Məhkəmə qərarları › İş №2(107)-500/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-500/2022

29.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-500/2022 29.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRXnin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X15, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 və 3-cü şəxs X7 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-cı il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları. 1.Torpağa Mülkiyyət Hüququna dair JN-132 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci-ci il tarixli qərarı ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X7, X10, İddiaçı2, İddiaçı1 və X5 mülkiyyətinə verilmişdir. 2.4Ə-1035 saylı notariat işindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin X18 tərəfindən Cavabdeh1 satılmasına dair ailə üzvləri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 notarial qaydada ərizələri alınmışdır. xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X18 tərəfindən Cavabdeh1 satılmışdır.

3. xx.xx.2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

4. Məhkəmə-xəttşunaslıq ekspertizasının 41/1323 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1) ekspertizaya təqdim edilmiş, 4Ə-1035 saylı notariat işinin 6-cı vərəqində Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı1 adından olan ərizənin aşağı hissəsində “İddiaçı1” yazılarının qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2) ekspertizaya təqdim edilmiş, 4Ə-1035 saylı notariat işinin 8- ci vərəqində Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı2 adından olan ərizənin aşağı hissəsində “İddiaçı2” yazılarının qarşısındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 140 manat təşkil edir.

5. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, 4/610 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 4Ə-1035 nömrəli notariat işinin 9-cu vərəqəsində olan 27 oktyabr 2006-cı il tarixli 4Ə-1035 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə “İmzalar 1” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Мəммəдова” soyadı-eyni şəxs-X18 tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi ilə bağlı X18 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsı hesab edilməsi, Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi və Cavabdeh1 “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X11, X16, İddiaçı2, İddiaçı1 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.30 ha torpaq sahəsi verilmişdir. X7, X10, İddiaçı2, İddiaçı1 və X5 torpağa mülkiyyət hüququ JN-132, kod 40804038 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2020-ci ilin may ayında "xxxx" MMC-nə rəsmi müraciət edərək, ümumi birgə mülkiyyətilərində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin naturada sərhədlərinin tanıdılmasını xahiş etmişlər. "xxxx" MMC-nin əməkdaşları tərəfindən ümumi birgə mülkiyyətimizdə olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin sərhədlərinin naturada tanıdılarkən məlum olmuşdur ki, Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006- cı il tarixdə 4 Ə-1035 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Bildirirlər ki, JN-132 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsinin satılması barədə həqiqi iradə ifadələri olmamış, Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixdə 4 Ə-1035 reyestrlə təsdiqlənmiş alqı- satqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 25 noyabr 2021-ci il tarixli, 2(046)- 267/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X18 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, Cavabdeh1 Torpağa Mülkiyyət Hüququna X29 əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətdə olan Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ekspertiza xərci olan 140 manat məbləğində pulun Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Göyçay rayonu Xəlitli kəndi ərazisində ailə başçısı X12 və ailə üzvləri X16, İddiaçı1, X13 və X8 2.30 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət aktı verilmişdir. xx.xx.2006-cı il tarixli alqı- satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X19 tərəfindən Cavabdeh1 satılmış və Göyçay rayon Notariat kontoru tərəfindən sözüdən müqavilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müqaviləni yalnız mülkiyyətçilərdən X19 imza etmiş, digər mülkiyyətçilər isə torpaq sahəsinin satılmasına dair razılıq ərizələri vermiş və sözügedən ərizələr Göyçay İHB-nın Yeniarx kənd İƏN tərəfindən təsdiq edilmişdir. İddiaçılar İddiaçı1 və X20 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsinə dair alqı- satqı müqaviləsi rəsmiləşdirilərkən adlarından yazılmış razılıq ərizələrini onlar tərəfindən imzalanmadığı və bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin alqı-satqı müqaviləsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsini və Cavabdeh1 həmin torpaq sahəsindən çxıarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə- xəttşünaslıq ekspertizası təyin etmiş, iddiaçıların adından yazılmış razılıq ərizələrindəki imzanın onlar tərəfindən icra olun-olunmaması öyrənilmişdir. Məhkəmə-xəttşunaslıq ekspertizasının 41/1323 nömrəli xx.xx.2021-ci il tarixli rəyinə görə Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış “İddiaçı1” və “İddiaçı2” adından olan ərizələrin aşağı hissəsində “İddiaçı1” və “İddiaçı2” yazılarının qarşısındakı imzaların İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Ümumi-birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi yalnız bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir. Hazırki işin faktiki halından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən iddiaçıların razılığı alınmamış və razılaşma olmadan onların mülkiyyətində olan torpaq sahəsi cavabdehə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X18 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməli və Cavabdeh1 Torpağa Mülkiyyət Hüququna X29 əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılmalıdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 215.2, 215.4, 215.5, 215.6, 203.1 və 337.1-ci maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli və «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenumum qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 almışdır. Həmin alqı-satqı müqaviləsi bağlanılarkən iddiaçılarının, eyni zamanda X9 digər ailə üzvlərinin razılıq verməsi barədə ərizəsi alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Həmin müddətdən hazırki dövrə kimi göstərilən torpaq sahəsindən qanuni əsaslarla istifadə etmişdir. Torpağa qulluq göstərmiş, onun məhsuldarlığının artırılması üçün bütün zəruri tədbirləri görmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış 4Ə-1035 saylı notariat işindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin X18 tərəfindən Cavabdeh1 satılmasına dair ailə üzvləri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 notarial qaydada ərizələri alınmışdır. Əgər həmin ərizələrdə imzalar hazırki iş üzrə iddiaçılar tərəfindən icra edilməmişdirsə burda alıcı olaraq onun hansı günahı vardır? Əgər burda hər-hansı bir saxtakarlıq edilmişdirsə bunu X18 və notariat orqanının əməkdaşları etmişlər. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi hazırki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edərək mübahisələndirilən ərizələrdə iddiaçıların adından göstərilmiş imzaların onlar tərəfindən icra edilib-edilməməsini müəyyən etməyə çalışmışdır. Lakin, birinci instansiya məhkəməsi iddiaçıların hazırki dövr üçün imza və xətt nümunələrini götürmüş, aradan keçən təxminən 15 il ərzində iddiaçıların imza və xəttlərini dəyişmiş ola biləcəkləri ehtimalını diqqətdənkənar qoymuşdur.

13. İddiaçılar İddiaçı1 və X20 hazırki iddia ilə məhkəməyə müraciət etməkdə iddia müddətini ötürmüşdür. Cavabdeh olaraq tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim edilsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə, ümumiyyətlə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir.

14. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o sözügedən torpaq sahəsini 2006-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla almış, həmin dövrdə torpağın pulunu tam olaraq ödəmişdir. Müqavilə bağlanan zaman digər mülkiyyətçilər, o cümlədən iddiaçılar yazılı razılıq vermişlər. Bu günə qədər də torpaq sahəsini özü əkib becərmiş, bütün subsidiaları o almışdır. Üstündən 15-16 keçəndən sonra iddiaçılar müqaviləni mübahisələndirirlər. Hesab edir ki, bu qədər müddətdən sonra onların müqaviləni mübahisələndirməyə hüququ yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar tərəfindən torpaq cavabdehə satılmamışdır. O, həmin dövrdə hərbi xidmətdə olmuşdur. Əvvəllər torpağı əkib-becərməyə maddi imkanı yox idi. İndi özləri əkib-becərmək istəyir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, anası onlara torpağın satılması barədə heç bir söz deməyib. Notarial qaydada müqavilə olsa da torpağın satılmasına onların razılığı olmayıb. Onlar hazırda torpağını tələb edir. O vaxtı imkanları olmadığından torpağı əkib-becərə bilmirdilər. İndi özləri istifadə etmək istəyir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş edir.

19. Məhkəmə iclasında iştirak etmiş DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, onlar qeyd olunan çıxarışı notarial qaydada bağlanmış müqavilə əsasında vermişlər. Ona görə də mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxırlar.

20. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X18 izahat verərək bildirmişdir ki, iddiaçılar onun övladıdır. O mübahisəli torpağı cavabdehə satmamış, icarəyə vermişdir. Heç vaxt notariusa getməmiş, hansısa sənədə imza etməmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

24. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədədir.

30. İddiaçılar tələbinin faktiki əsası kimi rəsmiləşdirilmiş əqddən məlumatsız olduğunu, bununla bağlı razılıq vermədiyini, kiminsə onların adından müqavilə bağlamaq hüququnun olmamasına, torpağın özgəninkiləşdirməyə hüququ olmadığna istinad etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlilləri alqı-satqı müqaviləsinin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğundan ilk növbədə bu istiqamətdə araşdırma aparılmalı, müqavilədəki, o cümlədən razılıq ərizələrindəki imzaların iddiaçıya məxsus olub-olmaması araşdırılmalıdır.

32. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)

33. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

36. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir

37. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

39. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir

40. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, birgə mülkiyyət hüququ ilə iddiaçılar və digər şəxslərə məxsus olan əmlak Cavabdeh1 satılarkən, bununla bağlı notarial qaydada müqavilə rəsmiləşdirilərkən iddiaçıların iradə ifadəsi nəzərə alınmayıb. Belə ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən müvafiq razılıq ərizələrində olan imzalar iddiaçılar tərəfindən deyil, kənar şəxslər tərəfindən icra edilməsi müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçıların istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslıdır. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır.

42. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Göyçay rayonu AİK-ın xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Göyçay rayonu Xəlitli kəndi ərazisində ailə başçısı X12 və ailə üzvləri X16, İddiaçı1, X13 və X8 2.30 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət aktı verilmişdir.

43. xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X19 tərəfindən Cavabdeh1 satılmış və Göyçay rayon Notariat kontoru tərəfindən sözügedən müqavilə təsdiq edilmişdir.

44. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müqaviləni yalnız mülkiyyətçilərdən X19 imza etmiş, digər mülkiyyətçilər isə torpaq sahəsinin satılmasına dair razılıq ərizələri vermiş və sözügedən ərizələr Göyçay İHB-nın Yeniarx kənd İƏN tərəfindən təsdiq edilmişdir. İddiaçılar İddiaçı1 və X20 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən adlarından yazılmış razılıq ərizələrini onlar tərəfindən imzalanmadığı və bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin alqı-satqı müqaviləsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsini və Cavabdeh1 həmin torpaq sahəsindən çxıarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş, iddiaçıların adından yazılmış razılıq ərizələrindəki imzanın onlar tərəfindən icra olun-olunmaması öyrənilmişdir. Məhkəməxəttşunaslıq ekspertizasının 41/1323 nömrəli xx.xx.2021-ci il tarixli rəyinə görə Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış “İddiaçı1” və “İddiaçı2” adından olan ərizələrin aşağı hissəsində “İddiaçı1” və “İddiaçı2” yazılarının qarşısındakı imzaların İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

45. İddia tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

46. Apellyasiya icraatı mübahisənin obyektiv həlli məqsədilə digər mülkiyyətçi Şəhla Məmmədovanı 3-cü şəxs qismində cəlb etməklə, yenidən məhkəmə xətşünaslıq ekspertizası keçirmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, 4/610 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 4Ə-1035 nömrəli notariat işinin 9-cu vərəqəsində olan 27 oktyabr 2006-cı il tarixli 4Ə-1035 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə “İmzalar 1” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Мəммəдова” soyadı-eyni şəxs-X18 tərəfindən icra olunmuşdur.

47. Kollegiya onu da nəzərə alır ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Belə ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin də razılığının ehtimal edilməsinə dair qayda mövcuddur (§18-19). Bu qayda əşyanı vicdanlı əldə edən üçüncü şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir. Bununla belə, əşyanı əldə edən üçüncü şəxsin əşyaya sərəncam verənin lazımi səlahiyyətə malik olmamasını bildiyi və ya bilməli olduğu hallarda əldə edənin vicdanlılığı qorunmur. Belə vəziyyətdə əşyaya sərəncam verilməsinə dair bağlanmış əqdin hüququ pozulan ümumi mülkiyyətçilərin tələbi ilə etibarsız sayılması imkanı qanunda açıqca göstərilmişdir.

48. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ümumbirgə mülkiyyətdə olmasına baxamayaraq, mülkiyyətçilərdən yalnız biri, yəni Şəhla Məmmədova tərəfindən bağlanmış, digər mülkiyyətçi olan iddiaçıların isə razılığı ehtimal olunmur.

49. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya əqdin etibarsız hesab edilməsi üzrə məhkəməyə 15-16 il sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə apellyatorin mövqeyini əsaslı hesab etmir.

50. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir

51. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir.

52. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır

53. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

54. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı)

56. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab verir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

58. Məhkəmə kоllegiyаsı hesab edir ki, iddia təmin edildiyindən qeyd оlunаn məhkəmə ekspertizası xərci cavabdehə aid edilməli və ekspertiza tədqiqatının dəyəri 126 manat cavabdehdən alınaraq alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944 İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 126 manat ekspertiza xərci cavabdeh X3 alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944 İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar