Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1374/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə xxx oğlunun, X3, xxxoğlunun, X1 və X2 mülkiyyətlərinə ünvan 1i ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bununla bağlı JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı təsdiq olunmuşdur. Həmin torpaq sahəsinin 2,65 ha hissəsinə dövlət rey estrindən çıxarış verilmişdir. JN-0352 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ndə yerləşən 68,43 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Dövlət aktının verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsi göstərilmişdir. ünvan 1ndə yerləşən 3,134336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 04 iyun 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır. Cavabdeh2 həmin torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmış, həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 14 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qusar Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli məktubuna əsasən həmin məhkəmənin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan mübahisə ilə əlaqədardır və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli Seriya RX № ******* saylı Çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə Qusar rayonunun Gündüzqala kəndi ərazisindən 4,04 hektar torpaq sahəsi verilmiş, lakin onlar maliyyə cəhətdən imkanları məhdud olduğundan həmin torpaqdan istifadə etməmişlər. 2006-cı ildə qeyd edilmiş torpaq sahələrinə Çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar iddiaçı həmin dövrdə Gündüzqala bələdiyyəsinin sədri vəzifəsində işləmiş X6 müraciət etmiş, torpağa dair Dövlət Aktının əslini ona vermişdir. Uzun müddət keçməsinə baxmayaraq X4ytarmaq istəməmiş və yaxın gələcəkdə Çıxarış alıb ona verəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayında torpaq sahəsini satmaq məqsədilə Gündüzqala bələdiyyəsinin sədri X7 müraciət edərək torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qaytarılmasını xahiş etdikdə, sonuncu torpaq sahəsinin kənar şəxslərə satıldığını bildirmişdir. Məlum olmuşdur ki, JN0003 KOD 30107038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq sahəsinə dair Dövlət reyestrindən Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixdə Seriya MH № ******* saylı Çıxarış verilmiş, Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Sözü gedən alqı-satqı müqaviləsi saxtadır və etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş Çıxarışlar isə ləğv edilməlidir. Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddia qismən təmin edilmiş, 3,13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin 2,65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfin dən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli Seriya RX № ******* saylı Çıxarışların 2,65 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 149.2, 337.1, 337.2, 337.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçıya və ailəsinə məxsus torpaq sahəsinin 2,65 hektar hissəsinə Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixli Seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi, Qusar rayon Notariat Kontorunun 31 iyul 2018-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əs asən Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satması və Cavabdeh1 adına Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi iddiaçı xxx oğlunun və ailəsinin özlərinə məxsus 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.65 hektar hissəsi üzərində mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyətlərindən əsassız olaraq məhrum olmalarına səbəb olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ona qarşı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafarindən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)- 571/2020 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının və ailə üzvlərinin mübahisəli 2,65 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. Mülkiyyətçinin ona məxsus əmlakdan istifadə etməm əsi onu qətiyyən həmin əmlaka olan hüquqlardan məhrum etmir və başqa şəxslərə həmin hüquqları bu səbəblə mənimsəməyə əsas vermir. İddiaçının torpaq sahəsindən istifadə etməməsi cavabdehlərə həmin əmlakı göstərilən qaydada qanunsuz olaraq ələ keçirməyə motiv ola bilməz və onların bu hərəkəti birmənalı şəkildə yolverilməzdir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 adına tərtib edilmiş reyestrdən çıxarışın həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması barədə apellyasiya şikayətinin dəlili əsassızdır, çünki sonuncu mübahisələndirilən 2,65 ha torpaq sahəsini qanunsuz əsaslarla əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mübahisəsiz vicdanlı sahib kimi qəbul etmək çətindir. Belə ki, o, mübahisəli torpaq sahəsini satın alarkən satıcı qismində Cavabdeh2 deyil, onun nümayəndə si X10 iştirak etmişdir. Həmin dövrdə Cavabdeh2 Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilmiş və 12 il azadlıqdan məhrum edilmişdir. Digər tərəfdən Cavabdeh2 mübahisəli torpaq sahəsini mövcud olmayan məhkəmə qətnaməsi əsasında əldə etmişdir. Cavabdeh1 qeyd olunan qətnamənin mövcud olmadığını bilməyə bilərdi, lakin onun məhkəmə yolu ilə əldə edilmiş torpaq sahəsinə dair mübahisə olmasını bilməməsi ağlabatan görünmür. Ən azı o, bunu bilməli və görməli idi. Göründüyü kimi alıcı kimi Cavabdeh1 bu barədə lazımi ehtiyatlılıq tədbirləri görməmiş, sayıqlıq göstərməmiş, qanunsuz əsaslarla ələ keçirilmiş başqasının mülkiyyətində olan əmlakı almaqla əsl mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Bu halda isə onun həmin torpaq sahəsinə dair vicdanlı sahib olmasından sö hbət gedə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli RX ******* saylı çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını düzgün müəyyən etməmişdi r. Belə ki, mübahisəli torpaq sahəsi kassatorun mülkiyyətinə keçməzdən əvvəl QSC “Bank Standard” KB-də Cavabdeh2 tərəfindən götürülmüş kreditlə ipoteka yolu ilə yüklü edilmiş və həmin borc məbləği kassator tərəfindən qarşılandıqdan sonra, alqı-satqı əsasında onun mülkiyyətimə verilmişdir. Məhkəmə “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin qərara əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul edi lir. Mübahisəli torpaq sahəsinə Cavabdeh2 adına JN-0352 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilərkən və bu əsasında sonuncunun adına 04 iyun 2007-ci il tarixli, MH000898 saylı reyestrdə çıxarış verilərkən nə iddiaçının, nədə ki, başqa üçüncü şəxslərin iddiaları olmamışdır. Bütün bu müddət ərzində Cavabdeh2 mübahisəli torpaq sahəsini mülkiyyətində olan torpaq sahəsi kimi istifadə etmişdir. Alqı-satqı müqaviləsi Cavabdeh2 öz oğluna verilmiş olduğu etibarnamə əsasında həyata keçirilmiş, etibarnamə cavabdeh tərəfindən oğluna onun Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsindən əvvəl verilmiş və müvəqqəti saxlandığı təcridxananın rəhbərliyi tərəfindən deyil, notariat kontoru tərəfindən təsdiq edilmişdir. Kassasiya şi kayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İddiaçı xxx oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz işin faktiki halları ilə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlar a və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin olunsa da, apellyasiya şikayətini yalnız cavabdehlərdən Cavabdeh1 vermişdir. Bu səbəbdən apellyasiya baxışının hədlərini iddianın həmin cavabdehə aid hissəsinin yoxlanılması təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi eyni cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşk il edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının, habelə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə Cavabdeh2 hüquqları qanunsuz (mövcud olmayan məhkəmə qətnaməsinə əsasən) qeydiyyata alındığından, dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyası nəzərə alınmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin həmin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2 və 149.2-ci maddələrinin mahiyyətinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçünc ü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. G öründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Mübahisəli torpaq sahəsi üzərində Cavabdeh2 hüquqlarının qanunsuz qeydə alınması yalnız hazırki iş üzrə qəbul olunmuş qətnamələrlə müəyyən olunmuşdur. Lakin, Cavabdeh2 və Cavabdeh1 arasında alqı-satqı müqaviləsi 31 iyul 2018-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır. Həmin zaman isə Cavabdeh2 xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncunun hüquqları mübahisələndir ilməmişdir. Digər tərəfdən apellyasiya məhkəməsi Cavabdeh1 vicdanlı sahib kimi qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi satıcı qismində Cavabdeh2 ilə deyil, sonuncunun nümayəndəsi X10 ilə bağlanmış, Cavabdeh2 həmin zaman azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmçinin Cavabdeh1 satıcının mübahisəli torpaq sahəsi üzərində hüquqlarının məhkəmə qətnaməsi əsasında qeydə alındığı halda, həmin torpağa dair mübahisənin olmasını bilməli olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini maddi hüquq normaları və işin faktiki halları ilə əsaslandırmamışdır. Belə ki, müqavilə tərəfinin səlahiyyətli nümayəndə ilə təmsil olunmasının, habelə əmlaka dair özgəninkiləşdirən tərəfin hüquqlarının məhkəmə aktına əsasən qe ydə alınmasının əqdin qarşı tərəfinin vicdanlığını istisna edən hüquq norması mövcud deyildir. Həmçinin apellyasiya məhkəməsi müqavilə bağlandığı zaman Cavabdeh1 aldığı daşınmaz əmlaka dair hüquqları qeydə alınmış X5 məhkum olunmasını, sonuncunun həmin əmlak üzərinə hüquqlarının məhkəmə aktı əsasında rəsmiləşdirilməsini bildiyini və ya bilməli olduğunu təsdiq edən hər hansı hala istinad etməmişdir. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsi üzrə tərtib olunmuş notariat işində bu hallara dair hər hansı məlumat mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 140, 148.2, 149.2-cı maddələrinə uyğun araşdırılmalı və müəyyən olunan hallara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi d igər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilm əlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş iddia tələbinin Ca vabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli RX ******* saylı çıxarışın ləğv edilməsi hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1374/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1374/2022
14.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver