Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2223/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, (tikili qanunsuz inşa edildikdə) 02.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-636/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2024-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixində saziş (“Saziş”) imzalanmışdır.
2. Cavabdeh tərəfindən inşa оlunmuş fərdi ev Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun kontrakt sahəsində inşa еdilmişdir. Ev rəsmi reyestrdə Məmmədova (İsmayılova) Rəşadət Əli qızının adına dövlət qeydiyyatından keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkəti (bunda n sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən Şirkətin Saziş üzrə istifadəsinə vеrilmiş kоntrakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti nоrmaları və qaydaları ciddi surətdə pоzulmaqla özbaşına tikili inşa еdilmişdir. Cav abdеhin inşa еtdiyi özbaşına tikili Şirkətin həmin ərazidə nеft-qaz əməliyyatlarını həyata kеçirməsinə ciddi manеə yaratdığından, Şirkətin qanunla qоrunan hüquqları və dövlət tərəfindən vеrilmiş təminatları kоbud surətdə pоzulmuşdur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixində Saziş imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması mübahisələndirilən tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-7788/2021 nömrəli, 3.11.2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin olunmuş, cavabdehin 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa еdilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması, dövlət rüsumunun əvəzi оlaraq 10 manat məbləğində pul vəsaitinin cavabdehdən Şirkətin xeyrinə tutulması qət edilmişdir.
6. Birin ci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, cavabdеh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aid olmuşdur. İnşa olunmuş tikili iddiaçının kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində yerləşmiş, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inşa оlunmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1, 180.2, 180.4-cü, Torpaq Məcəlləsinin 46 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icr aat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Binəqədi rayonu, Xocəsən qəsəbəsində ailəsi ilə birlikdə yaşamışdır. Başqa sözlə, cavabdehin həmin əmlakla heç bir bağlılığı olmamış, əmlak cavabdehin atası X4 məxsus olmuşdur. Bununla bağlı Şirkət əvvəllər də iddia qaldırmış və həmin iddia son nəticədə təmin olunmamışdır. Şirkət iddia qaldırarkən sökülməsi tələb olunan evdə işiq, qaz və su sayğaclarının cavabdehin adına olmasına istinad etmişdir. Hazırda sayğaclar cavabdehin atası X3 adına keçirilmişdir. Bundan əlavə məhkəmə işə baxarkən nəzərə almamışdır ki, Şirkət həmin ərazidə müqavilə əsasınd a fəaliyyət göstərmiş və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçi olmuşdur. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Həmin torpaqlar Dövlət Neft Şirkətinə məxsus olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aid olmuşdur.
10. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, əvvəllər indiki cavabdehə qarşı iddia qaldırmış, lakin evin sahibi kimi cavabdehin atası özünü təqdim etdiyi üçün, cavabdehin atası əsl cavabdeh kimi əvəz olunaraq iddia təmin olunmuşdur. Lakin sonradan həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın ona cavab verməli olmayan şəxsə qaldırıması əsası ilə təmin edilməmişdir. Apellyasiya instansiyası həmin qərarında qeyd etmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən 100 kv.metr torpaq sahəsi cavabdehə ayrıldığı üçün iddia tələbi əsl olmayan cavabdehə X4 qarşı irəli sürülmüşdür. Hazırda iddia əsl cavabdehə qarşı qaldırılmış, lakin cavabdeh bu dəfə də cavabdehin əslində X7 olmasını göstərmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2561/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sökülməsi tələb olunan tikili Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşmişdir. Cavabdеh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aid olmuşdur. İnşa olunmuş tikili şirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində оlduğu müəyyən еdilmiş, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inşa оlunmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə cavabdehin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 21(112)-541/2021 saylı qərardadına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin cavabdehin istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiası mümkün sayılmamışdır. Həmin işdə məhkəmə bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin pay iştirak çılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac olmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı şirkət bundan əvvəl eyni tələblə X4 qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Əli Məmmədov apellyasiya şikayəti vermiş və şikayətdə göstərmişdir ki, həmin torpaq sahəsi və tikili onun deyil, torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən cavabdehin ayrılmışdır və hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi cavabdehin dəlili ilə razılaşaraq, torpaq sahəsinin cavabdehə ayrılmasını nəzərə alaraq, əsl olmayan cavabdehə qarşı iddia qaldırıldığından, 22 sentyabr 2021-ci il tarixli 2(103)209/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı rədd etmişdir. Həmin qətnamə ilə həmçinin iddiaçı şirkətə izah olunmuşdur ki, hazırkı iddia tələbi ilə əsl cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. Şirkət bu hüquqdan istifadə edərək cavabdehə qarşı iddia qaldırmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırkı iddiaya cavab verməli olmayan şəxs olması barədə apellyasiya şikayətinin dəlilini əsassız saymış və bunu onunla əsaslandırmışdır ki, eyni tələblə bağlı işdə olan Bakı Apellyasiya Məhk əməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(103)-209/2021 saylı qətnaməsinin təhlili göstərmişdir ki, şikayətin bu dəlili yalnız iddiaya cavab vermək məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Halbuki şirkət eyni tələblə bağlı bundan əvvəl Əli Məmmədova qarşı məhkəmədə iddia qaldıranda sonuncu həmin torpaq sahəsinin qızı cavabdehə ayrıldığını, torpaq sahəsinin və üzərində olan tikilinin ona aidiyyətinin olmadığını bildirmişdi.
16. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bö lgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, Şirkət podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərmişdir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4cü, Torpaq Məcəlləsinin 46, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkət həmin ərazidə müqavilə əsasında fəaliyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin torpaqlar Dövlət Neft Şirkətinə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir. Şirkət tərəfindən ikinci dəfə əsassız iddia qaldırılmasına və onlara məxsus əlaqə vasitələrinin onlarda olmasına baxmayaraq qəsdən məhkəməyə məlumat verməmişlər və məqsəd cavabdehə zərər vurmaq olmuşdur. Birinci instansiya məhkəməsində buraxılmış pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmışdır. Xəstə olduğu həmin dövrdə iddiaçı tərəfindən portala yeni sənədlər əlavə edilmiş (təxminən 40 vərəq həcmində) və onlarla tanış olmaq imkanı olmamışdır. İşin mürəkkəbliyi baxımından məhkəmə ədalət mühakiməsini həyata keçirmək, həqiqətə nail olmaq üçün işi hərtərəfli və tam araşdırmalı idi. Bunun baş verməməsi nəticəsində qanunsuz və əsasız qətnamə qəbul olunmuşdur. Belə ki, həmin qətnamələrə əsasən o, öz vəsaiti hesabına həmin evi sökməli və təhvil verməlidir. O, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Evin faktiki sahibi, onu öz vəsaiti hesabına tikən və orada hazırda yaşayan X5r. Onun həmin evə hər hansı bağlılığı yoxdur. Yeganə hal onun adına olan bələdiyyə sərəncamı olmuşdur. Həmin sərəncamla bağlı elə iddiaçı Şirkət tərəfindən qaldırılmış iddia üzrə Bakı İnzibati Məhkəməsində işə baxılmış və həmin sərəncam hüquqi qüvvəsi olmayan akt kimi tanınmışdır. Məhkəmədə işə baxıla rkən tərəfindən evin əsl sahibinin məhkəmə iclasında iştirak etməsi və izahat verməsi barədə və başqa əlavə vəsatətlər də verilmişdir. Məhkəmə isə heç bir sübutu araşdırmadan və heç kəsi dinləmədən qərar vermişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5787/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Xəlilov (məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli, 2479 saylı sərəncamı ilə fərdi ev inşa etmək üçün cavabdehə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mübahisəli ev inşa edilmişdir. İddiaçı analoji iddia tələbi ilə cavabdehin atası X4 qarşı tələb irəli sürmüş və nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22.9.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsinə əsas ondan ibarət olmuşdur ki, ev cavabdehə ayrılan torpaq sahəsində inşa edilmiş, ona məxsus olduğundan və ona görə iddia tələbi ona qarşı irəli sürülə bilər. Bundan sonra iddiaçı təşkilat hazırkı tələblə cavabdehə qarşı mübahisə açmışdır. Analoji məhkəmə mübahisəsi “X1 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdi r ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin X9 Məhkəməsinin Qərarında şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir. O cümlədən, mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reaksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağ ın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4, Torpaq Məcəlləsinin 46, 111-ci, MPM-in 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə(hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edil ərək, iddia tələbi təmin edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdehin istifadəsində olmaqla, onun tərəfindən tikili inşa edilən torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu işin mübahisəsiz halı olmuşdur. Lakin iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ev inşa edilmiş sahənin onun tərəfindən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gə tirməsinə, neft-qaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir.
27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmamasından əlavə, müəyyən edilmişdir ki, mübahisəli ev 2007-ci ildə inşa edilmiş, inşası zamanı və sonrakı dövrlərdə (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyəti orqanların evin özbaşına tikilməsi ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təchiz olunaraq orada yaşayış davam etmiş və etməkdədir.
28. Həmçinin işin faktiki halları baxımından neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq, Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiasının təmin edilməsi üçün hüquqi əsaslar olmamışdır. Belə ki, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutla r təqdim edilməmişdir.
29. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdırılaraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.4cü, Torpaq Məcəlləsinin 9, 22, 46, 111-ci, MPM-in 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.3, 384.0.2, 385.1.1, 405, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçdiyi halda, cavabdehin mübahisəli torpaq sahəsinə hüququ dövlət reyestrində qeydə alınmamış, bir sözlə mülkiyyət hüququ yaranmamışdır. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsində özbaşına tikili inşa etməsi Şirkətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabd ehin bu qanunsuz hərəkətinə düzgün qiymət verməmişdir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Lakin apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu normalarına da əhəmiyyət verməmiş, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququ dövlət reyestrində dövlət qeydiyyatına alınmadan, çıxarış rəsmiləşdirilmədən, məhkəmə dolayısı ilə cavabdehin həmin torpağa dair hüququnu tanımışdır; - dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı t əsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətində olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kobud pozuntuya yol verməklə cavabdehin qanunsuz inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olması qənaətinə gəlmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2355/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (məruzəçi), V.M.Məmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
35. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)541/2021 saylı qərardadına əsa sən Binəqədi qəsəbə Bələdiyyəsinin cavabdehin istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiası mümkün sayılmamışdır. Həmin işdə Bakı İnzibati Məhkəməsi bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəy yən edilməsinə ehtiyac olmamışdır.
36. Göründüyü kimi, cavabdehin torpaq sahəsinin onun mülkiyyətinə ayrılması barədə istinad etdiyi bələdiyyə qərarının qanuni qüvvədə olmamasına dair Bakı İnzibati Məhkəməsinin qərardadı vardır.
37. Apellyasiya instansiyası məhkəməsi isə prosessual qanunvericiliyin tələbinə əməl etməyərək, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadına əhəmiyyət verməmişdir.
38. Mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olması işin mübahisəsiz halı olmuşdur.
39. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarına istinadən iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi ba xımından lazımi şəkildə qiymətləndirilməmişdir.
40. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur.
41. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının məzmunundan da görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
42. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkə mələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığnı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
43. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sa hələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
44. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.
45. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı m addəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.
46. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edi lməlidir.
47. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.
48. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4, Torpaq Məcəlləsinin 46, 111-ci, MPM-in 14.2, 77.1, 88, 218.1, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.2, 417.1.3, 417.1.4, 418.1, 418.3, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
49. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-636/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamənin həmin ərazidə neftqaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi qət edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. İş materiallarından müəyyən edildiyi kimi, mübahisə predmeti olan tikili, dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində (1 saylı mədənin 4-cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində) inşa edilmiş özbaşına tikili olmuşdur. Belə olan halda kollegiya işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlmişdir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tər əfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkar olmuş, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab vermişdir.
52. Belə ki, strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olan, işlək və istifadəsi gələcəkdə nəzərdə tutulan nеft quyuları mühafizə zonası boyunca yerləşdiyindən, burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda da fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.
53. Cavabdehin tikinti işləri aparılarkən, yəni mübahisəli tikili inşa edilərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələ r almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinatları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar onun əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından qiymətləndirilməlidir.
54. Cavabdehin adına tərtib edilmiş istifadəsinə torpaq sahəsinin ayrılması barədə Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərancamı ilə əlaqədar isə qeyd edilməlidir ki, Ba kı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 21(112)-541/2021 saylı qərardadına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin cavabdehin istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiası mümkün sayılmamışdır. Həmin işdə məhkəmə bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac olmamışdır. Göründüyü kimi cavabdehin istinad etdiyi bu sənəd hüquqmüəyyənedici və Dövlət tərəfindən cavabdehin tikinti işlərinin aparılmasına icazə verilməsini, hərəkətlərinin labüd hesab edilməsini təsdiq edən sənəd olmamışdır.
55. Avropa Məhkəməsi qərarlarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
56. Bununla yanaşı, Konvensiya nın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.
57. Apellyasiya instansiyası məhkəməsi bundan başqa iddianın “torpaq sahəsindən çıxarılma” hissəsi ilə əlaqədar Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd etmişdir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktik i sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdənmüəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.
58. İddiaçının əmlakın qanuni sahibi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyay a sahiblik hüquqlarının olmaması işin müəyyən edilmiş halları olmuşdur. Belə ki, mübahisələndirilən tikilinin Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin hüdudları daxilinə düşdüyü, neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, Şirkət podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxs olmuş və belə olan halda cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin neft quyusunun mühafizə zolağının daxilinə düşdüyü hissəsindən çıxarılmalıdır.
59. Cavabdehin mübahisəli tikilinin əsl sahibinin atası olmasına dair dəlili ilə əlaqədar kollegiya qeyd etmişdir ki, şirkət bundan əvvəl eyni tələblə X4 qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Əli Məmmədov apellyasiya şikayəti vermiş və şikayətdə göstərmişdir ki, həmin torpaq sahəsi və tikili onun deyil, torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən hazırda cavabdeh qismində cəlb olunmuş şəxsin adına ayrılmışdır və hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəm əsi apellyatorun dəlili ilə razılaşaraq, torpaq sahəsinin cavabdehə ayrılmasını nəzərə alaraq, əsl olmayan cavabdehə qarşı iddia qaldırıldığından, 22 sentyabr 2021-ci il tarixli, 2(103)- 209/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı rədd etmişdir. Həmin qətnamə ilə həmçinin iddiaçı-şirkətə iddianı əsl cavabdehə qarşı qaldırmaq hüququnun olması izah olunmuşdur. Qeyd edilən məhkəmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmiş, müvafiq qaydada qanuni qüvvəsini almışdır.
60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri saymışdır ki, Avropa Məhkəməsinin yuxarıda sadalanan qərarlarında sərgilədiyi mövqe iş üzrə sonuncu Ali Məhkəmənin qərarında da öz əksini tapmışdır. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə görə bu kateqoriyadan olan işlərə baxan məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidir. Həmçinin, qətnamənin əsaslandırı cı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməli, tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.
62. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili iddiaçının kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, neft quyularının mühafizə zolağına düşmüşdür. Həmin quyular arasında işlək, təmir olunacaq və fəaliyyətsiz quyu mövcud olmuşdur. Belə olan halda kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, tikilinin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi baxımından icra müddətinin göstərilməsinin zəruri olduğu qənaətinə gəlmiş və qətnamənin icra müddətini onun qanuni qüvvəsini alması ilə deyil, tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlanması ilə əlaqələndirmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 157.2, 157.4, 157.8, 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 22.2-ci, MPM-in 4.1, 14.2, 77.1 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri
64. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
65. Kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin birinci icraatında baxılmış kassasiya şikayətinin dəlilləri eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin son qərarında əks olunmuş tövsiyələrə də əməl etməmişdir. Belə ki, həmin qərarda yerli icra orqanın işə cəlb edilməsi tövsiyə edilmiş, lakin məhkəmə Binəqədi İcra Hakimiyyətini işə cəlb etmədən və onun rəyini almadan qətnamə çıxarmaqla Ali Məhkəmənin özünün Qərarındakı göstərişlərini pozmuşdur. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
66. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
67. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
68. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
69. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanma sı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
70. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
71. Maddə
46. Dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövl ət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.
72. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
81. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
82. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə y enidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
83. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
85. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və topla nmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
88. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-636/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.