Məhkəmə qərarları › İş №2(102)-1888/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1888/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1888/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2, (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1608/2022 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 26 aprel 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 04 aprel 2016-cı il tarixli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (C.İ.Səfiye va) iddia təmin edilmiş, 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.

3. Cavabdeh MMC, habelə qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi L.M.Məmmədova, hakimlər T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 nöm rəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2022ci il tarixli, 2(102)6932/2022 nömrəli qərardadı ilə (məruzəçi E.Y.Şamayev, hakimlər E.R.Vəliyeva və A.Ə.Abbasov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-1608/2022 nömrəli qərardadı ilə (sədrlik edən v ə məruzəçi L.M.Məmmədova, hakimlər A.A.Mahmudov və L.E.Rəhimli) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, poçt vasitəsi ilə göndərilən qətnamənin surəti 17 oktyabr 2022-ci il tarixdə ona verilmiş, onun digər nümayəndəsi, vəkili Vəkil4 imzaladığı hazırki kassasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun 15 dekabr 2022ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşd irilmişdir. Vəkil1 tərəfindən yalnız apellyasiya şikayəti hazırlanmışdır. Belə ki, Maraqlı şəxs2 Vəkil1la hüquqi əməkdaşlığa son verdiyi üçün Vəkil1 apellyasiya instansiyasında keçirilən məhkəmə proseslərində iştirak etməmiş və məhkəmənin qəbul etdiyi qətnamə barəsində heç bir məlumat verməmişdir. O, isə qətnaməni rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-1608/2022 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi L.M.Məmmədova, hakimlər A.A.Mahmudov və L.E.Rəhimli) Maraqlı şəxs2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imt ina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi elektron imza ilə təsdiq edilməklə 07 oktyabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsi, Vəkil1 (etibarnamə və order cil 1, i.v. 160-161) “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə yerləşdirilmiş, cavabdehə poçt vasitəsi ilə göndərilən qətnamənin surəti üçüncü şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Qətnamədən üçüncü şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2022-ci il tarixli, 2(102)6932/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməs inin 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verildiyindən icraata qəbul edilməmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə qətnaməsi onun nümayəndə və vəkilininin “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, qətnamədən xx.xx.2022-ci il tarixədək kassasiya şikayəti verilməli olduğu halda xx.xx.2022-ci il tarixdə şikayət verilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs ərizədə göstərdiyi dəlillər prosessual müddətin bərpası edilməsi üçün əsas ola bilməz.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 10-1.3, 128.1, 128.2, 128.3, 129, 130.1, 407.1, 408.1.7, 408.1.4 və “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Maraqlı şəxs2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə qətnamə Və kil1 elektron kabinetində yerləşdirilsə də, vəkil və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 arasında əməkdaşlıq davam etdirilmədiyi və vəkilin isə hazırkı mülki işdə yalnız apellyasiya şikayətini yazmaqdan ibarət olması, eləcə də keçirilmiş məhkəmə proseslərində iştirak etməməsi səbəbilə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə barəsində maraqlarına toxunan şəxs kimi ona heç bir məlumat verməmişdir. Maraqlı şəxs2 isə rəsmi şəkildə qətnaməni xx.xx.2022-ci il tarixdə almış, kassasiya şikayəti isə tərəfindən vaxtında xx.xx.2022-ci il tarixdə verilmişdir. Hesab edir ki, qanunvericiliyə əsasən yekun məhkəmə aktı tərtib olunduqdan sonra işdə iştirak edən şəxslərə, o cümlədən Cavabdeh MMC-yə rəsmi qaydada təqdim edilməli idi. b) Kassasiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şi kayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq MPM

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 19. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

21. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

22. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

23. Maddə

129. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

26. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

27. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron po çt, SMS və s. vasitəsilə) çatdırılır.

29. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

30. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.

31. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qərardad üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

36. Belə ki, Elektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi elektron imza ilə təsdiq edilməklə 07 oktyabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsi, Vəkil1 (etibarnamə və order cil 1, i.v. 160-161) “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə yerləşdirilmişdir.Cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetdə təsdiq olunmuş elektron ünvanı da mövcuddur və Maraqlı şəxs2 adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlər in edilməsinə səlahiyyətli olmuşdur.Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmışdır.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 07 oktyabr 2022-ci il tarixində nümayəndə, Vəkil1 rəsmi qaydada verildiyinə görə, nümayəndəsi olduğu Maraqlı şəxs2 da rəsmi qaydada verilmiş hesab olunur.Maraqlı şəxs2 nümayəndəsi Vəkil1 ilə məhkəmə qətnaməsi rəsmi verilən vaxtda əməkdaşlığı dayandırması isə iş materialları ilə təsdiq olunmur.

37. Yuxarıda göstərilənlərə müvafiq olaraq da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmənin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil e tmir.

38. Ona görə də kassasiya şikayəti təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 406, 409, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1608/2022 nömrəli, 21 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar