Məhkəmə qərarları › İş №2(102)-1795/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1795/2024

29.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1795/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, subyektiv hüquq, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1022/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC və ya cavabdeh) ilə sakin X3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin razılaşmaya əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən sxem üzrə 107.4 kv.m sahədən ibarət olan fərdi yaşayış evi MMC tərəfindən sökülərək, əvəzində ona 250000 manat məbləğində kompensasiyanın verilməsi, sakin tərəfindən evin boşaldılması və MMC-yə təhvil verilməsi ilə əlaqədar tərəflərin gələcəkdə müqavilə bağlamaql a bağlı hüquq və öhdəlikləri müəyyən edilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh X2 qarşı mübahisəli evin sökülməsi ilə bağlı kompensasiya verilmiş məbləğin tərəflərin arasında bərabər bölünməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli əmlakda qeydiyyatda olsalar da, orada yaşamamışlar və bu səbəbdən də onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüquqları olmamışdır. Həmin qətnamənin qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, iddiaçıların mübahisəli əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları mövcud olmamışdır.

3. İddiaçı 1 və İddiaçı2 tərəfindən MMC-yə pretenziya məktubu göndərilmiş, MMC ilə X3 arasında olan xx.xx.2022-ci il tarixli 1 nömrəli ilkin razılaşma müqaviləsini ləğv edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, ödənilmiş kompensasiyanın İddiaçı1, İddiaçı2 və X3 arasında bərabər şəkildə bölünməsi barədə yeni müqavilənin bağlanılmasının təmin olunması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 nömrəli ilkin razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia işin yuxarıda qeyd edilən f aktiki hallarına istinad edilməklə, belə əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi iddiaçılar və üçüncü şəxsin özlərinə məxsus olmuş, ana və atası mübahisəli ünvanda yaşamış, orada iddiaçılar və üçüncü şəxs dünyaya gəlmiş, birlikdə təsərrüfat aparmışlar. İddiaçılar sonradan ailə qurmuş və oradan müəyyən müddətlərdə köçmüşlər. Daimi olaraq gediş-gəlişləri olmuş və pasport qeydiyyatına düşmüşlər (hazırkı günədək). Evin sənədi olmamışdır. Sadəcə olaraq onların ailəsi orada yaşadığı üçün və ailəyə məxsus olduğuna görə hamı yaşamaqla orada qeydiyyatda olmuşdur. MMC qanunsuz olaraq Bəndəliyev Rauf ilə 24 oktyabr 2022-ci il tarixli ilkin razılaşma müqaviləsi bağlamış və ona müxtəlif müddətlərdə cəmi 250000 manat pul ödəmişdir. Onların razılıq ərizələri alınmadan mübahisəli ev sökülmüşdü r (tam söküntü işləri aparılmamışdır).

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2794/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. Çünki, onlar mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər. Bu hal qəbul edilmiş məhkəmə qətnamələri ilə də təsdiqini tapmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mübahisəli əmlaka dair kompensasiya tələb etmələrinə dair mülki iş hazırda baxılan iş üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, iddiaçılar mübahisəli əmlakda qeydiyyatda olsalar da, orada yaşamamışlar və bu səbəbdən də onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüquqları olmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, iddiaçıların mübahisəli əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları mövcud olmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların sözügedən əmlaka dair heç bir hüquqları mövcud olmamışdır. İddiaçılar yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildikləri halda hazırkı iddia tələbi ilə çıxış edə bilərlər. Hazırkı halda isə sözügedən əmlak üzərində qanunla nəzərdə tut ulmuş qaydada hüquq əldə etmələrini təsdiq edən hər hansı bir sübutları olmadığından məhkəmənin qənaətinə görə, iddiaçılar irəli sürdükləri tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs olmamışlar və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsini düzg ün tətbiq etməmişdir. İddiaçılar tərəfindən bütün sübutların təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. İş materiallarında olan həmin mübahisəli evdə qeydiyyatda olmaları bir daha sübut etmişdir ki, fərdi yaşayış evində iddiaçıların hüquqları olmuşdur. Orada yaşadıqları və təsərrüfat apardıqları halda məhkəmə MPM-in 77-ci maddəsini düzgün tətbiq etməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1022/2024 nömrəli mülki iş üzrə 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Kamran Əkbərov) iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələ ndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların etibarsızlığını tələb etdiyi müqavilənin hüquqi nəticə yaratdığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar da hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilər. Hazırkı iş üzrə cavabdeh MMC digər işdə tərəf olmasa da, hazırkı iş üzrə iddiaçı olan şəxslər o işdə də iddiaçı olmuşlar və qeyd olunan işdə tələb etdikləri məbləğ hazırda etibarsızlığını tələb etdikləri müqavilə əsasında verilmişdir. Həmin işdə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-2864/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-400/2023 nömrəli qətnaməsini dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, “...iddiaçıların mübahisəli ünvandakı evə sahiblik, istifadə və sərəncam hüquqları olmamışdır. İddiaçılar qeyd olunan ünvanda qeydiyyatda olsalar da, mənzil sökülənə qədər uzun müddət orada yaşamamışlar. İddiaçıların valideynləri uzun müddət əvvəl vəfat etdiyindən, 2013-cü ildə vəfat etmiş atalarının sağlığında ikən mənzilə gedib-gəlməsi, orada qalması və valideyninə qulluq etməsi mənzildə daimi yaşamaları kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Ona görə də həmin mənzildə yaşamayaraq yalnız qeydiyyatının olması onların həmin mənzildə istifadə hüquqlarının olması kimi qiymətləndirilmir və onların mənzilin sökülməsi ilə əlaqədar kompensasiya almaq hüq uqları olmamasına dair birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsi ilə də razılaşmışdır. Çünki, həmin ünvanda Rauf Bəndəliyev daimi olaraq yaşayaraq faktiki sahiblik etmişdir.”

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət olmamışdır.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 340, 351, 385, 390, 399, 452-ci, MPM-in 82.3, 233.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsini n 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçılar (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

18. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

19. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad etmişdir. Bu maddədə açıq aydın qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahi blik edən şəxsə də mənsubdur - burada onların həmin evdə daimi qeydiyyatda olmaları, kommunal xidmətlərin ödənişlərini həyata keçirmələri, yaşamaları, özlərinə aid otaqlarının olması (bunu cavabdeh etiraf da etmiş və sxemində də göstərmişdir), onlara aid şəxsi əşyalarının olması və həmin evdən istifadə etmələri əmlaka sahiblik etmək deməkdir.

20. Məhkəmə Mülki Məcəllənin 158.2, 164.1, 165.1-ci maddələrini əsassız olaraq tətbiq etmişdir.

21. Kassasiya şikayəti Mülki Məcəllənin 157, 158, 164, 165-ci, MPM-in 14, 77, 217-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

27. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

28. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağl anması kimi qiymətləndirilir.

29. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

30. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bil ərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçılar iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1022/2024 nömrəli iş üzrə 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar