Məhkəmə qərarları › İş №2(102)-2208/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2208/2019

07.10.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2208/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı və vəkilinun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, yoldan istifadəyə maneənin aradan götürülməsi, zəbt olunmuş ərazinin boşaldılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(103)-10569/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş mübahisəli torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, yoldan istifadəyə maneçiliyin aradan götürülməsi, yəni yolun gediş-gəlişə açılması və zəbt olunmuş ərazinin boşaldılması və vurulmuş mənəvi ziyana görə 5000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən Rufan Mürsəlov) 09 iyul 2018-ci il tarixli 2(002)-182/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 25 saylı evin və Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı evin giriş qapısından bayırda (yəni küçəyə çıxış olan həyətdə) tikinti və yenidənqurma işləri aparılaraq, 17 saylı evin həyətinin giriş-çıxış yolundan (darvazadan) 1.0-1,30 metr aralıda, mişar daşından, metal borudan və metal tordan istifadə etməklə qanunsuz inşa olunmuş hasarın cavabdeh X2 hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Azad İmanov) 06.11.2018-ci il tarixli 2(103)-10569/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-182/2018 saylı mülki iş üzrə qəbul etdiyi 09 iyul 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qanunsuz darvaza qoyaraq özünə Dəmiryolçular küçəsinə çıxış açmışdır. Lakin onun bu icazəsinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsindəki 17 nömrəli yaşayış evi İddiaçı atası X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan ke çmişdir. Hazırda qeyd olunan evin İddiaçı mülkiyyətində olması barədə heç bir sübut yoxdur. Göründüyü kimi iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmaq hüququ olmadığı halda məhkəmə onun iddiasını təmin etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası M PM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə qətnaməsinin qanuniliyi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissələrində yoxlanılır. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı ev iddiaçının atası X2un adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda iddiaçının sahiblik və istifadəsindədir. Həmin evin qonşuluğunda yerləşən Ələt qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 25 saylı ev isə cavabdehin anası X3 tərəfindən lazımi icazələr alınmaqla inşa edilmiş və hazırda cavabdehin sahiblik və istifadəsindədir. M əhkəmə Ekspertiza Mərkəzi tərəfindən 30 may 2018-ci il tarixli 5991 saylı rəy verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 25 saylı evin və Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı evin giriş qapısından bayırda (yəni küçəyə çıxış olan həyətdə) tikinti və yenidənqurma işləri aparılaraq, 17 saylı evin həyətinin giriş-çıxış yolundan (darvazadan) 1.0-1,30 metr aralıda, mişar daşından, metal borudan və metal tordan hasarın inşa olunduğu müəyyən edilir. Mülki iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi üzrə icra nümayəndəsinin tərtib etdiyi 17.10.2017-ci il tarixli aktın göstəricilərini nəzərə alaraq, inşa olunmuş hasarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı il ə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarına uyğun olmadığı müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunmuşdur ki, ekspert rəyi ilə təsdiq olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. Cavabdeh tərəfindən sözügedən həmin tikilinin qanunvericilikdə nəzərdə tutulmuş lazımi icazələr alınmaqla və şəhərsalma normalarına uyğun şəkildə inşa edilmiş olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən maraqlı tərəf hesab olunur. Çünki, mübahisəli tikili iddiaçının istifadə və sahibliyində olan 17 saylı evin həyətinin giriş-çıxış yolundan 1.0-1,30 metr aralıda inşa edilmiş, bunun nəticəsində iddiaçının darvazasının qarşısı bağlanmış, iddiaçı giriş-çıxış yolundan normal istifadədən məhrum olmuş, yəni qanunla qorunan maraqları və hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. İddiaçının sahibliyində və istifadəsində olan yaşayış evi və torpaq sahəsinə yolun açılması barədə tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular mü vafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, hazırkı işdə iddia tələblərinin qanuni əsasını təşkil edən maddələrin bütün dispozitiv şərtləri mövcuddur. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş hasar tikinti məqsədləri üçün ayrılmayan, ümumi istifadədə olan torpaq sahəsində (küçədə) və buna lazımi icazələr almadan tikilmiş tikilidir və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti sayılır. Həmçinin iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddianı irəli sürməkdə haqlıdır, çünki həmin tikili onun istifadəsində və sahibliyində olan evin və torpaq sahəsinin qapısının qarşısında inşa edilməklə, onun yoldan istifadəsinə mane olur. Məhkəmə kollegiyası iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, ümumi istifadədə olan küçədə iddiaçının yola çıxışının qarşısında hər hansı hasarlama işlərinin aparılması və maneələrin yaradılması qanunsuz və iddiaçının öz qanuni sahibliyində və istifadəsində olan evindən maneəsiz istifadə hüququnu pozan hərəkətdir və iddiaçı həmin hərəkətlərə son qoyulmasını tələb etmək hüququna malikdir. İddiaçının həmin tərəfdən qanunsuz darvaza açması, torpaq sahəsi zəbt etməsi isə hazırki iddianın predmetini təşkil etməməklə, cavabdehin qeyd edilən hərəkətlərinə haqq qazandırmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli 2(103)10569/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar