Məhkəmə qərarları › İş №2(102)-1733/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1733/2025

20.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1733/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, məsafədən kredit müqaviləsinin bağlanması, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2 025-ci il tarixli, 2(103)384/2025 nömrəli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi ilə Cavabdeh1 ASC tərəfindən İddiaçı Oktay oğluna 24 ay müddətinə illik 17,4% ödəmək şərtilə 11878 manat məbləğində kredit verilmişdir.

2. Sonradan həmin kredit müqaviləsi əsasında İddiaçı Oktay oğlunun əmək haqqısından tutulmalar olmuşdur.

3. Bununla bağlı iddiaçı cavabdeh Banka müraciət etmiş, cavabda müqavilənin onlayn qaydada bağlanıldığı və iddiaçının özü tərəfindən təsdiq edildiyi bildirilmişdir.

4. Bundan sonra, iddiaçı pretenziya məktubu ilə banka müraciət edərək, onu nla Bank arasında rəsmiləşdirilmiş 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi və artıq ödənilmiş 633 manat kredit ödənişinin geri qaytarılmasının 10 gün müddətində təmin edilməsini xahiş etmiş, əks halda kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında rəsmiləşdirilmiş 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, 633 manat kredit ödənişinin və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi rəsmiləşdirilmiş və müqaviləyə əlavə Satış kanalları departamenti tərəfindən rəsmiləşdirilmiş ödənişi qarfikinə əsasən Cavabdeh1 ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 17,4% ödəmək şərti ilə 11878 manat kredit verilməsi qeyd edilmişdir. Lakin, iddiaçının aylıq əmək haqqı 750 manat olduğu halda, bank tərəfindən aylıq 589,56 manat ödəmək şərti ilə 24 ay müddətinə 11878 manat kredit ayrılması mümkün deyildir. İddiaçı kredit müqaviləsinin bağlanması üçün banka müraciət edilməmiş, bank tərəfindən kredit müqaviləsi rəsmiləşdirilərkən ona bu barədə zəng vurularaq, fik ri öyrənilməmiş, onun tərəfindən müqavilə bağlamaq niyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. Lakin sonradan işlədiyi iş yerindən aylıq əmək haqqından 590 manat olmaqla, kreditin ödənilməsinə silinmə başladıqdan slonra belə müqavilə rəsmiləşdirilməsi barədə məlumatı olmuşdur. Bundan sonra, Cavabdeh1 ASC-yə müraciət edərək, kredit müqaviləsinin surətini əldə etmiş və müqavilədə nə bankın nümayəndəsinin, nə də İddiaçı imzası ilə təsdiq edilməməsini müəyyən etmişdir. Bundan sonra, bankın əməkdaşına kredit müqaviləsinin tərəfləri tərəfindən imzalanmaması ilə bağlı iradını bildirdikdə müqavilənin onlayn müraciət əsasında bağlanması və təsdiq edilməsini bildirmişlər. Lakin onun nə onlayn, nə də şəxsi müraciəti əsasında kredit müqaviləsi bağlamaq və 11878 manat kredit götürmək niyyəti olmamı şdır. Bütün bunlar isə onu təsdiq edir ki, kredit müqaviləsi həqiqi deyil, müqavilə tərəflərin birinin iradə ifadəsi olmadan bağlanmış, onlayn qaydada tərəflərdən heç biri tərəfindən təsdiq edilməmişdir. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, kredit müqaviləsi uydurma əqddir. Ona görə də, Mülki Məcəllənin 340.1 və 337.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq, həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır.

7. Birinci instansiya məhkəməsinda cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının psixi və sağlamlıq vəziyyəti onun müəyyən təsdiqləmələri şüurlu surətdə icra etməyə imkan verir. Mobil tətbiq vasitəsi ilə kreditin götürülməsi bir neçə prosedurdan keçilməsini tələb edir. İddiaçı da bütün prose durlardan keçərək onlayn kredit götürmüşdür. Hazırki mübahisəli müqavilədən əvvəl iddiaçının banka başqa kredit müqaviləsi üzrə borcu olmuş, bankdaxili qaydalara əsasən əvvəlcə banka olan əvvəlki borc bağlanmışdır. Yerdə qalan məbləğ, 10518 manat kredit götürənin balansına köçürülmüşdür.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)2101/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Xəlil) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait və həmçinin, ödənilmiş 100 m anat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin digər Cavabdeh2 münasibətdə rədd edilməsi, Cavabdeh2 11.878 manat məbləğində pul vəsaitinin restitusiya qaydasında tutularaq Cavabdeh1 ASCyə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Hazırkı iş üzrə işin mübahisəsiz hallarından göründüyü kimi 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11.878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçü ncü tərəf olan Cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının sözügedən əməliyyatlardan yalnız adına bağlanılmış kredit müqaviləsi üzrə əmək haqqından çıxılmalar zamanı məlumatı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs o olmuşdur. Belə ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab edir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də, iddiaçı hazırki əqdi mübahisələndirməkdə haqlı olmuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. İddiaçı həqiqətən digər xarici ölkədən gələn zənglə aldanılmış, ona müəyyən smslər gəlmiş və həmin smslər vasitəsilə özünə aid məlumatları digər üçüncü şəxsə ötürmüşdür. Lakin, həmin məbləğ isə yenidən aldadılaraq cababdeh Cavabdeh2 hesabına köçürülmüşdür.

12. M əhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməli və İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir.

13. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı və Cavabdeh1 ASC arasında bağlanan 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edildiyindən və aldadan tərəf digər cavabdeh (kredit müqaviləsi üzrə pulu alan şəxs) olduğundan həmin kredit müqaviləsi üzrə köçürülmüş 11.878 manat pul restitusiya qaydasından Cavabdeh2 tutularaq digər Cavabdeh1 ASC-yə qaytarılmalıdır.

14. Daha sonra məhkəmə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 633 manat məblə ğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçının adına rəsmiləşdirilən 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur. Hazırda iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, məhkəmə iclasında həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırki günədək ondan 3000 manatdan artıq pul tutulmuşdur. Odur ki, iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan, gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmalı, tələb həmin hissədə digər Cavabdeh2 münasibətdə Cavabdeh2 tələbin bu hissəsi üzrə subyektiv cavabdeh olmadığından rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 kart hesabına köçürülən 11.878 manat pul vəsaiti restitusiya qaydasında ondan Bankın xeyrinə tutulduğundan və Bank tərəfindən kredit müqaviləsi üzrə iddiaçıdan pul tutulduğundan artıq ödənilmiş pul vəsaiti Bankdan iddiaçının xeyrinə tutulmalıdır.

16. Daha sonra, məhkəmə ödənilmiş 100 manat məbləğində dövlət rüs umunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Hazırda iddia tələbi əsas hissələrdə, yəni müqavilənin etibarsızlığı və artıq tutulmuş pul məbləğinin Cavabdeh1 ASC-dən tutulması hissəsində təmin edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutumalıdır.

17. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh Bank arasında bağlanan kredit müqaviləsi üzrə üçüncü tərəf olan aldadan şəxs, yəni Cavabdeh2 məxsus plastik kart hesabına köçürülən 11.878 manat pul vəsaiti ondan tutularaq Cavabdeh1 ASC-yə ödənilməlidir.

18. Bununla bağlı məhkəmə vurğulamışdır ki, məhkəmə tərəfindən etibarsız hesab edilən kredit müqaviləsi iddiaçı ilə cavabdeh Bank arasında rəsmiləşdirilsə də, Bank tərəfindən pul əvvəlcə iddiaçının hesabına, daha sonra isə Cavabdeh2 hesabına köçürülmüşdür. Odur ki, əsassız və qanunsuz olaraq Cavabdeh2 kart hesabına köçürülən 11.878 manat məbləğində pul vəsaiti restitusiya qaydasında Bankın özünə geri qaytarılmalıdır. Belə ki, hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın ik i forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum).

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 337 və 339-cu; Mülki Prosessual Məcəllənin 14, 76, 77, 119 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı h eç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Lakin bunları qeyd edərkən Bankın birbaşa məsuliyyət daşımasının əsasını göstərməmişdir. Belə ki, kreditin məbləğinin 10.000 manatdan çox olması şübhə yaradan hal deyil. Həmçinin, onlayn qaydada kredit götürülərkən müştəriyə telefon zənginin olunması ilə bağlı nə qanunvericilikdə, nə də bankdaxili qaydalarda tələb müəyyən edilməmişdir. İddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti Bankın üzərinə qoymuşdur. Həmçinin, məhkəmə kredit müqaviləsinin aldatma yolu ilə bağlandığını qeyd etsə də, bunu yalnız iddiaçının deməsinə istinadən əsaslandırmışdır. İddiaçı ilə Bank arasında müqavilə bağlanmış və onun hesabına pul köçürülmüşdür. Onun hesabından daha sonra pul vəsaitinin başqa hesaba köçürülməsi müqavilənin etibarsız hesab edilməsinə səbəb olmur. İddiaçının kreditin götürülməsi ilə bağlı bütün hərəkətləri etdiyi halda əqdin aldadılma ilə bağlanmasını qeyd etmək əsassızdır. İddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti Bankın üzərinə qoymuşdur.

22. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspe rtizasının 18 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istifadə edilmiş kreditə görə onun ödəniş kart hesabından son ödəniş tarixinə, yəni 12 iyul 2024-cü il tarixinədək cavabdeh Bank tərəfindən ümumilikdə 3.182,06 manat məbləğində silinmələr aparılmışdır ki, hazırkı ekspertiza tədqiqatı ilə həmin silinmələrin 2.096,09 manat məbləğinin əsas borca, 1.085,97 manat məbləğinin isə faiz borcuna silinmişdir. Kredit müqaviləsi üzrə artıq ödənişlərin aparıldığı müəyyən edilmir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-384/2025 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.R.Səlimovadan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi qismən - restitusiya qaydasında 11878 manat pulun Cavabdeh2 tutulub "xxxx" ASC-yə ödənilməsi və kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin qismən təmin edilərək, İddiaçı ödəniş kartından 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə əsassız tutulmuş 3.182,06 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulub İddiaçı qaytarılması, qətnamənin apellyasiya qaydasında mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya kollegiyası ilk növbədə kredit müqaviləsinin qanuniliyinə qiymət verilməsini zəruri sayaraq qeyd etmişdir ki, cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına həmçinin mülki qanunvericiliyin müvafiq normalarına istinad edən məhkəmkə kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

26. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə, kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticəni işin hallarına uyğun saymış və hesab etmişdir ki, qətnamənin həmin hissədə dəyişdirilməsi və ləğvi üçün əsas yoxdur.

27. Lakin, apellyasiya məhkəməsi bununla yanaşı birinci instansiya məh kəməsinin kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticəni qeyri-müəyyən olduğundan əsaslı hesab etməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əmək haqqı kartından aparılmış silinmələr üzrə 3.182,06 manat məbləğində pul Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulmalıdır.

29. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi restitusiya qaydasında 11.878 manat pulun Cavabdeh2 tutulub Banka ödənilməsini qət etməklə də səhvə yol vermiş və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır. Belə k i, iddiaçının bununla bağlı hər hansı tələbi olmamış və məhkəmənin gəldiyi bu nəticə MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 337.1, 337.2, 337.4, 337.5, 339.3, 339.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

31. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-384/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 331.3, 337.5, 339.3, 406.3, 739.3, 746-2.5, 7462.6, 957.3, 957.4-cü, «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Qanunun 1.1.2, 1.1.39, 38, 41.3, 41.4-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur.

33. Belə ki, iddiaçı 23 sentyabr 2022-cü il tarixdən başlayaraq Cavabdeh1 ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir və Bankın mövcud müştərisidir. İddiaçı özünə məxsus olan +**********44 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə «İphone 6s» və «Xiaomi 220333QAG» cihazlarında istifadə etmişdir. İddiaçı Bankın mövcud müştərisi olduğu üçün sahib olduğu Birbank mobil tətbiqi üzərindən qanunvericiliyin tələbinə əsasən vid eo çəkiliş və üz tanınma vasitəsilə eyniləşdirilmə aparılmaqla onunla Bank arasında onlayn qaydada 20 dekabr 2023-cü il tarixli GTKR5466037B299 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respiblikasının 339.3-cü maddəsinin tətbiqi düzgün olmamışdır. Apellyasiya instansiya məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs o olmuşdur. Belə ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandı rmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, kredit müqaviləsinin rəsmiləşdirilməsi və kreditin verilməsi anında əsas faydalanan şəxs kredit alandır, Bank isə həmin anda fayda götürən deyil, fayda götürəcək tərəfdir, yəni kreditor olan Bank öz üzərinə risk götürərək öz pul vəsaitini müvafiq şərtlərlə qaytarılması şərti ilə kredit alana verir və kredit alan tərəfindən kredit vəsaitini vaxtlı-vaxtında müvafiq faizlərin ödənilməsi şərti ilə qaytarılacağı təqdirdə Bank fayda götürəcəkdir. Kredit vəsaiti iddiaçının sərəncamına verildikdən sonra özü tərəfindən istifadəsində olan mobil nömrəsinə birdəfəlik təhlükəsizlik kodunun göndərilməsi və təsdiq edilməsi yolu ilə sərəncam verilərək digər şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin, məsafədən kreditin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş tələblərdən göründüyü kimi, mövcud müştəriyə münasibətdə videozəngin və ya zəngin edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, qanunvericilikdə verilmiş kredit məbləğinin 10000 manatdan artıq olması halında, kredit alanın sərəncamına verilmiş kredit vəsaitinin cari hesabdan hər hansı bir kart hesabına köçürülməsini şübhəli əməliyyat kimi qiymətləndirilməsi və həmin əməliyyatın kredit alan tərəfindən həyata keçirilməsinə Bank tərəfindən məhdudiyyətin qoyulması, bu və ya digər formada maneənin yaradılması üçün hər hansı bir əsas nəzərdə tutulmamışdır. Mübahisələndirilən kredit müqaviləsi üzrə kredit vəsaiti iddiaçının adına ola n cari hesabına köçürülməsi yolu ilə verilmiş, həmin cari hesabdan isə ölkədaxili köçürmə əməliyyatı aparılaraq digər şəxsin kart hesabına köçürülmüş, köçürülən pul vəsaitinin mənbəyi kredit vəsaitidir və köçürülən kart hesabı Banka şübhəli bank hesabı kimi məlum olmayan bank hesabıdır. Belə olan halda, Bankın iddiaçı tərəfindən mübahisələndirilən məsafədən bağlanmış kredit müqaviləsinin iddiaçı tərəfindən onun üçüncü şəxs tərəfindən aldadılması yolu ilə bağlanılmasından xəbərdar olması mümkün deyildir və Bankın sözügedən əqdin aldadılma yolu ilə bağlanılmasından xəbərdar olması nə işin halları, nə də ki, iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmır. Aşağı instansiya məhkəmələri yalnız iddiaçının mülahizəsinə inanaraq heç bir sübuta istinad etmədən əsassız olaraq belə qənaətə g əlmişdir ki, iddiaçı üçüncü şəxs(lər) tərəfindən aldadılmışdır və bunun nəticəsində onun xəbəri olmadan mübahisələndirilən kredit müqaviləsi bağlanılmış, Bank isə bundan xəbərdar idi. İddiaçı tərəfindən təqdim edilən Anastasiya adlı şəxs ilə aparılan yazışmalardan sözügedən kredit müqaviləsinin bağlanılması ilə əlaqədar hər hansı bir söhbətin və müzakirənin aparılması müəyyən edilmir. Həmin yazışmalardan BSİnnovation LTD Trade Platform ilə bağlı söhbətin aparılması və bir neçə dəfə səsli olaraq danışıq zənglərinin edilməsi müəyyən edilir. Bu səbəbdən, həmin yazışmaların aparılması və ya zənglərin edilməsi Bank ilə sözegedən kredit müqaviləsinin üçüncü şəxs tərəfindən aldadılma yolu ilə bağlanılmasını təsdiq etmir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, iddiaçının üçüncü şəxs(lər) tərəfindən al dadılaraq mübahisəli kredit müqaviləsinin bağlanılması iddiaçı tərəfindən bildirilsə də, bunu təsdiq edən hər hansı bir əsaslı sübut iş materiallarında mövcud deyildir. Kredit müqaviləsi üzrə əmək haqqından tutulmaların Bank tərəfindən aparılması üçün kredit üzrə ödəniş cədvəlinə əsasən ödəniş vaxtının çatması (ilk ayın ödəniş tarixi: 22 yanvar 2024) və kredit alan tərəfindən müvafiq ödənişlərin aparılmaması halında mümkündür. Halbuki iddiaçının məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, iddiaçı həmin kredit verilməsindən onun rəsmiləşdirildiyi günün axşamı ona məlum olmasını bildirmişdir. Burdan nə üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçının kredit müqaviləsinin bağlanılmasından xəbərinin yalnız həmin müqavilə üzrə borcun ödənilməsi məqsədi ilə onun əmək haqqı kartında n tutulmaların aparılmasınndan sonra olması kimi əsaslandırılması artıq mübahisəlidir. Aşağı instansiya məhkəmələri iddiaçının izahatlarında da qeyd etdiyi mobil “Birbank” tətbiqi ilə bağlı ona gələn SMS bildirişlərin onun tərəfindən bilərəkdən həmin təsdiqləmələrin aparılıb-aparılmaması məsələsinə qiymət verilməmişdir. İşin həqiq halları və iş materiallarında olan sübutlar iddiaçının özü tərəfindən kreditin götürülməsini və həmin kredit vəsaitinə sərəncamın verildiyini təsdiq edir.

34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

35. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndi rildiyindən hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühak imə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlu mat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağ ı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746-2.5-ci madəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsin in çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

42. Belə ki, 20 dekabr 2023-cü il tarixdə tərəflər arasında məsafədən kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə iddiaçının hesabına 11878 manat vəsaitin mədaxil edilməsi və sonradan vəsaitin Cavabdeh2 hesabına köçürülməsi məhkəmələrin müəyyən etdikləri hallardır.

43. İddiaçı qeyd olunan müqavilənin aldatma nəticəsində bağlanmasını iddia etməklə, onun etibarsız hesab edilməsini xahiş etmişdir.

44. Birinci instansiya məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı üçüncü şəxs tərəfindən aldadılmış, cavabdeh Bankın isə bundan xəbəri olmuşdur. Cavabdehin adatmadan xəbərinin olmasını isə məhkəmə belə əsaslandırmışdır ki, Bank kredit verən və bunun nəticəsində fayda götürən şəxs olmuş, iddiaçının kart hesabına köçürülən məbləğ 10.000 manatdan çox olmuş, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zəngi olmamış, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında iddiaçı məlumatlandırılmamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə bu hissədə tam razılaşmışdır.

46. Bu zaman, məhkəmələr iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 339.3-cü maddəsinə istinad etmişlər.

47. Kassasiya kollegiyası hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 339.2-339.3-cü maddələri təşkil etsə də, məhkəmələr həmin normanı səhv təfsir etməklə, maddi hüquq normanı pozmuşlar.

48. Belə ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər (Mülki Məcəllənin 399.2-ci maddəsinin birinci cümləsi). Üçüncü şəxs tərəfindən aldadılma halında isə əqd o halda etibarsız hesab oluna bilər ki, bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun (Mülki Məcəllənin 339.3-cü maddəsi).

49. Göründüyü kimi, qeyd olunan maddi hüquq normaların dispozisiya şərtlərinə görə, əqd o halda etibarsız hesab oluna bilər ki, 1. tərəf əqdin bağlanması məqsədi ilə üçüncü şəxs tərəfindən aldadılsın, 2. əqdin digər tərəfi bu əqddən fayda götürsün və 3. o, aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun.

50. Maddi hüquq normasının qeyd olunan dispozisiya şərtlərini hazırki mübahisəyə tətbiq etməklə, məhk əmə kollegiyası hesab edir ki, iddiaçının üçüncü şəxs tərəfindən əqdin bağlanması məqsədi ilə aldadıldığını iddia etdiyi halda, məhkəmələrin araşdırmalı olduğu məsələlər yuxarıda qeyd edilən 2 və 3-cü şərtlərin mövcudluğu olmalı idi.

51. Mülki Məcəllənin 743.1-ci maddəsinə görə, kredit müqaviləsi üzrə borcalan pul vəsaitinə mülkiyyət hüququnu aldığından, borcverən isə pul vəsaitinə görə faizlər və müqavilədə göstərilən digər ödənişləri almaq hüququna malik olduğundan, müqavilənin hər iki tərəfinin bu müqavilədən fayda götürmələri nəticəsinə gəlmək olar.

52. Lakin, Mülki Məcəllənin 339.3-cü maddəsinin 3-cü şərtinin hazırki mübahisəyə tətbiq etməklə, cavabdeh bankın iddiaçının əqdin bağlanması məqsədi ilə aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) sübut olunmalıdır.

53. A pellyasiya məhkəməsi cavabdehin bundan xəbərdar olmasının iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olması, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı telefon zənginin olmaması, şübhəli əməliyyatların aparılmasından iddiaçının məlumatlandırılmaması ilə əsaslandırmışdır.

54. Halbuki, məhkəmə bu halların hər hansı birinin cavabdeh bankın aldatmadan xəbərdar olması ilə səbəbli əlaqənin olmasını və bu mövqeyini maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, cavabdeh apellyasiya şikayətində kredit məbləğinin 10.000 manatdan çox olması və onlayn qaydada kredit götürməsi zamanı müştəriyə telefon zəngi tələbinin qanunvericilikdə və bankdaxili qaydalarda olmamasını göstərmişdir.

55. Qeyd olunmalıdır ki, elektron-informasiya texnologiyalarının inkişafı i ctimai münasibətlərinin bütün sahələrinə təsir etməsi hamıya bəlli olan haldır. O cümlədən, banklarla müştərilər arasında bank xidmətləri haqqında müqavilələrin məsafədən bağlanması, internet resursları vasitəsi ilə quraşdırılmış proqramlardan istifadə edilməklə bank hesablarının idarə olunması, əməliyyatların həyata keçiriməsi hər kəs üçün gündəlik adi hərəkətlərinə çevrilmişdir.

56. Təsadüfi deyil ki, qanunvericilik də bu istiqamətdə inkişaf etməklə, Mülki Məcəllədə istehlak kredit müqaviləsinin məsafədən, bir və ya bir neçə rabitə vasitəsindən istifadə edilməklə bağlanması nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 746-2.5, 746-2.6-cı maddələri).

57. İş materiallarından müəyyən olunur ki, cavabdeh Bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsi ilə bağlanmasını, bu məqsədlə iddiaç ının bir neçə prosedurların icra etməsini göstərməklə, dəlilinin sübutu kimi CD-diskə əks olunmuş videogörüntünü təqdim etmiş, bununla da iddiaçının aldadılmasından bankın xəbərinin olmaması və bundan xəbərdar olmalı olmamasını sübut etməyə çalışmışdır.

58. Lakin, nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi qətnamələrində bu sübuta istinad etməmiş, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozaraq həmin sübutda əks olunan məlumatları, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin həlli üçün cavabdeh bankın kredit müqaviləsinin məsafədən bağlanılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə riayət edilib-edilməməsi araşdırmalı olduğu halda, məhkəmələr tərəfindən bu istiqa mətdə hər hansı araşdırma aparmamışlar. Halbuki, cavabdeh bankın Mülki Məcəllənin 746-2.6-cı maddəsinə riayət edib-etmədiyi araşdırılmaqla, onun iddiaçının aldadılması barədə şübhələrinin yaranmalı olması və ümumiyyətlə mübahisəli əqdin bağlanması zamanı davranışlarının vicdanlı olub-olmaması müəyyən oluna bilər.

60. Azərbaycan Respublikası Mərkəzi X2 04 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5.1-ci bəndinə əsasən Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.

61. Qaydanın 5.3-cü bəndinə əsasən məsafədən bank hesabı yaln ız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər.

62. Qaydanın 5.5.2-ci bəndinə əsasən yeni müştəri üçün (rezident fiziki şəxslər üçün) məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.2.1. gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.5.2.2. gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). 5.5-1. Bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limitdən artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesab üzrə video zəng həyata keçirilməlidir.

63. Qaydaların 5.6.2-ci bəndinə görə bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.6.2. aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası ilə: 5.6.2.1. ilk hesabını fiziki olaraq (bankın inzibati binasına yaxınlaşmaqla) açmış müştəri; 5.6.2.2. bu Qaydanın 5.5.2.1-ci yarımbəndində göstərilən qaydada hesab açmış müştəri; 5.6.2.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limiti aradan qaldırmış müştəri; 5.6.2.4. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və həmin hesab ü zrə mədaxil əməliyyatlarının qalıq limiti daxilində növbəti hesab açmaq istəyən müştəri; 5.6-1. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.

64. Həmin Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin «bildiyi» (şifrə, pin, suallar toplusu və s.), «sahib olduğu» (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona «məxsus olan» (üz tanınması, səs tanınma sı, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.

65. Qaydanın 5.11-ci bəndinə əsasən məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

66. Göründüyü kimi, Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin bu na iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşması na və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

68. Beləliklə, müəyyən olunur ki, iddiaçı cavabdeh bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tələbə Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirməmişdir.

69. Bununla, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 372.7-ci maddələrinin tələbləri pozulmuşdur.

70. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələnd irilən müqavilənin Mərkəzi X2 Qərarı ilə təsdiq olunan Qaydalara uyğun olması barədə həmin Bankın mütəxəssis rəyinin alınması işin düzgün və ədalətli həlli üçün əhəmiyyətli ola bilər. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin işə cəlb olunması, yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq mütəxəssis rəyin alınması tərəflərlə müzakirlə olunmalıdır.

71. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, müqavilə etibarsız hesab olunduğu halda da, Bankdan 3182,06 manat pulun tutulması əsaslı hesab oluna bilməz.

72. Belə ki, iş materiallarından, o cümlədən mübahisəli müqavilənin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh bank arasında hazırda mübahisləndirilən kredit müqaviləsindən əvvəl başqa müqavilə üzrə kredit münasibətləri mövcud olmuşdur. O cümlədən, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsinin 2.10.1-ci bəndindən görünür ki, iddiaçının 14 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1003,59 manat qalıq borcu olmuş və həmin borc verilmiş kredit vəsaiti hesabına, müştərinin əlavə razılığı olmadan aktseptsiz qaydada silinərək ödənilmişdir.

73. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd olunan kredit borcunu nəzərə almadan, iddiaçının 12 iyul 2024-cü il tarixinədək ödədiyi bütün məbləği bankdan iddiaçının xeyrinə tutmaqla, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsini pozmuşdur.

74. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

75. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-384/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar