Məhkəmə qərarları › İş №2(102)-1650/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1650/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1650/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı (4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Bakı şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1650/2025 (Açar sözlər: mənzilə pay hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkib də, iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı (4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Bakı şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə pay hüququnun tanınması və avtomobilin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hazırkı iş üzrə iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlu mərhum X2 birinci nikahdan doğulmuş övladıdır. Cavabdeh1 ilə iddiaçının atası Vaqif Qarayev xx.xx.1997-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Vaqif Qarayev xx.xx.2022-ci il tarixdə ölmüşdür.

2. Cavabdeh1 ilə hazırkı iş üzrə tərəf olmayan X3 arasında xx.xx.2012-ci il tarixdə notariat qaydasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli Alğı-satqı müqaviləsi ilə, Vüqar Əhmədov (mübahisəli) ünvan 1 ünvanında yerləşən 397 nömrəli mənzili Cavabdeh1 satmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 397 nömrəli mənzil Cavabdeh1 xüsu si mülkiyyətində olmaqla, onun adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. 4. ünvan 2kəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-1480 nömrə altında qeydə alınmış bağışlama müqaviləsi ilə Cavabdeh1 həmin mənzili qardaşına – Cavabdeh2 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Yol Polisi İdarəsi) qarşı (4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Bakı ş əhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi bina 25-də yerləşən iki otaqlı 397 saylı mənzil üzərində iddiaçının mərhum atası – X2 1/2 hissədə pay hüququnun tanınması, həmin mənzilə dair hədiyə verən olaraq Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış və ünvan 2kəzində fəaliyyət göstərən Notariat Ofisini tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-1480 nömrə ilə qeydə alınmış “Bağışlama müqaviləsinin” qismən etibarsız hesab edilməklə həmin mənzilə dair iddiaçının atasının mirası üzrə 1/2 hissə olmaqla ümumi əml akda onun 1/4 hissədə vərəsəlik üzrə miras pay hüququnun tanınması və bu hüququn qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” X9 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, bu mümkün olmadığı təqdirdə həmin mənzilin real bazar dəyərinin 1/4 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi, iddiaçının atasına məxsus olamuş “Hyunday Elantra” markalı **-UT-*** dövlət nömrə nişanlı avtomaşına dair verilmiş və Bakı Şəhəri 18 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-21619 nömrə altında qeydə alınmış etibarnamənin etibarsız hesab edilməsi, həmin avtomobilin alğı-satqısına dair bağlanmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən rəsmiləşdirilə rək qeydə alınmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda, həmin avtomobilin real bazar qiymətinin 1/4 hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlaklar 2 müxtəlif bank hesabında olan əmanət depoziti, iddia ərizəsində qeyd edilən avtomobil və Vaqif Qarayev ilə Cavabdeh1 birgə nikahları dövründə əldə olunmuş və iddia ərizəsində qeyd edilən mənzildən ibarət olmuşdur.Bank hesabları üzrə vərəsəlik bölgüsü ünvan 2kəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən həll edilmiş, hesablardakı vəsaitin 1/4 hissəsi iddiaçıya, 3/4 hiss əsi isə mərhumun arvadı Cavabdeh1 verilmişdir. Vərəsəlik işinin icraatı zamanı həmçinin müəyyən olunmuşdur ki, mərhum Vaqif Qarayevin vəsaiti hesabına alınmış, lakin arvadı Cavabdeh1 adına rəsmiləşdirilmiş mənzil Vaqif Qarayevin ölümündən dərhal sonra, yəni xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh1 tərəfindən öz qardaşına – Cavabdeh2 bağışlanmışdır. Həmin bağışlamada məqsəd göstərilən mənzilə 1/2 pay hüququ olan miras qoyanın irsindən iddiaçı tərəfindən vərəsə kimi pay almasının əngəllənməsi olmuşdur. İddiaçının həmin mənzil üzərində olan hüquqları bərpa olunmalıdır.Qeyd olunan bağışlama həyata keçirilərkən hədiyyə verən Cavabdeh1 tam hüquqlu mülkiyyətçi olmamış, hədiyyə əmlakın yarısı mərhum Vaqif Qarayevin miras irsi olmuş və həmin mirasın qanunsuz bağışlanması ilə iddiaçının vərəsəlik hüquqları pozulmuş, bununla da, miras əmlakın üzərində qanunsuz sərəncam verilməsi ilə əlaqədar həmin əmlakın notarial qaydada miras kütləsinə daxil edilməsinin qarşısı alınmışdır.Cavabdeh2 vicdanlı əldə edən sayıla bilməz. Həmin şəxs ən yaxşı halda bağışlanan əmlakın 3/4 hissəsinin mülkiyyətçisi kimi saxlanıla bilər. Bağışlama həyata keçirilən zaman iddiaçı vərəsəlik qaydasında ona düşəcək ¼ hissədə miras payından imtina etməmişdir.Cavabdehlər tərəfindən həyata keçirilən digər saxta əqd hesabına iddiaçının başqa miras payına – iddiaçının mərhum atasına məxsus olmuş avtomobildən miras payı almasına əngəl yaradılmışdır.Belə ki, DİN BDYPİ-nin 3-13-16/2- 4677/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum Vaqif Qarayevə məxsus olmuş həmin avtomobil mərhum ölüm aya ğında olduğu və anlaqsız vəziyyətə düşdüyü vaxt ölümündən 9 gün əvvəl xx.xx.2023-cü il tarixdə yataqda alınmış avtomaşına sərəncam hüququ əks olunan etibarnamə əsasında həmin gün başqa şəxsin – Cavabdeh1 qardaşı oğlu Cavabdeh3 adına alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir.Bu əməliyyatı aparmaqla qanunsuz alğı-satqı rəsmiləşdirilməsində də məqsəd həmin mirasdan iddiaçıya pay düşməməsi olmuşdur. Halbuki, iddiaçının atasının xəstə halda ölüm yatağında yatdığı bütün müddət ərzində onun bütün müalicə xərclərini iddiaçı çəkmiş, hətta ona qulluq etməsi üçün əlavə iki nəfər baxıcı da tutmuşdur. Həmin avtomaşının alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.

7. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 18 saylı Notariat Ofi sinin nümayəndəsinin iştirakı ilə şəxsin imzası alınıb və sənədləşdirmə aparılıb. İddiaçı sağ olarkən özü demişdir ki, “Cavid mən rəhmətə getsəm, mənim maşınım sənə qismət olsun, çünki sənin çox əziyyətin olub.” İddiaçının oğlu Amerikada yaşayır və 31 il ərzində atasından xəbəri olmayıb. İddiaçı yataq xəstəsi olduğu üçün, notariat ofisinin nümayəndəsi evə gəlmişdir. İddiaçının şifahi razılığı alınmış və sənədləşdirmə aparılmışdır. Etibarnamənin isə evdə çap olunmasını görməmişdir. O, həmin vaxt evdə olmamış, dərman almağa getmişdir. Nümayəndəni evə oğlu gətirmiş, sonra nümayəndə həmin sənədləri aparıb notariusda təsdiq etdirmiş və onlara təqdim etmişdir. Nümayəndə notariusun razılığı ilə gəlmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirm işdir ki, iddia tələbini qəbul etmir. Nüşabə xanım vərəsəlik açdırıb və pay hüququ tanınmalı idi. Həmin zaman iddiaçı sağ olmuşdur, onu miras əmlakı ələ keçirilmə niyyəti varmış kimi göstəriblər, lakin bütün hərəkətlər qanuni şəkildə həyata keçirilmişdir. Mənzil 2012-ci ildə Nüşabə xanımın vəsaiti hesabına əldə olunmuşdur.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya mıhkəməsi) e-2(007)-1003/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 397 nömrəli mənziliə dair bağlanmış və ünvan 2kəzində fəaliyyət göstərən Notariat Ofisini tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, mübahisəli mənzil üzər ində mərhum Vaqif Qarayevin 1/2 hissədə pay hüququnun tanınaraq həmin mənzil üzərində iddiaçının 1/4 hissədə pay hüququnun tanınması, qətnamənin icrasının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilə dair bağlanmış “Bağışlama müqaviləsi” etibarsız hesab edilməlidir. Çünki həmin mənzil Cavabdeh1 ilə iddiaçının mərhum atası Vaqif Qarayevin birgə nikahları dövründə əldə olunmuş və bu səbəbdən də mənzil üzərində Vaqif Qarayevin 1/2 hissədə pay hüququ vardır. İddiaçı, mərhumun vərəsəsi olduğundan sözügedən mənzil üzərində iddiaçının 1/4 hissədə payı müəyy ən edilməlidir. Çünki mənzil üzərində Vaqif Qarayevin 1/2 hissədə olan pay hüququnun yarısı (1/4 hissəsi) üzərində Cavabdeh1 da vərəsəlik hüququ vardır.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin “payların müəyyən olunması mümkün olmadığı təqdirdə həmin mənzilin real dəyərinin 1/4 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil üçüncü şəxsə satılaraq özgəninkiləşdirilməmişdir və hazırda Cavabdeh2 adındadır. İddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilmiş, müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində iddiaçının 1/4 hissədə payının müəyyən edilməsi qət edildiyindən, bu səbəbdən mənzilin dəy ərinin bölünməsinə zərurət yoxdur.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, X8 Qarayevaya avtomobilə dair sərəncam hüququ üçün verdiyi etibarnamə qanunvericiliyin tələbinə əsasən tərtib edilmişdir. Bundan əlavə avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 övladı olan Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Vaqif Qarayev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, avtomobil birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə Vaqif Qarayevin sağlığında özgəninkiləşdirilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, qeyd olunanlara əsasən iddia tələbi bu hissədə (avtomobilə dair hissədə) təmin edilə bilməz.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1243.1-ci, Azərbaycan Respubli kası Ailə Məcəlləsinin 32.1, 32.2-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35, 55, 59-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti onun əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın bir qisminin təmin edilməsi barədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-748/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddiaçının atası Vaqif Qarayev ilə Cavabdeh1 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Mübahisəli mənzil onların birgə nikahları dövründə, yəni xx.xx.2012-ci il tarixdə əldə olunmuş və xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Vaqif Qarayev xx.xx.2022ci il tarixdə vəfa t etmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh1 mənzili qardaşı Cavabdeh2 bağışlamışdır. Vaqif Qarayevin iki vərəsəsi var: iddiaçı Qarayev (Garayev) Elşad və Cavabdeh1. Mənzil bağışlanarkən iddiaçı buna razılıq verməmişdir. Həmçinin iddiaçı mirasdan imtina etməmişdir.

19. Məhkəmə kollegiyası hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilin 2012-ci ildə öz şəxsi vəsaiti hesabına əldə edildiyini bildirən halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Bu halı da nəzərə almış birinci instansiya məhkəməsi iddianı “mənzil üzərində mərhum Vaqif Qarayevin 1/2 hissədə pay hüququnun tanınması barədə” hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası h esab etmişdir ki, mübahisəli mənzilə 1/2 hissədə pay hüququ olan mərhum Vaqif Qarayev xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun iki vərəsəsindən biri olan iddiaçı tərəfindən mübahisələndirilən “Bağışlama müqaviləsi” isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. 21. “Bağışlama müqaviləsinin” mərhum Vaqif Qarayevin ölümündən sonra bağlandığını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilə dair hazırkı mübahisə Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbləri çərçivəsində həll edilə bilməz. Bunu bilən (yaxud bilməli olan) Cavabdeh1 iddiaçının razılığı olmadan mübahisəli mənzili əvəzsiz olaraq başqasına bağışlaması Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı kimi qəbul edilməlidir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ünvan 2kəzində fəaliyyət göstərən Not ariat Ofisi tərəfindən verilmiş 2V-213 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş Vaqif Qarayevin sağ qalmış arvadı – iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə mülkiyyət hüququ vardır. Belə olan halda, qəbul edilməlidir ki, Vaqif Qarayevin iki nəfər vərəsəsinin olmasını nəzərə almış birinci instansiya məhkəməsi sözügedən mənzil üzərində iddiaçının 1/4 hissədə, Cavabdeh1 isə 3/4 hissədə paylarının müəyyən olunması ilə bağlı işin hallarına uyğun əsaslı nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası həmçinin Cavabdeh2 vicdanlı əldə edən şəxs olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 digər Cavab deh1 qardaşıdır. Mübahisəli mənzilin Cavabdeh1 ilə iddiaçının mərhum atası Vaqif Qarayevin birgə nikah dövründə alınmasından və iddiaçının miras qalmış əmlakda vərəsəlik pay hüququnun olduğundan xəbərdar olmuşdur. Mənzilin mərhum Vaqif Qarayevin vəfatından təxminən 1 ay sonra mirasın qəbulu üçün müəyyən olunmuş müddət bitmədən əvəzsiz olaraq ona bağışlanması halı onu deməyə əsas verir ki, Cavabdeh2 iddiaçının mənzildə olan payına münasibətdə vicdanlı alıcı hesab edilə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1243.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2-ci, “Notariat haqqında” Qanunun 55, 59-cu və Mülki Prosessual Məcəllənin 14.2, 52.1, 52.5, 88, 384.0.1, 385.2, 392.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmuş hissədə təmin olunmaması (rədd edilməsi) barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh1 iddiaçının razılığı olmadan mübahisəli mənzili əvəzsiz olaraq başqasına bağışlaması Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı kimi qəbul edilməlidir mövqeyi ilə razılaşmayaraq qeyd etmişlər ki, vərəsəlik hüquqdur vəzifə deyil, yəni vərəsələr mirası qəbul etməyə bilərlər. İş materiallarından göründ üyü kimi mübahisə edilən əmlak cavabdehin mülkiyyətində olmuşdur, bağışlama müqaviləsi bağlanan zaman iddiaçı tərəfindən həmin əmlaka dair nə vərəsəlik açılmış (açıla da bilməzdi o baxımdan ki, miras əmlakı, miras qoyanın öldüyü gün mülkiyyətində olan əmlaklar hesab edilir.), nədə ki, birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi ilə bağlı mübahisə olmamışdır.Məhkəmə kollegiyasının bu mövqeyinə görə cavabdeh iddiaçının nə vaxtsa mübahisə açacağını gözləməli və ya onu vərəsə olmağa vadar etməli, daha sonra onun razılığı alaraq müqavilə bağlamalı idi. Bu isə qanunun ruhuna zidd bir mövqedir.

27. Bundan başqa, Cavabdeh2 mübahisəli mənzili vicdanlı əldə edən hesab edilir. Cavabdeh1 mübahisə edilən mənzili nikahdan qabaq əldə etdiyi vəsait hesabına almışdır.

28. Məhkəmə kollegiyası həm çinin iddiaçını vərəsə olması ehtimalından başqa müqavilə bağlanan zaman qanun pozuntusu olub-olmamasına hüquqi qiymət verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakı lar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

33. Maddə 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

34. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. “Notariat haqqında” Qanun.

37. Maddə

35. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənəd i onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.

38. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

39. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərə səliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumat lar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, məhkəmənin aktı bütovlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi o nda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

61. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tər əflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-748/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar