Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzili ipoteka qoyulub. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qətnaməsi ilə “X3” ASC iddiası təmin edilərək, borclu “xxxx” MMC sözügedən kredit müqaviləsi və əlavə razılaşma üzrə cəmi 544.319,53 ABŞ dolları kredit borcunun tutulub “X3” ASC ödənilməsi və tutmanın digər ipoteka predmetlərinə, o cümlədən cavabdehin mülkiyyətində olan sözügedən mənzilə yönəldilməsi qət edilib. Daha sonra, 2(103)-6138/2014 saylı icra sənədi üzrə cavabdehin mülkiyyətində olan mənzilin satışı ilə bağlı “xxxx” MMC tərəfindən hərraclar keçirilib, lakin alıcı olmadığı üçün mənzil üçüncü şəxsə təklif edilib və sonuncu təklifi qəbul edib. 18 yanvar 2018-ci il tarixli “Hər racın nəticəli haqqında yekun” Protokola və “Hərracın yekunları üzrə əmlakın alqısatqısı haqqında” müqaviləyə əsasən mənzili üçüncü şəxs əldə edib. 11 sentyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə üçüncü şəxsin adına qeydə alınıb. 16 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən, Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamı ilə cavabdeh istifadəsində olan Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin ümumi sahəsi 90 kv.metr olan 2 saylı mənzilini sökmək üçün iddiaçıya verməyi, sonuncu isə mənzili sökməyi və həmin ərazidə tikiləcək hündür mərtəbəli yaşayış binasının küncündən, pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsi tərəfə baxan və binanın 7; 8; 9 və ya 10-cu mərtəbəsində yerləşən ü mumi sahəsi 125 kv.metr olan təmirli mənzili cavabdehin istifadəsinə verməyi öhdəsinə götürüb. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən müqavilənin bağlanması zamanı cavabdeh tərəfindən aldadılmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsini göstərsə də, gəldiyi nəticəni sadalanan sübutlara uyğun olaraq Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, həmin maddənin mənasına görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Maddənin mənasına görə aldatma dedikdə- şəxsin əsl həqiqəti gizlətməsi, müqavilə üzrə digər tərəfi hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərə k təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər. Müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanunilyi; müqavilənin məzmununun qanunilyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin forma sının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanunilyi- müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hə də-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.3, 339.4-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin tələblərini pozaraq, sözügedən müqavilənin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasında sözügedən müqavilə bağlanarkən mübahisəli mənzilin 24 dekabr 2010cu il tarixli ipoteka müqaviləsinə əsasən üçüncü şəxsin xeyrinə ipoteka qoyulmasını, 11 sentyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzilin sonuncunun mülkiyyətində olmasını nəzərə almadan, bir sözlə cavabdehin ipoteka saxlayan üçüncü şəxsin yazılı razılığı olmadan iddiaçı ilə müqavilə bağlayaraq sözügedən mənzili sökmək üçün sonuncuya təqdim edib, əvəzində mənzilin yerində tikilicək binadan ümumi sahəsi 125 kv.metr olan təmirli mənzil əldə etməsi ba rədə üzərinə öhdəlik götürməklə, faktiki olaraq özünə aid olmayan mənzil üzərində sərəncam verməklə yanaşı, borclu “xxxx” MMC “X3” ASC olan 544.319,53 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, yuxarıda qeyd olunan normanın mənasına görə, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Eyni zamanda Mülki Məcəllənin 205.2-ci maddəsində göstərilir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Göründüyü kimi sözügedən kredit məbləğinin ödənilməsi üçün tutma mübahisəli mənzilə 2(103)-6138/2014 saylı icra sənədinə əsasən yönəldilib və tutmanın yönəldiyi həmin mənzilə mülkiyyətçi kimi cavabdehin mülkiyyət hüququna, həmin mənzil üzərində üçüncü şəxsin mülkiyyət hüququnun əmələ gəldiyi andan, yəni 11 sentyabr 2018-ci il tarixdən xitam verilib. Həmçinin, apelyasiya instansiyası məhkəməsi, Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamına istinad edərək, tərəflər arasında sözügedən müqavilə bağlanarkən iddiaçının mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə cavabdehin mülkiyyətində olduğunu, həmin mənzilin üçüncü şəxsin xeyrinə ipoteka qoyulduğunu bilməsini, sözügedən müqavilənin cavabdehin mənzilə olan istifadə hüququna görə bağlanmasını, yəni yeni tikiləcək binadan ona ümumi sahəsi 125 kv.metr olan təmirli mənzilin istifadə hüququna görə verildiyini göstərsə də, gəldiyi nəticəni tərəflər arasında bağlanmış müqavil ənin şərtlərinə uyğun olaraq kifayət qəbər əsaslandırmayıb. Belə ki, əvvəla, həmin müqavilənin predmeti adlanan 1.1.1-ci bəndində göstərilir ki, cavabdeh sözügedən mənzilə olan istifadə hüququnu deyil, məhz mənzilin özünü sökmək üçün iddiaçıya təhvil verib. Yəni tərəflər arasında müqavilə mənzili sökmək üçün bağlanıb. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, sözügedən müqavilə bağlanarkən cavabdehin mənzili 24 dekabr 2010-cu il tarixdən üçüncü şəxsin xeyrinə ipoteka qoymasını iddiaçıya bildirib-bildirməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmadan, onun borclu “xxxx” MMC təsisçiləri, habelə qanuni təmsilçisi ilə hər hansı bağlığının olub-olmamasına aydınlıq gətirmədən, iddianı rədd etməklə faktiki olaraq üçüncü şəxsin mülkiyyətində olan mənzili onun xeyrinə güzəştə ged ib. Halbuki, mülki qanunvericiliyə görə, borclu “xxxx” MMC əvəzinə kredit borcunun bir hissəsi məhz cavabdehə aid mənzilin dəyəri hesabına ödənildiyi üçün o, həmin mənzilin dəyərini və çəkdiyi digər zərərin əvəzinin ödənilməsini borclu “xxxx” MMC tələb edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnam ədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı MMC-nin və üçüncü şəxs “X3” ASC-nin kasasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-5381/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar