Məhkəmə qərarları › İş №2(102)-209/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-209/2021

25.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-209/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1278/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (0.113 ha torpaq sahəsi və B tikilisinin 2-ci mərtəbəsi, 1-ci mərtəbənin yerdə qalan hissəsi) və X4 (0.105 ha torpaq sahəsi, A tikilisində 18.1 kv.m, 18.0 kv.m, 19.05 kv.m və B tikilisində 17.5 kv.m 10.85 kv.m olan otaqlar) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, mütəxəssis rəyindən görünür ki, x küçəsində yerləşən bulaq İddiaçı paylı mülkiyyətinə verilmiş X ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri xaricindədir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 21691 saylı ekspert rəyindən görü nür ki, X küçəsində yerləşən bulaq İddiaçı paylı mülkiyyətinə verilmiş X ünvanında yerləşən fərdi yaşayış evinin sərhədləri xaricindədir.

4. Azərbaycan Respublikasının Turizm Agentliyi “Yuxarı baş” Dövlət X11 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, məktubdan görünür ki, XVİİİ əsrdə saxsı borularla dağlardan çəkilmiş arxeoloji abidə olan (inventar №1741) «Köhnə su kəməri» saxsı borularla gələn “Taclıq suyu”dur. Sözügedən bulaq da XİX əsrin əvvəllərində tikilmiş məhəllə bulağıdır. XX əsrin sonuna kimi heç bir evdə bulaq olmadığından, məhəllə camaatı həmin bulağın suyundan istifadə etmişdir. Bu «El Bulaq» tarixi əhəmiyyət kəsb edir. Bu ilin iyul ayının 7-də «Yuxarı Baş» Dövlət X11 YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Ona görə də qoruq ərazisində tarixi əhəmiyyət kəsb edən hər bir abidə artıq YUNESKO tərəfindən qorunur. Sözügedən bulağın yerinin dəyişdirilməsi və ya sökülməsi qəti qadağandır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında cavabdeh X7 tərəfindən qanunsuz tikilmiş bulağın cavabdehin hesabına sökülməsi və həmin fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz tikilmiş bulağın cavabdehin hesabına sökülməsi və həmin fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra mülki işə məhkəmədə baxılarkən iddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz çəkilmiş su kranının (daşilə inşa edilmiş bulağın) iddiaçının hesabına sökülərək 1-1.5 metr cavabdehin divarına tərəf yerinin dəyişdirilməsi və fərdi yaşayış evininə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi uzun illər bundan əvvəl X5 ilə X1 paylı mülkiyyətində olmuşdur. Lakin sonradan vərəsəlik qaydasında həmin ev X6 və X2 adına qeydə alınmışdır. Hal-hazırda ə ri X2 payı bağışlanma yolu ilə onun adına qeydə alınmış və ona xx xxxx 2016-cı il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Onun adına olan ev uzun illər paylı mülkiyyətdə olduğu üçün hər iki tərəf üçün əsas yola iki giriş yolu olmuşdur. Bu, hal-hazırda olan fərdi yaşayış evinin texniki pasportunda və köhnə texniki pasportlarda öz əksini tapmışdır. Son dövrlərə kimi ona düşən pay hissəsinə girişdə köhnə taxta qapı mövcud olmuşdur. Sonradan o, həmin yerə yeni dəmir qapı qoydurmuşdur. Özü Bakı şəhərində yaşamaqla yalnız yay aylarında gəlir. Bu il Şəki şəhərinə gələrkən yaşayış evinə gedən yolda, qapısının 3-4 metrliyində cavabdeh tərəfindən daşdan hörülmüş balaca bir bulaq görmüşdür. Cavabdehə həmin bulağın onların gediş-gəlişinə maneə yaratdığını bildirərək öz hesablarına həmin bulağı 2 3 metr kənara çəkməsini xahiş etmişlər. Lakin cavabdeh tərəf qeyd olunanlarla razılaşmamışdır.

9. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(075)-39/2020 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı «mülkiyyətində olan fərdi yaşayış evinin gediş-gəliş yolunda, qapısının qarşısında Cavabdeh tərəfindən qanunsuz çəkilmiş su kranının (daşı ilə inşa edilmiş bulağın) onun hesabına sökülərək 1-1.5 metr cavabdehin divarına tərəf yerinin dəyişdirilməsi və fərdi yaşayış evininə gediş-gəliş yolunun açılması» tələbinə dair iddiası təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X yerləşən bulaq İddiaçı paylı mülkiyyətinə verilmiş fərdi yaşayış evinin sərhədləri xaricindədir. Bundan başqa X küçəsində yerləşən bulaq XİX əsrin əvvəllərində tikilmiş məhəllə bulağı olmaqla, onun yerləşdiyi «Yuxarı Baş» Dövlət X11 xx xxxx 2019-cu il tarixdə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Odur ki, iddia tələbi əsaslı deyildir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 139.1, 157.2, 157.4, 146.3, 178.1., 238.1-ci, Torpaq Məcəlləsinin 67.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1278/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Eyvazov (s ədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-39/2020 nörməli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Belə ki, X küçəsində yerləşən bulaq İddiaçı paylı mülkiyyətinə verilmiş fərdi yaşayış evinin sərhədləri xaricindədir. Bundan başqa X küçəsində yerləşən bulaq XİX əsrin əvvəllərində tikilmiş məhəllə bulağı olmaqla, onun yerləşdiyi «Yuxarı Baş» Dövlət X11 xx xxxx 2019-cu il tarixdə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Ona görə də iddia tələbi əsaslı deyildir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ekspert rəyində qeyd olunan bulağın iddiaçının evinin girişinə hər hansı maneə yaradıb-yaratmaması məsələsinə toxunulmamış və onlar səlahiyyətinə aid olmadığını bildirmişlər.Lakin apelyasiya məhkəməsi bu hala qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə ə sasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (Maddə 157.2)

24. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.(maddə 157.4)

25. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. (maddə 146.3)

26. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümk ündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. (maddə 178.1) 27. -ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. (maddə 238.1) Torpaq Məcəlləsi

28. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (maddə 67.1)

29. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binala rın, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (maddə 111) Mülki Prossesual Məcəllə

30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəm ə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1278/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar