Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-28/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Göyçay rayon Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-28/2023 (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi qaydası, alqı-satqı müqaviləsinin etibarsızlığı, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elş ad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Göyçay rayon Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-500/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci-ci il tarixli qərarına əsasən, X4 və ailə üzvləri X5, İddiaçı1, İddiaçı2, X2 Göyçay rayonu Xəlitli kəndində 2.30 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) ayrılmış, 28 fevral 1998-ci il tarixdə həmin sahə Göyçay rayon Torpaq şöbəsində qeyd olunan şəxslərin adına qeydiyyatdan keçmiş və bu barədə JN-132 seriyalı, 40804038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir.
2. X7 ilə Cavabdeh1 (iş üzrə cavabdeh) arasında Göyçay rayon Dövlət Notariat Kontorunda (iş üzrə cavabdeh) mübahisəli torpaq sahəsinin 400 manat qarşılığında alqısatqısına dair 27 oktyabr 2006-ci il tarixli müqavilə bağlanmışdır.
3. Mübahisəli torpaq sahəsi 10 avqust 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və DƏDRX (iş üzrə digər cavabdeh) tərəfindən onun adına ********** qeydiyyat nömrəli çıxarış v erilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra- iddiaçılar) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsi ilə bağlı X7 ilə Cavabdeh1 arasında bağlanmış 27 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin və DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin may ayında iddiaçıların müraciəti əsasında "xxxx" MMC-nin əməkdaşları tərəfindən ümumi birgə mülkiyyətlərində olan mübahisəli torpaq sahəsini n sərhədləri naturada tanıdılarkən məlum olmuşdur ki, həmin sahə Göyçay rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Torpaq sahəsinin satılması barədə iddiaçıların həqiqi iradə ifadələri olmamış, alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır.
6. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, məhkəmə iclasında verdiyi izahatında, həmçinin bildirmişdir ki, mübahisəli torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almış, müqavilə bağlanılarkən iddiaçıların razılıq verməsi barədə ərizələri alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir.
7. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 4/1323 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4Ə-1035 saylı notariat işinin 6-cı vərəqində Göyçay rayon Dövlət Notariat Kontoruna ünvanlanmış İddiaçı1 adından olan ərizənin aşağı hissəsində “İddiaçı1” yazılarının qarşısındakı imza İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Notariat işinin 8-ci vərəqində Göyçay rayon Dövlət Notariat Kontoruna ünvanlanmış İddiaçı2 adından olan ərizənin aşağı hissəsində “İddiaçı2” yazılarının qarşısındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
8. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-267/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fə ttahov) iddia təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Göyçay rayon Dövlət Notariat kontorunda mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müqaviləni yalnız mülkiyyətçilərdən X8 imza etmiş, digər mülkiyyətçilər isə torpaq sahəsinin satılmasına dair razılıq ərizələri vermiş və sözügedən ərizələr Göyçay İHB-nın Yeniarx kənd İƏN tərəfindən təsdiq edilmişdir. İddiaçılar adlarından yazılmış həmin razılıq ərizələrinin onlar tərəfindən imzalanmadığını bildirərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. İş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizası üzrə iddiaçıların adından yazılmış razılıq ərizələrindəki imzanın onlar tərəfindən icra olunmadı ğı müəyyən edilmişdir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 203.1, 213.1, 215.2, 215.4, 215.5, 215.6, 337.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xətşünaslıq ekspertizası təyin edərək, mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar tərəfindən verilmiş razılıq ərizələrindəki imzaların onlar tərəfindən icra edilibedilməməs ini müəyyən etməyə çalışmış, lakin onların hazırkı dövr üçün imza və xətt nümunələrini götürmüş, aradan keçən təxminən 15 il ərzində imza və xətlərini dəyişmiş ola biləcəkləri ehtimalını diqqətdən kənar qoymuşdur. Eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etsə də, məhkəmə həmin ərizəyə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, qüvvədə olan mülki qanunvericiliyə əsasən müqavilənin etibarsızlığına dair tələblərə Mülki Məcəllənin 354.2-ci maddəsinə nəzərdə tutulan kəsici müddət tətbiq edilməlidir. Torpağın alqı-satqısına dair müqavilə xx.xx.2006-cı il tarixdə bağlandığı halda, onun etibarsızlığına dair hazırkı iddia 2021-ci ildə qaldırılmış, məhkəmə isə iş üzrə müddət tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçıların həmin alqı-satqı müqaviləsinin bağlan masından və onun məzmunundan məlumatlı olmamaları ağlabatan və inandırıcı deyil. Belə ki, müqavilə bağlandığı vaxtdan 15 il ərzində torpaq sahəsi onun mülkiyyətində və istifadəsində olmuş, iddiaçılar isə keçən müddət ərzində heç vaxt torpaq sahəsi ilə maraqlanmamışlar. Alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar tərəfindən verilmiş razılıq ərizələrinin düzgünlüyünü yoxlamaq notariat orqanının vəzifəsi olmuş, o, mübahisəli torpaq sahəsini vicdanlı şəkildə əldə etmiş və 15 il ərzində istifadə etmişdir. Eyni zamanda, məhkəmə əqdi etibarsız hesab etsə də, etibarsızlığın nəticələrinə dair Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir.
13. Apelyasiya baxışında məhkəmə kollegiyası tərəfindən X7, X9 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və X7 məhkəmə kolleg iyasının iclasında verdiyi izahatında Cavabdeh1 kənd sakini kimi tanıdığını, lakin ona torpaq satmadığını, notariat kontoruna getmədiyini, heç bir müqaviləyə imza etmədiyini bildirmişdir.
14. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 4/610 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 4Ə-1035 nömrəli notariat işinin 9-cu vərəqəsində olan 27 oktyabr 2006-cı il tarixli 4Ə-1035 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə “İmzalar 1” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Мəммəдова” soyadı eyni şəxs-X7 tərəfindən icra olunmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhk əməsi) 2(107)-500/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmasına baxamayaraq, onun alqı-satqı müqaviləsi mülkiyyətçilərdən yalnız biri, yəni Şəhla Məmmədova tərəfindən bağlanmış, digər mülkiyyətçilər olan iddiaçıların razılığı isə ehtimal olunmur.
17. Məhkəmə kollegiyası, həmçinin vurğulamışdır ki, əqdin etibarsız hesab edilməsi üzrə məhkəməyə 15-16 il sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələn dirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə apellyatorun mövqeyi əsaslı deyil, ona görə ki, qanunda (Mülki Məcəllə, 337.3-cü maddə) əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət belə əsaslandırılmışdır ki, 2007-ci ildə 2.30 ha torpaq sa həsinin satış qiyməti 400 manatdan ucuz olmasına baxmayaraq, həmin torpaq sahəsi onun qonşuluğunda yerləşdiyinə görə, iddiaçılara dəyərindən artıq pul ödəmişdir. Topraq sahəsinin yerləşdiyi Xətitli kəndi kiçik kənddir, hamı bir-birini tanıyır. Kənd camaatından soruşulsa, hamı torpağın ona satıldığını təsdiq edə bilər. İddiaçılar isə iddia müddətini ötürdüklərini pərdələmək üçün mübahisəli torpaq sahəsini ona icarəyə verdiklərini iddia edirlər. Əgər belə idisə, nəyə görə bu müddət ərzində torpağı geri tələb etmirdilər. Onun tərəfindən 2007-ci ildən sonrakı dövr üçün icarə haqqı ödənilməsinə dair də sübutları yoxdur. Digər tərəfdən, məhkəmə iddianı təmin edərkən ekspert rəyini əsas götürsə də, alqı-satqı müqaviləsinin 14 il əvvəl bağlandığını və bu müddət ərzində iddiaçıların imzalarını dəyi şmiş ola biləcəkləri ehtimalını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
23. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
24. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
25. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
26. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
27. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
28. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçiri lə bilər.
29. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
30. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
31. Maddə 222.1. Birgə mülkiyy ətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
32. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
33. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə gör ə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Baxılan işin mübahisəsiz hallarından görünür ki, mübahisəli torpaq sahəsi satılmazdan əvvəl ümumi mülkiyyətdə olmuş və onun üzərində sərəncam mülkiyyətçilərdən biri tərəfindən verilmişd ir. Hazırda digər mülkiyyətçilər olan iddiaçılar alqı-satqı zamanı onların razılığının alınmadığını bildirərək, alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edirlər.
48. Göründüyü kimi, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı olmaqla, etibarsızlığın səbəbi kimi ümumi mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı məcburi qaydaların pozulmasına istinad olunmuşdur.
49. Belə olan halda, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə alqısatqının predmeti olan əşyanın hüquqi vəziyyəti (ümumi birgə və ya ümumi paylı mülkiyyətdə olması) müəyyənləşdirilməlidir. Çünki mülki qanunvericilikdə ümumi birgə mülkiyyətdə olan əşyaya və ümumi paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsinin fərqli hüquqi qaydaları nəzərdə tutulmuşdur.
50. Birinci instansiya məhkəməsi Mül ki Məcəllənin ümumi paylı mülkiyyətdə olan əşyalara sərəncam verilməsi ilə bağlı normalarına istinadla iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müqaviləni yalnız mülkiyyətçilərdən Şəhla Məmmədova imza etmiş, digər mülkiyyətçilər olan iddiaçıların razılığı alınmamış, adlarından yazılmış razılıq ərizələri isə onlar tərəfindən imzalanmamışdır. Məhkəmə bu qənaətə gələrkən iş üzrə keçirilmiş xətşünaslıq ekspertizasının rəyinə istinad etmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Mülki Məcəllənin əqdin etibarsızlığı və ümumi birgə əmlaka sərəncam verilməsi ilə bağlı normalarını sadalamaqla, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir k i, mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmasına baxmayaraq, onun alqı-satqı müqaviləsi mülkiyyətçilərdən yalnız biri, yəni Şəhla Məmmədova tərəfindən bağlanmış, digər mülkiyyətçilər olan iddiaçıların razılığı isə ehtimal olunmur.
52. Göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlasa da, ondan fərqi olaraq mübahisəli əşya üzərində ümumi paylı deyil, ümumi birgə mülkiyyət hüququnun mövcud olduğunu qeyd edərək, üzərində belə mülkiyyət hüququ qeydə alınmış əşyalara sərəncam verilməsi ilə bağlı Mülki Məcəllənin 222.2-ci maddəsinə istinad etmişdir.
53. Kassasiya kollegiyası, bu mövqe ilə razılaşmır və aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
54. Belə ki, mülki qanunvericiliyə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur, əşya mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (§ 21-23).
55. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi qaydaları çərçivəsində Göyçay rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci-ci il tarixli qərarına əsasən X3 və ailə üzvlərinin (o cümlədən iddiaçıların) ümumi mülkiyyətinə verilmişdir.
56. Torpaq üzərində yeni mülkiyyət münasibətlərinin (dövlət, bələdiyyə və özəl mülkiyyət şəklində) yaranması ilə bağlı münasibətləri tənzimləyən həmin vaxt qüvvədə olan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
57. Həmin Qanunun 14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Az ərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.
58. Göründüyü kimi, dövlət torpaqlarının özəlləşdirilməsi ilə bağlı sahəvi qanunvericilik vətəndaşların (ailənin) xüsusi mülkiyyətinə verilən torpaq sahələrinin hər birinə bir pay olmaqla verilməsini nəzərdə tutmaqla, belə torpaq sahələri üzərindəki mülkiyyət haqqının paylı mülkiyyət olduğunu təsbit etmişdir.
59. Həmçinin, qeyd olunmalıdır ki, bu sahədə qüvvədə olan hər hansı qanunvericilik aktında özəlləşdirmə qaydaları çərçivəsində ailənin mülkiyyətinə verilmiş torpaq sahəsinin onların ümumi birgə mülkiyyətinə verilməsi ilə bağlı ayrıca norma nəzərdə tutulmamı şdır.
60. Odur ki, yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən, mübahisəli torpaq sahəsi üzərində X3 və ailə üzvlərinin (o cümlədən iddiaçıların) paylı mülkiyyət hüququ mövcud olmuşdur. Belə olan halda, həmin əşyaya sərəncam verilməsi ilə bağlı münasibətlərə mülki qanunvericiliyin paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı normaları tətbiq edilməlidir.
61. Həmin normaların tələblərinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyə t edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara (digər payçıların satın almaqda üstünlük hüquqlarının gözlənilməsi ilə bağlı) əməl etməlidir (§ 25-29).
62. Hazırkı işin hallarından ümumi paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı mülkiyyətçilər arasında yekdillilikdə hər hansı fərqli qaydanın razılaşdırılması müəyyən edilmir, işdə iştirak edən mülkiyyətçilərdən heç biri bu halın mövcudluğuna istinad etməmişdir.
63. Belə olan halda, mübahisəli torpaq sahəsinin bütün iştirakçıların razılığı ilə özəninkiləşdirilməsi qaydası qüvvədə olur. Qeyd olunmalıdır ki, qanunda razılığın forması (şifahi (açıq və ya dolayı şəkildə), yazılı, notarial və s.) ilə bağlı hər hansı imperativ göst əriş nəzərdə tutulmamışdır.
64. Hazırda paylı mülkiyyətçilər kimi iddiaçılar torpaq sahəsi satılarkən razılıqlarının alınmadığını bildirərək, alqı-satqı müqaviləsinin tam olaraq etibarsız hesab edilməsini tələb edirlər. Lakin qanunveiciliyin tələblərinə görə iddiaçıların öz paylarının satılmasına müvafiq razılığı vermədikləri təsdiq olunarsa, yalnız əqdin öz paylarına aid hissəsinin etibarsızlığını tələb etmək, digər mülkiyyətçilərin paylarına münasibətdə isə 218.1-ci maddəsində nəzərdə tutulmuş üstünlük hüququnun pozulması ilə bağlı əqdin etibarsızlığını deyil, 218.3-cü maddəyə əsasən üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb edə bilərlər.( (§ 30)
65. Məhkəmə sorğusu əsasında əldə olunmuş alqı-satqı müqaviləsinə dair notariat işinin materiall arına iddiaçıların və digər paylı mülkiyyətçilərin Göyçay İcra Hakimiyyəti Başçısının Yeniarx kənd inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq razılıq ərizələri əlavə edilmişdir.
66. Torpaq sahəsinin alıcısı olan Cavabdeh1 iddiaçıların razılığının alınmasını təsdiq edən sübut kimi bu ərizələrə istinad etmiş, iddiaçılar isə həmin ərizələrin onlardan tərəfindən yazılmadığını və imzalanmadığını bildirmişlər.
67. Məhkəmə tərəfindən xüsusi bilik tərəfindən qeyd edilən mübahisəli halın yoxlanılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatına iddiaçıların hazırkı imza nümunələri və mübahisəli torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanarkən (xx.xx.2006-cı il) onların adından yazılmış və imzalanmış razılıq ərizələri təqdim edilmişdir. Məhkəmə Eksperti zası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, ərizələrdəki imzaların iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. İşə baxan məhkəmələr tərəfindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi qiymətləndirərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
69. MPM-in 80, 81 və 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s.) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubo lmaması və s.) baxımından qiymət verilməlidir.
70. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
71. İlk növbədə qeyd olunmalıdır ki, sözügedən razılıq ərizələri əlyazma şəklində olmaqla onu tərtib edən şəxsin xətti ilə yazılmış və imzalanmışdır. Məhkəmə isə ekspert qarşısında yalnız ərizələrdəki imzaların aidliyinin müəyyən edilməsi ilə bağlı sual qoymaqla, ərizələrin mətnindəki yazıların iddiaçılara aid olub-olmadığını ümumiyyətlə yoxlamamışdır. Aradan keçən müddət nəzərə alındıqda ekspertiza tədqiqatına iddiaçıların imza nümunələri ilə yanaşı xətt nümunələri də təqdim olunmaqla yazıların da aidliyinin yoxlanılması mübahisəli halın daha dəqiqliklə müə yyən edilməsi baxımından daha əlverişli və mötəbər hesab olunardı.
72. Həmçinin, bu ərizələr sadəcə yazılı formada tərtib olunmamamış, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmişdir. Məhkəmə ərizələrin mötəbərliyini yoxlayarkən onların təsdiqlənməsi prosedurunun hansı şəkildə (ərizəçilərin özü tərəfindən İdarənin binasında yazılmaqla təsdiqlənməsi, yaxud digər şəxs tərəfindən təqdim edilərək təsdiqlənməsi və ya hər hansı digər formada) həyata keçirildiyini də yoxlamamış, prosessual imkanlarından istifadə edərək, bununla bağlı müvafiq orqana sorğu verməmişdir.
73. Eyni zamanda, Cavabdeh1 sözügedən ərizələrin yazılmasından keçən uzun müddət ərzində iddiaçıların imzalarını dəyişdikləri ehtimalının olduğunu bildirərək, təkrar xətşünaslıq ekspertizasının keçirilməsini xahiş e tmiş, apellyasiya məhkəməsi isə bu barədə əsaslandırılmış qərardad çıxarmadan vəsatətini təmin etməmişdir.
74. Halbuki, MPM-in 102.2 və 102.3-cü maddələrinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
75. Qeyd olunanlardan da göründüyü kimi, apellyasiya instansiyası mübahisənin hüquqi həlli ilə bağlı prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə iş üçün əhəmiyyətli olan hallar barədə tam, hərtərəfli araşdırma aparmamışdır.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
77. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində isti nad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-500/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.