Məhkəmə qərarları › İş №2(102)-2578/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2578/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2578/2025 28.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı "müqavilədən əmələ gələn öhdəliklər üzrə pulun ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 may tarixli 2(103)-2667/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü ma ddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi həcmində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Belə ki, iddia ərizəsində 370.000 manat məbləğində əsas pul və 60.115 manat dəbbə pulu olmaqla, cəmi 430.115 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 721 manatın, həmçinin məhkəmə aktı qəbul edilən tarixədək gündəlik 1.850 manat hesablanmaqla dəbbə pulunun cavabdehdən tutularaq idd iaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı həm iddia ərizəsi, həm də kassasiya şikayətində cavabdehdən 523.074 manat (dəbbə pulu kimi məhkəmə aktı qəbul edilən tarixədək gündəlik 1.850 manatın hesablanması nəzərə alınmaqla) məbləğində pulun tutulmalı olduğunu qeyd etmişdir. Buna görə də, hər iki kassator tərəfindən kassasiya şikayəti vermək üçün 406,54 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən cəmi 361 manat, cavabdeh tərəfindən isə 362 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellya siya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 may tarixli 2(103)2667/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar