Məhkəmə qərarları › İş №2(102)-1345/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1345/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1345/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, “Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə (3-cü şəxslər Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarının etibarsızlığı, hərrac barədə məlumatlandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-2270/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı ev, 27 saylı mənzil (bundan sonra – ipoteka predmeti və ya mənzil) məhkəmə qətnaməsinin icrası qaydasında ilkin satış qiyməti 78000 manat məbləğində, 15% endirimlə olan qiyməti 66300 manat, 25% endirimlə satış qiyməti 49725 manat məbləğində müəyyən edilərək, Cavabdeh1 (bundan sonra – Hərrac mərkəzi) tərəfindən hərraca çıxarılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, mənzil Cavabdeh2 Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Kredit Təşkilatı) 49725 manata satılmışdır. “Kaspi” qəzetinin 27-xx xxxxxxx 2018-ci il tarixli buraxılışlarında ipoteka predmetinin Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixində saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Həmin qəzetin xx xxxxxx 2018-ci il tarixli buraxılışında ipoteka predmetinin Cavabdeh1 MMC tərəfindən xx.xx.2019-cu il tarixində saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. İpoteka predmeti xx.xx.2019-cu il tarixdə Kredit Təşkilatının adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Hərrac mərkəzinə və Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, Hərrac mərkəzi tərəfindən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracın və “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli 01 nömrəli protokolun etibarsız sayılması, Kredit Təşkilatının adına verilmiş çıxarışın ləğv edilməsi və təkrar hərracın keçirilməsinin hərrac mərkəzinin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1396/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əsasında ipoteka predmetinin ilkin satış qiyməti 78.000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Hərrac mərkəzi tərəfindən keçirilmiş hərracda həmin mənzil satılmışdır. Həmin hərrac və onun nəticələri etibarsız sayılmalıdır. Belə ki, baş tutan hərrac prosesləri barədə ona heç bir mə lumat verilməmişdir. Kredit Təşkilatının vəzifəli şəxslərindən olan Turan adlı şəxs onlara bildirmişdir ki, hərraca baş qoşmasınlar, onlara qrafik açılsın, hər ay pulu ödəsin, onlar hərracı dayandıra bilərlər. İddiaçı buna görə hər ay Kredit Təşkilatına pul ödəməyə başlamışdır. Ümumilikdə 8000 manata yaxın pul ödənilmişdir. Sonradan məlum olmuşdur ki, Hərrac mərkəzi tərəfindən mənzil barəsində hərrac keçirilmiş və Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 01 nömrəli protokol tərtib edilmişdir. Həmin mənzili Kredit Təşkilatı əldə edərək adına rəsmi reyestrdə qeydiyyatdan keçirmişdir. Göründüyü kimi, hərrac onun xəbəri və iştirakı olmadan baş tutmuş və bu, Kredit Təşkilatının onun etibarından sui-istifadə etməsi nəticəsində baş vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bu ndan sonra - birinci instansiya məhkəməsi) 2(005)-4624/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – K.Əmirxanova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərrac mərkəzi tərəfindən iddiaçıya açıq hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, 03-147 nömrəli və xx.xx.2018-ci il tarixli, 03/147-1 nömrəli bildirişlər göndərilmiş və hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Eyni zamanda, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.1, 415.2-ci maddələrinə, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Q anun) 42.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2270/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına Mülki Məcəllənin 6, 319.5, 415.2. “İpoteka haqqında” Qanunun 43.3-43.7 maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona məlumat verilməməsi barədə idd iaçının arqumentləri öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, işin hallarını ümumiyyətlə araşdırmamış, proses iştirakçılarının bir qisminin məhkəmə iclasında iş tirakını təmin etməməklə, tərəflərin çəkişmə prinsipini pozmuşdur. Kassasiya şikayətinin əsası kimi MPM-nin 9.3, 88, 165-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında Kredit Təşkilatının nümayəndəsi qeyd etmişdir ki, hərracın keçirilməsi ilə bağlı məlumat ipoteka qoyana rəsmi qaydada çatdırılmışdır, “Kaspi” qəzetinin buraxılışlarında ipoteka predmetinin hərraca çıxarılacağına dair elanlar yerləşdirilmişdir. Hərracın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma ap armır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanun Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotekaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. E landa və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər (maddə 42). Hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı il ə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmus qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəb ə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər (maddə 43). Mülki Məcəllə Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qay daları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassatorlar şikayətində apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının t ətbiqində səhvə yol verdiyini ümumi ifadələrlə qeyd etsələr də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2270/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar