Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2940/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutların qiymətləndirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-391/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsində yerləşən fərdi yaşayış sahəsi İddiaçı məxsusdur.
2. Həmin ünvan üzrə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş abonent saldosuna görə İddiaçı 2020-ci ilin dekabr ayı üzrə akta əsasən 1.771,20 manat, 2021-ci il mart ayında akta əsasən 295,20 manat, 2021-ci ilin aprel ayında akta əsasən 295,20 manat, 2021-ci ilin may ayında akta əsasən 194,40 manat, 2022-ci ilin yanvar ayı üçün akta əsasən 2.008,80 manat, 2022-ci ilin mart ayında akta əsasən 1.468,80 manat və 2022-ci il aprel ayında akta əsasən 734 manat məbləğində ziyan hesablanmışdır. 3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 20 iyun 2022-ci il tarixli aktla iddiaçıya məxsus ü nvanda “Smart” tipli “G 4” markalı qaz sayğacı quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (baundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 6.768 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayır. Müqaviləyə əsasən ona məxsus həmin yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 20 iyun 2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunduqdan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona 6.768 manat borc hesablamışdır. İddiaçı 2020-ci ilin d ekabr ayında Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsinə köçmüş və yalnız 2020-ci ilin dekabr ayında qaz xəttindən kənar istifadə etmişdir. Daha sonra imkanı olmadığından, sayğac quraşdırılması mümkün olmadığından, “balon” qazlardan, odun peçindən istifadə etmişdir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(003)2437/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış (**********00206 saylı abonent hesabına) 6.768 manat məbləğində borcun silinməsi, 87,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Z.M.Tağıyev).
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8, 4.9-cu bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2(003)-2437/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(003)-2437/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər (Q.A.Əsgərov (sədrlik edən və məruzəçi) F.Ş.Talışınski və A.N.İmanov).
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının sayğacdan kən ar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin akt əsasında İddiaçı tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh 31 yanvar 2022-ci il tarixli, ******* saylı aktın tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qan unsuz qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
14. Buna görə də, apellyasiya instansiyası hhk7öməhkəməsi qeyd etmişdir ki, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsinin, həmin aktların mötəbərliyi barədə şübhə doğurması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh İB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdi r.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.5, 1091.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 77, 88, 97-ci maddələrinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehə vurulmuş zərər mövcud olmasına baxmayaraq, məhkəmə iddianı əsassız olaraq təmin etmişdir. İddiaçı cavabdehin mülkiyyətində olan qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyriqanuni əldə etməsinə baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və nəzərə almamışlar. Həmçinin mülki işə əlavə edilmiş ödəniş cədvəli və ya saldo araşdırılarkən müəyyən olunur ki, mübahisələndirilən aktlar tər tib edilən dövrdə iddiaçı tərəfindən təbii qaz sərfiyyatı mövcud olmuş, nə də ki, qaz sərfiyyatına görə hər hansı ödəniş olmuşdur. Bununla da cavabdeh tərəfindən tərtib edilmiş aktların qanuni və əsaslı olması sübut edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 3 avqust 2023cü il tarixli, 2(102)-2449/2023 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov).
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, həqiqətən iş materiallarına əlavə olunmuş abonent saldosuna görə iddiaçının ünvanı üzrə 2020-ci ilin dekabr ayından 2022-ci il aprel ayınadək cəmi 7 akt tərtib olunsa da, cavabdeh təşkilat tərəfindən həmin aktlar və onların əsaslılığına dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Bununla belə, iş materiallarına iddiaçının təqdim etdiyi “Təbii X1nın pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli akt əlavə olunmuşdur. Həmin aktda abonentin təbii qazdan sayğacsız istifadə etməsi göstərilmiş və istehlakçı İddiaçı imza et məkdən imtina etməsi qeyd olunmuşdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm iddiaçının göstərdiyi hallara, həm də abonent saldosuna və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə iddiaçıya məxsus ünvanda qaz sayğacı 20 iyun 2022-ci il tarixdə quraşdırılmışdır. Yəni həmin tarixədək, cavabdeh təşkilatla iddiaçı arasında hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. Belə olan halda, 31 yanvar 2022-ci il tarixli aktda iddiaçının iştirakı ilə tərtib olunması ehtimal edilə bilər. Belə ki, əks halda aktda məhz onun adının qeyd olunması anlaşılmazdır. İddiaçı isə akta imza etməkdən imtina etsə də, orada qeyd olunanların həqiqi olmamasına dair qeydlər aparmamışdır. Bundan əlavə, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı özü 2020-ci ilin dekab r ayında təbii qazdan sayğac olmadan istifadə etdiyini etiraf etmişdir.
20. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iddiaçının nümayəndəsi apellyasiya məhkəməsinin iclasında iştirak etsə də, 2020-ci ilin dekabr ayından sonrakı müddətdə fərdi yaşayış evindən istifadə etdiyi halda, qaz təchizatının hansı üsullarla təmin olunmasını, 31 yanvar 2022-ci il tarixli akt tərtib olunarkən isə iddiaçının qaz xəttinə baxışda iştirak etməsini və müəyyən olunan halları araşdırmamışdır. Nəzərə alınmalıdır ki, mübahisəsi gedən aktların əhatə edildiyi dövrdə iddiaçı və cavabdeh tərəfindən təbii qazın alqı-satqısı ilə bağlı müqavilənin mövcudluğunu müəyyən edilməmiş, iddiaçının yaşadığı fərdi yaşayış evində həmin dövrdə qaz say ğacı quraşdırılmamış, qazdan istifadəyə görə ötən müddət ərzində ümumiyyətlə ödəniş aparılmamışdır. Halbuki, evdə təbii qaz təchizatı olduğu halda, hesablanmış borcun tam silinməsi iddiaçının cavabdeh təşkilatın hesabına əsassız varlanmasına səbəb olacaqdır.
21. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8-ci bəndinə, 22-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 1.4, 3.4.1, 4.1, 6.5-6.7-ci bəndələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-391/2024 nömrəli qətnaməsi ilə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-2437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov).
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının yuxarıda qeyd edilən qərarındakı göstərişləri nəzərə alınmaqla, iddiaçıya məxsus Bakı ş., Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qazdan istifadə ilə bağlı (abonent kodu **********00206 olan) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakterinin müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.
24. Məhkəmə Eksperti za Mərkəzi tərəfindən verilmiş 3-16-16/2 3/2188 nömrəli, 21 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və ona bərkidilmiş plombun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməyib.
25. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9855 nömrəli, 12 mart 2024cü il tarixli tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, "Abonentin saldosu" məlumatından göründüyü kimi abonent 2020-ci il üzrə ümumilikdə 17712 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 1.771,20 manat), 2021-ci il üzrə (6 ay ərzində) ümumilikdə 7848 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 784,80 manat) və 2022-ci il üzrə (6 ay ərzində) ümumilikdə 35100 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 4.212,00 manat) təşkil etmi şdir. 2020-ci il üzrə illik qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 1476,00 m³ (17712/12=1476,00), 2021-ci il üzrə orta aylıq sərfiyyat 1308,00 m³ (7848/6=1308,00) və 2022-ci il üzrə orta aylıq sərfiyyat 5850,00 m³ (35100/6=5850,00) təşkil edir. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehə hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert - mühasibin xüsusi biliyi xaricindədir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların m övcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, eləcə də əldə olunmuş ekspert rəyinə əsasən iddiaçıya məxsus olan və təqdim edilən qaz sayğacına aid plombun üzərində hər-hansı zədə olmadığından, demək ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi təsdiq olunmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı işlə bağlı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərin araşdırılması zamanı müəyyən olıunmuşdur ki, həmin halların müəyyən edilməsində sübutetmə yükü cavabdehə aiddir. Çünki iddiaçı həmin ünvanda yaşamadığını və sayğaca m üdaxilə etmədiyini bildirir, cavabdeh isə iddiaçının həmin ünvanda yaşadığını, eləcə də qazdan qanunsuz istifadə etdiyini bildirir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmin ünvanda yaşamasına dair (məsələn, iddiaçı tərəfindən həmin dövr üçün digər kommunal xərclərin ödənilməsinə dair sübutlar, yerli icra orqanı və ya bələdiyyə tərəfindən iddiaçının göstərilən dövrdə həmin ünvanda yaşamasına dair müvafiq arayış və sair), eləcə də kənar qoşulma və sayğaca müdaxilə ilə bağlı müvafiq sübutları MPM-in 77.1-ci maddəsinə əsasən cavabdeh təqdim etməli olduğu halda, cavabdeh belə sübutlar təqdim etməmiş, cavabdeh tərəf yalnız ekspertizanın keçirilməsinə dair vəsatət vermiş, onun həmin vəsatəti təmin olunmuş, alınmış rəylə də cavabdehin şikayətinin dəlili təkzib olun muş, cavabdeh başqa sübutlar verməmiş, onun nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1ci maddələrinə, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd münasibət göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Diqqət yetirilsəydi, iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyini müəyyən etmiş olardı. İddiaçının əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı, vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.
32. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmamışdır. Mülki Məcəllənin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödəniş edilmədiyi müəyyən olunmamışdur. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəməl ər demək olar ki, bu xüsusatlara diqqət yetirməmişlər. Həmçinin qanunvericilikdə hər bir tərəfin öz tələblərini sübut etməsi vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də cavabdeh tərəfindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin t am ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
36. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»
37. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyiş dirilir
38. Bənd 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
39. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
40. Bənd 4.8.Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
41. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv lükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəm əsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
57. Kollegiya bildirir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə bilavasitə sübutetmə ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmış, MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət vermiş, həmin sübutlara uyğun nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni saslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmet ini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-391/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.