Məhkəmə qərarları › İş №2(102)-1751/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1751/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1751/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilmə, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə X4 faktiki nikah münasibətlərində olmuş, onların faktiki nikah münasibətlərindən 05 iyul 2014-cü il təvəllüdlü X5 doğulmuşdur.

2. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) daşınmaz əmlakın dövlət reyestrindən 10 yanvar 2015-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olmuşdur. 3. 09 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 mübahisəli mənzili bacısı İddiaçı bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2017-ci il tarixli çıxarışa əsasən həmin mənzil İddiaçı mülkiyyətindədir.

4. Qaradağ Rayon M əhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qiyabi qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostuq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir.

5. Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(103)-3318/2018 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(002)818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilmiş, Cavabdeh mübahisəli mənzili istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin övladı X5 ilə birlikdə mübahisəli mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququ vardır. Hal-hazırda cavabdeh azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşadığına görə iddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Buna görə də Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq cavabdehə kompen sasiya ödəməklə onun mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil ona məxsusdur, bununla bağlı məhkəmə prosesləri də davam edir. 2014-cü il tarixdə mübahisəli mənzili satın almışlar, həmin vaxtdan da indiyədək orada azyaşlı uşağı ilə birlikdə yaşayır. Onun həmin mənzilə olan istifadə hüququ müvafiq məhkəmə qətnaməsi əsasında tanınmışdır, hətta bağışlama müqaviləsi də etibarsız hesab edilmişdir. Hazırda da həmin evdən çıxmaq fikri yoxdur, başqa yaşayır yeri yoxdur.

10. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 28 sentyabr 2020-ci il tarixli, 2(002)-1638/2020 nömrəli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd ed ilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə bir sıra meyarlar-cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun müvafiq məhkəmə qətnaməsi əsasında tanınması, 2014-cü il tarixdən indiyədək fasiləsiz olaraq azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşaması, mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu, başqa yaşayış sahəsinin malik olmaması, təklif olunan kompensasiya məbləğinin cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərlilik baxımından nəzərə alınmalı olduğundan, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli hesab edilməsi məqsədəmüvafiq olmamışdır.

12. Məhkəmə iddianın mənzildən çıxarılma hissəsində qeyd etmişd ir ki, hazırki mülki iş üzrə qeyd olunan tələb əsas iddia tələbindən törəmə olduğundan və əsas iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1, 228.2-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlillərinə məzmununa u yğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-149/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya icraatı zamanı tərəflər mütəxəssis rəyləri təqdim etmişdirlər. İddiaçı tərəfin təqdim etdiyi rəyə görə, mübahisəli mənzilin 19 sentyabr 2022-ci il tarixə bazar dəyəri 78000 manat, aylıq icarə dəyəri isə 200-250 mana t, cavabdeh tərəfin təqdim etdiyi rəyə görə isə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Leninqrad layihəli 3 otaqlı mənzilin kirayə haqqı 400-450 manat təşkil etmişdir.

18. Məhkəmə kollegiyası Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində oxşar şəraitli mənzillərin kirayə qiymətlərinin yerindən, təmirindən və şəraitindən asılı olaraq 250-450 manat məbləğində olması barədə internet məlumatlarını nəzərə alaraq müəyyən etmişdir ki, cavabdehin 3 il ərzində oxşar şəraitdə mənzil ehtiyaclarını ödəmək üçün ayda 400 manat, 3 ildə isə təxminən 15000 manat məbləğində pul tələb olunur və cavabdehə 15000 manat məbləğində kompensasiya ödənilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı tərəf təklif olunan kompensasiya məbləğinin ağlabatan olmadığını bildirərək cavabdehə bu məbləğdə kompensasiya verilmə sinə razı olmadığını bildirmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci maddələri, MPMin 77.1, 384.0.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən kimi təklif edilən kompensasiya 6000 deyil, 9000 manat olmuşdur ki, bu da cavabdehin həmin ərazidə, eyni şəraitli mənzillə üç illik kirayə xərclərinin ödənilməsinə kifayət qədər yetərli hesab edilə bilərdi. Belə olan halda 36x250=9000 manat təşkil etməklə ədalətli kompen sasiya hesab edilməli idi. Lakin məhkəmə öz səlahiyyətlərindən kənara çıxaraq cavabdehin tələb etdiyi 50000 manata mütənasib olaraq 15000 manat ödəməyi iddiaçıya təklif etmişdir. Öz qərarında cavabdehin 2014-cü ildən həmin mənzildə yaşadığını əsas gətirmişdir. Halbuki tərəflərin arasında münasibətlər 2016-cı ildən də pisləşmiş, 2017-ci ildən məhkəmə çəkişmələri başlamışdır. Belə olan halda 2017-ci ildən bu günə kimi cavabdehin iddiaçının mənzilini zəbt etməsi qənaətinə gəlmək olar. Nəticə etibarı ilə nə qədər çox vaxt keçərsə mənzillərin dəyəri artdıqca kompensasiyanın da məbləği artmaqda olacaq. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülk iyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MPM

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. İddiaçının kassasiya şikayətinin “apellyasiya məhkəməsinin səlahiyyətlərindən kənara çıxaraq cavabdehə mütənasib olaraq 15000 manat ödəməyi iddiaçıya təklif etməsinə” dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.

38. Həmin qərardakı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya v erilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

39. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısın ın alınmasına xidmət edəcəkdir.

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar