Məhkəmə qərarları › İş №2(102)-233/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-233/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-233/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyət hüququ, əşyanın tərkib hissəsi, vahid mülkiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-48/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İş üzrə tərəflər – İddiaçı və Cavabdeh keçmiş ər-arvaddırlar, onların nikahı Tovuz Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Tərəflər arasındakı mübahisə Tovuz rayonu Əyyublu kəndində 0.26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə ilə bağlıdır.

3. Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(062)-2004/2019 nömrəli qətnaməsi ilə Cavabdeh həmin evə köçürülmüşdür.

4. Daşınmaz əmlakın dövlət reyestrində 19 aprel 2022-ci ildə aparılmış qeydiyyata əsasən, göstərilən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 3/6 payla İddiaçı, 1/6 payla Cavabdeh, 1/6 payla X3, 1/6 payla X1 adına, fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam payla İddiaçı adınadır. 5. 15 noyabr 2022-cil tarixdə notarial qaydada təsdiq olunmuş müqavilələrlə Samir Mehralıyev və Gülnar Mehralıyeva hər biri ayrı-ayrılıqda torpaq sahəsi üzərindəki 1/6 payını anaları Cavabdeh bağışlamışlar.

6. İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı 31 may 2022-ci ildə Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq tələb etmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilsin və cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılsın.

8. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinadən tələbini belə əsaslandırılmışdır ki, cavabdeh sözügedən fərdi yaşayış evinə köçürüldüyü vaxtdan aralarında mübahisələr yaranmış, dəfələrlə polisə müraciət edilmişdir. Evdə birgə yaşamaları mümkün olmadığından cavabdehə evdən çıxması müqabilində 6000 manat kompensasiya təklif etmiş, lakin sonuncu bununla razılaşmamışdır.

9. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı ərizə verərək kompensasiya məbləğini 8000 manata artırmışdır.

10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, evdə uzun müddətdir yaşayır, onun həmin evdə böyük zəhməti var, təklif edilən kompensasiya məbləği yetərli deyil. Ona görə də iddianın əsassız sayılmaqla rədd edilməsini xahiş edir.

11. Tovuz Rayon Məhkəməsinin (hakim Z.Hünmətov) 25 avqust 2022-ci il tarixli, 2(062)1606/2022 nömrəli qətnaməsi ilə iddiaçının 8000 (səkkiz min) manat kompensasiya ödəməsi müqabilində cavabdehin Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, göstərilən kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması qət edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif edilmiş 8000 manat məbləğində kompensasiya yetərlidir, cavabdehin bir neçə il və davamlı şəkildə oxşar şəraitli evdə kirayə haqqı ödəməklə dörd il dörd ay yaşamasına imkan verir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansi ya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır.

15. İddiaçı apellyasiya baxışında cavabdehə 10000 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəhman Muradov – sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Mustafa Mustafayev) 2(104)-48/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, cavabdehin Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna iddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi və onun fərdi yaşayış evindən çıxarılması, qətnamənin eyni vaxtda icra edilməsi qət edi lmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının təklif etdiyi 10000 manat kompensasiya cavabdehin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması üçün yetərlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin maddənin şərh edilməsinə dair bir sıra qərarları, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 385, 385.1.2, 385.1.4-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, ona 25000 manat kompensasiya verilməklə i ddiaçının mülkiyyətində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməklə evdən çıxarılmağına dair qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında kifayət qədər sübutlar olsa da məhkəmə həmin sübutları sadalamaqla kifəyətlənmiş, yəni həmin sübutlara hüquqi qiymət verməmişdir. Gəncə Apelyasiya Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir.

21. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Konstitutsiyasının 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228-ci və Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinın 8, 9, 14, 77.1, 78, 88, 188-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

23. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

25. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

26. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

29. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.

30. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

34. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. apellyasi ya Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Baxılan işdə İddiaçı tələb edir ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən evindən Cavabdeh istifadə hüququna ödəyəcəyi kompensasiya müqabilində xitam verilsin.

41. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr tələbin qanuni əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq edərək iddianı təmin etmişlər. Bu maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

42. Normanın dispozisiya şərtlərindən görünür ki, bu tələbi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi, (mülkiyyət hüququna malik olmayan) istifadə hüququ sahibinə qarşı irəli sü rə bilər. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə ədalətli kompensasiya təklif edilməlidir (mübahisə halında kompensasiyanın məbləğini məhkəmə özü müəyyən edir).

43. İddianın bu norma ilə təmin edilməsi üçün göstərilən şərtlərin hamısı müəyyən edilməlidir. Ardıcıl şəkildə yoxlanılmalı olan bu şərtlərdən biri aşkar edilmədikdə sonrakıların araşdırılmasına gərək qalmır, həmin maddəyə əsaslanan iddia rədd edilir.

44. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, baxılan işdə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

45. Mülki Məcəllənin 228-ci maddəsi “Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ” adlı fəsildə yer alır. Bu hüquq, özünəməxsus əlamətlərə və rejimə malik olan bir mülkiyyət növüdür. Belə ki, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (Mülki Məcəllə, maddə 226.1 və 227.1).

46. Göründüyü kimi, bu tip mülkiyyətin subyekti binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və qeyd olunan digər işləri aparmaq üçün xüsusi hüquq əldə edir, eyni zamanda binanın yerləşdiyi torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququna malik olur.

47. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin isə mənzilə və binanın altındakı torpaq sahəsinə mülkiyyət hüququ olmur. Onun hüququ mü lkiyyət hüququ ilə müqayisədə məhdud şəkildə olmaqla, mülkiyyətçinin yaşayış sahəsindən və binanın digər zəruri hissələrindən istifadə etməkdən ibarətdir. Bu hüququn yaranması ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin mülkiyyət hüququ yüklü vəziyyətə gəlmiş olur (notarial müqavilə və ya qanun əsasında - Mülki Məcəllə, maddə 228.2 və 228.5).

48. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş hüququ məhdud əşya hüququ – şəxsi servitut olaraq şərh etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərar).

49. Baxılan işdə isə mübahisənin obyekti çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyi l, Tovuz rayonu Əyyublu kəndində 0.26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evidir.

50. Daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi 3/6 payla, ev isə tam payla iddiaçının adına qeydə alınsa da, məhkəmələr müəyyən etmişlər ki, cavabdeh də sözügedən torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir.

51. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir.

52. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28).

53. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.

54. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 - § 31).

55. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1 - § 32).

56. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayıl ır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 213.2 - § 33).

57. Kollegiya vurğulayır ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sa hənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.

58. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə cavabdehin torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, cavabdeh bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir.

59. Şübhəsizdir ki, cavabdehin evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək.

60. Qanunvericiliyimizdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digə r mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmamışdır.

61. Bu məqamda kassasiya kollegiyası təkrarən diqqəti ona cəlb edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə kompensasiya müqabilində istifadə hüququna xitam verilən şəxsin nə yaşayış sahəsinə, nə də binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ olur. O, yalnız yaşayış sahəsindən istifadəni ehtiva edən məhdud əşya hüququ (şəxsi servitut) sahibidir. Bu səbəbdən tam əşya hüququna - mülkiyyət hüququna malik olan şəxsin iddiası əsasında ədalətli kompensasiya ödəməklə onun istifadə hüququna iradəsinə uyğun olmasa belə xitam verilir.

62. Hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya olan faktiki və hüquqi vəziyyətləri fərqlidir.

63. Həmi n vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən kassasiya məhkəməsi əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

64. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar.

65. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30).

66. Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). 67. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (§ 34).

68. Qeyd edilməlidir ki, vahid daşınmaz əşya qaydası Roma hüququndan gələn “Quicquid plantatur solo, solo cedit” (Torpağa bağlı olan torpağa aiddir) prinsipinə əsaslanır.

69. Kollegiya nəzərə alır ki, mülki qanunvericiliyimizdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində orta ya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.

71. Belə olan halda, məhkəmə tərkibi hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir.

72. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə t abe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur.

73. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə - § 30).

74. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.

75. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət h üququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir (§ 2327).

76. Yuxarıda göstərilən hüquqi mövqelərə əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, hazırkı məqamda iddiaçı tərəfindən kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mümkün deyil. Başqa sözlə, Mülki Məcəllənin 228.2-ci maddəsinin bütün şərtləri hazırkı işdə müəyyən olunmamışdır.

77. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən hüquq normalarını tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır (§ 35-36).

78. Ona görə də həmin qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmalı, yuxarıda şərh olunan hüquqi mövqelərə əsasən iddia rədd edilməlidir.

79. Kollegiya onu da xüsusi olaraq vurğulayır ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir.

80. Belə ki, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq.

81. Qeyd olunmalıdır ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması hazırkı işi n araşdırma predmetini təşkil etmir. Bu səbəbdən hazırkı iş üzrə çıxarılan qərar gələcəkdə qaldırılması istisna edilməyən belə iddianın həlli üçün (o cümlədən, torpaq sahəsinin necə bölünməsi, üzərindəki tikilinin tərəflərdən hansının hissəsinə daxil edilməsi və s.) preyudisial xarakter daşımır. Bu kimi məsələlər həmin iddiaya mahiyyəti üzrə baxan məhkəmə tərəfindən işin konkret halları nəzərə alınmaqla qanuni və ədalətli şəkildə həll edilməlidir.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-48/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilsin. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar