Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2852/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi, qaz sayğacına qanunsuz qoşulma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2891/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən yaşayış evi üzrə 2019-cu ilin may ayından etibarən Cavabdeh (bundan sonra–cavabdeh) abonentidir, ona **********00032 saylı abonent kodu verilmiş və xx.xx.2022-ci il tarixində “Zenner G-4T Smart” markalı qaz sayğacı quraşdırılmışdır.
2. Sözügedən ünvan üzrə 2019-cu ilin may ayından 2022-ci ilin iyun ayına qədər ümumilikdə 35 ədəd akt tərtib olunmuş, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi göstərilməklə həmin aktlar əsasında ona cəmi 12 500,36 manat borc hesablanmışdır. 3. 2019-cu ilin may ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə iddiaçı tərəfindən qaz istehlakına görə heç bir ödəniş aparılmamışdır.
4. İddiaçı təbii qazdan istifadəyə görə 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər olan müddətdə 187,5 manat ödəniş etmişdir.
5. İddiaçıya aid abonent saldosuna əsasən onun evində qaz işlədicisi olaraq 4 gözlü qaz plitəsi (PQ-4) istifadə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən abonent hesabına aktlar əsasında hesablanmış ümumilikdə 12 173,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evində yoxlama aparılarkən akt tərtib olunmuş və qazdan sayğacsız istifadə edildiyi göstərilməklə 12 173,40 mana t cərimə yazılmışdır. Halbuki nə iddiaçı, nə də ailə üzvləri qazdan qeyri-qanuni istifadə etməmişlər, buna görə də həmin cərimə məbləği silinməlidir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunun 13, 17-ci, “Qaz təchizatı haqqında” Qanunun 11 və 12-ci maddələrinə istinad etmişdir.
9. İddiaçı 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər olan dövrdə kənar xətdən istifadə etməsi barədə birinci instansiya məhkəməsinə ərizə vermişdir.
10. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, qaz sayğacından 2 il istifadə etdiyi müddətdə evdə ancaq qaz sobası və 4 gözlü qaz piltəsindən istifadə etmişdir. Cavabdeh yerli orqanlarına müraciət etmiş, lakin cavab gəlmədiyindən 2020-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına qədər kənar xətdən istifadə etməli olmuşdur. Sonradan ona yeni sayğac qoşulmuş, sayğaca pul vuran zaman 12 500 manat məbləğində cərimə borcunun olduğu məlum olmuşdur. Kənar xətdən istifadə etdiyini qəbul edir, lakin cərimə məbləği həddən artıq çoxdur, cərimə məbləğinin azaldılmasını xahiş edir.
11. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş, iddianın əsaslı olmadığını bildirmişdir.
12. Xətai Rayon Məhkəməsinin 2(011)-514/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçının abunə koduna hesablanmış 11626,53 manat borcun silinməsi, cavabdehdən 124,88 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Samirə Eyvazova)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İddiaçının abonent saldosuna əsasən 2019-cu ilin may ayından 2022-ci ilin iyul ayına qədər Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 35 akt tərtib edilmiş, aktlarda “sayğacdan kənar xətt aşkar olundu” qeyd edilmiş, lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmiş, kənar xətt ləğv edilməmiş, yalnız mütəmadi akt t ərtib edilməklə kifayətlənilmişdir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər kənar xəttin mövcud olduğunu etiraf etmiş, borcun azaldılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bu faktın etirafını həm şifahi izahında, həm də yazılı ərizədə ifadə etmişdir.
14. Birinci instansiya məhkəməsi təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmayaraq, hesab etmişdir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış 11626,53 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.
15. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetiri lməsinə görə cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx"nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifəl əri olaraq nəzərdə tutulmuşdur.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır, həmin hesabatın iddiaçının aylıq ödənişləri üzrə orta məbləğ üzərindən aparılması ədalətli hesab edilə bilməz. Belə ki, 30 iyun aktı ilə sayğacsız qeyri-qanuni birləşmə ləğv edilmiş, həmin tarixdən də iddiaçının abonent kodundan ödənişlərin qeydə alındığı görünür.
17. Qeyd edilən xüsusatları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, abonentin saldosuna əsasən 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər iddiaçının orta aylıq qaz sərfiyyatı 15,62 manat məbləğindədir. İddiaçıya 2019-cu ilin may ayından 35 akt tərtib edilmiş və buna görə də iddiaçıya (15,62x35=546,87) 546,87 manat məbləğində cərimə yazılmalıdır. Buna görə də Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 35 akt üzrə cavabdeh tərəfindən iddiaçının **********00032 saylı abunə koduna hesablanmış 11626,53 manat (12173,40 manat - 546,87 manat = 11626,53 manat) məbləğində borc silinməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 614.3, 1096.1, 1096.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.0.1, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 13.8, 13.8-1, 13.9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "xxxx"nın 3.2.2, 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.
19. Birinci instansiya məhkəməsi eyni zamanda qətnamə ilə yanaş ı, eyni tarixdə xüsusi qərardad da çıxarmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə çıxartmışdır. Belə ki, məhkəmə iddia tələbinin əsassız olmasına və sübutlara düzgün qiymət verməmiş, iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2891/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək iddiaçının abunə koduna hesablanmış 11 626,53 manat bor cun silinməsi hissəsində dəyişdirilib 9588,76 manat borcun silinməsi və qətnamənin mübahisləndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və X.Mərdanova)
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya aktlar əsasında hesablanmış borcun reallığa uyğun olmadığı barədə düzgün nəticəyə gəlsə də, borcun hesablanmasında özü də səhvə yol vermiş, zərərin hesablanması üçün hesabat müddətini niyə görə məhz 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər götürməsini əsaslandırmamış, 2019-cu ilin may ayından qaz istehlak edən iddiaçının 2022-ci ilin iyun ayına qədər, ümumiyyətlə, ödəniş etmədiyini, onun evindəki qaz işlədicilərinin gücünü və müxtəlif mö vsümlərdə müxtəlif həcmdə sərfiyyat olacağını nəzərə almamışdır.
24. Həmçinin iddiaçı yazılı etirafında 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər qazdan qeyri-qanuni istifadə etdiyini bildirsə də, onun 2019-cu ilin may ayından sonrakı dövrdə tərtib olunmuş 35 akt əsasında hesablama aparan məhkəmənin qətnaməsindən şikayət verməməsi, faktiki olaraq məhz həmin dövrdə də (yəni 2019-cu ilin may ayından sonrakı dövrdə) qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etməsi mənasına gəlir.
25. İddiaçıya məxsus evlə bağlı təchizatçı şirkətin tərtib etdiyi və iddiaçının da mübahisələndirmədiyi saldo adlanan sənədə əsasən, onun yaşadığı evdə 4 gözlü qaz plitəsi (PQ-4) vardır.
26. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə çatdırmışdır ki, "xxxx"na əsasən, fiziki şəxs olan istehlakçını qaz sayğacı ilə təchiz etmək bilavasitə qaz paylayıcısının vəzifəsidir və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməli (sayğac quraşdırmalı), habelə qanunsuz istifadənin qarşısını almalıdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunan halına görə, iddiaçının evində 2019-cu ilin may ayından sayğac olmadığı müəyyənləşdirildiyi halda, cavabdeh tərəfind ən 2022-ci ilin iyun ayına qədər oraya sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar (sayğacsız) istifadə olunmasına bilavasitə şərait yaradılmışdır. Buna görə də mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olubolmadığına qiymət verilməlidir.
28. Başqa sözlə, iddiaçının qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər.
29. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaların a görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.
30. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıdan 2019-cu ilin may ayından 2022-ci ilin iyun ayınadək olan dövr üçün (3 il) 4 gözlü qaz plitəsinin (PQ-4) və qaz sobasının gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; bundan əvvəlki, eləcə də müvafiq dövrdə iddiaçı daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən Cavabdeh İB-nin əməkdaşlarına aid olunmalıdır.
31. Nəzərə alınmalıdır ki, tələb olunan borcun r eal, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə), qaz sobasının isə qış mövsümündə (3 illik dövrdə sobadan istifadə olunacaq təxminən 15 ay üçün) orta hesabla günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq hesab etmişdir ki, müvafiq dövr (3 il) üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 2911,6 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 36 ay (1080 gün) = 10 368 m3; dəmir peçin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 8 saat x 15 ay (450 gün) = 5040 m3 – yəni ümumilikdə 15 408 m3. Həmin sərfiyyatın 1700 m3 -i 10 qəpikdən hesablanmaqla 170 manat (1700 m3 x 0,10 manat = 170 manat), 13708 m3 -i 20 qəpikdən hesablanmaqla 2741,6 manat (13 708 m3x 0,20 manat = 2741,6 manat)) qəbul oluna bilər və aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi onun abonent hesabından silinməlidir.
33. Şərh olunanları nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilməli, iddiaçının abonent hesabından silinməli olan məbləğ 9588,76 (doqquz min səkkiz yüz səksən səkkiz manat 76 qəpik) manat (12 500,36 – 2911,6 = 9588,76) olaraq müəyyənləşdirilməlidir.
34. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhkəmə xərcinin bölüşdürülm əsi üzrə gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iddiaçının müvafiq iddianı irəli sürməsinə Cavabdeh İB-nin hesabladığı əsassız borc məbləği hesablaması səbəb olmuşdur; bununla yanaşı, mütənasibliyi təmin etmək məqsədilə apellyasiya şikayəti vermək üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıdan alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 448.1, 1091, 1092.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddələrinə, "xxxx"nın 4.2, 4.8, 6.5-ci, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurası nın 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qaz xətlərinə b axış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə əməkdaşlar tərəfindən tərtib olunmuş müvafiq aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. Həmçinin iddiaçının qanunsuz çəkdiyi qaz xətti hər dəfə əməkdaşlar tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış (bununla bağlı aktlar tərtib edilmişdir) təbii qazın verilişi isə dayandırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən görülmüş qanuna müvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin aktlar əsasında təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Bundan başqa, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktlarını məhkəmələr qəbul etdiyi üçün cavabdehə dəymiş maddi zərərin miqdarını müəyyən etmək məqsədilə ekspertiza təyin edilməli olduğu halda, əksinə bu hesablamanı özləri apararaq səhv nəticəyə gəlmişlər. Buna görə də həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi prosessual hüquq norması ilə bağlı pozuntuya yol verilmişdir. Zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkə tlərin,ümumiyyətlə, yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonr alar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "xxxx" Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hü quqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları Bənd
3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hü quq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi barədədir.
37. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının sayğacdan kənar qazdan istifadə etməsinin məhkəmədə öz təsdiqini tapmasına istinad edərək iddianın qismən təmin edilməsi nəticəsinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin aktlar əsasında iddiaçıya hesablanmış borcun reallığa uyğun olmadığı barədə gəldiyi nəticəni düzgün hesab etsə də, borcun hesablanmasını səhv edərək, cavabdehin apellyasiya şikayətinə əsasən silinən borcu azaltmışdır.
38. Məhkəmə kollegiyası qeyd edilən əsasla qalan hissədə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 23-35-ci bəndlərində əks edilən dəyərləndirməsini və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.
39. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
40. Bu baxımdan, zərərin həcminin müəyyənləşdirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də Mülki Məcəllənin 21.3-cü maddəsinin tələblərinə də uyğun olmuşdur.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəf lərin təqdim etdikləri sübutlar, o cümlədən apellyasiya baxışında alınmış ekspert rəyi ətraflı araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətinin dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Kassasiya şikayətinin “cavabdehin əməkdaşları tərəfindən görülmüş qanuna müvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir” dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh iddiaçının sayğacsız qazdan istifadə etdiyi faktını aşkar edən zaman təkcə qazın verilməsini dayandırmalı yox, həm də yeni sayğac quraşdırmalı idi, çünki iddiaçının yenidən qanunsuz cəhdini təkrarlaya bilməsi ehtimal edilən hal idi və bunun qarşısı birdəfəlik alınmalı idi.
41. Cavabdehə dəymiş maddi zərərin miqdarını müəyyən etmək məqsədilə ekspertiza təyin edilməli olduğu halda, ekspertiza təyin edilməməsi, hesablamanı məhkəmənin özünün aparması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Əvvəla, cavabdeh apellyasiya şikayətində belə bir dəlil irəli sürməmiş, apellyasiya baxışında da iştirak etməklə bu barədə vəsatət verməmişdir. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hesablamanı apararkən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qa ydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına istinad etmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2891/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.