Məhkəmə qərarları › İş №2(102)-1303/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1303/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1303/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il i tarixli, 2(103)8784/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A, 9 mərtəbəli binada, 38,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 104 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ 13 aprel 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı və Cavabdeh 01 dekabr 2007-ci il tarixdə nikaha daxil olmuş və cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə köçmüşdür. Tərəflərin nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, 26 yanvar 2010-cu il təvəllüdlü X1, 10 fevral 2015-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli arayışa əsasən, qiymət müşahidəsi aparılmış mebelsiz bir otaqlı mənzillərin kirayə haqqı Bakı şəhəri üzrə 2021-ci il yanvar ayında 261,86 manat təşkil etmişdir. "xxxx" Hüquq və Qiymətləndirmə şirkəti MMC-nin 14 aprel 2021-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 24a saylı və ona yaxın ərazidə yerləşən binalarda yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı yaşayış üçün yararlı mənzillərin bazar qiyməti 65000 manat-70000 manat arasında dəyişir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı tərə findən cavabdehə 14000 manat kompensasiya verilməklə, ünvan 1-dən istifadə hüququna xitam verilməsi, həmin evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mübahisəli mənzilə köçmüş, onların birgə nikahdan iki uşaqları doğulmuş, cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır. Tərəflərin nikahları 10 dekabr 2020-ci il tarixdə pozulmuş, lakin cavabdeh nikah pozulduqdan sonra da həmin mənzili tərk etməmiş və orada yaşamasını davam etdirir. Tərəflər arasında hüquq münasibəti 2007-ci ildə yarandığından, cavabdehin mənzilə istifadə hüququ yaranmışdır və bu hüququn itirilməsi müvafiq kompensasiyanın ver ilməsi ilə mümkündür. 14000 manat məbləğ bu məqsədlə yetərlidir, çünki cavabdeh həmin məbləğlə hazırkı yaşayış şəraitinə alternativ olan digər yaşayış sahələrindən 3-4 il müddətində istifadə edə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-cu il tarixli, 2(011)-3187/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna İddiaçı tərəfindən 14000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh öz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabde hin mənzilə köçdüyü 2007-ci ildə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülməli, buna müvafiq olaraq mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları baxımından həll olunmalı, həmin Məcəllənin 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olduğundan bu hüquqa kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə kompensasiya məbləğinə münasibətdə qeyd etmişdir ki, bu məbləğ müəyyən olunarkən, mənzilin dəyəri, həmin ərazidə olan yaşayış sahələrinin kirayə haqlarının məbləği, mənzil mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla onların hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığının qorunması, mülkiyyətçinin mülkiyyət hüququna dair mühüm təminatlar nəzərə alınmalı, bu məqsədlə də təklif edilən 14000 manat məbləğdə kompensasiya məbləği ağlabatan həddə hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-cu il tarixli, 2(011)-3187/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-8784/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgədərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında r azılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarlarına istinad edərək göstərmişdir ki, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 14000 manat məbləğində kompensasiya müqabilində Cavabdeh Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 24a saylı evin yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı 104 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iddiaçının 2007-ci ildən fasiləsiz olaraq həmin mənzildə yaşamasını, uzun illər ərzində birgə təsərrüfatın idarə olunmasında iştirak etməsini, birgə nikahlarından doğulmuş iki yetkinlik yaşına çatmayan uşağı təkbaş ına saxlamasını, mənzilin üç otaqdan ibarət olmasını nəzərə almamışdır. Məhkəmə hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehin iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı tərəfə daha yüksək məbləğdə kompensasiya müqabilində mənzildən istifadə hüququ olan cavabdehlə razılığa gəlmək barədə təklif irəli sürülməsinə baxmayaraq, cavabdeh tərəf həmin təkliflə razılaşmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-8784/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən təklif olunan kompensasiyası araşdırılmamış, təklif olunan kompensasiya ilə bağlı iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmeti ni həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edil ə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaq larını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatl arının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsas ən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, cavabdehin mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Bu səbəbdən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə cavabdehin həmin hüququna yalnız tərəflərin razılaşması ilə və ya belə razılaşma olmadıqda, məhkəmə qaydasında cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı cavabdehin bu hüququna xitam verilməsi üçün sonuncuya 14000 manat məbləğində kompensasiya verilməsini təklif etmişdir. Apellyasiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, təklif olunan kompensasiya cavabdehə iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması, lakin təklif olunan kompensasiyanın məbləğinin iddianın təmin olunması üçün kifayət etməməsi qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunma lı kompensasiyanın məbləğini müəyyən etməlidir. Belə ki, mübahisələndirilən qətnamənin məzmunundan müəyyən olunur ki, apellyasiya məhkəməsi iddiaçı tərəfə kompensasiyanın məbləğini artırılmasını, cavabdeh tərəfə isə 20000 manat kompensasiyanın nəzərdən keçirilməsini təklif etmiş, cavabdeh həmin təkliflə razılaşsa da, iddiaçı məbləği artırmaqdan imtina etmişdir. Lakin apellyasiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi istiqamətində araşdırma aparmamış, belə kompensasiyanın məbləğini müəyyən etməmiş, o cümlədən məhkəmənin tərəflərə nəzərdən keçirmələrini təklif etdiyi 20000 manat məbləğinin kompensasiya kimi kifayət edəcəyini göstərməmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsin in Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiy yətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göründüyü kimi, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiq edilməli olduğu halda da, bu maddənin tətbiqində Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi baxımından səhvə yol vermişdir. Digər tərəfdən apellyasiya məhkəməsinin təklif etdiyi 20000 manatın cavabdehin istifadə hüququna xitam verilməsi üçün kompensasiya qismində qiymətləndirilməli olduğu halda, apellyasiya məhkəməsi həmin məbləğinin hansı sübutlara əsasən müəyyən edilməsini əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olduğu qənaətinə gəldiyi halda, qanunvericiliyin tələblərinə əsasən bu əsaslandırılmalı, Konstitusiya Məhkəməsi P lenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il i tarixli, 2(103)-8784/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar