Məhkəmə qərarları › İş №2(102)-1561/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1561/2023

08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1561/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər X4, X8, Gəncə şəhəri 1 saylı Notariat ofisinə, üçüncü şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama, mirasda məcburi pay, daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2647/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 ilə Nümayəndə xx.xx.2005-ci ildə nikah bağlamışlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 doğulmuşdur.

2. X5 ilə Nümayəndə nikahı xx.xx.2013-cü ildə pozulmuşdur.

3. İddianın obyekti olan ünvan 1 ünvanında 0,0165 ha torpaq sahəsində yerləşən, 69,1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə tam mülkiyyəti hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

4. Zöhrab Talıbov xx.xx.2020-ci ildə ölmüşdür.

5. Cavabdeh1 xx.xx.2021-ci ildə yaşayış evini qızı Cavabdeh2 bağışlamış və xx.xx.2019-cu ildə daşınmaz əşya dövlət reyestrində mülkiyyət hüququ ilə sonuncunun adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv olunması və miras əmlakdan vərəsələrə düşən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4Ə-216 №-li bağışlama müqaviləsinin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən 69,1 kv.m sahəsi olan yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin həmin miras mülkə xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı2 adlı və xx.xx.2011-ci il tarixdə anadan olmuş İddiaçı1 adlı vərəsələrin məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçıların qanuni nümayəndəsi iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, o, 2005-ci ildə X5 ilə ailə qurduqdan sonra ünvan 2 ünvanına öz cehiz əşyaları ilə gəlin köçmüş, iki övladları sözügedən bu mənzildə anadan olduqları gündən etibarən qeydiyyata alınaraq, özü və ailə üzvləri olan mərhum həyat yoldaşı, mərhum qaynanası və mərhum qaynatası sözügedən mə nzildə birgə yaşamışla. Qeyd olunan ünvanda 2 sayda yaşayış evi olmuş, onlardan biri onun ailəsinə məxsus olmuş, həmin evdə iki ədəd elektrik və iki ədəd qaz sayğacı mövcud olmuşdur. Onlara aid olan sayğacların kartları hələ də onda qalmaqdadır. Mərhum həyat yoldaşı ilə ilə nikahlarını ləğv edilsə də, onlar qısa müddətdə barışaraq ailə münasibətlərini davam etdirmiş və həmin mənzildə birgə yaşamışlar. Hal-hazırda da onun ailə qurarkən apardığı cehiz əşyaları və digər əşyaları həmin mənzildə qalmaqdadır. Son vaxtlar evin təmiri və şəraiti yaxşı olmadığına görə və karantin vaxtı qohumları ilə yaxın olmaq üçün ailəsi ilə birgə, yəni mərhum həyat yoldaşı və uşaqları ilə birlikdə müvəqqəti yaşamaq üçün ünvan 3 ünvanına məskunlaşmışlar. Sonra mərhum həyat yoldaşının qəfil ölümü səbəbindən nikahl arını yenidən rəsmiləşdirə bilməmişlər. Cavabdehlərdən Cavabdeh2 qanunsuz olaraq iddia qaldırararq iddiaçıların həmin mənzildən qeydiyyatdan çıxmalarını tələb qoyaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 onların, yəni mülkdə yaşayan və qeydiyyatda olan həmin vaxtı sağ olan, yəni xx.xx.2019-cu il tarixdə mərhum həyat yoldaşının razılığı olmadan övladlarının və mərhum həyat yoldaşının həmin ünvanda qeydiyyatları olduğu təqdirdə necə mülkiyyəti alması və öz qızı Cavabdeh2 necə bağışlaması barədə onlara heç bir məlumat verilməmişdir.

6. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mərhum Zöhrab Talıbov onun qardaşı oğludur. Mübahisəli ev onun adına 2019-cu ildə Zöhrab sağ ikən keçmiş, daha sonra onun qızı Cavabdeh2 bağışlanmışdır.

7. Məhkəm ə iclasında digər Cavabdeh2 B.Mustafazadə ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 10 avqust 2022-ci il tarixli, 2(125)-1017/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların qeyd etdikləri hallara görə, hazırkı bağışlama müqaviləsinin ləğv olunması üçün əsaslar olmamış, işin müəyyən edilmiş hallarından göründüyü kimi, bağışlanan daşınmaz əmlak xüsusi mülkiyyətdə olmuş, bağışlanan əmlak yüklü olmamışdır. Sözügedən bağışlama müqaviləsi qanunun tələblərinə müvafiq olaraq bağlanmış və hədiyyə alan tərəfindən hədiyyə qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından həmçinin g öründüyü kimi, mübahisələndirilən bağışlama müqavilələri heç bir öhdəliklə şərtləndirilməmişdir. İddiaçılar müqavilə tərəfi olmadıqlarından daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvini tələb etməkdə subyektiv hüquqa da malik olmamışlar.

10. Məhkəmə, həmçinin iddiaçıların bağışlamanın onların iradələrindən kənar həyata keçirilməsi, onların mübahisəli evdə qeydiyyatda olmalarına baxmayaraq razılıqlarının notariat orqanında alınmaması barədə göstərdikləri xüsusatları da sadalanan qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edərərk, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə istinad etmişdir.

11. Məhkəmə, ikinci və üçüncü tələblə bağlı qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri bağışlama müqaviləsinin ləğvi üçün əsaslar olmadığından onun əsasında verilən çıxarışın da ləğvi üçün əsas olmamış, eyni zamanda, iddia tələbi məcburi pay hüququ olan vərəsələrə payların müəyyən olunması hissəsində, iddiaçı tərəfin X1 hər hansı miras qalmasına dair məhkəməyə sübut təqdim etmədiyindən əsassız hesab etmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 139.1, 146.2, 152.1,152.5, 359.1, 394, 406.3, 407.2, 666. 667.1, 1133.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1,1243.2, 1243.3, 1245, 1246 və 1255-ci maddələrinə, “Daşınmaz əm lakın Dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanununun 2.1, 2.2, 10.1, 1151.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 2(104)-2647/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ( hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvinə dair tələbi təmin edilmədiyindən, həmin əmlakın Cavabdeh2 adına qeydə alınmasına dair çıxarışın ləğvi tələbi də təmin edilə bilməz, çünki sonuncu tələb əvvəlki tələbdən törəmədir və həmin çıxarış məhz müqavilənin bağlanması ilə əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirən sənəd olduğundan müqavilə qüvvədə olduğu müddətdə o da qüvvədədir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gələrək iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, AR Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərinə əsasən birinci növbə vərəsəlik üzrə ölənin uşaqları barəbarə pay almaq hüququna malikdir. Məhkəmə iş materiallarında olan Cavabdeh1 adına mübahisəli əmlakın 2019-cu il tarixdə qeydə alınması ilə onun sərbəst sərəncamverici hüquqlar əsasında qızı Mustafazadə X9 adına bağışlanması ilə kifayətlənməklə səthi araşdırma aparmaqlaiddia tələbini 3 hissədən ibarət tərkibdə təmin etməmişdir. Məhkəmə tərəfindən qeyd olunan evin 2019-cu ildə Mustafa-sadə Bahar Neymət qızının adına necə və hansı əsasla keçməsi halı araşdırılmamış, iddia tələbinin dəlilləri vərəsəlik halı ilə bağlı hissədə araşdırılmamışdır. Məhkəmə tərəfindən vərəsəlik hüquqi ilə bağlı sübutlar və işin halları tələbi üzrə araşdırılmadığından məhkəmə tərəfindən müqavilənin ləğvi ilə bağlı dəlillər düzgün qiymətləndirilməmişdir.

20. Mülki Məcəllənin 149-cu maddəsinin tələbinə əsasən, hazırda mübahisə predmeti olan və Cavabdeh1 və Cavabdeh2 adına hüququn qeydə alınmasının əsassız olması mübahisə predmeti olduğundan v ə qeyd olunan evin üzərində vərəsəlik hüququ ilə bağlı dəlillər müəyyən edildiyindən məhkəmə tərəfindən aparılmış qeydiyyatın əsassızlığı müəyyən edilməli olduğu halda müəyyən olunmamışdır. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıların mərhum ərinin atasından və anasından miras qaldığından və bundan sonra evi iddiaçının əri faktiki olaraq mirası qəbul etməklə evi idarə etməsi evin qeydiyyatının 2019-cu ilədək yoxsa ondan əvvəl yaranması ilə bağlı hallar aparılmış qeydiyyatın əsaslı və yaxud əsassız olmasına dəlalət edəcəkdir.

21. Məhkəmə prosessual normalara da riayət etməmiş, iş materiallarında olan sənədlərlə və işin halları ilə təsdiq edilmişdir ki, mübahisə predmeti olan vərəsəlik instituna aid hüquqi qiymətləndirmə hər iki instansiya tərəfindən üzgün araşdırılmamış və səthi olaraq qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X7 X6:

23. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

24. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə e tmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərin də hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

29. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

30. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

33. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtlən dirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

39. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

40. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

41. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

42. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləş dirilir.

43. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

44. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

45. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

46. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

56. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, iddiaçılar mübahisə olunan bağışlama müqaviləsinin tərəfi olmadıqları üçün həmin əqdin ləğvini tələb etmək hüququna malik deyillər, habelə Zöhrab Talıbovdan miras qalmasına dair sübut təqdim edilməmişdir (§ 9, 11, 16).

57. İddiaçılar bildirirlər ki, mübahisənin obyekti olan fərdi yaşayış evi onların atası Zöhrab Talıbova məxsus olmuşdur. Z.Talıbov xx.xx.2020-ci ildə vəfat etdiyi üçün onların vərəsə kimi hüquqları yaranmışdır. Belə ki, atalarına məxsus olmuş evin mülkiyyəti Z.Talıbovun sağlığında - xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına keçirilmiş, sonuncu isə xx.xx.2021-ci ildə evi qızı Cavabdeh2 bağışlamışdır. İddiaçılar evə dair mülki hüquqlarının pozulduğunu iddia edərək bağışlama müqaviləsinin və Cavabdeh2 adına olan reyestr qeydinin (çıxarışın) ləğvi, özlərinin məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

58. İddiaçıların dəlillərdən aydın olur ki, onlar atalarına məxsus olmuş mübahisəli mənzilin Zöhrab Talıbovun sağlığında Cavabdeh1 mülkiyyətinə keçməsi nəticəsində özlərinin məcburi pay dan məhrum olmalarına istinad edirlər. İddiaçılar əmlak hüquqlarının pozulması ilə bağlandığını bildirdikləri bağışlama müqaviləsinin (həmin əqdə aid tələb “ləğv” sözü ilə ifadə olunsa da) hüquqi qüvvədən salınmaqla daşınmaz əşya üzərində paylarının tanınmasını tələb edirlər.

59. Məlum olduğu kimi, daşınmaz əmlakın hazırkı mülkiyyətçisinin dövlət reyestrindəki qeydinin ləğv edilməsi və ya iddiaçının adına dəyişdirilməsi tələbi mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması bardədə iddiadır.

60. Mülki Məcəlləyə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında q eydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 28-30).

61. Daşınmaz əmlakın dövlət reyesrində düzəlişə dair mübahisələrin həllində səbəbə bağlılıq prinsipi nəzərə alınmalıdır. Bu prinsipə əsasən, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (mülki hüquqi əqd və s.) etibarlı olduqda həmin qeyd də əsaslı sayılır. Başqa sözlə qeydiyyatın əsaslılığı onun hüquqi səbəbinin keçə rli olub-olmamasına bağlıdır. Ona görə də, iddiaçı tərəfindən cavabdehin adına olan reyestr qeydi mübahisə olunduqda məhkəmə həmin qeydiyyatın aparılmasına əsas olan hüquqi səbəbləri yoxlamaqla iddia tələblərini həll etməlidir.

62. Baxılan işdə mübahisəli daşınmaz əşyaya dair dövlət reyestrindəki mülkiyyət qeydi Cavabdeh2 aiddir. İddiaçılar həmin qeydiyyatın ləğv olunmaqla əşyaya özlərinin paylarının tanınmasını tələb edirlər. İddiaçılar pay hüquqlarını mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi olmuş – mərhum ataları Zöhrab Talıbovun mirasından almalı olduqları məcburi payla əsaslandırırlar.

63. Məlum olduğu kimi, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır (§ 44).

64. Məhkəmə kollegiyası əvvəlcə məcburi payın mahiyyəti və məqsədi ilə bağlı bildirir ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.

65. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir (§ 25-27).

66. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxı mından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər (§ 27).

67. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də qanunun müəyyənləşdirdiyi, yaxınlarına çatmalı olan miras dəyərlərini ölümündən iki il qabaq bağışlaya, ölümündən sonra isə başqa şəxslərə keçməsinə vəsiyyətlə sərəncam verə bilməz.

68. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan mad di və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

69. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsi pə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməm iş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

70. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır. Eyni zamanda sözügedən məhdudiyyət şəxsin sağlığında etdiyi bütün bağışlamalara deyil, ölümündən əvvəl iki il ərzində verdiyi hədiyyələrə aiddir.

71. Beləliklə, qanun, m iras qoyanın sərəncam hüququnu yuxarıda göstərilən şərtlərlə məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. O, öz vərəsələrindən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər (§ 39-40). İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür (§ 45-46).

72. Baxılan işdə tərəflərin verdikləri məlumatlara görə mübahisəli ev 2019-cu ildə iddiaçıların atası Zöhrab Talıb ovdan cavabdeh Bahar Mustafazadənin mülkiyyətinə keçmiş, bundan iki il ötməmiş – xx.xx.2020-ci il tarixdə Z.Talıbov ölmüşdür.

73. Belə olan halda, daşınmaz əşyaya dair Zöhrab Talıbovun iddia olunan hüququnun nədən ibarət olması, bu hüquqa hansı qaydada sərəncam verilməsi, yəni evin mülkiyyətinin Bahar Mustafazadəyə kimdən və hansı hüquqi əsasla keçməsi iddianın düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, həmin xüsusatlar aydınlaşdırılmamışdır.

74. Halbuki, mübahisəli ev (ona dair əşya hüququ) Zöhrab Talıbov tərəfindən Bahar Mustafazadəyə bağışlanıldığı halda iddiaçıların məcburi paylarının pozulub-pozulmadığı, pozulduğu halda isə iddiaçıların bundan irəli gələn tələb hüquqları müəyyən edilməli, həmin hüquqların təmin olunması çərçivəsində mübahisə olunan bağışlama müqaviləsinin etibarlılığına, reyestrdəki qeydiyyatın əsaslılığına və əhəmiyyət kəsb edən digər hallara hüquqi qiymət verilməli, nəticəsindən asılı olaraq iddia tələbləri həll edilməlidir.

75. Belə olan halda, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin göstərilənləri çəkişmə prinsipinə uyğun olaraq yoxlamadan, yuxarıda göstərilən formal mülahizələrlə (§ 56) iddianı rədd etmələri qanuni və əsaslı olmamışdır.

76. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir ( § 47-51).

77. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

78. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

79. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X7 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 23, 24).

80. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

81. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməl i, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

82. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

83. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

84. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qər ara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2647/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar