Məhkəmə qərarları › İş №2(102)-284/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-284/2020

21.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-284/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, X1 katibliyi ilə, Cavabdeh1 vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh1 qarşı «reyestr qeydiyyatının ləğv edilməsi və dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-38/2019) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 30 iyul 2019-cu il tаrixli qərardadı ilə (hakimlər R.Eyvazov (sədrlik edən və mə ruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)-8322/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Mirmehdizadə Rəşad Mehdi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və cavabdeh1 qarşı «reyestr qeydiyyatının ləğv edilməsi və dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.12.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın təsdiq edilmiş surətinə görə, Bakı şəhəri, Xəzər rayonu, Mərdə kan qəsəbəsi, 988D saylı bağ sahəsi cavabdeh Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, inzibati orqan olan cavabdeh əsassız olaraq ona məxsus bağ sahəsinə dair cavabdeh Cavabdeh1 adına çıxarış vermişdir (iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətlərinin qanunsuz olmasını göstərmişdir). Çünki, bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Məsələləri Komissiyasının 05.06.2000-ci il tarixli 511 saylı sərəncamı əsasında və Əzizbəyov (indiki Xəzər) rayonu Mərdəkan qəsəbəsindəki Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Məsələləri Komissiyasının 05.06.2000-ci il tarixli 511 saylı Sərəncamı əsasında onunla 28994 №-li icarə müqaviləsi bağlanmış, həmçinin həmin bağ sahəsinə 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Torpaq v ə Xəritəçəkmə Komitəsi tərəfindən yer qurluşu planı və torpaq sahəsinin kadastr planı təqdim olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “"İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.” Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsasları kimi ona istinad etmişdir ki, “...məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz, qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsindən və iş üzrə qəbul olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsindən də aydın olur ki, mübahisənin predmeti torpaqdır. Torpaqla əlaqədar mülki hüqquq mübahisəsidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərardadında aşağıdakıları göstərmişdir: “...iddiadan (iddia tələb inin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, inzibati orqanın (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) hərəkətinə qarşı yönəlmişdir.... tərəflər arasında hər hansı mülki hüquqi əqddən irəli gələn mübahisə yoxdur (ən azından belə bir tələb irəli sürülməmişdir).... İddiaçının tələbi mübahisə predmeti olan daşınmaz əmlaka cavabdehin adına çıxarış verilməsi istiqamətində inzibati orqanın faktiki xarakterli hərəkətinə qarşı yönəlmiş, fiziki şəxslərə qarşı konkret hər hansı mülki-hüquqi tələb irəli sürülməmiş, əşya hüquqları ilə bağlı hər hansı əqd mübahisələndirilməmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar