Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2316/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (maraqlı şəxslər X3, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası tələbi, vərəsəlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1630/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X9 ilə “Bentley Baku” arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Bentley Continental GT V8 markalı avtomobilin satışı üzrə müqavilənin 3-cü maddəsinin 3.3-cü bəndinə əsasən alıcı aylıq ödənişi hər cari ayın sonunadək ödəməlidir. Aylıq ödənişin gecikdirilməsi 25 gündən çox olan halda, satıcı bu müqaviləyə birtərəfli xitam vermək hüququndadır. Bu halda avtomobil satıcının dayanacağına gətirilərək qiymətləndirilir və bazar qiyməti ilə təkrar satışa çıxarılır. Müqavilənin 3.4-cü maddəsinə əsasən satıcı ödənilməmiş avtomobili digər alıcıya satandan sonra, təkrar satış qiymətindən alıcının borc olan hissəsini və əlavə 20% öz hesabında saxlamaqla, qalan pulu alıcıya qaytarır;
3. X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Bakı şəhərinin 52 nömrəli notariat ofisində vərəsəlik işi açılmış, atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 və arvadı İddiaçı miras qoyanın qanun üzrə vərəsələri kimi tanınmışlar;
4. X9 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbi ilə ödənişləri davam etdirmək mümkün olmadığından Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müqaviləyə birtərəfli xitam verilərək avtomobil özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (maraqlı şəxslər X3, Maraqlı şəxs2 və Maraqlı şəxs3) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 71.500 ABŞ dolları və 5.900 manat məbləğin 52 saylı Notariat ofisinin depozit hesabına ödənilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Şirkət lizinq şərti ilə mərhum həyat yoldaşına satdığı avtomobili, onun vəfatından sonra geri təhvil almış, onu satmış, lakin satışdan əldə etdiyi pul məbləğdən borcun qalığını çıxmasına baxmayaraq artıq qalan hissəsini mərhumun vərəsələrinə ödəməkdən yayınmışdır. Dəfələrlə müraciət edərək pulu vərəsəlik işini aparan notariusun bank hesabına mədaxil etməyi xahiş etsələr də, cavabdeh bunu etmir. Hazırda cavabdeh Şirkətin rəhbərliyi təsdiq edir ki, satışdan əldə edilmiş məbləğdən borc çıxıldıqdan sonra qalan 71.500 ABŞ dolları və 5.900 manat məbləğində pul vəsaiti hələ də onda saxlanılmaqdadır.
7. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 bildirmişdir ki, avtomobilin dəyəri 245.000 avro müəyyən edilmiş, mərhumun özü avtomobilini nisyə götürüb satdıqdan sonra 153.500 avro borc qalmış, 12.500 avro ödənildikdən sonra yerdə qalan 141.000 avro borcun hissə-hissə ödənilməsinə dair öz aralarında razılaşma olmuş, məhrumun vəfatından 3 ay sonra avtomobil onlara qaytarılmış, yarım il avtomobil onlarda qalmış, kommersiya itkilərinin olması səbəbindən maşını bazar qiymətindən də aşağı qiymətə vermək istəmişdir. İddiaçı öz hüquqlarından istifadə edirsə o halda vərəsə kimi üzərinə düşən öhdəlikləri də icra etməlidir. Avtomobil bazar qiymətinə satılıb borc bağlandıqdan sonra qalan məbləğdən 20 faiz kommersiya itkilərinə çıxılmalıdır. Həmçinin a vtomobili Xalidə adlı şəxsə satarkən də nəğd satmadıqlarını, müəyyən məbləğdə pul alaraq onun maşınını götürdüklərini, Xalidə xanımdan aldıqları maşını da alverçilərə satmaq üçün nisyə verdiklərini, əsas olan 141.000 borcu bağlamaq üçün 1 il ərzində 5.000-10.000 civarında aylıq məbləğ verdiklərini bildirmişdir. İddianı qəbul etdiyini, tərəflərin öz aralarında razılığa gəldiyi təqdirdə notariat orqanının hesabına köçürülməsini təmin edəcəklərini məhkəməyə bildirmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1779/2023 saylı Baş Dövlət Yol Polis İdarəsinə ünvanladığı alğı-satqı müqaviləsi barədə sənədlərin təsdiq olunmuş surətini məhkəməyə təqdim edilməsi barəsində sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023 tarixli № 3-13-16/2-13661 1/2023 saylı məktubunda bildirilmişdir ki, “Bentley Continental GT V8” Markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X6 adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni 22-ZZ222 dövlət qeydiyyat nişanı təhkim olunaraq X2 adına rəsmiləşdirilmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) e-2(009)1779/2023, saylı 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 71.500 ABŞ dolları və 5.900 manat pulun 52 saylı Notariat ofisinin hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 418 manat dövlət rüsumunun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.4-cü bəndindən görünür ki, alıcı ödənişləri gecikdirdikdə, satıcı avtomobili təkrar satışa çıxarır və təkrar satışdan əldə edilmiş vəsaitdən borc qalığını və əlavə faizi tutduqdan sonra, qalan vəsaiti alıcıya qaytarır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdə saxlanılan 71.500 (yetmiş bir min beş yüz) ABŞ dolları və 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin depozit hesabına mədaxil edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 442, 558.1, 1151, 1157, 1255, 1257.1-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 17-ci mad dəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Maraqlı şəxs3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Maraqlı şəxs3 mərhum X7 anasıdır. Onun prosessual statusu birinci instansiya məhkəməsi tərəfindən adekvat müəyyən olunmamışdır. Belə ki, o, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməli olduğu halda, birinci instansiya məhkəməsi onu iddiaçı tərəfindən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bu barədə nümayəndəsi tərəfindən aidiyyətı qaydada məhkəməyə müraciət olunsa da, sonuncu t ərəfindən iş artıq, baxış iclasına təyin edilməsinə istinadən vəsatət təmin olunmamışdır. Bununla da, tərəfindən məhkəməyə müvafiq müraciət hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Bu vəsatətlərin baxış iclasına qədər verilməsi iş üzrə mühüm sübutların əldə olunması ilə əlaqədar olmuşdur. Digər bir tərəfdən hazırda Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mübahisə predmeti olan avtonəqliyyat vasitəsinin dəyəri real bazar qiymətindən əhəmiyyətli dərəcədə az olmuşdur. Bu səbəbdən, onun əmlak hüquqları pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə heç bir adekvat tədbir görülməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) 2(103)-1630/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətna məsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin e-2(009)-1779/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, avtomobilin bazar qiymətinin düzgün hesablanmaması arqumenti ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasında bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
16. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etdiyini bildirmiş və buna iddiaçı tərəfindən hər hansı etiraz daxil olmamışdır.
17. Kollegiya cavabdehin birinci instansiya məhkəməsi tərəfindən onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunması məqsədilə verdiyi ərizəsini icraata qəbul etmədən qərar qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir ki, iş materiallarına əsasən, məhkəmə baxışının təxirə salınması barədə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunması məqsədilə verdiyi ərizə) Maraqlı şəxs3 1-ci instansiya məhkəməsinə ünvanladığı vəsatət təmin olunm amışdır. Lakin buna baxmayaraq həm hazırki mərhələdə, həm də 1-ci instansiya məhkəməsində baxış zamanı maraqlı şəxs müvafiq sənədləri məhkəməyə təqdim etməmiş və tələb irəli sürməmişdir.
18. Kollegiya onu da qeyd etmişdir ki, maraqlı şəxsin, həqiqətən də, irəli sürəcəyi tələbinin haqlı olacağı halda belə hazırki iş üzrə bu tələbi sürə bilməməsi onun gələcəkdə tərəflərdən hər hansı birinə və ya digər bir şəxsə qeyd etdiyi həmin tələblə (məbləğ fərqi ilə) ayrıca və yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
19. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, maraqlı şəxs öz apellyasiya şikayətində iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin dəlillərində yuxarıda qeyd edildiyi kimi yalnız mübahisə predmeti olan avtomobilin dəyəri ilə razılaşmadığını bildirmiş və müstəqil tələb irəli sürə bilmədiyinə görə iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Lakin iddia tələbinin əsaslı olub-olmaması qeyd edilən dəlillərdən asılı olmamış, qanunvericiliklə müəyyən edilmiş əsası tamam başqa olmuşdur.
20. İddiaçının mərhum əri ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Bentley Continental GT V8 markalı avtomobilin satışı üzrə müqavilənin 3.4-cü bəndindən görünür ki, alıcı ödənişləri gecikdirdikdə, satıcı avtomobili təkrar satışa çıxarır və təkrar satışdan əldə edilmiş vəsaitdən borc qalığını və əlavə faizi tutduqdan sonra, qalan vəsaiti alıcıya qaytarır. Müqavilənin şərtlərinə əsasən X9 91.500 Avro olan avtomobil verilmiş, 153.500 Avro borcunu 12 ay ərzində bərabər hissələrlə ödəməli idi. xx.xx.2020-ci il tarixdə 12500 Avro ödə miş, 141000 Avro borcu qalmış, ödənişləri davam etdirmək mümkün olmamışdır. Bundan sonra Bentley Continental GT V8 markalı avtomobil satılmaq üçün cavabdeh Şirkətə geri qaytarılmış, Bentley Continental GT V8 markalı avtomobil xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X10 tərəfindən X1. Bu halda iddiaçının mərhum həyat yoldaşının vərəsəsi olaraq (iş materialları ilə müəyyən olunmuş mübahisəsiz halı təşkil edir) satışdan əldə edilmiş məbləğdən borc çıxıldıqdan sonra qalan 71.500 ABŞ dolları və 5.900 manat məbləğində pul vəsaitini tələb etmək üçün həm subyektiv hüququ, həm də hüquqi əsası olmuşdur.
21. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına və mövcud sübutlara düzgün qiymət verməklə mübahisəni düzgün həll etmişdir və qətna mənin ləğvi üçün əsaslar yaranmamışdır.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 442, 558.1, 1151.1, 1157, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Maraqlı şəxs3 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhum oğluna məxsus “Bentley Continental GT V8” Markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin surəti təqdim edilməmiş, avtomobilin satışından əldə edilmiş hansı məbləğdə vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə məlumat verilməmişdir. İş materiallarında mübahisələndirilən avtomobilə dair DİN BDYPİ bağlanmış müqavilədə qeyd edilmiş 50.000 manata alğı-satqısı qeyd edilsə də, cavabdehin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində həmin məbləğin real dəyərini əks etdirmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı belə avtomobilin hansı qiymətə satılması, avtomobilin satışından əldə edilmiş məbləğdən hansı məbləğin mərhum oğlunun borcunun ödənilməsinə yönəldilməsi barədə məlumat verməmiş, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmələr üçüncü şəxslərin mənafelərini nəzərə almadan, iddiaçı ilə cavabdehin aralarında əldə edilmiş razılığa əsasən iddia tələbinin hüquqi əsası olmadığı halda, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, 2021-ci ildən 2023-cü ilədək dəfələrlə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bentley Continental GT V8 markalı avtomobilin satışından əldə edilmiş 200.000 avro məbləğindən mərhum oğlunun borcu ödənildikdən sonra yerdə qalan 100.000 avronun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, bunun nəticəsi olmamışdır. Lakin, “Bentley Baku”-a avtomobili üçüncü şəxs Maraqlı şəxs2 təhvil vermiş və avtomobil təhvil verilərkən şahidlərin iştirakı ilə şirkətin əməkdaşları 100.000 avronu geri qaytaracaqlarına dair üzərilərinə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən avtomobilə dair çıxarış alındıqdan sonra, X 8 ilə əlaqə saxlayaraq, avtomobilin hansı qiymətə alındığını soruşduqda sonuncu mərhum oğluna məxsus avtomobili 200.000 avroya aldığını etiraf etmişdir. 2019 il buraxılış olan Bentley Continental GT V8 (VİN SCBCF13S0LC078623) markalı avtomobilin qiyməti 245.000 Avro müəyyən edilmiş, mərhum oğlu cəmi 2 ay həmin avtomobili idarə etmiş və oğlunun vəfatından sonra avtomobil Şirkətə geri qaytarılmışdır.
25. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmək istəyinin olmasını bildiyi halda, üçüncü şəxsin bu hüququnu məhdudlaşdırmaqla, 24 oktyabr 2023cü il tarixinə təyin edilmiş məhkəmənin hazırlıq iclasını təxirə salmadan, işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul etmiş, bunun nəticəsində üçüncü şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanından məhrum olmuşdur. Həmçinin məhkəmələr cavabdehin iddianı etiraf etməsi ilə iş üzrə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər sübut təqdim etməməsini, cavabdehin öz etirafını əsaslandırdığı mötəbər sübutları məhkəməyə təqdim etməməsini nəzərə almadan, üçüncü şəxslərinin qanunla qorunan mənafelərinin pozulması ilə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən iddiaya baxış düzgün aparılmış və qanuni qətnamələr qəbul edilmişdir. Üçüncü şəxs Maraqlı şəxs3 heç bir hüququ pozulmamışdır. Məhkəmənin müəyyən etdiyi məbləğ, eynilə gə ləcəkdə müəyyən ediləcək miras kütləsinə aid digər əmlakla yanaşı miras əmlakının tərkib hissəsi olaraq müvafiq notariat orqanına köçürülməli, hər üç vərəsə arasında qanuna uyğun qaydada bölünməlidir. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
34. Maddə 1134.2. Vəsiyy ət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
35. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
37. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələnd irildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etdiyini bildirmiş, Maraqlı şəxs3 isə irəli sürdüyü arqumentlərin yoxlanılmasına əsas verəcək sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə olan halda, iddiaçının cavabdehə qarşı 71.500 ABŞ dolları və 5.900 manat məbləğində pul tələbi əsaslıdır və təmin edilməlidir.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Maraqlı şəxs3 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasi ya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətini n dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1630/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.