Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2381/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “tövlənin sökülməsi, çirkablı və gigiyenaya zidd olan evinin yaxınlığında olan çirkli ərazinin təmizlənməsi və su arxının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-17/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 nömrəli qərarı ilə Yevlax rayonu Gülövşə kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi üzərində hüquqlar “Torpağın mülkiyyətə verilməsinə dair” JN-289A, 90102058 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir.
2. Həmçinin Yevlax rayonu Gülövşə kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərimdə İddiaçı mülkiyyət hüququ 24 iyul 2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Yevlax rayonu Aşağı Bucaq kənd inzibati ərazi nümayəndəl iyi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli məktuba əsasən tərəflərin yaşadıqları əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh evinin arxa hissəsinin üç metirlik məsafəsində yerləşən su arxı zamanla tədricən dolmuşdur. Lakin, həyətdən çıxış qapılarının ağzında yerləşən su borusunu Cavabdeh özünə aid olduğunu iddia etmiş, qazaraq şəxsi istifadəsi üçün götürmüş və həmin hissəni torpaqla doldurmuşdur. Cavabdeh bildirmişdir ki, evinin arxa hissəsində yerləşən arx yerinə ona ziyanlıq vurmaması şərti ilə su borusu çəkərək özlərinə su təmin edə bilərlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Gülövşə kəndind ə yerləşən fərdi yaşayış evinə yaxın yerdə cavabdeh tərəfindən tikilmiş tövlənin sökülməsi, çirkablı və gigiyenaya zidd olan çirkli ərazinin təmizlənməsi və su arxının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 20 ildir ki, qonşudur. Cavabdeh onun evinin 2,5 metr yaxınlığında təhlükəsizlik qaydalarına riayət etməyərək ot və küləş yığmaq üçün çardaqlı mal tövləsi tikmişdir. Həmin tövlənin qabağında evinin yan divarına bitişik tor çəkmiş, ev quşları və mal-qara saxlamaq üçün istifadə etmişdir. Tövlədən çıxan mal-qaranın peyinini həmin yerə tökmüşdür. Tökülən peyinin pis qoxusundan və insanın sağlamlığına zərər verəcək qədər zərərli olan həşəratların və gəmir icilərin əlindən yaşayışı dözülməz vəziyyətə gəlmişdir. Pis qoxudan evi havalandırmaq üçün pəncərələri aça bilmir. Bu da onlara mənəvi təsir edir. Bununla yanaşı cavabdeh keçən ilin avqust ayından həyətyanı sahəsinin kənarından keçən və onların həyətyanı torpaq sahəsini suvarmaq üçün olan su arxını qəsdən doldurmuşdur. Bununla əlaqədar olaraq həyətində olan ağacları suvara bilməmiş, ağacların qurumaq təhlükəsi olmuşdur. Bununla bağlı cavabdehə neçə dəfə xəbərdarlıq etsə də, cavabdeh onu təhqir etmişdir.
6. Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, o, həyətindəki mal tövləsini iddiaçıya məxsus yaşayış evi tikiləndən sonra tikdirsə də, tövlə ilə iddiaçıya məxsus yaşayış evi arasında məsafəni gözləmiş və hazırda həmin ərazini təmizləmişdir. Qeyd olunan s u arxı isə onun tərəfindən qazılmış və qeyd olunan su borusu ona aid olmuşdur.
7. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2165 nömrəli ekspert rəyində göstərilir ki, iddiaçının yaşayış evi ilə cavabdehin inşa etdiyi tövlənin arasında olan məsafə 2,6 metr təşkil edir. Müəyyən olunur ki, Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş mal tövləsi ilə həmin torpaq sahəsinə qonşu ərazidə iddiaçıya məxsus 0,12 torpaq sahəsində yerləşən fərdi yaşayış evi arasındakı ara məsafə AzDTN 2.6-1 “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.20 bəndinin tələblərinə uyğun deyil.
8. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-42/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehə məxsus 0,06 ha torpaq sahəsində tikilmiş tövlənin sökülməsi, tövlənin kənarında yerləşən çirkli ərazinin təmizlənməsi və həyətyanı torpaq sahələrinin suvarılması və ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının bərpa edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd edib ki, məhkəmə araşdırması ilə müəyyən olunan hallara görə iddiaçı və cavabdeh Yevlax rayonu Gülövşə kəndində qonşuluqda yaşayırlar. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra cavabdeh özünə məxsus torpaq sahəsində “Döv lət şəhərsalma Norma və Qaydalarının” tələblərinə uyğun olmayan ara məsafə ilə tövlə tikmiş, tərəflərə məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su borusu cavabdeh tərəfindən çıxarılmış və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur.
10. İddiaçı cavabdehə məxsus mal tövləsinin sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
11. İddia tələbinin su arxının bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həm cavabdehin məhkəmə iclasında verdiyi izahatı, həm də əraziyə yerli ərazi nümayəndələri tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən ümumi istifadədə olan su arxında yerləşən su borusu cavabdeh tərəfindən sökülmüş və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur. Cavabdeh həmin su arxının və su borusunun ona məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 165 və 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinə əməml olunmamışdır. Mübahisə edilən su arxı 2019-cu ildən istifadə edilməmiş qalmışdır. Həmin su arxı onun tərəfindən inşa edilmişdir və onun tərəfindən istifadə olunmadığından ümumi şəbəkədən ayrılıb özünə yeni su arxı çəkilmişdir. İddiaçı həmin ümumi şəbəkədən özünə su xətti çəkdirə bilər. Gigiyenaya zidd olan çirkli ərazinin təmizlənməsi ilə bağlı qeyd etmək istəyir ki, həmin ərazi tər-təmizdir. Mal tövləsinin arxa hissəsi kərpiclə hörülərək təhlükəsizliki təmin edilmişdir, mal tövləsinin yan hissəsi dəmir şiferlə hörülərək tamamilə təhlükəsiz şərait yaradılmışdır. Bütün bu faktları birinci instansiya məhkəməsinə bildirməsinə və baxış keçirilməsi haqda vəsatət qaldırmasına baxmayaraq, biri nci instansiya məhkəməsi vəsatətini təmin etməmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə 19 noyabr 2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tərəflərə məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su borusu cavabdeh tərəfindən çıxarılmış və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yevlax Regional Gigiyena və Epidemiologiya Mərkəzi məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirmişdir ki, 14 yanvar 2022-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində yerləşən iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evlərinə baxış keçirilmişdir. Sanitar müayinə zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş mal tövləsi iddiaçının yaşayış evinin pəncərəsindən 2,6 m məsafədə yerləşir ki, bu da gigiyenik normativlərin tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Şəhərsalma və Tikinti Komitəsinin 12 oktyabr 2011-ci il tarixli 5 nömrəli kollegiyasında təsdiq edilmiş və 1 yanvar 2012-ci il tarixdə qüvvəyə minmiş Dövlət tikinti normalarının 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərəsindən mal-qara saxlanılan tikililərdən olan məsafə 15 m-dən az olmamalıdır. Belə bir vəziyyət iddiaçının evində yaşayanların səhhətinə mənfi təsir göstərmişdir. Evdə xoşagəlməz iy hiss edilmiş və onların haqlı narazılığına səbəb olmuşdur.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-17/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tikilən tövlə ilə iddiaçıya məxsus ev arasındakı məsafə 15 metr olmalı olduğu halda, tövlə evdən 2,5 metr məsafədə inşa edilmişdir. Mübahisəli mal tövləsi qanunvericiliyin tələblərinə uyğun tikilmədiyindən, su arxında olan su borusu çıxarılaraq torpaqla doldurulduğundan iddia tələbi əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
19. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Naz irliyi Yevlax Regional Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu edilmiş, mübahisəli əraziyə baxış keçirilmiş və iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmışdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170, 172, 180.4, 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, JN 289A, KOD90102058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 1997-ci ildə torpaq cavabdehə verilmişdir. İddiaçı bu torpaq sahəsinə 2020-ci ildə çıxarış əldə etmişdir. Cavabd ehin şəhadətnaməsində iddiaçı ilə qonşuluq olduğu 63,634 bb sahədə iddiaçı ilə cavabdehin arasında məhkəmə qətnaməsində qeyd edilən qayda dövlət şəhərsalma norma və qaydalarına uyğun olmuşdur. Cavabdeh bunu məhkəmədə bildirsə də bu hal ilə bağlı araşdırma aparılmamışdır. Onun torpaq sahəsində 45, 14-dir. Beləliklə də təqdim etdiyi sahə planında iddiaçının tikilisi ona verilən şəhadətnamədə ikisinin arasında olan orta hasara bitişik olmamışdır. İddiaçı həmin tikilinin artırılmasını 2000-ci ildən sonra etmiş və bununla da arada olan məsafəni azaldaraq dövlət norma və standartlarını bilərək azaltmışdır.
23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 14-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.4. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və y a üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
30. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyə tçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
31. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifa dəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Dövlət Şəhərsalma Norma və Qaydaları (AzDTN 2.6-1) 35. 4.20-ci bənd. Yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulla rı saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uy ğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı “tövlənin kənarında yerləşən çirkli ərazinin təmizlənməsi və həyətyanı torpaq sahələrinin suvarılması və ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının bərpa edilməsi” tələbinə aid hissədə təmin etməkdə haqlı olmuşdur və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.
47. Lakin məhkəmə iddianın “Cavabdeh tərəfindən Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehə məxsus 0,06 ha torpaq sahəsində tikilmiş tövlənin sökülməsi” hissəsində düzgün nəticəyə gəlməmişdir və qətnamə həmin hissədə dəyişdirilərək, Cavabdeh Yevlax rayonu Gülövşə kəndində yerləşən həyətyanı torpaq sahəsində tövlə kimi inşa edilmiş, iddiaçının evindən 2,6 metr məsafədə olan tikilidən mal-qa ra və ev quşları saxlanması (ot yığılması) üçün istifadə edilməsi qadağan edilməlidir.
48. Belə ki, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2165 nömrəli ekspert rəyində göstərilir ki, iddiaçının yaşayış evi ilə cavabdehin inşa etdiyi tövlənin arasında olan məsafə 2,6 metr təşkil edir. Müəyyən olunur ki, Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş mal tövləsi ilə həmin torpaq sahəsinə qonşu ərazidə iddiaçıya məxsus 0,12 torpaq sahəsində yerləşən fərdi yaşayış evi arasındakı ara məsafə AzDTN 2.6-1 “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.20 bəndinin tələblərinə uyğun deyil.
49. Cavabd eh iddiaçının evinin 2,5 metr yaxınlığında təhlükəsizlik qaydalarına riayət etməyərək ot və küləş yığmaq üçün çardaqlı mal tövləsi tikmişdir. Həmin tövlənin qabağında evinin yan divarına bitişik tor çəkmiş, ev quşları və mal-qara saxlamaq üçün istifadə etmiş, tövlədən çıxan mal-qaranın peyinini həmin yerə tökmüşdür. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının yaşayışı dözülməz vəziyyətə gəlmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqlarını həmin tikili deyil, tikilidən tövlə kimi istifadə olunması yəni tikilidən istifadə üzrə fəaliyyət pozur. Ona görə də, iddiaçının qonşuluq hüququndan istifadə etməklə cavabdehə tövlədən istifadə etməsini qadağan etmək hüququ vardır. Çünki əgər cavabdeh həmin tövlədən ev quşları və malqara saxlamaq üçün istifadə etməsə həmin tikili i ddiaçının hüquqlarını pozmayacaq və tikilinin sökülməsi zərurəti aradan qalxacaqdır.
51. Lakin apellyasiya məhkəməsi tövlədən bu cür istifadə etməni qadağan etməli olduğu halda, tikintinin sökülməsi barədə qərar çıxarılmasına üstünlük vermiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu zaman çıxarılacaq qətnamənin MPM-nin 218.3-cü maddəsi baxımından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməsi ehtimalı ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin əsaslandığı qonşuluq münasibətlərində qonşu təsirinə dözmək vəzifəsi müəyyən olunub. Bu hüququ təsbit edən Mülki Məcəllənin 171.1-ci maddəsində, təsirə məruz qalan qonşunun müdafiə üsulu kimi təsirin qadağan edilməsidir və iddia tələbi də bu məzmuna uyğun olmalıdır.
52. Bu səbəbdən də Cavabdeh Yevlax rayonu Gülövşə kəndində yerləşən həyətyanı torpaq sahəsində tövlə kimi inşa edilmiş, iddiaçının evindən 2,6 m məsafədə olan tikilidən mal-qara və ev quşları saxlanması (ot yığılması) üçün istifadə edilməsi qadağan edilməlidir.
53. İddia tələbinin su arxının bərpa edilməsi hissəsində hüquqi əsas kimi Mülki Məcəllənin 170-ci maddəsi çıxış edir. Həmin normaya əsaslanan tələb o halda təmin oluna bilərdi ki, normanın dispozisiya şərti kimi müəyyən olunmuş hal – aşağı mülkiyyətçiyə əvvəllər yuxarı mülkiyyətçinin ərazisindən təbii yolla su gəlməsi – təsdiq olunsun. Yəni yuxarı mülkiyyətçinin mülkiyyətindən əvvəllər təbii yolla suyun keçib aşağı mülkiyyətçiyə keçməsi, yuxarı mülkiyyətçi üçün həmin suyu kəsməmək öhdəliyi, bundan gələn təsirlərə dözmək vəzifəsini yaradır.
54. Baxılan işdə də apelly asiya instansiyası məhkəməsi işin hallarını bu norma əsasında araşdırmış və müəyyən etmişdir ki, ümumi istifadədə olan su arxında yerləşən su borusu cavabdeh tərəfindən sökülmüş və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur. Ümumiyyətlə su arxı cavabdehin həyətində deyil, küçə tərəfdə yerləşir. Cavabdeh həmin su arxının və su borusunun ona məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
55. İşin bu halı, iddia tələbinin təmin olunması üçün əsasdır və apellyasiya instansiyası iddianı təmin etməkdə haqlı olmuşdur.
56. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, kassasiya şikayəti qismən təmin olunmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-17/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsi “Cavabdeh tərəfindən Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehə məxsus 0,06 ha torpaq sahəsində tikilmiş tövlənin sökülməsi” hissəsində dəyişdirilsin. Cavabdeh Yevlax rayonu Gülövşə kəndində yerləşən həyətyanı torpaq sahəsində tövlə kimi inşa edilmiş, iddiaçının evindən 2,6 m məsafədə olan tikilidən mal-qara və ev quşları saxlanması (ot yığılması) üçün istifadə edilməsi qadağan edilsin. Qətnamə “tövlənin kənarında yerləşən çirkli ərazinin təmizlənməsi və həyətyanı torpaq sahələrinin suvarılması və ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının bərpa edilməsi” hiss əsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.