Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2545/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar söz: mənzil mübahisələri, mənzildən çıxarılma, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-610/2024 nömrəli, 2 1 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Ali İşin halları 1. ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil, İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. X1 xx.xx.2016-cı ildə ölmüşdür.
3. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2-173/2002 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, X2 azyaşlı uşağı Nərgizlə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 22 nömrəli mülkə köçürülüb, orada yaşamaq hüququnun verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququna tərəfindən 3000 manat məbləğində kompensasiya verməyi yolu ilə xitam verilməsi və cavabdehlərin bu evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vüsalə onun keçmiş gəlinidir. Cavabdehlərin ona məxsus evdə qalmalarına görə o ağır xəstə olan oğlunu evinə gətirib ona baxa bilmir. Oğlu 16 ildir ki, ağ ciyər xəstəsidir, ayaqları da artıq tutulub, yeriyə bilmir. Həyat yoldaşı rəhmətə gedib. Cavabdehlərin burada qalmaları mülkiyyətçi kimi onun iradəsinin ziddinədir və mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Ev 1 otaq və 1 yardımçı sahədən ibarətdir, həyətə maşın girmir, çox darısqal və şəraitsiz bir yaşayış sahəsidir. Evin qiyməti də çox ucuzdur. Cavabdehlər əvvəlcə onunla razılaşmışdılar, lakin indi çıxmaq istəmirlər. O, pensiyaçıdır, evi köhnə və çox zəif bir evdir.
6. Məhkəmə iclasda Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o 2-ci qrup əlildir, işləmir. Qızı olan digər cavabdeh nikahı pozulduqdan sonra himayəsində olan azyaşlı uşaqla və onunla birlikdə qeyd edilən ünvanda yaşayır, uşaq azyaşlı olduğu üçün həmin cavabdeh də işləyə bilmir. Kompensasiya qismində təklif edilən məbləğ onların kirayə ev tutmaları və ya başqa yaşayış sahəsi satın almaları üçün kifayət etmir. Cavabdeh1 7000 və ya 8000 manat kompensasiya ödəniləcəyi halda iddia ilə razılşacağını bildirmiş, hazırkı halda iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/5143-9/5372 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17700.0 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin ümumi sahəsi 46.5 kv.m. 3 saylı mənzilin və ona oxşar şəraitli evlərin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilir.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4337/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən 3000 manat kompensasiya verilməklə Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 3 ünvanında yer ləşən 3 nömrəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 mülkiyyətçinin oğlunun övladı olmaqla mülkiyyətçiyə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sırasına, o cümlədən Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən mülkiyyətçidən özünün saxlanmasını tələb etmək hüququ olan qohumların sırasına aid deyildir. Belə olan halda Cavabdeh2 mənzildən mülkiyyətçisinin iradəsinə zidd olaraq mənzildə istifadə üçün əsas da yoxdur. Belə hüquq olmadıqda isə məhkəmə tərəfindən həmin hüquqa xitam verilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən, belə hüquq yaranmadığı üçün Cavabdeh2 mənzildən istifadə üçün xitam verilməsi hissəsində iddia təmin edilməməli, Cavabdeh2 mənzildən istifadəsi hüquqi əsaslar müəyyən edilmədiyindən həmin mənzildən çıxarılmalıdır.
10. Məhkəmə iddianın Cavabdeh1 qarşı yönəlmiş hissəsini araşdırarkən qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin cavabdehin qeyd edilən mənzilə istifadə hüququnun Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə yaranması müəyyən olunmuş və həmin mənzilə köçürülməsi qət olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği Cavabdeh1 birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən məhkəmə hesab etmişdir ki, oxşar mənzillərin aylıq kirayə haqqı orta hesabla 70 manatdan götürülsə, təklif olunan kompensasiya məbləği həmin cavabdehə təxminən 3 ildən artıq başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Beləliklə, iddiaçının təklif etdiyi kompensasiya məbləği Cavabdeh1 eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla Cavabdeh1 hüquqlarının qorunması baxımından qəbul ediləndir.
12. Təklif olunan məbləğin az olması və (ya) ayrıca yaşayış sahəsinin satın alınmasına dair kifayət etməyəcəyi barədə dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin ol unması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə Cavabdeh1 təxminən üç ildən artıq başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddiaçı tərəfindən cəmi 3000 manat kompensasiya veri lməklə cavabdehin Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və həmin mənzildən çıxarılmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 28.1, 28.2, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin l əğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə cavabdehlərdən Cavabdeh2 münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə Cavabdeh2 münasibətdə belə hesab etmişdir ki, o mülkiyyətçinin ailə üzvü deyil və Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən onun evdən istifadə hüququ yoxdur. Lakin bununla bağlı qeyd etmişdir ki, Cavabdeh2 24 il bundan əvvəl həmin mənzildə doğulmuş və həmin vaxtdan orda yaşamışdır. Bundan başqa hesab etmişdir ki, məhkəmə kompensasiya məbləğini də müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli mənzil şəhərin mərkəzində yerləşir. Cavabdeh2 nikahı pozulduqdan sonra himayəsində olan azyaşlı uşaqla və onunla birlikdə qeyd edilən ünvanda yaşayır, uşaq azyaşlı olduğu üçün həmin cavabdeh də işləyə bilmir. Kompensasiya qismində təklif edilən 3000 manat onların kirayə ev tutmaları və ya başqa yaşayış sahəsi satın almaları üçün kifayət etmir və edə də bilməz. Məhkəmədə Cavabdeh1 7000 və ya 8000 manat kompensasiya ödəniləcəyi halda iddia ilə razılaşacağını bildirmişdir. Hesab etmişdir ki, həmin məbləğ daha uyğundur. Göründüyü kimi məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi (vəkil) Nümayəndə2 və apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahi ş etsələr də, Cavabdeh1 izahatında göstərmişdir ki, həqiqətən də bir neçə il bundan əvvəl qohumları birləşərək ona başqa ünvanda ev almaq istəyirlər. Lakin iddiaçı 2000 manat verməyə razı olmadı. Hazırda iddiaçı 5000-6000 manat verərsə qalan hissəni də onlar bir təhər düzəldib ev ala bilərlər. İddiaçının təklif etdiyi 3000 manat kompensasiya ilə evdən çıxmağa razı deyildir.
18. Digər Cavabdeh2 izahatında göstərmişdir ki, o, ailə qurub mübahisəli ünvandan köçüb getmiş olsa da, hazırda ərindən ayrılmışdır və azyaşlı uşağı ilə mübahisəli ünvandakı evdə yaşayır. Mübahisəli ünvandakı ev təmirsiz və rütubətlidir. Lakin başqa evləri olmadığına görə orada yaşayırlar. İddiaçı 6000 manat kompensasiya ödəyərsə iddianın təmin edilməsinə etiraz etməz.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onu n nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayəti ilə qismən razılaşdıqlarını bildirmişlər. Həmçinin İddiaçı ərizə təqdim edərək cavabdehlərə 5000 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-610/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, İddiaçı tərəfindən 5000 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzildən cavabde hlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, qətnamə 5000 manat kompensasiya verilməklə evdən çıxarılması hissələrində eyni vaxtda icra edilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddiaçının tələbinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlər artıq uzun illərdir ki, iddiaçıya məxsus evdə yaşayırlar. Hazırda iddiaçı özünün xəstə oğlunu baxmaq üçün öz yaşadığı evə köçürmək istəyir. Lakin evin ümumi sahəsi isə 46.5 kv.m. olduğundan cavabdehlərin həmin evdə yaşadığı halda iddiaçının öz oğlunu həmin evə köçürməsi qeyri-mümkündür. Məhkəmə hesab etmişdir ki, cavabdehlər mübahisəli evdə yaşamaqla iddiaçının həmin evdən sərbəst istifadəsinə maneçilik yaradır, onun mübahisəli evə sərəncam vermək hüququnu məhdu dlaşdırır. Odur ki, kollegiya hesab etmişdir ki, ədalətli kompensasiya müqabilində cavabdehlərin iddiaçıya məxsus mənzildən (evdən) istifadə hüququna xitam verilməlidir.
22. İddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləğinə gəldikdə isə qeyd olunmuşdur ki, ekspert rəyində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17 700.0 manat məbləğində, həmin mənzilin və ona oxşar şəraitli evlərin aylıq icarə haqqının isə orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilmişdir. Digər tərəfdən cavabdehlərin özləri də məhkəmə iclasında verdikləri izahatlarında iddiaçı tərəfindən onlara 5000-6000 manat veriləcəyi halda iddia tələbinin təmin edilməsinə etiraz etməyəcəklərini bildirmişdir. Bu baxım dan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi üçün ədalətli kompensasiya məbləği ümumi olaraq 5000 manat müəyyən olunmalıdır. İddiaçı da məhkəməyə ərizə verərək 5000 manat kompensasiya verməyə razı olduğunu bildirmişdir.
23. Məhkəmə öz mövqeyini 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123.1, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehlər (vəkil Nümayəndə2 İnqilab oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayə tinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müə yyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsi
29. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı Konstitusiya Məhkəməsi
30. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış s ahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Qərarda həmçinin qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən i stifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərd ə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozu ntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(104)-610/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.