Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-276/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1235/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə sahədə yerləşən yaşayış evi üzrə **********00015 nömrəli abonent kodu İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. Cavabdeh tərəfindən həmin ünvana aktlar əsasında 6094,08 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə sahə ünvana (abunə kodu **********00015) əsassız hesablanmış 6091,58 manat borcun silinməsini Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə Sahə ünvana qaz itkisinin yarandığı müəyyən edilmiş, 6091,58 manat məbləğində borc hesablanmışd ır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 6091,58 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa Cavabdeh İB-yə müraciət edərək tərtib edilmiş aktların ona təqdim edilməsini xahiş etsə də, ona aktların olmadığını bildirmişlər.
5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia tələbi təm in edilmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib olunmuş aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. Halların – iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardanda iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Qanunun 13- cu maddəsinə, “Qazdan istifadə qaydalarının” 4.2, 4.3, 4.7, 4.8, 4.9-cu bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kifayət qədər sübutlar təqdim edildiyi halda, iddiaçı tərəfindən qaz sayğacına əlavə qoşulmanın yoxlanılması üçün rayon məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə mühəndis-texniki eks pertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, ekspertizanın keçirilməsinin metodoloji baxımdan mümkün olmamasına görə ekspertizadan imtina edilmiş, eyni zamanda məişət kommunikasiya xətlərinin və ya sayğacların üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri ilə bağlı sualların həll edilməsi üçün məhkəmə trasoloji ekspertizanın təyin edilə bilməsi qeyd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-3/981 nömrəli, 04 avqust 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmiş, sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin sıxılması nəticəsində əks olunmuş plomb olduğundan tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməyib.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-145/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçının sayğacı kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlamasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
14. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 18 və 21-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 372, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianı təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnam ələrin heç bir hüquqi əsası yoxdur. İddiaçı ilə Cavabdeh İB arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təchiz olunmuşdur. Ancaq iddiaçı qeyd edilən müqavilənin tələblərini pozaraq Cavabdeh İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq məhkəməyə vermiş olduğu iddiası təmin olunmuşdur. İddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır. Bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli a raşdırılmayıb. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 19. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qazpaylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 20. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 21. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2023-cü il tarixli ekspert rəyinə görə, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırı lma və aralanma izləri müşahidə edilməmiş, sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin sıxılması nəticəsində əks olunmuş plomb olduğundan tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməyib.
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaları”na əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtü lməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan iddiaçının sayğacı kənar müdaxilədən qorunmaq öhdəliyi olmadığından, əksinə qaz sayğacını işlək vəziyyətdə saxlamaq bilavasitə cavabdehin vəzifəsi sayıldığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi həmçinin qey d etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, habelə hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş cavabdehin üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və sair halların- iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən, təqdim edilən qaz sayğacının üzərindəki plombun üzərində zədə olmadığından və sayğaca müdaxilə edilmədiyi təsdiq edildiyindən, apellyasiya şikayətinin dəlilləri rədd olunmalıdır. 3
3. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(103)-1235/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.