Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2658/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunlarının etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh3nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3624/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən veril miş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 99480,40 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə ümumilikdə 3424,98 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 60 manat xidmət haqqının cəmi 120 manat pulun İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilə, X4 məxsus ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 74 000 manat, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuş, həmçinin müqavilənin etibarslz hesab olunması barədə qarşılıqlı iddia təmin olunmamışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2694/2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi iddia tələbinin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilinə yönəldikdən və o satıldıqda ən geci bir ay müddətində İddiaçı və X6 və ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldikdən və satıldıqda ə n geci bir ay müddətində X2, X1, X3 və X5 çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilinə yönəldikdən və o satıldıqda ən geci bir ay müddətində İddiaçı və X6 çıxarılması, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay müddətində X2, X1, X3 və X5 çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixdə ipotekanın satılması üçün hərrac mərkəzinə sifariş vermiş, birinci hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin olunmuşdur. Həmin tarixdə əmlak satılmamış, ikinci hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təy in olunmuşdur.
4. Lakin ikinci hərrac keçirilməmişdir. Belə ki, borclu və həm də ipotekaqoyan İddiaçı ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qərardadı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2694/2017 nömrəli qətnaməsinin icrasına 6 ay möhlət verilmişdir. Bu səbəbdən icra məmuru xx.xx.2018-ci il tarixli məktub göndərərək, hərracın dayandırılmasını xahiş etmişdir.
5. Möhlət müddəti başa çatandan sonra icra məmuru xx.xx.2019-cu il tarixli məktubla hərrac təşkilatçısına müraciət edərək, hərracın keçirilməsini xahiş etmişdir. Hərrac təşkilatçısı hərracın keçirilməsini xx.xx.2019-cu il tarixə təyin etmişdir. Həmin tarixdə əmlaklar satılmamış, tələbkara əmlakları qəbul etmək təklif edil mişdir.
6. Kreditor əmlakları qəbul etmiş, İ.Qayıbov küçəsi, ev 2 ünvanda yerləşən, 22 saylı mənzilin 47175 manata əldə edilməsi barədə 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli, ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin 44625 manata əldə edilməsi barədə 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokol və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilələr tərtib olunmuşdur.
7. İddiaçı keçirilmiş hərracın qanunvericiliyə zidd olması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh3nə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ünvan 4 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haq qında 04 iyun 2019-cu il tarixli, Y151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin, habelə "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda icra məmuru tərəfindən də hərracın keçirilməsi barədə məlumat verilməmişdir. Bu səbəbdən də, hərracın nəticələrinə dair ye kun protokol və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin mülki qanunvericiliyin tələblərinə zidd olduğunu hesab edir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmetləri olmuş İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən, 22 saylı mənzilin və X4 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin açıq hərrac vasitəsilə satışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi halı aşkarlanmamış, qeyd olunan əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi əsasında qanunvericiliyə uyğun baş tutmuşdur.
12. Məhkəmə iş üzrə gəldiyi nəti cəni Azərbaycan Respublikası Konstitusiyasının 129 və Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 184.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinə uyğun olaraq belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göndərdiyi bildirişlər onlara çatmamışdır. Beləliklə də, kobud prosessual pozuntuya yol verilmişdir. Həmçinin məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Apellyasiya şikayətində “İpoteka haqqında” Qanunun 36.1, 36.4.2, Mülki Məcəllənin 416.1, Mülki Prosessual Məcəllənin 217-ci maddələrinə istinad edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3624/2021 nömrə li, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(006)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmişdir. Belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə kütləvi informasiya vasitələrində elan verilmişdir. İddiaçı və digər iş üzrə maraqlı tərəflər hərracın keçirilməsi vaxtı və yeri barədə rəsmi bildirişlərlə məlumatlandırılmışlar.
16. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətlərinin dəlillərini formal hesab etmişdir.
17. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 42.1, 43.2, 43.3, 43.4, 43.7, 43.8, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya ş ikayətini belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yalnız cavabdeh tərəfin təqdim etdiyi sübutlara qiymət verilmişdir. Məhkəmə tərəfindən ədalətli araşdırma hüququ pozulmuşdur. Məhkəmə məsələnin obyektiv həlli üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Məhkəmə qətnamələri kifayət qədər əsaslandırılmamışdır. Qətnamənin əsasını fərziyyələr təşkil edir. Kassasiya şikayətində “İpoteka haqqında” Qanunun 36.1, 36.4.2, Mülki Məcəllənin 416.1, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 88, 217-ci maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
20. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiy a şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
21. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənl əşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 23. “İpoteka haqqında” Qanun Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.6. Hərracı udmuş şəxs və hərr acın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəs inə malikdir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
28. Belə ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılması ndan ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə 42.2-ci maddəsində nəzərdə tutulmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilini qəbul etməmiş, bildirmişdir ki, iddiaçı və digər iş üzrə maraqlı tərəflər hərracın keçirilməsi vaxtı və yeri barədə rəsmi bildirişlərlə məlumatlandırılmışlar.
31. İş materiallarından görünür ki, həqiqətən də iddiaçıya xx.xx.2018-ci ildə (qətnamənin icrasına möhlət verilməsindən əvvəl) keçirilmiş hərrac barədə məlumat verilmişdir (səh. 101-102). Lakin qətnamənin icrasına möhlət verildikdən sonra – xx.xx.2019-cu ildə keçirilmiş hərrac barədə iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. İş materiallarına hərracın 22 may 2019-cu il tarixə təyin olunması barədə 10 may 2019-cu il tarixli bildiriş təqdim olunmasına baxmayaraq (səh. 100, 139), həmin bildirişlərin göndərilməsinə dair sübutlar işə əlavə olunmamışdır. İşə əlavə olunmuş poçt göndərişlərinin çatdırılması haqqında sübutlar (səh. 102, 140-148) 2018-ci ildə gönd ərilən sənədlərə aiddir (148-ci səhifədə olan sonuncu göndərişə aid poçt sənədində olan tarix ümumiyyətlə oxunmur).
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
33. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludur lar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. S umqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3624/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.