Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2732/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilələrin etibarsızlığı, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının k atibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8290/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə X4 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə kreditor borcluya illik 19% olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 102.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı və kreditə görə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür.
2. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh ASC ilə İdd iaçı arasında bağlanmış 09 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə 09.02.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 115.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 135 nömrəli evin, 41/42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir.
3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 09.02.2015-ci il tarixli zaminlik müqaviləsi ilə borcalan X1 09.02.2015ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin İddiaçı borcalan X4 ilə Cavabdeh ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh ASC-yə qarşı kredit, ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07.06.2019cu il tarixli, 2(005)-2284/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "Cavabdeh" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" ASC ilə onun arasında bağlanmış 09 fevral 2015-ci il tarixli, 104850-131035/1 saylı sonrakı ipoteka və 09 fevral 2015-ci il tarixli, 104850-131035/1 saylı zaminlik müqaviləsi, həmçinin əsas müqavilə olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli 104850-131035/1 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”AB” yaşayış sahəsi, ev 135, mənzil 41/42 mülkiyyət hüququ ilə ona məxsusdur. 2015-ci ilin fevral ayında hazırki iş üzrə üçüncü şəxs X4 ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 09 fevral 2015-ci il tarixli, 104850-131035/1 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə X2 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 102.000 ABŞ dolları məbləğində kredit vermişdir. 2 ay sonra kreditin faiz dərəcəsi 09 aprel 2015-ci il tarixli 01 nömrəli əlavə razılaşma ilə 17 faizə endirilmişdir. 09 fevral 2015-ci il tarixli, 104850-131035/1 saylı kredit müqaviləsinin təminatı olaraq onunla 09 fevral 2015-ci il tarixli, 104850-131035/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”AB” yaşayış sahəsi, ev 135,mənzil 41/42 banka girov qoyulmuşdur. Bundan əlavə, onunla 09 fevral 2015-ci il tarixli, 104850-131035/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Onunla bağlanmış ipoteka və zaminlik, o cümlədən X ilə bağlanmış kredit müqaviləsi göstrədiyi dəlillərə görə etibarsız hesab olunmalıdır. Bank onu həm ipotekaqoyan, həm də zamin kimi qəbul edib. Bundan xəbəri olmayıb, bank işçiləri çox kiçik hərflərlə yazılmış sənədləri qarşısına qoyub onu aldadıb ipoteka və zaminlik müqavilələrinə imza etdirib. Üçüncü şəxs X kredit alarkən razılaşmışdır ki, evini girov qoysun. Lakin həmin vaxt X manatla kredit götürəcəkdir, manatla kredit götürülməsi ilə bağlı evini girov qoymağa razı idi. Lakin bankın işçiləri onları aldadıb, X ABŞ dolları ilə kredit verib, onu da aldadaraq həmin dollarla olan kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsinə imza etdirib. ABŞ dolları ilə kreditə görə evinin girov qoyulmasına onun iradə ifadəsi olmayıb. Bank işçiləri ona zaminlik müqaviləsinə də imza etdirib, zaminlik müqaviləsindən xəbəri olmayıb. Qanunve riciliyə görə bir kredit məbləği üçün eyni şəxs həm ipotekaqoyan, həm də zamin ola bilməz. Bu cür müqavilələr qanunvericiliyə zidd olduğundan etibarsızdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1860/2020 saylı, 10.09.2020ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilm iş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
10. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
11. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
12. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələ ndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.
14. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, araşdırma zamanı iddiaçı ilə Cavabdeh ASC arasında 09.02.2015-ci il tarixli kredit müqaviləsinin, habelə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində borcalan X4, ipoteka qoyan və zamin İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış həmin tarixli ipoteka və zaminlik müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunverici liyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçı məhz ipoteka müqaviləsinin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir.İşin hallarından görünür ki, müqavilə bağlanan zaman predmetin dəyəri iddiaçının arzuladığı məbləğə uyğun olmuşdur; şəraitin daha sonra dəyişərək müqavilənin predmetinin dəyərinin artması və ya azalması əqdin vacib əhəmiyyətli yanılmanın təsirində bağlanması qənaətinə gəlməyə əsas ola bilməz. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etib arlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
15. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1, 339.2, 339.3, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8290/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1860/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh ASC arasında 09.02.2015-ci il tarixli kredit müqaviləsinin, habelə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində borcalan X4, ipoteka qoyan və zamin İddiaçı ilə Cavabde h ASC arasında bağlanmış həmin tarixli ipoteka və zaminlik müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Bununla da, öz iradə ifadəsini bildirmişdir.
20. Belə olan halda mübahisəli müqavilələrin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verər ək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iş üz rə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
29. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
30. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (maddə 339.1)
31. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilə r. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (maddə 339.2)
32. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmiş sə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (maddə 339.3) Mülki Prossesual Məcəllə
33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
35. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8290/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.