Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2338/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin məzmununun mülki prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2025-ci il tarix li, 2(104)214/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X3 arasında 13 sentyabr 2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia təmin edilərək, mərhum X3 ilə Cavabdeh2 arasında bağlanmış 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli 2(104)-214/2024 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Rzaquliyevdən və İ.Həsənovdan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməmişdir.
4. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(102)1047/2025 nömrəli qərardadı ilə kas sasiya şikayəti prosessual müddətin ötməsi əsası ilə qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
6. İddiaçı1 yenidən 09 mart 2025-ci il tarixdə kassasiya şikayəti və eyni zamanda, kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 18 mart 2024-cü il tarixli 2(104)-214/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin işlə birlikdə kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2025ci il tarixli, 2(102)-1681/2025 nömrəli qərardadı iddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulmasının göstərilməməsi əsası ilə qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2025-ci il tarixli 2(104)-214/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
10. İddiaçı1 təkrarən kassasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə həmin kassasiya şikayəti həmçinin əsaslandırılmadığından geri qaytarılmışdır.
11. İddiaçı1 02 iyun 2025-ci il tarixdə növbəti dəfə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2025-ci il tarixli 2(104)-214/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
13. Həmin qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şika yəti verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş – maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını konkret olaraq göstərilməmiş, yalnız qanunvericiliyin normaları sadalanmışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 407, 408-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. İddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2(104)-214/2025 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26 və 129-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
17. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsinin çıxarılmasından 5 il ötdükdən sonra apellyasiya şikayəti verilmiş və apellyasiya məhkəməsi nədənsə apellyasiya şikayətinə baxmasını qərara almış, qanunsuz və əsassız qətnamə qəbul edərək iddianı rədd etmişdir. Apellyasiya məhkəməsi işin Ali Məhkəməyə getməsinə hər vəcdlə mane olmağa çalışır. Kassasiya şikayətinə köklü şəkildə əlavələr edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi eyni məzmunlu apellyasiya şikayətinin verilməsini qeyd etməklə şikayətin baxılması üçün Ali Məhkəməyə göndərməmiş, eyni məzmunlu qərardad qəbul etmişdir. Əvvəlki kassasiya şikayəti ilə sonrakı kassasiya şikayəti arasında olan fərqi g örməmək qeyri-mümkündür.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçının adından tərtib olunmuş kassasiya şikayətinin məzmununa nəzər saldıqda müəyyən olunur ki, həmin şikayətdə maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 215.1, 215.4, 215.6, 218.1, 337.1, 560.1, 560.2-ci maddələri, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosess ual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələri göstərilmiş və həmin maddələrinin dispozisiya şərtləri köçürülmüşdür.
23. Lakin, kassasiya şikayətində bu normaların pozuntusunun konkret nədə ifadə olunması, mübahisəyə aidiyyəti göstərilməmişdir. Kassator yalnız hər bir maddənin qarşısınıda “Göründüyü kimi bu maddənin sanksiyasında göstərilən hallar açıq-aşkar pozulmuşdur”; “Bu hala apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir”, “Pozuntu açıq-aşkardır” və s. oxşar ifadələri əlavə etməklə, kassasiya şikayətini əsaslandırmağa çalışmışdır.
24. Nəzərə alınmalıdır ki, həmin ifadələr ümumi məna daşımaqla, istinad olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırkı işdə konkret nədə ifadə olunmasını əsaslandırmır.
25. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərba ycan Respublikası MPMin 407.1.4-cü maddələrinin tələbləri pozulmuşdur.
26. Hazırkı kassasiya şikayətinin dəlili apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdehin kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılmasından ibarətdir.
27. Lakin, məhkəmə kollegiyası izah edir ki, məhkəməyə müraciət etmək, o cümlədən kassasiya şikayəti vermək hüququ mütləq hüquq olmamaqla, qanunla müəyyən olunan məhdudiyyətlərə məruz qala bilər.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
29. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və a zadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli Qərarı)
30. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları).
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və həd lərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Belə ki, X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).
32. Kassasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericiliyin müəyyən etdiyi şərtlərdən biri şikayətin forma və məzmununun qanuna uyğun olmasıdır. Bu tələb ilk olaraq kassatorun hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. Belə ki, əsaslandırılmamış şikayətin verilməsi aş ağı instansiya məhkəməsinin aktının səmərəli yoxlanılmasını qeyri-mümkün edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
34. Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2(104)-214/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.