Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2469/2021 07.04.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın keçirilməsinə dair bildirişin ləğv edilməsi) AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 14 mart 2009-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx“ ASC tərəfindən İddiaçı 12 ay müddətinə 184.000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi X1 məxsus olan N küçəsi, 2-ci keçid, 0,01648 ha torpaq sahəsində yerləşən 2 otaqlı 23 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı bankın xeyrinə 254.010 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar ipoteka predmetinin hərracda satılması üçün “xxxx” MMC tərəfindən evin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan evin “xxxx” tərəfindən bazar dəyərindən çox aşağı satılması üçün açıq hərraca çıxarılmasını və bununla əlaqədar ona 08 fevral 2019-cu il tarixdə hərracın keçirilməsinə dair bildiriş göndərilməsini əsas göstərməklə həmin bildirişin ləğv edilməsi, evin satış qiymətinin onun həqiqi dəyərinə uyğun olmayan sayılması və evin yenidən ekspert qiymətləndirilməsinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2020 saylı, 04 mart 2020ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şika yəti verərək evin ilkin satış qiymətinin onun həqiqi dəyərinə uyğun olmamaqla qiymətləndirmə zamanı evin əla təmirli olmasının, münasib yerdə yerləşməsinin və digər göstəricilərinin nəzərə alınmamasını, qətnamənin isə işdə olan sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4812/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə(hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-70/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümay əndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisəli evin ilkin satış qiymətinin müəyyən olunmasına dair 12 iyun 2016-cı il tarixli qiymətləndirmə hesabatı evin mülkiyyətçisi X2 tərəfindən mübahisələndirilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2017ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Lakin buna baxmayaraq həmin hesabat İddiaçı tərəfindən yenidən məhkəmə qaydasında mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin predmeti olan evin qiymətləndirilməsinin bundan əvvəl araşdırılmasını və həmin halın təkrar araşdırılmasının Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə uyğun olmamasını əsas göstərməklə iddianı rədd etmiş və bu zaman həmçinin “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərara görə preyudisiya institutunun əsas funks iyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)-4812/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2469/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2469/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver