Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2351/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7417/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə “Cavabdehbank” Açıq Səhmdar Cəmiyyəti (hazırda Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyəti, bundan sonra – cavabdeh) arasında 02 iyun 2015-ci il tarixdə bağlanmış 0180/15/PB saylı kredit müqaviləsinə əsasən, iddiaçıya evinin təmiri məqsədilə 48 ay müddətinə, illik 19% olmaqla 24.400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Bank Olmayan Kredit X2 Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 02 iyun 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş et mişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə borcların illik 19% olmaqla ödənilməsi çətinlik yaratdığından cavabdehlə müqaviləyə əlavə və dəyişiklik edilməsi üçün razılığa gəlmişlər. Bundan sonra kredit müqaviləsinə 26.10.2016-cı il tarixli 01 nömrəli əlavə edilmişdir. Həmin əlavəyə əsasən kreditin faiz dərəcəsi aşağı endirilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, kreditin faiz dərəcəsi 14%-ə endirilmişdir. Kredit müqaviləsinə əlavə edilsə də, faiz dərəcəsi yenə də yüksək olmuşdur. O, kredit müqaviləsinə 26.10.2016-cı il tarixli 01 nömrəli əlavəyə imza edərkən faiz dərəcəsinin yüksək olmasından məlumatlı olmamışdır. Hazırda faiz dərəcəsi yüksək olduğundan, kredit müqaviləsi üzrə borcların ödənilməsi onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Cavabdeh vicdanlılıq prinsipinin tələblərini pozaraq ona kredit müqaviləsi üzrə borc verilən zaman yüksək faizlər müəyyən etmişdir. Sözügedən kredit müqaviləsində qeyd edilənlər onun iradə ifadəsini və razılığını əks etdirmədiyindən, kredit müqaviləsi əhəmiyyətli yanılmanın təsiri altında bağlandığından etibarsız hesab edilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1881/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin etibarsız hesab olunması üçün qanuni əsaslar mövcud deyil. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı ilə müqavilələr bağlanarkən qanunun tələbləri və iddiaçının hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7417/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərdən qanuni və əsaslıdır, iddiaçının apellyasiya şikayəti heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizədən ibarət olmaqla, həmin qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 02.06.2015-ci il tarixli, 0180/15/PB saylı kredit müqaviləsi və kredit müqaviləsinə 26.10.2016-cı il tarixli 01 nömrəli əlavə iddiaçı tərəfindən şəxsən imzalanmış, müqavilənin və müqaviləyə əlavənin imzalanması zamanı ona qarşı hər hansı bir təsir və zorakılığın edilməsi müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının hazırkı əqdi, bağlandıqdan 4 il 6 aydan artıq, 26.10.2016-cı il tarixli 01 nömrəli əlavəni isə 3 ildən artıq bir müddət keçdikdən sonra mübahisələndirməsi apellyasiya şikayətinin onun tərəfindən formal olaraq verildiyinə dəlalət edir. Odur ki, iddia tələbinin cavabdehin apellyasiya şikayətinə əsasən təmin edilməsi mümkün deyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 339.4, 354.2-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hərtərəfli araşdırma aparmamış, maddi hüquq normalarının tələblərini pozmuş, mülahizələr əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlə bağlanmış kredi müqaviləsində əks olunanlar onun iradə ifadəsini və razılığını əks etdirmir, müqavilə əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Kassasiya şikayətinin əsası kimi MPM-nin 9.3, 14.2, 77.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti ndə iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1). Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla ba ğlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1, 337.2 və 337.4). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətini n digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7417/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2351/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2351/2021
26.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver