Məhkəmə qərarları › İş №2(102)-1613/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1613/2022

05.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1613/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1613/22 (Açar sözlər: sübutetmə yükü, sübutetmə vəzifəsi) Bakı şəhəri, 05 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı və Cavabdeh bir-birilərinə qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1938/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. Müəssisənin (obyektin) alqı-satqısına dair 1842 nömrəli, 22.07.2008-ci il tarixli müqaviləyə əsasən X1 şəhəri, 20 yanvar küçəsi ünvanında yerləşən 3 saylı Yanacaq doldurma məntəqəsini auksiondan satış qiyməti ilə 3029 (üç min iyirmi doqquz) manata satın almış, ona Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 01.08.2008-ci il tarixli Şəhadətnamə verilmişdir. X3 vəfat etməsi ilə bağlı həmin əmlaklar vərəsəlik yolu ilə onun həyat yoldaşı Cavabdeh adına rəsmiləşmişdir. İddiaçı uzun illərdir ki, cavabdehə məxsus olan sahədəki daş sexini və avtomobil təmiri sexini işlədir. Bununla bağlı tərəflər arasında pul tələbinə dair mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (20102021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11.000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32.000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43.000 manat pulun Cavabdeh alınıb iddiaçıya ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qanun üzrə vərəsəlik qaydasında əldə etdiyi Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən "xxxx" MMC əvvəlki hüquqi şəxs olmuş " xxxx" MMC-nin əmlakı əsasında yenidən təsis edilmiş və mülkiyyətinin yaradılması prosesində iddiaçının mərhum qardaşı X5 ilə arasında pay müəyyən edilmişdir. Göstərilən razılaşma "xxxx" MMC-nin nizamnaməsinin 6.3-cü bəndində təsbit edilmişdir. Həmin bəndə zidd olaraq iddiaçı barədə məlumat və razılığı olmadan mübahisəli mülkiyyət obyektinin dəyərinin satış qiymətinin 3029 manat göstərilməklə nizamnamə fondu kimi yox, qara nöqtə ilə göstərilərək qardaşı oğlu X3 adına yazılmışdır. Həmçinin, iddiaçı "xxxx" MMC 10 avqust 2004-cü ildə təsis edilənə qədər həyətdə quraşdırılmış daş sexində baş usta olaraq işləmiş, ictimai əsaslarla mühasibatlıq işini aparmış və ən əsası hazırki "xxxx" MMC-nin mülkiyyəti özəlləşdirərkən iddiaçının digər qardaşı Səməd Kərimov xeyli məbləğdə pulu dövlətə ödəmiş, idd iaçı isə eyni vaxtda özəlləşdirmyə sərf olunan müxtəlif məbləğləri kredit alaraq həmin kredit borclarının 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək şəxsən ödəmişdir. Həmin halı sübut edən sənədlərdən görünür ki, cəmi 32.000 manat məbləği iddiaçı ödəmişdir. Hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə cavabdeh və digər 1-ci dərəcəli vərəsələrə miras olaraq veriləcəksə, iddiaçının 11 il ərzində miras kütləsinin qorunub saxlanılması, onun bilavasitə idarə edilməsi üçün zəhmət çəkmiş vicdanlı sahib olmaqla, miras əmlaka zərər yetirmədən onun yaxşılaşdırmasına çəkdiyi xərclər ona ödənilməlidir.

4. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddianın rədd edilməsi və ona məxsus "xxxx" MMC-nin balansı nda olan əmlaklardan istifadəyə görə yaranmış 180.000 (yüz səksən min) manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, əri X3 21.10.2010-cu il tarixdə vəfatından sonra ünvan 2 ünvanında yerləşən 3 saylı Yanacaq doldurma məntəqəsinin balansına daxil olduğu "xxxx" MMC tam olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında 30.05.2011-ci il tarixli Şəhadətnamə verilmişdir. İddiaçı bu günə qədər qanunsuz əsaslarla, zorakılıqla MMC-nin balansına daxil olan inzibati binadan, texniki təmir sexindən və s.-dən istifadə etmiş və istifadəyə görə icarə haqqı ödəməkdən imtina etmişdir. Ondan dəfələrlə istifadəyə son qoyulması tələb olunsa da, buna məhəl qoymamış, Cavabdeh isə həmin əşyaların yerləşdiyi ə raziyə buraxmamışdır. Qeyd edilənlərə əsasən, əmlaklardan istifadəyə görə aylıq icarə haqqı 1500 manat olmaqla, illik icarə haqqı 18.000 manatdır. İddiaçı on ildən artıqdır ki, həmin əşyalardan qanunsuz istifadə edir. Əmlakların icarə haqqı 180.000 manata bərabərdir və həmin məbləğ ona ödənilməlidir. 6. "xxxx" MMC-nin 18 iyul 2021-ci il tarixli, 2-221/E saylı ekspertiza rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən tikiliyə 10.815 manat pul xərclənmişdir.

7. Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçı iddia tələbinin əsasını təsdiq edən, qarşılıqlı iddiaçı isə, əmlakların cavabdehə icarəyə verilməsi ilə bağlı mötəbər sübutlar təqdim etməmişlər.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni AR Konstitusiyasının 26, 60, 63, AR Mülki Məcəllənin 399.1, 399.2, 675, 700.1, 700.2, 700.3, AR Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 119.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1938/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ə.Məcidov, hakimlər M.Əsədli və A.Mahmudov) İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə ra zılaşmışdır.

13. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, ilk iddianın 10.815 manat hissəsində təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr ekspert rəyinə dürüst hüquqi qiymət verməmişdir. Digər tərəfdən, mübahisəli daşınmaz əmlaka dair hüquq Dövlət Reyestrində qeydə alınmadığından, sahiblik hüququ ilə bağlı müddəalar tətbiq edilməli idi. Qətnamə sübutlara deyil, subyektiv mülahizələrə əsaslanmaqla qəbul edilmişdir ki, bu da, qətnamənin əsassızlığını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

20. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəf ə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. İş materiallarından göründüyü kimi, hazırki mülki işdə ilk iddia tələbi üzrə İddiaçı məhkəməyə iddia tələbinin əsasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsi pindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

28. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§23-§25) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

30. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin 18 iyul 2021-ci il tarixli, 2-221/E saylı ekspertiza rəy i yalnız mübahisəli tikiliyə xərclənmiş vəsaitin məbləğini müəyyən etmişdir. Həmin ekspert rəyinə əsaslanaraq, məhkəmələrin həmin xərcin mübahisə tərəflərindən biri və ya Cavabdeh mərhum əri X5 tərəfindən ödənildiyini, həmçinin həmin vəsaitin yaxşılaşdırma və ya tikinti üçün ödənildiyi müəyyən etməsi qeyrimümkündür. Bu halda, mülahizələrə və ya ehtimallara əsaslanan qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilə bilməz. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli ol an, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

31. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı uzun illərdir ki, cavabdehin mərhum ərinə məxsus olmuş obyektdə işləmiş və hazırda da fəaliyyətini orada davam etdirir. Həmin müddət ərzində tərəflərin bir-birinə qarşı hər-hansı formada hesablaşma aparmalarına dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı uzun illər obyekti işlətməklə fayda götürmüşdür. Həmin obyektdəki yaxşılaşdırmaların kimin vəsaiti hesabına quraşdırılmasına dair mötəbər sübutlar yoxdur. Belə olan təqdirdə, vaxtı keçmiş faktlarla bağlı konkret qənaətə g əlmək çətinliklər yaradır, bu baxımdan ehtimallar əsasında qəbul ediləcək qərar qanuni və əsaslı görünməyəcəkdir.

32. Kassasiya məhkəməsi şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1938/2021 nömrəli, 13 oktyabr 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar