Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1850/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-912/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddaçı) barəsində xx.xx.2023-cü il tarixində Cavabdeh (bundan sonra – cavabdeh və ya İB) əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək, iddiaçıya 8.398,08 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 8398,08 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad kəndində olan fərdi yaşayış evinə xx.xx.2016-cı il tarixində yeni qaz sayğacı quraşdırılmış, xx.xx.202 3-cü il tarixində cavabdehin əməkdaşları onun iştirakı ilə həmin ünvana baxış keçirmiş və naməlum səbəblərdən hesab etmişlər ki, təbii qazdan qeyri-qanuni istifadə halı mövcuddur. Buna görə, akt və 69984 kub metr həcmində itirilmiş qazın bərpasına dair tələbnamə tərtib edilmişdir. Aktla razı deyildir, sözügedən ünvanda kənar qaz xətti yoxdur. Hasarın kənarından və bayır tərəfdən gedən dəmir boru isə onların evinə daxil olmur, qonşunun həyətinə kimi uzanır. Onun şəxsi israrı ilə həmin boru gedən yol qazılmış və borunun onların evində olan qaz cihazına qoşulmaması əyani olaraq İB-in əməkdaşlarına göstərilmişdir. Həmçinin, evin içinə baxan zaman, evdə olan qaz cihazına kənar xəttin qoşulması halı da heç bir şəkildə təsdiqini tapmamışdır. Lakin cavabdeh qurumun əməkdaşları, səbəbindən və təyin atından asılı olmayaraq istənilən boru aşkar edildiyi halda belə aktları tərtib etməli olduqlarını bildirmişlər. Mübahisəli borunun haradan çəkilməsi, kimin çəkməsi və nə borusu olmasını o, araşdırmalı deyildir. Dəqiq bilir ki, həmin borunun onun evinə və sayğacına aidiyyətı yoxdur. Həmçinin 60-70 kv. metr sahəsi olan yaşayış evində bir ilə 8.398,08 manat məbləğində qaz istifadə olunması da real deyildir. Bundan başqa, İB-in əməkdaşları tərəfindən aktlar tərtib olunan zaman mövcud olmayan cihazlara görə sərfiyyat hesablanmış və ona əsassız borc yüklənmişdir.
4. İş üzrə təyin olunmuş məhkəmə trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2 3/2014 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təq dim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3988/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda sayğacdan kənar qaz xəttindən istifadə qeyd edilsə də, cavabdeh iddiaçının sayğacdan kənar, qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 8.398,08 manat məbləğində borcun yaranması və hesablanması əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və iddiaçının yaşadığı evə dair hesablanmış 8.398,08 manat məbləğində borc silinməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 18-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun) 3, 18-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 282.1-ci, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Qaz təchizatı” haqqında Qanun) 13.8-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 77.1, 81, 119.1, 124.1-ci maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-912/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini xx.xx.2023-cü il tarixli tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir. B undan başqa, məhkəmə trasoloji ekspertizası üzrə rəyə əsasən iddiaçıya məxsus fərdi yaşayış evində qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096-cı, “Qaz təchizatı haqqında” Qanunun 11, 13-cü, MPM-in 14.2, 77.1, 81, 88, 217.3-cü maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olaraq təmin olunmuşdur. Belə ki, zərər tərtib olunmuş aktlarla öz təsdiqini tapmışdır. Məhkəmələr saldo aktları və fotoşəkillərə nəzər yetirməmiş, bu səbəbdən düzgün hüquqi nəticəyə gəlməmişlər.
15. İddiaçı müqavilənin tələblərini pozaraq əsassız varlanmış, vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış, eləcə də məhkəmə iddiaçıdan sübut tələb etməmiş, cavabdehin təqdim etdiyi sübutlara isə diqqət yetirməmişdir. Beləliklə, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul olunmuşdur.
16. Kassator şikayətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə qaydaları”nın 6.5-ci maddəsinə, Mülki Məcəllənin 21, 1091.2, 157.5-ci və MPM -in 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 21.3. Zərərin əvəzinin ödəni lməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Maddə 1096.1. Mülki hüquq pozu ntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
25. Bənd 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Qanun
26. Maddə 6, hissə
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şə xs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
27. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olma sı həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırılmamışdır. Ümumiyyətlə şikayət şablon ifadələrdən ibarət tərtib edilmiş, birbaşa hazırkı işin halları ilə bağlı hər hansı dəlillərə istinad edilməmişdir.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-912/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.