Məhkəmə qərarları › İş №2(107)-567/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-567/2023

06.09.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-567/2023 06.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, əqdin bəyənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRXnin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-cı il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN-132, kod 40804038 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X8, X12, İddiaçı2, İddiaçı1 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.30 ha torpaq sahəsi verilmişdir. Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X13 tərəfindən Cavabdeh1 satılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi ilə bağlı X13 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi və Cavabdeh1 “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X8, X12, İddiaçı2, İddiaçı1 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.30 ha torpaq sahəsi verilmişdir. X6, X9, İddiaçı2, İddiaçı1 və X3 torpağa mülkiyyət hüququ JN-132, kod 40804038 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2020-ci ilin may ayında "xxxx" MMC-nə rəsmi müraciət edərək, ümumi birgə mülkiyyətilərində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin naturada sərhədlərinin tanıdılmasını xahiş etmişlər. "xxxx" MMC-nin əməkdaşları tərəfindən ümumi birgə mülkiyyətlərində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin sərhədlərinin naturada tanıdılarkən məlum olmuşdur ki, Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixdə 4Ə-1035 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Bildirirlər ki, JN- 132 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsinin satılması barədə həqiqi iradə ifadələri olmamış, Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixdə 4Ə-1035 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Həmin alqısatqı müqaviləsi bağlanılarkən iddiaçılarının razılıq verməsi barədə ərizəsi alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir.

5. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Göyçay rayonu Xəlitli kəndi ərazisində ailə başçısı X10 və ailə üzvləri X12, İddiaçı1, X11 və X5 2.30 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət aktı verilmişdir. xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X14 tərəfindən Cavabdeh1 satılmış və Göyçay rayon Notariat kontoru tərəfindən sözüdən müqavilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müqaviləni yalnız mülkiyyətçilərdən X14 imza etmiş, digər mülkiyyətçilər isə torpaq sahəsinin satılmasına dair razılıq ərizələri vermiş və sözügedən ərizələr Göyçay İHB-nin Yeniarx kənd İƏN tərəfindən təsdiq edilmişdir.

7. İddiaçılar İddiaçı1 və X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən adlarından yazılmış razılıq ərizələrini onlar tərəfindən imzalanmadığı və bu səbəbdən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin alqı-satqı müqaviləsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsini və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş, iddiaçıların adından yazılmış razılıq ərizələrindəki imzanın onlar tərəfindən icra olun-olunmaması öyrənilmişdir. Məhkəmə-xəttşunaslıq ekspertizasının 41/1323 nömrəli xx.xx.2021-ci il tarixli rəyinə görə Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış “İddiaçı1” və “İddiaçı2” adından olan ərizələrin aşağı hissəsində “İddiaçı1” və “İddiaçı2” yazılarının qarşısındakı imzaların İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

8. Ümumi-birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi yalnız bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir. Hazırki işin faktiki halından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən iddiaçıların razılığı alınmamış və razılaşma olmadan onların mülkiyyətində olan torpaq sahəsi cavabdehə satılmışdır.

9. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 25 noyabr 2021-ci il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X13 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, Cavabdeh1 Torpağa Mülkiyyət Hüququna X24 əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətdə olan Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ekspertiza xərci olan 140 manat məbləğində pulun Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 215.2, 215.4, 215.5, 215.6, 203.1 və 337.1-ci maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli və «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenumum qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. Torpağa Mülkiyyət Hüququna dair JN-132 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci-ci il tarixli qərarı ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X6, X9, İddiaçı2, İddiaçı1 və X3 mülkiyyətinə verilmişdir.

12. 4Ə-1035 saylı notariat işindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin X13 tərəfindən Cavabdeh1 satılmasına dair ailə üzvləri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 notarial qaydada ərizələri alınmışdır. xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X13 tərəfindən Cavabdeh1 satılmışdır.

13. xx.xx.2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

14. Məhkəmə-xəttşunaslıq ekspertizasının 41/1323 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1) ekspertizaya təqdim edilmiş, 4Ə-1035 saylı notariat işinin 6-cı vərəqində Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı1 adından olan ərizənin aşağı hissəsində “İddiaçı1” yazılarının qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2) ekspertizaya təqdim edilmiş, 4Ə-1035 saylı notariat işinin 8-ci vərəqində Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı2 adından olan ərizənin aşağı hissəsində “İddiaçı2” yazılarının qarşısındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 140 manat təşkil edir.

15. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, 4/610 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 4Ə-1035 nömrəli notariat işinin 9-cu vərəqəsində olan 27 oktyabr 2006-cı il tarixli 4Ə-1035 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə “İmzalar 1” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Мəммəдова” soyadı-eyni şəxs-X13 tərəfindən icra olunmuşdur.

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-500/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(102)- 28/2023 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-500/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Həmin alqı-satqı müqaviləsi bağlanılarkən iddiaçılarının, eyni zamanda X7 digər ailə üzvlərinin razılıq verməsi barədə ərizəsi alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Həmin müddətdən hazırki dövrə kimi göstərilən torpaq sahəsindən qanuni əsaslarla istifadə etmişdir. Torpağa qulluq göstərmiş, onun məhsuldarlığının artırılması üçün bütün zəruri tədbirləri görmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış 4Ə-1035 saylı notariat işindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin X13 tərəfindən Cavabdeh1 satılmasına dair ailə üzvləri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 notarial qaydada ərizələri alınmışdır. Əgər həmin ərizələrdə imzalar hazırki iş üzrə iddiaçılar tərəfindən icra edilməmişdirsə burda alıcı olaraq onun hansı günahı vardır? Əgər burda hər-hansı bir saxtakarlıq edilmişdirsə bunu X13 və notariat orqanının əməkdaşları etmişlər. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi hazırki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edərək mübahisələndirilən ərizələrdə iddiaçıların adından göstərilmiş imzaların onlar tərəfindən icra edilib-edilməməsini müəyyən etməyə çalışmışdır. Lakin, birinci instansiya məhkəməsi iddiaçıların hazırki dövr üçün imza və xətt nümunələrini götürmüş, aradan keçən təxminən 15 il ərzində iddiaçıların imza və xəttlərini dəyişmiş ola biləcəkləri ehtimalını diqqətdənkənar qoymuşdur.

20. İddiaçılar İddiaçı1 və X15 hazırki iddia ilə məhkəməyə müraciət etməkdə iddia müddətini ötürmüşdür. Cavabdeh olaraq tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim edilsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə, ümumiyyətlə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir.

21. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-cı il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-ci maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-ci maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər). 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

26. Qərarlar: “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarı

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-cı il tarixli, 2(046)- 267/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(102)- 28/2023 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə sorğusu əsasında əldə olunmuş alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarına iddiaçıların və digər paylı mülkiyyətçilərin Göyçay İcra Hakimiyyəti Başçısının Yeniarx kənd inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq razılıq ərizələri əlavə edilmişdir. Torpaq sahəsinin alıcısı olan Cavabdeh1 iddiaçıların razılığının alınmasını təsdiq edən sübut kimi bu ərizələrə istinad etmiş, iddiaçılar isə həmin ərizələrin onlar tərəfindən yazılmadığını və imzalanmadığını bildirmişlər. Məhkəmə tərəfindən qeyd edilən mübahisəli halın yoxlanılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatına iddiaçıların hazırkı imza nümunələri və mübahisəli torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanarkən (xx.xx.2006-cı il) onların adından yazılmış və imzalanmış razılıq ərizələri təqdim edilmişdir. Sözügedən razılıq ərizələri əlyazma şəklində olmaqla onu tərtib edən şəxsin xətti ilə yazılmış və imzalanmışdır. Məhkəmə isə ekspert qarşısında yalnız ərizələrdəki imzaların aidliyinin müəyyən edilməsi ilə bağlı sual qoymaqla, ərizələrin mətnindəki yazıların iddiaçılara aid olub-olmadığını ümumiyyətlə yoxlamamışdır. Aradan keçən müddət nəzərə alındıqda ekspertiza tədqiqatına iddiaçıların imza nümunələri ilə yanaşı xətt nümunələri də təqdim olunmaqla yazıların da aidliyinin yoxlanılması mübahisəli halın daha dəqiqliklə müəyyən edilməsi baxımından daha əlverişli və mötəbər hesab olunardı. Eyni zamanda, Cavabdeh1 sözügedən ərizələrin yazılmasından keçən uzun müddət ərzində iddiaçıların imzalarını dəyişdikləri ehtimalının olduğunu bildirərək, təkrar xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən göstərişlərini icra edərək məhkəmə kollegiyası əlavə məhkəmə-xəttşünaslıq ekspertizаsı təyin etmiş və əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 4 avqust 2023cü il tarixli 3-156-16/2-4/1131 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 2(107)-567/2023 nömrəli mülki işin 60-cı vərəqəsində olan Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı1 adından olan ərizənin kserosurətində əks olunan yazılar və həmin ərizənin aşağı hissəsində “İddiaçı1” yazılarının önündə əks olunan imza, 4Ə-1035 saylı notariat işinin 6-cı vərəqəsində olan Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı1 adından olan ərizənin əslindəki yazılar və həmin ərizənin aşağı hissəsində “İddiaçı1” yazıları önündəki imza - Məmmə-dov Sarvan Faiq oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2(107)- 567/2023 nömrəli mülki işin 62-ci vərəqəsində olan Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı2 adından olan ərizənin kserosurətində əks olunan yazılar və həmin ərizənin aşağı hissəsində “İddiaçı2” yazılarının önündə əks olunan imza, 4Ə- 1035 saylı notariat işinin 8-ci vərəqəsində olan Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı2 adından olan ərizənin əslindəki yazılar və həmin ərizənin aşağı hissəsində “İddiaçı2” yazıları önündəki imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(102)- 28/2023 nömrəli qərarında həmçinin göstərilmişdir ki, ərizələr sadəcə yazılı formada tərtib olunmamış, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmişdir. Məhkəmə ərizələrin mötəbərliyini yoxlayarkən onların təsdiqlənməsi prosedurunun hansı şəkildə (ərizəçilərin özü tərəfindən İdarənin binasında yazılmaqla təsdiqlənməsi, yaxud digər şəxs tərəfindən təqdim edilərək təsdiqlənməsi və ya hər hansı digər formada) həyata keçirildiyini də yoxlamamış, prosessual imkanlarından istifadə edərək, bununla bağlı müvafiq orqana sorğu verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən göstərişlərini icra edərək məhkəmə kollegiyası Göyçay rayon Yeniarx kənd İcra Nümayəndəliyinə sorğu vermiş və həmin ərizələrin ərizəçilərin özü tərəfindən İdarənin binasında yazılmaqla təsdiqlənməsi, yaxud ərizəçilər və ya digər şəxslər tərəfindən hazır şəkildə təqdim edilərək təsdiqlənməsi və ya hər hansı digər formada təsdiqlənməsi barədə Şəki Apellyasiya Məhkəməsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Göyçay rayon Yeniarx kənd İcra Nümayəndəliyinin 28 aprel 2023-cü il tarixli məktubunda Göyçay rayon Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2006-cı İlə aid Notariat əməliyatlarının aparıldığı kitabların olmadığı, 2006-cı ildə nümayəndəlikdə rəhbər vəzifələrdə başqa şəxslər işlədiyi, onun üçün sözü gedən ərizələrin nümayəndəlikdə və ya digər şəraitdə imzalanması ilə bağlı hər hansı bir məlumatları olmadığı, Yeniarx kənd İcra Nümayəndəliyinin 2006-cı il tarixli kitablarının X17 rayon filialına təhvil verildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin məlumatların alınması üçün Azərbaycan Respublikası X17 rayon filialına sorğu verilmişdir. X17 rayon filialının 15 may 2023-cü il tarixli məktubunda göstərilir ki, Göyçay rayon Yeniarx kənd İcra Nümayəndəliyinin 1991- 2011 -ci illərə dair daimi xarakterli sənədləri filialda saxlanılır. Lakin heç bir ilə aid notariat sənədləri və ya buna aid əlavə sənədlər Arxivə təhvil verilməmişdir O cümlədən, X17 rayon filialı tərəfindən Göyçay rayon Yeniarx kənd İcra Nümayəndəliyinin arxivə təhvil verilmiş daimi xarakterli sənədlərinin siyahısı və həmin nümayəndəliyin saxlanılmalı olmayan sənədlərinin məhv edilməsi barədə aktlar məhkəməyə göndərilmişdir. Həmin siyahılarda 2006-cı ilə dair notariat hərəkətləri ilə bağlı sənədlərə rast gəlinmir.

33. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin satılmasında iddiaçıların iştirakı olmamış, onlar tərəfindən müqavilə imzalanmamış, habelə iş materiallarında olan yazılı razılıq ərizələri onlar tərəfindən imzalanmamış, torpaq sahəsi həmin şəxslərin iradəsi ziddinə özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına görə iddiaçılar alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılıqları olmamışdır. Onların adından həmin hərəkətləri X13 buna səlahiyyəti olmadan yerinə yetirmişdir. Belə olan halda həmin müqavilə etibarsız sayılmalıdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2007-ci ildən torpaq sahəsi Cavabdeh1 təhvil verilmiş, həmin vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onun tərəfindən ödənilir, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılar uzun müddət bu vəziyyətə etiraz etməmiş, nə torpaq sahəsi üzərində onların adından sərəncam vermiş X6, nə də bir kənddə yaşamalarına və bir-birini yaxından tanımalarına baxmayaraq cavabdehin hər hansı bir iradları olmamışdır. Cavabdehin torpaq sahəsindən istifadə etməsinin digər əsaslarla, yəni icarə hüququ əsasında olması barədə də iddiaçıların hər hansı sübut təqdim etməsi də iş materiallarından görünmür. Göründüyü kimi iddiaçılar torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılıqları olmasa da, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin iddiaçıların adından səlahiyyətsiz şəxs tərəfindən imzalanması və iddiaçıların həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-cı il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2021-cı il tarixli, 2(046)-267/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRXnin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar