Məhkəmə qərarları › İş №2(102)-1855/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1855/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi, ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış ünvanı üzrə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli 309 saylı, xx.xx.2020-ci il tarixli 07/675 saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, həmin aktlara əsasən sayğacdan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir.

2. Həmin aktlara uyğun olaraq Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamələr” əsasında 15020, 64 manat məbləğində borc hesablanmışdır.

3. Mübahisə həmin borcla bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Birlik”) tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 15020,64 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Həmin fərdi yaşayış evini inşa etdikdən təqribən 5 il sonra evə digər kommunal xidmətlərlə yanaşı qaz xətti də çəkilmiş və qaz sayğacı quraşdırılmışdır (abonent kodu: ******* ***00000). Qaz sayğacı quraşdırıldıqdan sonra iddiaçı təqribən 2 il ərzində heç bir problem olmadan təbii qazdan istifadə etmiş və vaxtlı-vaxtında ödənişləri etmişlər. Bir müddət sonra özünü Birliyin Binəqədi rayonu üzrə nəzarətçisi kimi təqdim etmiş Rövşən adlı şəxs qaz sayğacını açaraq idarə tərəfindən yoxlanılması üçün özü ilə aparmışdır. Həmin gün axşam Rövşən iddiaçının ərinin telefonuna zəng edərək sayğacı gətirib yerinə quraşdırması üçün 100 manat pul istəmişdir. İddiaçının əri isə təbii qaza görə borcunun olmadığını və sayğacı idarəyə verməsini Rövşənə bildirmişdir. Təqribən 1 ay müddətində sayğac qaytarılmamışdır. İddiaçı Birliyə gedərək, Birliyin məsul əməkdaşlarından birinə Birliyin Binəqədi rayonu üzrə İdarəsinin nəzarətçisi olan Rövşənin hərəkətlərindən şikayətlənmiş və həmin əməkdaş iddiaçıya bildirmişdir ki, Rövşən iddiaçıdan savayı, başqa 10 nəfərdən çox abonentdən də eyni qaydada pul istədiyinə, pul verilmədiyi üçün sayğacları tulladığına görə işdən qovulmuşdur.

6. İddiaçı dəfələrlə Birliyə və Birliyin Binəqədi rayonu üzrə İdarəsinə müraciət etsə də, sayğacı gətirib quraşdıran olmamışdır. Bundan təqribən 6 ay sonra qaz sayğacını gətirib həyətdəki qaz xəttinə qoşanda, həmin xətti evə gedən qaz xəttinə qoşmamışlar. İddiaçı bir müddət evi odunla, taxta ilə qızdırmış, lakin bunun mümkünsüz olduğunu görüb xəttə sayğacdan kənar qoşulmuşdur.

7. Bundan da bir müddət sonra ünvana gəlmiş Birliyin əməkdaşı iddiaçıya məlumat vermədən xəttə və sayğaca baxış keçirmiş, qaz xəttinə qanunsuz qoşulma barədə akt tərtib etmiş və aşkar olunmuş fakta görə iddiaçını cərimə edəcək lərini demişdir. 2022-ci ilin sentyabr ayında Baş idarədə olarkən iddiaçıya bildirmişlər ki, qaz istehlakına görə borcu yaranmış və ona bir neçə ilin aktlarını təqdim etmişlər.

8. İddiaçının həmin aktlardan məlumatı olmamış, aktlar ərazidə tərtib olunmamış, aktlar tərtib olunarkən iddiaçının iştirakı təmin olunmamış və iddiaçı onlara imza etməmişdir. Buna görə də Birliyin iddiaçıya bu kimi borc hesablaması əsassızdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” müvafiq bəndlərinə istinad etmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-392/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Birlik tərəfindən iddiaçıya (abonent ko du: **********00000) hesablanmış 15.020,64 manat məbləğində borcun silinməsini, 135,06 manat məbləğində dövlət rüsumunun əvəzinin Birlikdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Əminə Abbasova)

11. Birinci instansiya məhkəməsi iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00000) yerində müayinəsi zamanı müəyyən etmişdir ki, həmin evi təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 15020.64 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır.

12. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi hallarına əsasən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 15020.64 manat məbləğində borc silinməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 5.2 və 6.5-ci bəndləri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlə rinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə 15000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, cavabdeh tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi hesabatların doğru olub-olmadığını yoxlamaq üçün mühasibatlıq və faktın müəyyən edilməsi üçün trassoloji ekspertiza təyin etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə kompleks trasoloji və mühasibatlıq ekspertizası təyin etmişdir.

17. Tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət təmin edilmədiyi üçün məhkəmə-trassoloji ekspertizasının aparılmasından imtina edilmişdir.

18. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8327 №-li rəyinə əsasən cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktlar üzrə iddiaçının Birliyə olan borcunun məbləği cəmi 1.635,84 manat təşkil edir.

19. Cavabdehin nümayəndəsi ekspert rəyi ilə müəyyən edilmiş borcun məbləği ilə razı olmadığını bildirmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın tam təmin edilən hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: **********00000) hesablanmış 13.384,80 (on üç min üç yüz səksən dörd manat səksən qəpik) manat məbləğində borc silinmiş, 112,92 (bir yüz on iki manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yaşad ığı və yuxarıda qeyd edilmiş ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu: **********00000) Rayon Məhkəməsi tərəfindən yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin evi təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Rayon Məhkəməsi iddianın təmin edilməsi zamanı bu halı da əsas götürmüşdür.

22. Apellyasiya instansiya məhkəməsi Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində özü də onun dəfələrlə etdiyi müraciətlərdən təxminən 6 ay sonra qaz sayğacı yerinə, yəni həyətdəki qaz xəttinə quraşdırılsa da, həmin xətti evə gedən qaz xəttinə qoşmadıqlarını, bu səbəbdən də, onlar bir müddət evi odunla, taxta ilə qızdırmalarını, lakin bunun mümkünsüz olduğunu görüb xəttə sayğacdan kənar qoşulmalarını qeyd etmişdir. Cavabdeh də apellyasiya şikayətində həmin hala istinad edir.

23. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi etirafedici ifadələri əsas götürərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması faktı təsdiq olunmuş hesab edilməlidir.

24. Bu qənaətə gəlmiş apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması faktı təsdiq olunmuş olsa belə, cavabdeh tərəfindən borcun məbləği düzgün hesablanmamışdır.

25. Apellyasiya instansiya məhkəməsi apellyasiya icraatı zamanı alınmış ekspert rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki, Birlik tərəfindən iddiaçı barəsində tərtib edi lmiş aktlar üzrə iddiaçının Birliyə olan borcunun məbləği 1.635,84 manatdır. Buna görə də həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və iddiaçının Birliyə ödəməli olduğu borcun məbləği həmin rəyə uyğun olaraq 1.635,84 manat müəyyən edilməlidir. Cavabdehin iddiaçıdan ödənilməsini tələb etdiyi borcun qalan hissəsi isə, yəni (15.020,64–1.635,84)=13.384,80 manat borc əsassız hesab edilməlidir.

26. Apellyasiya instansiya məhkəməsi cavabdehin nümayəndəsinin ekspert rəyi ilə razı olmaması barədə izahatına münasibətdə mövqeyi belə olmuşdur ki, cavabdehin nümayəndəsi bunu təkzib edəcək hər hansı sübutu təqdim edə bilməmişdir. Ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və mötəbərliyini şübhə altına alacaq hər hansı əsas müəyyən edilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nətic əni “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 21 və 1096-cı maddələrinin tələ blərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İş materiallarından da məlum olduğu kimi apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert tərəfindən verilmiş rəydə iddiaçı tərəfindən cavabdehə vurulmuş ziyanın məbləği göstərilmişdir, lakin rəyin əsaslandırıcı hissəsində ekspertin həmin məbləği necə müəyyən etdiyi əsaslandırılmamışdır və rəyin əsaslandırıcı hissəsində kifayət qədər zid diyyətlər vardır. Bütün bunlar isə hazırki iş üzrə ekspert rəyinin mötəbərliyini şübhə altına alır. Belə olan halda isə məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli və qeyd olunan ziddiyyətlər aradan qaldırılmalı idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmiş, təkrar ekspertiza təyin olunmamış və qismən əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Qanun Maddə 13 (bənd 8). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehl akçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daş ıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

36. İddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun ödənilməsi barədədir.

37. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının sayğacdan kənar qazdan istifadə etməsinin məhkəmədə öz təsdiqini tapmamasına, bu səbəbdən də iddiaçının cavabdeh qarşısında məsuliyyət daşıma masına istinad edərək iddianın təmin edilməsi nəticəsinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu mövqe ilə razılşamayaraq iddiaçının öz izahatına istinadən sonuncunun sayğacdan kənar qazdan istifadə etməsinin təsdiq edilməsini müəyyən edərək iddianı qismən təmin etmişdir.

38. Həmçinin işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən silinməli borc məbləğini ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.

39. Məhkəmə kollegiyası qeyd edilən əsasla qalan hissədə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən aktlar üzrə hesablanmış borc məbləğinin sübuta yetirilməsi cavabdehin üzərinə düşsə də, cavabdeh öz öz etirazını dəlillərini qismən sübuta yetirmiş, sübuta yetirilən hissədə iddia təmin, sübuta yetirilməyən hissədə isə rədd edilmişdir.

41. Bu baxımdan, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar, o cümlədən apelyasiya baxışında alınmış ekspert rəyi ətraflı araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi halları na uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2630-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

43. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh şikayətində ekspert rəyinin əsaslı olmamasını, təkrar ekspertiza təyin edilməli olmasını qeyd etmişdir. İşdən görünür ki, cavabdeh rəylə razı olmamasını apellyasiya baxışında da bildirmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin rəyi təkzib edəcək hər hansı sübutu təqdim edə bilməməsini göstərək, onun bu dəlilin qəbul etməmişdir.

44. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

45. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün M ülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh ekspert rəyini təkzib edəcək hər hansı sübutu apellyasiya baxışında təqdim etməyib. Üstəlik, cavabdehin nümayəndəsinin təkrar ekspertiza təyin edilməsi barədə vəsatət verməsi də işdən görünmür.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar